Məhkəmə qərarları › İş №2(103)-4660/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4660/2022

08.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4660/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Abbaslı Şücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9 və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən tikilidən çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili X9 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindən və tikilidən çıxarılması və əmlakın boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2007-2017-ci illər ərzində icarə əsasında işlədiyi elektrik malları satılan mağazada satıcı olaraq işləmiş, 2009cu il tarixdə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində ev tikmək istədiyindən həmin ərazidə torpaq sahəsi satan Arif Nuriyev ilə tanış olmuş, onlar öz aralarında torpaq sahəsinin qiyməti olaraq 70.000 manat qiymətə razılaşmışlar və o, 10.000 dollar beh pul vermişdir. Lakin bundan həmin torpaq sahəsində sənədləşmə ilə bağlı problemlər yarandığından almaqdan imtina etmiş və Arifdən pulunu geri istəmişdir. Bu zaman Arif həmin ünvanın yaxınlığında 3 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini beh müqabilində ona vermək istədiyini bildirmişdir və o, Arifin təklifini qəbul etmiş və 3 sot torpaq sahəsini almışdır. Həmin vaxt Rusiya Federasiyasına getməli olduğu üçün Arifə bildirmişdir ki, həmin torpaq sahəsini işçisi Ceyhunun adına etibarnamə ilə versin. Arif onun dediklərini edərək həmin torpaq sahəsini onun istəyi ilə cavabdeh Ceyhunun adına etibarnamə ilə verdikdən sonra o, mağazadan pul götürməklə həmin torpaq sahəsində tikinti işləri aparmaqla ev tikintisini tapşırmışdır. Həmin evin tikintisindən sonra onun icazəsi ilə Cavabdeh 2017-ci il tarixdən etibarən ailəsi ilə birlikdə müvəqqəti olaraq həmin evdə yaşamağa başlamışlar. 2017-ci il tarixdən Cavabdeh onun mağazasından mənimsəmələr edərək qaçıb getmişdir. O, bir neçə dəfə cavabdehi axtarmış, hətta müvəqqəti yaşadığı evə belə getmiş, lakin cavabdeh evdə olmamışdır. Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsi və onun daxilində olan ev ona məxsusdur. Həmin torpaq sahəsini Arif Nuriyevdən şəxsən özü pul ödəyərək almış və həmin torpaq sahəsinin daxilində olan ev bilavasitə onun pulu ilə tikilmişdir. Hazırda Ceyhun ondan polisə şikayətlər edərək onun pulu ilə alınmış torpaq sahəsini və onun daxilində olan evi mənimsəmək istəyir. Cavabdehin dedikləri hamısı yalan və böhtandır. O, heç vaxt cavabdehin nə ailəsinə və nə özünə hədə-qorxu gəlməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində, Xanlar massivində yerləşən tikili ona məxsusdur. O, özünə məxsus torpaq sahəsində ev tikmişdir. Cavabdehlərin ona məxsus evin yaşayış sahəsinə sahiblik və istifadə hüququ mövcud deyildir. Buna baxmayaraq, bu günə kimi cavabdehlərin əmlakı onun evindədir. İşin bu və digər halları onu deməyə əsas verir ki, cavabdehlər və onların əmlakları ona məxsus evdən çıxarılmalıdır. Hesab edir ki, işin faktiki halları və onları təsdiq edən sübutlar iddia tələbinin təmin olunmasına zəmin yaradır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan ndən və orada yerləşən tikilidən çıxarılaraq, həmin əmlakın İddiaçı təhvil verilməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri).

5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, guya iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları, şahid ifadələri və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak X5 icarəyə verilmiş, sonuncu da öz növbəsində həmin əmlakla bağlı hüquqlarını X12 etibar etmişdir. İddiaçı əmlakın dəyərini ödədikdən sonra onun xahişi ilə torpaq sahəsinə dair işlər etmişdir. İddiaçı əmlakın dəyərini ödədikdən sonra onun xahişi ilə torpaq sahəsinə dair işlər aparılması Cavabdeh etibar edilmişdir. İddiaçının vəsaiti hesabına alınmış torpaq sahəsində onun vəsaiti ilə tikinti işləri həyata keçirilmişdir. Məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır, heç bir sübuta söykənmir, torpaq sahəsi üzrə pulu Zülal tərəfindən verilməsini deyən X10 izahatı ziddiyyətli olmaqla inandırıcı deyil, tikinti işlərinin isə Zülülın puluna aparılması ümumiyyətlə iş matierialları ilə təsdiq olunmur. Belə ki, cavabdehin vəsatəti əsasında dəvət olunmuş şahidlərdən X7 ifadəsində bildirmişdir ki, o, Zülalı tanımır, Ceyhunu Şüvəlanda bir qonşu kimi tanıyır və Ceyhun tərəfindən özünə məxsus torpaq sahəsində öz vəsaiti hesabına tikinti apardığını görüb. Digər şahid X11 ifadəsində bildirmişdir ki, cavabdeh onun əmisi qızının yoldaşıdır. O, Ceyhunla qonşudur, Zülalı isə bazardan tanıyır. O, Ceyhunun evində təmir işləri aparıb, təmirin pulunu onlara Ceyhun verib. Göründüyü kimi, evin inşası üçün pulun Baxışlı tərəfindən verilməsi təsdiqini tapmır. Birinci dəfə verilmiş etibarnaməni nə üçün ceyhunun adına verilməsi səbəbini Zülal əsaslandıra bilməmişdir. Onun deməsinə görə Rusiya Federasiyasına getməli olduğu üçün belə edilməsi inandırıcı görünmür. Məhkəmə isə bu həqiqətə uyğun olmayan izahatlara tənqidi yanaşmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları, şahid ifadələri və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak X5 icarəyə verilmiş, sonuncu da öz növbəsində həmin əmlakla bağlı hüquqlarını X12 etibar etmişdir. İddiaçı əmlakın dəyərini ödədikdən sonra onun xahiş ilə torpaq sahəsinə dair işlər aparılması Cavabdeh etibar edilmişdir. İddiaçının vəsaiti hesabına alınmış torpaq sahəsində onun vəsaiti ilə tikinti işləri həyata keçirilmişdir. Məhkəmənin gəldiyi bu nətic sübuta yetirilməmişdir. Belə ki, torpaq sahəsinə daiir pulun iddiaçı tərəfindən verildiyini yalnız işin nəticəsində maraqlı olan Arif Nuriyevin izahatı иля ilə müəyyən edilmişdir. Şikayətin 10-cu bölməsində göstərilmiş əsaslara görə, bu izahat inandırıcı deyil. Həmçinin, tikinti üçün pulun da iddiaçı tərəfindən verilməsi halları ümumiyyətlə heç bir sübuta söykənmir. Tərəflərin izahatları:

7. Kollegiya iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi.

8. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili N.Mustafayev apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarına əlavə edilmiş 01 iyun 2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X15 X2 aldığı etibarnaməyə əsasən Bakı şəhəri Çöl Şüvəlan qəsəbəsi 9ə saylı 0.03 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, özəlləşdirməni və DRX-dən arayış, çıxarış, kadastr planı və s. sənədləri almağı, sərəncam verməyi və s. digər hərəkətlər etməyi Cavabdeh 30 iyul 2018-ci ilədək etibar etmişdir.

11. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.03 ha olan 9ə saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 39912 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Qeyd olunan müqavilə iş materiallarına əlavə edilmişdir.

12. İş materiallarına əlavə edilmiş 04 mart 2021-ci il tarixli AR-İİ 245789 nömrəli etibarnamənin surətindən görünür ki, X1 ötürülmüş X15 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X4 və İstismarı Birliyi tərəfindən xx.xx.2007- ci il tarixdə verilmiş 39912 saylı müqaviləyə əsasən ünvan ünvanında yerləşən ona ayrılmış 0.03 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində, Əmlak Xidmətləri məkanında fiziki və hüquqi şəxslər qarşısında və s. onun nümayəndəsi olmağı, adından sənədləşmə və özəlləşmə işlərini aparmağı və s. İddiaçı etibar etmişdir. Hüquqi dəyərləndirmə:

13. Birinci instansiya məhkəməsi Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan ndən və orada yerləşən tikilidən çıxarılaraq, həmin əmlak İddiaçı təhvil verilməsi ilə bağlı qətnamə qəbul etmişdir.

14. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmaması ilə bağlı müvafiq araşdırma aparılmışdır.

15. İş materiallarına əlavə edilmiş 01 iyun 2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X15 X2 aldığı etibarnaməyə əsasən Bakı şəhəri Çöl Şüvəlan qəsəbəsi 9ə saylı 0.03 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, özəlləşdirməni və DRX-dən arayış, çıxarış, kadastr planı və s. sənədləri almağı, sərəncam verməyi və s. digər hərəkətlər etməyi Cavabdeh 30 iyul 2018-ci ilədək etibar etmişdir.

16. Daha sonra, 04 mart 2021-ci il tarixli AR-İİ 245789 nömrəli etibarnamənin surətindən görünür ki, X1 ötürülmüş X15 Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X4 və İstismarı Birliyi tərəfindən xx.xx.2007- ci il tarixdə verilmiş 39912 saylı müqaviləyə əsasən ünvan ünvanında yerləşən ona ayrılmış 0.03 ha torpaq sahəsinə dair Azərbaycan Respublikasının bütün dövlət idarə, müəssisə və təşkilatlarında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində, Əmlak Xidmətləri məkanında fiziki və hüquqi şəxslər qarşısında və s. onun nümayəndəsi olmağı, adından sənədləşmə və özəlləşmə işlərini aparmağı və s. İddiaçı xx.xx.2030-cu il tarixinədək etibar etmişdir.

17. İddiaçıya mübahisəli əmlaka dair sənədləşmə və özəlləşdirmə işlərinin aparılması həvalə edilsə də, iş materiallarında iddiaçı (təmsil edən) tərəfindən müvafiq sənədlərin etibarnamə əsasında alınması görünmür.

18. İş materiallarından görünür ki, iddiaçı sözügedən əmlakın mülkiyyətçisi deyil və həmin əmlakla bağlı hər hansı hüququ yoxdur. İddiaçının adına yalnız həmin əmlakla bağlı sənədləşmə işlərinin aparılması üçün X8 tərəfindən etibarnamə verilmişdir ki, bu da iddiaçının sözügedən əmlakla bağlı hər hansı tələb hüququnun yaranmasına səbəb olmur.

19. Mülki Prosessual Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

20. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

21. Qeyd edilən prosessual hüquq normalarının tələblərini rəhbər tutaraq kollegiya vurğulayır ki, iddiaçı hazırki iddia tələbini təmsil etdiyi şəxsin adından deyil, öz adından qaldırmışdır. Halbuki, iddiaçının mübahisəli əmlaka dair hüquqmüəyyənedici sənədinin olmamasına görə öz adından iddia qaldırmağa subyektiv hüququ yoxdur.

22. İddiaçı ünvan ndən və orada yerləşən tikili ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Başqa sözlə, İddiaçı həmin əmlaka hüququnun olmadığı halda onun boşaldılması və cavabdehin həmin tikilidən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır.

23. Bundan başqa, kollegiya həmçinin qeyd edir ki, hətta etibarnamədə də İddiaçı məhkəmədə iddia qaldırmaq hüququnun verilməsi nəzərdə tutulmamışdır. Etibarnamə yalnız Bakı şəhəri Çöl Şüvəlan qəsəbəsi 9ə saylı 0.03 ha torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, özəlləşdirməni və DRX-dən arayış, çıxarış, kadastr planı və s. sənədləri almağı, sərəncam verməyi və s. digər hərəkətlər edilməsi ilə bağlı olmuşdur. Mülki Prosessual Məcəllənin qeyd edilən 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti etibarnamədə xüsusi göstərilməlidir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir.

25. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır.

27. Lakin, işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını araşdırmamış və nəticədə, təmsil edilənin adından deyil, öz adından iddia qaldırılmış, habelə etibarnamədə iddia qaldırılması hüququ nəzərdə tutulmamış şəxsin iddiası əsasında yaşayış sahəsinin boşaldılmasına dair qətnamə qəbul etmişdir.

28. Beləlilə yuxarıda sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddiaçının subyektiv hüququ olmadığına görə iddia tələbi rədd edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

30. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

32. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

33. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:

34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin mübahisəli əmlakdan çıxarılması tələbi təmsil ediləninin deyil, təmsil edənin (iddiaçının) adından qaldırılması, iddiaçının iddia qaldırmaqda subyektiv hüququnun olmaması səbəbindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-656/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar