Məhkəmə qərarları › İş №2(103)-4656/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4656/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4656/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(006)-2851/2020 nömrəli qətnaməsindən iş üzrə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi”nə dair məhkəməyə müraciət edərək, onun, yəni Ərizəçi 08 fevral 2015-ci il tarixdə Qazaxıstan Respublikasının Astana şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsinə dair; doğum akt qeydində uşağın soyadı “Səlimova”, adı “Sərbinaz”, ata adı “Rza”, valideynləri qrafasında atası “X11, anası “Ərizəçi” qeyd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2011-ci ilin ilk aylarından X8 ilə qeyri-rəsmi ərarvad kimi yaşamağa başlamışlar. 11 mart 2011-ci il tarixdə onlar Qazaxıstan Respublikasına getmişlər. Orada 5 il yaşadıqdan sonra, 2016-cı ildə Bakı şəhərinə qayıtmışlar. Qeyri-rəsmi nikahlarından Qazaxstan Respublikasında 3 övladları anadan olmuşdur: 04.03.2012- ci il tarixdə X9 - Akmolinski vilayəti, Balkaşin rayonu; 13.01.2013cü il tarixdə X15 - Akmolinski vilayəti, Kokşetau şəhəri; 08.02.2015-ci il tarixdə X4 - Astana şəhərində. Uşaqların atası X8 10.01.2019-cu il tarixdə infarktdan sonrakı kardioskleroz xəstəliyindən vəfat etmişdir. Böyük övladları - 04.03.2012-ci il təvəllüdlü X9 üçün Qazaxıstanda yaşayan zaman doğum haqqında şəhadətnamə almışlar. İkinci uşağın doğum haqqında 119 №-li Tibbi şəhadətnaməsində qeyd edilmişdir ki, Ərizəçi 04.03.2012ci il tarixdə oğlan uşağı dünyaya gətirmişdir. Tərəflərindən bu uşağa doğum haqqında şəhadətnamə alınmışdır. Doğum akt qeydində uşağın soyadı "Səlimov”, adı "Azad”, ata adı "Rza”, valideynləri qrafasında atası "X11”, anası "Ərizəçi” qeyd olunmuşdur. Halhazırda 08.02.2015-ci il tarixdə anadan olmuş üçüncü övladları, qızı (Sərbinaz) tam sağlamdır, lakin bu günə kimi ona doğum haqqında şəhadətnamə ala bilməmişdir. 08.02.2015-ci il təvəllüdlü qızının doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı tərəfindən yazılı ərizə ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Lakin həmin şöbənin 04.03.2020-ci il tarixli, 5/Q-349/75 saylı məktubu ilə ona müsbət cavab verilməmiş, bu məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(006)-2851/2020 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, 08.02.2015-ci il tarixdə Qazaxıstan Respublikasında bir qız uşağının Ərizəçi doğulması faktı müəyyən edilməsi, ərizənin digər hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ərizənin tam təmin edilmədini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(006)-2851/2020 saylı qətnaməsinə əsasən ərizəsi qismən təmin edilmişdir, yəni qətnamənin “qət edir:” hissəsinə uşağın Qazaxıstan Respublikasının Astana şəhərində deyil, təkcə Qazaxıstan Respublikasında anadan olması göstərilmişdir. “Doğum akt qeydində uşağın soyadı “Səlimova”, adı “Sərbinaz”, ata adı “Rza”, valideynləri qrafasında atası “X11, anası “Ərizəçi” qeyd edilməsi barədə xahişi məhkəmə qətnaməsində öz əksini taapmamışdır. Bu səbəbdən də Bakı şəhəri Maraqlı şəxs tərəfindən uşağına doğum haqqında şəhadətnamənin verilməsində problemlər yaranmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən ərizəçinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəçi ilə X7 qeyri-rəsmi nikahından üç uşağ dünyaya gətirmişdir. Goranboy rayon qeydiyyat şöbəsi tərəfindən 10.01.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 976082 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 14.12.2018-ci il tarixdə infaktdan sonrakı kardioskleroz xəstəliyi səbəbindən Bakı şəhəri, Sabunçu rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.01.2019-cu il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən ünvanlanmış məktuba əsasən, Ərizəçi 11.09.2015-ci il tarixdə 04.03.2012-ci il təvəllüdlü Rəhim Mirzəyev, 13.01.2013-cü il təvəllüdlü Azad Mirzəyev və 08.02.2015-ci il təvəllüdlü Sərminaz Mirzəyeva ilə Qazaxstan Respublikasından ölkə ərazisinə giriş etmişdir. Birinci instansiya məhkəməsində ifadələri alınan şahidlər X5, X6 və X3 ərizəçinin Qazaxstan Respublikasında üç uşaq dünyaya gətirməsini təstiq etmişlər. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi nümayəndəsinə ünvanlanmış 04.03.2020-ci il tarixli 05/Q-349/75 nömrəli arayışdan görünür ki, 08.02.2015-ci il təvəllüdlü qızının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmışdır. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalı və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Bununla bağlı yanaşı kollegiya hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Kollegiya qeyd edir ki, Ərizəçi R.Səlimovla qeyri-rəsmi nikahından Qazaxıstan Respublikasında üç uşağı dünyaya gətirməsi işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Belə olan halda kollegiya hesab edir ki, rizəçi Ərizəçi ərizəsi tam təmin edilməli, 08 fevral 2015-ci il tarixdə Qazaxıstan Respublikasının Astana şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsi, doğum akt qeydində uşağın soyadı “Səlimova”, adı “Sərbinaz”, ata adı “Rza”, valideynləri qrafasında atası “X11, anası “Ərizəçi” qeyd edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Ərizəçi apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(006)-2851/2020 nömrəli qətnaməsi qismən ləğv edilməli, 08 fevral 2015-ci il tarixdə Qazaxıstan Respublikasının Astana şəhərində bir qız uşağı doğması faktının müəyyən edilməsi, doğum akt qeydində uşağın soyadı “Səlimova”, adı “Sərbinaz”, ata adı “Rza”, valideynləri qrafasında atası “X11, anası “Ərizəçi” qeyd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Ərizəçi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(006)-2851/2020 nömrəli qətnaməsi qismən ləğv edilsin. Ərizəçi 08 fevral 2015-ci il tarixdə Qazaxıstan Respublikasının Astana şəhərində bir qız uşağı doğması faktı müəyyən edilsin. Doğum akt qeydində uşağın soyadı “Səlimova”, adı “Sərbinaz”, ata adı “Rza”, valideynləri qrafasında atası “X11, anası “Ərizəçi” qeyd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar