Məhkəmə qərarları › İş №2(103)-4658/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4658/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4658/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və vəkili X1 Cavabdeh şirkətinin nümayəndəsi Nümayəndə oğunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(006)-3548/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə görə ona cavabdeh tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(006)-3548/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə ilkin olaraq ona 6 sot torpaq sahəsinin verilməsini işin mübahisəsiz halı kimi qeyd etsə də, daha sonra qeyd edilən torpaq sahəsinə heç bir hüququnun olmadığını qeyd etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı guya ona ayrılmış 6 sot torpaq sahəsinin neft şirkətinə məxsus olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazidə eləcə də ona məxsus torpaq sahəsinə bitişik olan yüzlərlə fərdi mülkiyyətdə olan yaşayış evləri vardır. Əgər qeyd edilən ərazi cavabdehin mülkiyyətindədirsə həmin ərazidə yüzlərlə fərdi yaşayış evinin yerləşməsinə cavabdehin nümayəndəsi heç bir izah verməmiş və eləcə də, məhkəmə qətnaməsində də bu hala hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ədalətli araşdırma aparmadan maddi və prosessual hüquq normaları kobud şəkildə pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili X2 da bildirdi ki, istəkləri ağlabatan kompensasiya verilməsidir. Mübahisəli ünvanda ev tikilməyib, yalnız torpaq sahəsidir. Ətrafda yaşayış evləri var. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, işin mübahisələndirilməyən hallarından görünür ki, Əli Bayramlı şəhər X5 İcraiyyə Komitəsinin 31 iyul 1990-cı il tarixli iclas protokoluna əsasən İddiaçı 17.03.1990-cı ildən torpaq növbəsində dayandığından ona Əli Bayramlı (indiki Şirvan) şəhəri, ünvan 1 ünvanında 6 sot torpaq sahəsi ayrılmış və həmin tarixdə həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinin aparılması üçün ona Əli Bayramlı şəhər X5 İcraiyyə Komitəsi Memarlıq və Şəhərsalma şöbəsi tərəfindən 31.07.1992-ci il tarixədək icazə verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinə görə ona cavabdeh tərəfindən 10.000 (on min) manat kompensasiya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci və 169.2-ci maddələrinə əsasən, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna yalnız həmin əmlakın mülkiyyətçisi malikdir və yalnız mülkiyyətçi, torpaq sahəsi başqa şəxslərin istifadəsinə verildikdə, mənafeyinin ədalətli nəzərə alınmasını tələb edə bilər. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinə dair hər-hansı hüquqa malik olması öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, işdən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(032)- 370/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ona məxsus olan Şirvan şəhəri, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilməsi” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 17.09.2019-cu il tarixli, 2(106)- 2496/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Şirvan Şəhər Məhkəməsinin 10.04.2019-cu il tarixli, 2(032)- 370/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsinin iboşaldılaraq ddiaçıya qaytarılmadığı digər məhkəmə qətnamələri ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni mübahisəli torpaq sahəsinin boşaldılması və cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə rədd edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Eyni zamanda iddiaçı hazırki iddiasında məhz həmin torpaq sahəsinə görə cavabdehdən kompensasiya tələb edir. Demək, qeyd olunan qətnamələrlə mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən boşaldılmadığından və iddiaçıya qaytarılmadığından kompensasiya ödənilməsi tələbinin təmin edilməsi istisna olunur. Çünki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsində mübahisəli ərazidə 656 saylı neft qurğusu quraşdırıldığı, həmin qurğunun 1092-97 saylı ərazidə yerləşdiyi və ərazinin cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(006)- 3548/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar