Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4663/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-464/2023 saylı, 23 yanvar 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 may 2007-ci il tarixli A-0564/07 saylı hökmünə əsasən təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmü ilə Cavabdeh 14598,40(on dörd min beş yüz doxsan səkkiz manat qırx qəpik) manat pulun alınaraq zərərçəkmiş şəxs İddiaçı ödənilinəsi qərara alınıb. 2.Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının 24 avqust 2007-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 may 2007-ci il tarixli A-0564 07 saylı hökmü dəyişdirilmiş, Cavabdeh barəsində təyin edilmiş cəzanın müddəti 8 ildən 4 ilə endirilmişdir. Məhkəmənin hökmü ilə 14598 manat məbləğində dəymiş ziyanın 2551 manatının ödənilməsi nəzərə alınaraq 12047 manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi qərara alınmışdır. 22 yanvar 2011-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar Cavabdeh cəzadan azad edilmişdir.
3. xx.xx.2022-ci il tarixli 478/22 saylı pretenziya məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının 24 avqust 2007-ci il tarixli qərarı ilə alınmalı olan məbləğin 23 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək olan 5 illik borcla bağlı 5 gün müddətində З011 (üç min on bir) manatın İddiaçı ödəniş edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh pul tələbinə dair əvvəlki iddia ərizəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim edildiyi 23 oktyabr 2017-ci il tarixdən hazırki iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 11 noyabr 2022-ci il tarixədək olan 5 il müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasının 24 avqust 2007-ci il tarixli qərarı ilə Cavabdeh alınaraq İddiaçı ödənilməli olan 12047(on iki min qırx yeddi)manat məbləğində pulun 5 il müddətinə illik 5 faizi olan З011 (üç min on bir) manatın (12047/100%=120,47 x 5%=602,35 manat, 602.35 Azn x 5 il = 3011,75 manat və ödənilmiş 51(əlli bir) manat dövlət rüsumun, cəmi 3061 (üç min altmış bir) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələbdə göstərilir ki, Cavabdeh cəzadan azad edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyasına 24 avqust 2007-ci il tarixli qərarı ilə müəyyən edilmiş 12047 manat məbləğində pul vəsaitini ödəməkdən yayınmışdır. Bununla əlaqədar olaraq iddaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən hökmün qəbul edildiyi 2007- ci ildən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 2013-cü il tarixədək olan 6 il müddətində hər il üçün 1445 manat olmaqla cəmi 8670 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2014cü il tarixli 2(0040-652/2014 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilərək Cavabdeh 8670 (səkkiz min altı yüz yetmiş) manat tutularaq İddiaçı Qurban qızına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(103)- 2680/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək Yasamal ravon Məhkəməsinin 08 oktyabr 2014cü il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh 3564 manat tutulması qət edilmişdir. Daha sonra iddaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh əvvəlki iddia ərizəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edildiyi 19 noyabr 2013-cü il tarixdən hazırkı iddia ərizəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdim edildiyi 23 oktyabr 2017-ci il tarixədək olan 4 il müddətində məhkəmə qərarının icrasından yayındığı üçün 2409 manat alınaraq İddiaçı Qurhanəli qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(004)-2019/2019 saylı qətnaməsi ilə İddiaçı iddia ərizəsi təmin edilərək Cavabdeh 2409 manat və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 2439.40 (iki min dörd yüz otuz doqquz manat qırx qəpik) pul alınaraq İddiaçı Qurban qızına ödənilməsi qət edilmişdir. Buna baxmayaraq məhkəmənin hökmü ilə müəyyən edilmiş pul məbləğini yenə də ödəməmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-464/2023 saylı, 23 yanvar 2023cü il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə iddia tələbinin təmin edilərək Cavabdeh 3011 (üç min on bir) manat və 51 (əlli bir) manat dövlət rüsumu əvəzi, cəmi 3061 (üç min altmış bir) manat İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib şikayətində göstərir ki, əsas borc olan 12047 manat puldan 17 aprel 2017-ci il tarixdə TT3912873 nömrəli qəbzlə 1000 manat, 19 may 2017-ci il tarixdə TT483418 nömrəli qəbzlə 1000 manat, 18 iyul 2017-ci il tarixli TT853249 nömrəli qəbzlə 2000 manat bank vasitəsi ilə və poçt vasitəsi ilə 900 manat iddiaçıya ödənmiş, lakin məhkəmə qətnamə qəbul edərkən ödənilmiş pullar nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən cavabdeh kimi onu məhkəmə prosesinə cəlb etməmiş, fikrini dinləlməmiş, nəticədə onun konstitusiyada nəzərdə tutulmuş hüquqlarını pozaraq ədalətli məhkəmə araşdırması aparmadan ədalətsiz qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hazıki qətnaməni qəbul edərkən səhvə yol vermiş, əsas borc olan 12047 manat puldan həmin vaxt ərzində ödədiyi 4900 manat çıxmamış, nəticədə faizdən faiz ödənilməsini qət etmişdir. Məhkəmə işə baxarkən onu lazımı qaydada xəbərdar etmədiyindən o, əlində olan 2007-ci ildən bu günədək ödədiyi ödəniş qəbzlərini sübut kimi məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə MPM-in 77.1 maddəsinin tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2 və 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edillməsi xahiş edilsə də (yəni şikayətin nəticə hissəsində tələbini konkretləşdirməsə də), şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin 4900 manat ödəniş etdiyini bildirdiyi hissədə də təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
19. Əsas borc olan 12047 manat puldan 17 aprel 2017-ci il tarixdə TT3912873 nömrəli qəbzlə 1000 manat, 19 may 2017-ci il tarixdə TT483418 nömrəli qəbzlə 1000 manat, 18 iyul 2017-ci il tarixli TT853249 nömrəli qəbzlə 2000 manat bank vasitəsi ilə və poçt vasitəsi ilə 900 manat iddiaçıya ödəndiyini qeyd edirsə bu barədə nə birinci, nədə apellyasiya instansiyası məhkəməsinə sübut təqdim edilməmişdir. Məhkəmənin “ödənilmiş pulları” nəzərə alması üçün ödənilmə sübuta yetirilməlidir. Bəyan etdiyi bu halları sübut etmək yükü isə cavabdehin üzərinə düşür. Ancaq cavabdeh heç apellyasiya şikayətinə də ödənişə dair sübut əlavə etməyib. Cavabdehin göstərdiyi dəlillər təsdiq edilsə belə bu hazırki iddia təmin edilərkən məcburi nəzərə alınmalı olan hal hesab edilə bilməz. Çünki, bundan əvvəlki dövrlər üzrə eyni məzmunlu iddia tələbləri təmin edilmiş və bu barədə qanuni qüvvəyə minmiş qətnamələr mövcuddur. Həmin qətnamələr üzrə də cavabdeh iddiaçıya məcburi ödənişlər etməlidir. Cavabdeh həmin qətnamələr üzrə qət edilən məbləğləri ödəməsinə dair də şikayətinə sübut təqdim etməyib. Ona görə də cavabdehin bu dəlilləri qətnamənin qismən ləğv edilməsi yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.
20. Birinci instansiya məhəkəməsi tərəfindən cavabdehin rəsmi qeydə alındığı yerə xəbərnaməli poçtla məhkəmə bilidirişləri göndərilmiş, lakin hər dəfə “bu ünvanda yaşamır” qeyd yazılmaqla məhkəmə bildirişləri geri qaytarılmış və iş materiallarına əlavə edilmişdir. Demək, məhkəmə üzərinə düşən prosessual vəzifələri yerinə yetirmişdir. Ona görə də cavabdehin məhkəmə iclaslarında öz təqsiri ucbatından iştirak etməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Birdəki, cavabdeh özünün Konstitusiyada nəzərdə tutulan hüquqlarını “pozulduğunu” dərk edirsə və qətnaməni ədalətsiz qiymətləndirirsə, iddiaçının da uzun illər ərzində pozulan hüquqları barədə də düşünməlidir. Çünki, onun üçün öhdəlik yaradan məhkəmə aktları dövlətin adından çıxarılır və icrası məcburidir. Əgər cavabdeh dövlətin adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə aktlarını icra etmirsə, deməli həmdə ayrı-ayrı şəxslərdə məhkəmə hakimiyyətinə inamın azalmasına şərait yaradan hallara yol vermiş olur. Bu isə yolverilməz hal sayılır. Tutaq ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olmayıb. Ancaq apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə özü, nümayəndəsi və vəkili lazımi qaydada xəbərdar edilsə də yenə də məhkəmə iclasına gəlməmişdir. Demək ki, cavabdehin bu cür dəlillərdən həm də hüquqdan sui-istifadə etmək məqsədilə istifadə etmiş olur ki, bu hallar da yolverilməzdir.
21. Odur ki, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-464/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-464/2023 saylı, 23 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.