Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4657/2023 13.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1, X4 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 13 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC ilə Cavabdeh3 arasında 14 avqust 2019 və xx.xx.2020-ci il tarixlərdə tibbi xidmət barədə müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixli Müqaviləyə aid təqdim olunmuş hesab-fakturanın surətindən görünür ki, Cavabdeh3 xəstəxanada 12-16 avqust 2020-ci il tarixləri aralığında müxtəlif yoxlanışlardan və müayinələrdən keçmiş və 1,257 manat ödəniş etdikdən sonra nəticədə 1638,23 manat məbləğində borcu yaranmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC cavabdehlər Cavabdeh3, Cavabdeh1, X4 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 2425,63 manat əsas, 120,28 manat faiz borcu, X3 855,36 manat əsas borc və 42,76 manat faiz borcu, Cavabdeh4 837,50 manat əsas borc və 41,87 manat faiz borcu, Cavabdeh3 2786,70 manat əsas borc və 139,33 manat faiz borcunun, eyni zamanda hüquqi xidmət üçün ödənilmiş 100 manat pulun və 94 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə müxtəlif tibbi xidmətlər göstərmişdir. Nəticədə cavabdehlərin klinikaya müvafiq borcları yaranmışdır. Cavabdehlər onlara göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və yaranan borc məbləğini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı öhdəliyini icra etmişdir. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərini icrta etməmişlər.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-962/2023) iddia qismən təmin edilmiş, 1638,23 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 47 manat hissəsinin Cavabdeh3 tutulub İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən tibbi xidmət barədə müqavilə 14 avqust 2019-cu tarixdə bağlanılmış, iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı iddia isə xx.xx.2023-cü il tarixdə, 3 illik iddia müddəti ötürülməklə məhkəmədə qaldırmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı həmin əqd ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Ona görə də iddiaçı tərəfindən cavabdehə göstərilmiş tibbi xidmətin əvəzi kimi Cavabdeh3 tərəfindən xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq ödənilməmiş borc kimi 1638,23 manat məbləğində pul vəsaiti Cavabdeh3 ümumi qaydada tutulmalıdır. Məhkəmə Cavabdeh3 barəsində iddiaçı tərəfindən təqdim olunmuş digər hesab-fakturalarda göstərilən məbləğlərə münasibətdə qeyd edir ki, həmin hesab-fakturalarda qeyd olunmuş tibbi xidmətlərin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehlə razılaşma əldə edildiyini təsdiq edə biləcək sübut (müqavilə, razılaşma) məhkəməyə təqdim edilə bilmədiyindən həmin hesab-fakturalarda qeyd olunan məbləğlər cavabdehdən tutulmamalıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 münasibətdə qeyd edir ki, tələb onlara qarşı hissədə əsassızdır. Belə ki, Cavabdeh1, X4 və Cavabdeh4 barəsində tərtib olunmuş hesab-fakturalarda onlara müxtəlif tibbi xidmətlərin göstərildiyi və bunun nəticəsində borc yarandığı qeyd olunsa da, iddiaçı ilə bu şəxslər arasında tibbi xidmətin göstərilməsi ilə bağlı razılaşma əldə edildiyini təsdiq edə biləcək hər hansı bir razılaşma yaxud müqavilə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bu hissədə də əsassızdır, ona görə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən bu halı təsdiq edə biləcək hər hansı bir sənədə iş materiallarında rast gəlinməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115, 1118.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80, 81-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən həm iddiaçı, həm də Cavabdeh3 apellyasiya şikayəti vermişlər.
8. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bu şəxslər arasında tibbi xidmətin göstərilməsi ilə bağlı razılaşma əldə edildiyini təsdiq edə biləcək hər hansı bir razılaşma, yaxud müqavilə məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər ambulator tibbi xidmətlərdən istifadə etdikləri üçün müqavilə bağlanmasına zərurət olmamışdır, belə ki məhz bu hal özünü birtərəfli əqd kimi göstərmişdir. Eyni zamanda mövcud qanunvericilikdə ambulator xidmətlərin göstərilməsi zamanı tibbi xidmət müqaviləsinin bağlanması ilə bağlı bir tələb yoxdur. Tibbi xidmət müqaviləsinin bağlandığı dövrdə cavabdeh, iddiaçı MMC-nin baş direktoru olmuş, bu müqavilənin bağlanmasından bir il sonra mübahisənin predmeti olan başqa bir müqavilə imzalamışdır. Göründüyü kimi, tərəflər arasındakı korporativ inam, professional münasibətlər və cavabdehin şəxsiyyəti də nəzərə alınmaqla göstərilənlər iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə səbəb olmuşdur. Bununla belə, birinci instansiya məhkəməsi qanunvericiliklə müddətin bərpası üçün üzrlü səbəb sayılan bu halı nəzərə almayaraq iddianı həmin hissədə qanunsuz olaraq əsassız hesab etmişdir. Məhkəmə ambulator müalicə zamanı tibbi xidmət müqaviləsinin bağlanmasına zərurət olmaması faktını və xx.xx.2019-cu il tarixli tibbi xidmət müqaviləsi ilə bağlı iddia müddətinin üzrlü səbəbdən ötürülməsi məsələsini lazımi qaydada araşdırmamış və son nəticə olaraq göstərilənləri diqqətdən kənarda saxlayaraq qanunsuz qətnamə qənul etmişdir. Belə ki, çıxışlar və bu çıxışlar ilə bağlıaraşdırılmalı olan hallar qətnamədə heç bir hissədə öz əksini tapmamışdır. İddiaçı qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandımışdır ki, hamılıqla qəbul edilmiş və tibbi praktikaya əsasən hər pasiyent klinika ilə müqavilə bağladıqdan və əvvəlcədən ödəniş etdikdən sonra tibbi müdaxiləyə məruz qalır, o da iki epizod üzrə stasionar tibbi xidmətdən istifadə etmiş və müqavilə üzrə müəyyənləşdirilmiş məbləği tam olaraq klinikaya ödəmişdir. Klinika da bu halı təsdiq edir. Belə ki, klinika hesab fakturaları özünə məxsus proqram təminatında hazırladığını və həmin fakturalara əlavə və ya dəyişikliklər etmək səlahiyyətinə malik olduğunu nəzərə alsaq, cavabdehin imzasının hesab fakturalarda olmaması, həmin hesab fakturalara istənilən növ əlavələrin edilməsi kimi suiistifadələrə gətirib çıxara bilər. Bu səbəbdən ona qarşı müqavilədən kənar hesab fakturalarda formalaşdırılmış əlavə və digər məbləğlər tamamilə saxta və uydurmadır. Onun həmin qiymət cədvəli ilə tanış edilməsi və onu öz imzası ilə təsdiqini sübut edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş, bundan əlavə klinika onu hesab faktura ilə əvvəlcədən və ya tibbi xidmətin gedişi zamanı da tanış edib, razılığını almamışdır. Cavabdeh qətnamənin ona qarşı iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10.Apellyasiya şikayətlərinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi orqanın apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. 12.Cavabdehin nümayəndəsi iddiaçının apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. O, eyni zamanda öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. 13.İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 15.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 16.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 18.Maddə 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 19.Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 20.Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 21.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Apellyasiya baxışının hədləri
22.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 23.Hazırkı apellyasiya şikayətlərində iddiaçı və Cavabdeh3 qətnaməni mübahisələndirdiklərindən qətnamənin əsaslılığı iddianın təmin olunmayan və Cavabdeh3 qarşı iddianın təmin olunan hissələrində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24.Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının apellyasiya şikayətlərinin dəlillərini əsassız, cavabdehin şikayətini isə əsaslı sayır. 25.Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 26.Hazırkı iş üzrə iddiaçı cavabdehlər tərəfindən tibbi xidmətlərdən istifadəyə görə ödənilməmiş qalıq borcun ödənilməsini tələb edir. 27.Cavabdehlər isə borcun olmadığını bildirərək iddiaya etiraz etmişlər. 28.Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh4 arasında tibbi xidmətin göstərilməsi ilə bağlı razılaşma əldə edildiyini təsdiq edə biləcək hər hansı bir razılaşma yaxud müqavilə olmadığından iddianı onlara münasibətdə rədd etmişdir. 29.Kollegiya birinci instansiya məhkəməsinin göstərilən əsasla iddianı həmin cavabdehlərə aid hissədə rədd etməsi ilə bağlı mövqeyini əsaslı hesab edir. 30.Belə ki, Cavabdeh1, X4 və Cavabdeh4 barəsində tərtib olunmuş hesab-fakturalarda onlara müxtəlif tibbi xidmətlərin göstərildiyi və bunun nəticəsində borc yarandığı qeyd olunsa da, iddiaçı ilə bu şəxslər arasında tibbi xidmətin göstərilməsi ilə bağlı razılaşma məhkəməyə təqdim edilməmişdir. 31.MPM-ə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır (maddə 89.1). 32.MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 33.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 34.Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. 35.Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 36.Birinci instansiya məhkəməsi iddianı Cavabdeh3 aid hissədə 14 avqust 2019-cu tarixli müqaviləyə əsasən hesablanmış borc tələbinə aid hissədə rədd etmiş, mövqeyini isə həmin müqavilə üzrə iddia müddətinin ötürüldüyü ilə əsaslandırmışdır. 37.Kollegiya məhkəmənin mövqeyilə razılaşaraq qeyd edir ki, tibbi xidmət barədə müqavilə 14 avqust 2019-cu tarixli bağlanılmış, iddiaçı tərəfindən həmin müqavilə ilə bağlı iddia isə xx.xx.2023-cü il tarixdə, 3 illik iddia müddəti ötürülməklə məhkəmədə qaldırmışdır. 38.İddiaçı müddətin ötürüldüyünü mübahisələndirməmiş, bunun üzürlü səbəbdən (tərəflər arasındakı korporativ inam, professional münasibətlər və cavabdehin şəxsiyyəti) baş verdiyini bildirmişdir. 39.Halbuki, iddiaçının üzürlü səbəb kimi göstərdiyi əsaslar iddiaçı ilə cavabdeh arasında etibarlı münasibətlərdən irəli gəlmiş, iddiaçı da qanunla müəyyən edilmiş müddət ərzində müqavilə öhdəliyinin icrasını tələb etməməklə bu etibarın riskini daşımışdır. 40.Birinci instansiya məhkəməsi iddianı Cavabdeh3 tərəfindən xx.xx.2020-ci il tarixli müqaviləyə uyğun olaraq ödənilməmiş borc kimi 1638,23 manat məbləğində pul vəsaitinin tutulması hissəsində əsaslı hesab etmiş və həmin hissədə iddianı təmin etmişdir. 41.Kollegiya birinci instansiya məhkəməsinin bu hissədə mövqeyilə razılaşmır və aşağıdakıları qeyd edir. 42."X1" MMC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2020-ci il tarixli Müqaviləyə əsasən tibbi xidmətlərin dəyəri 1257 manat müəyyən edilmiş, həmin məbləğ də cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı sözü gedən müqavilə əsasında Cavabdeh3 ödənilməmiş borc kimi 1638, 23 manat pul tələb etmiş, tələbin faktiki əsası kimi hesab fakturalar təqdim etmişdir. Cavabdeh3 isə həmin hesab fakturaları mübahisələndirmişdir. 43.Kollegiya nəzərə alır ki, təqdim edilmiş hesab fakturalar özü-özlüyündə iddianın əsaslı olması barədə qənaətə gəlmək üçün yetərli deyildir. Belə ki, sözgedən kassa sənədləri yalnız işdə olan digər mötəbərliyi şübhə doğurmayan sənədlərlə, izahatlarla birgə qiymətləndirildikdə tələbin təmin olunması üçün əsas ola bilər. Hazırkı vəziyyətdə cavabdeh həmin fakturalarda göstərilmiş məbləğləri mübahisələndirir. Cavabdehin imzasının hesab fakturalarda olmaması, habelə fakturalarada göstərilmiş xidmətlər üçün də ayrıca müqavilənin bağlanmaması onların mötəbərliyini şübhə altına alır. 44.Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçı keçən müddət ərzində cavabdehə belə bir borcun mövcudluğu barədə məlumat verməmişdir. Halbuki, belə bir borc vardısa xx.xx.2020-ci il tarixli Müqavilənin 2.1.7-ci bəndinə görə xəstəxana göstərmiş olduğu tibbi xidmətlərin qarşılığı olan məbləğin vaxtında və əksiksiz olaraq ödənilməsini tələb etməli idi. 45.Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli Müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniş tibbi yardımın göstərilməsindən əvvəl nəqd olaraq həyata keçirilir. İşdən göründüyü kimi, cavabdeh də müqavilə məbləğini təşkil edən 1257 manat pul vəsaitini müqavilə bağlanarkən, yəni tibbi yardımın göstərilməsindən əvvəl ödəmiş və bu, işin mübahisəsiz halıdır. 46.Müqaviləyə görə xəstəyə göstərilən və göstəriləcək xidmətlərin dəyəri “Qiymət cədvəli” əsasən müəyyən olunmalıdır. İddiaçı yalnız hesab-faktura təqdim etmiş, lakin həmin hesab-fakturada göstərilən xidmətlərin həqiqətən də iddiaçıya göstərildiyini və bu xidmətlərin dəyərinin “Qiymət cədvəli”nə uyğun olduğunu əsaslandıra bilməmiş, bununla bağlı zəruri sübutları işə baxan məhkəməyə təqdim etməmişdir. 47.MPM-ə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). 48.Ona görə də Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iddia tələbi həmin həmin hissədə rədd olunmalıdır. 49.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 50.Məhkəmə kollegiyası izah edir ki, qətnamənin hər bir cavabdehə münasibətdə mübahisələndirilə bilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan MPMin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 51.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin olunmasın. Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsi qismən – Cavabdeh3 qarşı iddianın təmin olunmuş hissəsində, yəni 1638,23 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 47 manat hissəsinin Cavabdeh3 tutulub İddiaçı MMC-yə ödənilməsi hissəsində ləğv olunsun. İddia həmin hissədə təmin olunmasın. Qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.