Məhkəmə qərarları › İş №2(103)-4662/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4662/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4662/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh3 ASC-yə qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğvi, ödənilmiş pulun, təmir xərcinin və mənəvi zərərin əvəzinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC, "xxxx" ASC və Cavabdeh3 ASC-yə qarşı “müqavilənin ləğvi, ödənilmiş pulun, təmir xərcinin və mənəvi zərərin əvəzinin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 2(005)-237/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Satıcı “X11” ASC və alıcı İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı “X11” ASC Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 104 nömrəli 66.31 kvatrat metr sahəsi olan 1 otaqlı mənzili alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 122792,86 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 240 ay ərzində ödəməyi öhdəsinə götürür; 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 18%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi Satıcıda qalır. Satıcı ödənilmiş məbləğin qalıq hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonar alıcıya qaytarır.

2. Kreditor Cavabdeh3 ASC və borcalan İddiaçı arasında bağlanmış xx.xx.2011- ci il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödəmək və təminatlılıq əsasında 46419,87 manat məbləğində krediti 239 ay müddətinə verir. 1.3-cü bəndinə əsasən kredit Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 104 nömrəli 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzili alınmasına verilir. 2.1-ci bəndinə əsasən kreditin istifadəsinə görə borcalan illik 12% ödəyir.

3. Borcverən "xxxx" ASC və borcalan İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, NAR-İ-12/04 nömrəli kredit müqaviləsinin: 2.2-ci bəndinə əsasən borcverən borclana 45479 manat məbləğinə kredit xəttini açmağı öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən öhdəliklərin icrasının təminat üsulu ipotekadır. Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 113 nömrəli 66.31 kvatrat metr sahəsi olan 1 otaqlı mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra rəsmiləşdirəcək. 5.3-cü bəndiə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 222 aydır. 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə hər gün illik 12%-lə hesablanır.

4. Borcverən "xxxx" ASC və Zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, NAR-İ-12/04 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış xx.xx.2012-ci il tarixli NAR-İ12/04 nömrəli kredit müqaviləsinə əsasən 45479 manat məbləğində 222 ay müddətinə borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsinə öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “X6 Korporasiyası” ASC arasında, Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, ünvan 1 ünvanında yerləşən 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 13305 nömrəli “Alqı-satqı” müqaviləsinin ləğv edilməsi, həmin mənzilin dəyəri olaraq tərəfindən “X6 Korporasiyası” ASC-yə ödənilmiş 63000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30.000 manatın və ödənilmiş dövlət rüsumunun, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun “X6 Korporasiyası” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh “X3” MMC ilə arasında Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, ünvan 2 ünvanında yerləşən 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilə dair xx.xx.2011-ci il tarixli, 13305 nömrəli “Alqısatqı” müqaviləsi bağlanmışdır. Onlar həmin mənzilin alqı-satqısı zamanı mənzilin hər kv.metri üçün 450 manat olmaqla, aybaay 511.64 manat ödənilməsinə dair razılıq əldə etmişlər. Bununla bağlı xx.xx.2011-ci il tarixində tərəfindən birinci ayın ödənişi olaraq 511.64 manat həmin şirkətə ödənilmiş, cavabdeh ilə arasında “Təhvil-təslim” aktı imzalanmış və bundan sonra mənzil tam təmirsiz olaraq onun istifadəsinə verilmişdir. Müxtəlif tarixli olsalar da, həm, “Alqı-satqı” müqaviləsi, həm də, “Təhviltəslim” aktı xx.xx.2011-ci ii tarixində Cavabdeh3ın Nərimanov rayon ofisində Akkord şirkətinin nümayəndəsi tərəfindən həyata keçirilmiş və orada ona, məzmunu barədə heç bir məlumat verilmədən, çoxlu sayda sənədlərə imza etdirildi. Sonradan ona məlum oldu ki, həmin imza edilən sənədlərlə, həm də, Cavabdeh3 ASC-də kredit və ipoteka müqavilələri tərtib edilmiş və müqavilədə qeyd olunmuşdur ki, guya bank tərəfindən ona 46419 manat məbləğində kredit vəsaiti verilmişdir. Halbuki, həmin məbləğ birbaşa, cavabdeh “X3” MMC-nin hesabına köçürülmüşdür. Mənzilin alqısatqısı zamanı bir kvadratmetrə görə 450 manat ilə razılıq əldə olunaraq tərəflərin iradəsi ifadə olunsa da, sonradan onun heç bir məlumatı olmadan bir kvadratmetrinin dəyəri 1851.8 manat kimi qeyd olunmuşdur və bununla da mənzilin dəyəri ağlasızmaz həddə artırılmaqla, aldadılma yolu ilə rəsmiləşdirilmişdir. Cavabdehlər tərəfindən bilərəkdən və planlı şəkildə yaradılmış qanunsuzluqlar bununla da bitməmiş və Texnika Bankda yaranmış problemlərlə əlaqədar, onun ilə kağız üzərində olan “borcu”, bir növ transfer olunaraq "xxxx"na “köçürülmüşdür”. Lakin o, Cavabdeh3a 10000 manatdan çox pul ödədiyinə baxmayaraq, ABB ilə arasında yenidən, 18 iyun 2012-ci il tarixli, “NAR-1-12/04” saylı kredit müqaviləsi bağlanılmış və 12% -lə hesablanmaqla, 222 ay müddətinə, 45479 manat məbləğində kredit xətti açılmışdır. Hesab edir ki, bütün bu olanlar cavabdehlərin birgə razılaşması ilə, vətəndaşlara daha çox ziyan vurmaqla və onları ağır maddi duruma salmaqla, özlərinin isə, daha çox varlanmasına və fayda götürməsinə xidmət edir. Hal-hazırda "xxxx"ı yazılı xəbərdarlıq edərək, ondan müqavilə üzrə 36944.84 manat pul tələb edir. Halbuki, nə Texnika Bankdan, nə də ABB-dən ona pul verilməyib. Onun banklara borcu yalnız kağız üzərində olmuşdur, yalnız Akkord şirkəti ilə mənzilin hər kv.metri üçün 450 manat olmaqla, aybaay 511.64 manat ödənilməsinə dair razılıq əldə etmişdilər və hər ay 511. 64 manat olmaqla, 63 000 ödəniş etmişdir. Buna baxmayaraq, borcu hələ də bitmir. Belə olan halda həmin mənzildən imtina etməyə və çəkdiyi digər xərclərlə birgə, ödədiyi vəsaiti geri tələb etməyə məcburdur. Baxmayaraq ki, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən məhrum olur. Həmin mənzilə 30.000 manat civarında pul xərcləyib əsaslı təmir-tikinti işləri aparmaqla, həmin mənzildə ailəsi ilə birlikdə gələcəkdə də yaşamağa davam etmək arzusu olmasına, mənzilin dəyərini artıqlaması ilə ödəməyinə baxmayaraq, halhazırda cavabdehlərin qanunsuz əməllərinə görə 10 ildən çox ailəsi ilə birgə yaşadığı evindən məhrum olur.

7. Şahid qismində çağırılmış X2 ifadəsində bildirmişdir ki, 1986-cı il tarixdən tarixdən iddiaçının atası evinin qonşuluğunda yaşamışdır. 2011-ci ildə İddiaçı ev alındı və atası tez-tez o evin təmiri ilə əlaqədar həmin ünvana gedirdi.

8. Şahid qismində çağırılmış X4 ifadəsində bildirmişdir ki, İddiaçı uşaqlıqdan tanıyır. 2015-ci ilin sonlarına qədər yeni evlərində təmir getdi. Sonradan İddiaçı həmin ünvana köçmüşdür.

9. Şahid qismində çağırılmış X5 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 5, 130 nömrəli mənzildə yaşayır. İddiaçı isə bina 4-də yaşayır. 2015-ci ildən İddiaçı tanıyır. İddiaçı həmin ünvana köçmüşdür.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, 10/6246 nömrəli, 05 yanvar 2023-cü il tarixli ekspert rəyində qeyd olunur ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, bina 4, blok 1, 104 (113) nömrəli mənzil üzrə aparılmış təmir işlərinə dair layihəsmeta sənədləri, 2011-2012-ci illər üçün mənzilin təmiri üçün istifadə olunan tikinti materiallarına dair qaimələr mülki iş materiallarında olmadığına və ekspert vəsatətinə əsasən təqdim olunmadığına görə 2011-2012-ci illər üçün aparılmış təmir işlərinin ümumi dəyərini müəyyən etmək mümkün olmadı. Həmçinin mənzil üzrə aparılmış təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 20061 manat olduğu müəyyən edildi.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/2023 nömrəli 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, “X11” ASC və İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" ASC-dən təmir xərcinin əvəzi olaraq 20061 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun 25 manatının cavabdeh "xxxx" ASC-dən, 25 manat pulun isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət olunmuşdur.

12. Məhkəmə “X11” ASC və İddiaçı arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli müqavilənin ləğvi hissəsində iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Cavabdeh “X11” ASC tərəfindən iddiaya verilmiş etirazdan cavabdehin iddiaçı ilə bağladığı yuxarıda qeyd edilən müqavilənin ləğvinə razı olduğu müəyyən olunur. Bu səbəbdən də məhkəmə iddia tələbinin sözügedən müqavilənin ləğvi hissəsində təmin edilməsi qənaətinə gəlir.

13. Məhkəmə mənzilin alqı-satqısına dair iddiaçı tərəfindən ödənilmiş 63000 manat pulun “X11” ASC-dən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd etmişdir ki, müqaviləyə xitam verilməsi tərəflər arasında həmin hüquq münasibətləri üzrə yaranmış hüquq və vəzifələrinin də xitamına səbəb olur və bu zaman müqavilənin etibarsızlığı ilə bağlı qaydalardan fərqli olaraq restitutsiya, yəni müqaviləyə qədərki vəziyyətə qayıdış tətbiq olunmur. Bu qayda hüquq norması halına salınaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsində qeyd olunmuşdur. Lakin həmin maddəyə əsasən bu qaydadan istisnalardan biri də tərəflər arasında olan müqavilədə ayrı qayda nəzərdə tutulmuş olmasıdır ki, müqavilənin 5.8ci bəndi ilə belə bir fəqli qayda nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 18%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar çəkilən xərclərin və itkilərin əvəzi kimi Satıcıda qalır. Satıcı ödənilmiş məbləğin qalıq hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonar alıcıya qaytarır. Tərəflər arasında bağlanmış müqavilənin 5.8- ci bəndinin hazırki mübahisəyə tətbiqi zamanı aydın olur ki, iddiaçı tərəfin öz izahatında təsdiq etdiyi kimi o ailəsi ilə birlidə hal-hazırda qeyd edilən mənzildə yaşadığından iddiaçının bu hərəkəti nəticəsində cavabdehin mənzili satmaq kimi real imkanı olmamışdır. İddiaçının etdiyi ödənişlərin müqavilədə nəzərdə tutulmuş hissəsini tələb etmək hüququn yaranması üçün zəruri halın mövcud olmaması – mənzilin cavabdehdən asılı olmayan səbəblərdən satılmaması səbəbindən iddiaçının ödənişlərin həmin hissəsini tələb etmək hüququ yaranmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmir xərcinin əvəzinin ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı təmir xərcinin əvəzi olaraq 30000 manat pulun ödənilməsini tələb etsə də, mülki iş üzrə əldə edilmiş ekspert rəyindən mənzildə aparılmış təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 20061 manat olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə ekspert rəyində əksini tapmış məbləğin təmir xərcinin əvəzi olaraq tutulmasını əsaslı hesab etmişdir.

15. Mənəvi zərərə aid hissədə məhkəmə göstərmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərərin dəydiyini iddia etsə də, mənəvi zərərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsini sübut edə bilməmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçı cavabdehin hərəkətinin qanunsuz olmasını, məhz bu hərəkətlə onun mənəvi iztirabının səbəbli-əlaqəli olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 324, 399.1, 424.3, 424.4, 425.1, 157.5, 157.7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, çox sonralar ona məlum olmuşdur ki, həmin imza edilən sənədlərlə, onun Akkord şirkətindən aybaay kreditə aldığı mənzillə bağlı həm də, Cavabdeh3 ASC-də kredit və ipoteka müqavilələri tərtib edilmiş və müqavilədə qeyd olunmuşdur ki, guya bank tərəfindən ona 46419 AZN məbləğində kredit vəsaiti verilmişdir. Halbuki, həmin məbləğ və ilkin ödəniş olaraq ödədiyi 511.64 manat birbaşa cavabdeh "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Mənzilin alqı-satqısı zamanı bir kvadratmetrə görə 450 manat ilə razılıq əldə olunaraq tərəflərin iradəsi ifadə olunsa da, sonradan onun məlumatı olmadan bir kvadratmetrinin dəyəri 1851.8 manat kimi qeyd olunmuşdur və bununla da mənzilin dəyəri ağlasızmaz həddə artırılmaqla, aldadılma yolu ilə rəsmiləşdirilmişdir. Cavabdeh3a 10000 manata yaxın pul ödədikdən sonra, 2020-ciilə qədər hər ay 511.64 manat olmaqla, “Azərbaycan Beynəlxalq Banka” ümumlikdə 63000 manat pul ödəmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

23. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göründüyü kimi iddiaçının tələbi xx.xx.2011-ci il tarixli, 13305 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin dəyəri olaraq tərəfindən “X6 Korporasiyası” ASC-yə ödənilmiş 63000 manat pulun, mənzilin təmirinə xərclənmiş 30.000 manatın və mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun “X6 Korporasiyası” ASC-dən tutulması olmuşdur.

35. Hazırda apellyasiya şikayətində iddia təmin edilməyən hissələrdə - mənzilin dəyəri olaraq tərəfindən “X6 Korporasiyası” ASC-yə ödənilmiş 63000 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun və təmir xərcinə görə təmin edilməyən qalan məbləğin (9939 manat) tutulması hissəsində qətnamə mübahisələndirilmişdir.

36. Kollegiya hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. İddiaçı mənzilin dəyəri olaraq tərəfindən “X6 Korporasiyası” ASC-yə ödənilmiş 63000 manat pulun ASC-dən tutulmasını tələb etmişdir.

38. Göründüyü kimi tərəflər arasında bağlanmış 13305 nömrəli, xx.xx.2011-ci il tarixli mənzil alqı-satqısına dair müqaviləyə əsasən İddiaçı "xxxx" ASC-dən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, bina 4, blok 1, 104 (113) nömrəli mənzili tərəflərin razılığına əsasən ümumi dəyəri 122792,86 manat qiymətləndirilmiş 240 ay ərzində hissələrlə ödəmək şərti ilə təmirsiz şəkildə almışdır. Daha sonra xx.xx.2011-ci il tarixdə Cavabdeh3 ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya Bakı şəhəri Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi bina 4, blok 1, 104 nömrəli 66.31 kvadrat metr sahəsi olan 1 otaqlı mənzilin alınması üçün 239 ay müddətinə 46419,87 manat məbləğində kredit verilmişdir.

39. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə görə 222 ay müddətinə, illik 12%-lə hesablanmaqla 45479 manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" ASC və Zamin "xxxx" ASC arasında bağlanmış 18 iyun 2012-ci il tarixli, NAR-İ-12/04 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsinə öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur.

40. Aydın olur ki, sözügedən mənzilin alınması üçün Cavabdeh3 ASC ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və götürülmüş kredit hesabına mənzilin dəyəri ASC-yə ödənilmiş, mənzil də iddiaçının istifadəsinə verilmişdir. Belə olan halda iddiaçı ASC-yə mənzilin dəyərini tam ödəmiş və bununla bağlı aralarında olan münasibətlər yekunlaşmışdır.

41. Kollegiya qeyd edir ki, yalnız icra olunamış müqavilənin ləğvi mümkündür, müqavilə icra olunubsa ona xitam verilməsi hüquqi cəhətdən mümkün deyil, çünki artıq müqavilə özü yoxdur. İcra olunmuş müqavilədən doğan münasibətlər isə yeni hüquq münasibəti hesab olunur və onların tənzimlənməsi qaydası da fərqlidir. Hazırki işdə də alqı-satqı müqaviləsi artıq icra olunub, belə ki, iddiaçı mənzilin dəyərini tam ödəyib (Cavabdeh3 ASC-dən götürdüyü kredit hesabına), cavabdeh "xxxx" ASC isə mənzil təhvil verib.

42. Lakin, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsini ləğv etsə də, cavabdehlər şikayət vermədiyi üçün, həmin hissədə qətnaməni yoxlamaq imkanı da yoxdur.

43. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC-dən mənzil almış və dəyərini xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 ASC-dən 239 ay müddətinə qaytarmaq şərtilə götürdüyü 46419,87 manat məbləğində kredit hesabına ödəmiş, lakin sonradan "xxxx" ASC ilə bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 222 ay müddətinə qaytarmaq şərtilə 45479 manat kredit verilməklə, onun Cavabdeh3 ASC-yə olan borcu bağlanmışdır.

44. Kollegiya hesab edir ki, iddiaçı Cavabdeh3 ASC-dən kredit götürüb mənzilin dəyərini ödədikdən sonra (kreditin iddiaçıya verilmədən birbaşa "xxxx" ASC-nin hesabına köçürülüb-köçürülməməsinin əhəmiyyəti yoxdur), həmin Bankla, daha sonra isə "xxxx" ASC ilə iddiaçı arasında kredit münasibətləri yaranmışdır. Yəni, hazırda iddiaçının kredit şərtləri ilə razılaşmamasının "xxxx" ASC-yə aidiyyəti yoxdur. Ona görə də iddiaçının sonuncudan mənzilin dəyəri olaraq ödədiyi pulu tələb etməsi əsassızdır.

45. Kollegiya onu da qeyd edir ki, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsində mübahisəli mənzilin qiyməti 1 kv.m üçün 1851,8 manat olmaqla cəmi 122792,86 manat qeyd olunsa da, əslində mənzilin qiyməti 46.931,51 manat olmuş, birinci ayın pulu (511,64 manat) iddiaçı tərəfindən, qalan 46419,87 manat isə kreditlə ödənilmişdir. Birinci ayın ödənişinin məhz iddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlməyə əsasə verən hal ondan ibarətdir ki, alqı-satqı müqaviləsində ödənişin müdddəti 240 ay göstərildiyi halda, xx.xx.2011-ci il tarixli kredit müqaviləsində həmin müddət 1 ay az – 239 ay göstərilmişdir. Alqı-satqı müqaviləsində mənzilin qiymətinin 122792,86 manat göstərilməsi isə kreditin 240 ay müddətinə qaytarılması halında ödənilməli olan faizlərin də nəzərə alınması ilə bağlı olmuşdur, çünki hər 1 kv.metr üçün 1851,8 manatdan 240 ay ödəniş edildikdə mənzilin ümumi dəyəri 444432 manat təşkil edərdi ki, bu da real deyil.

46. İddiaçı nəzərə almalıdır ki, ilkin götürdüyü kreditin məbləği 46419,87 manat olsa da, həmin kreditin geri qaytarılması üçün müəyyən olunmuş müddət 239 ay olduğu üçün yüksək məbləğdə faiz ödəmək tələb olunmuşdur, çünki müddətin uzadılması yalnız daha çox faiz ödəmək hesabına mümkündür.

47. Daha sonra iddiaçı tələbində mənzilin təmirinə görə xərclənmiş 30000 manatı tələb etmişdir.

48. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində mənzil üzrə aparılmış təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 20061 manat olduğu müəyyən edilmişdir.

49. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas götürərək, təmir xərclərinə görə 20061 manat tutulması qənaətinə gəlmişdir. Bu hissədə də qətnamə cavabdehlər tərəfindən mübahisələndirilmədiyindən və yalnız iddiaçının şikayətinə münasibətdə yoxlanıldığından, Kollegiya tutulmuş məbləğlə razılaşır.

50. Həmçinin mənəvi zərər hissəsində də məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti düzgün olmuşdur.

51. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.

52. Beləliklə iddiaçının apellyasiya şikayətində göstərdikləri əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-237/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar