Məhkəmə qərarları › İş №2(103)-4665/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4665/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4665/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC-yə qarşı (Xəzər rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC-yə qarşı (Xəzər rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2024 nömrəli 08 may 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 05 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 xüsusi mülkiyyət hüququ kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Ölüm haqqında şəhadətnaməyə görə X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür.

3. Bakı şəhəri 25 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə X2 vəfat etməsi ilə əlaqədar vərəsəsi İddiaçı2dır və o, miras əmlakdan tam hissədə pay almışdır.

4. Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh İddiaçı1 Cavabdeh1 BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0733/15/ÇPB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X2 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğular 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönəldilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.

5. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə ünvanladığı məktuba görə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında X2 mülkiyyətində olan 0.115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 3 nömrəli yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi xahiş edilmişdir. Məktubun surəti İddiaçı1 ünvan 3 ünvanına göndərilmişdir.

6. Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli, 428 nömrəli bildirişlərinə görə ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-da təyin edilmişdir. Əmlakın satış qiyməti 485000 manat müəyyən edilmişdir.

7. Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 428-1 nömrəli bildirişinə görə ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-17:00-dək təyin edilmişdir. Əmlakın satış qiyməti 15% aşağı qiymətlə 412250 manat müəyyən edilmişdir.

8. “525-ci” qəzetin xx.xx.2022-ci il tarixli, 240(6046) nömrəli və xx.xx.2023-ci il tarixli, 12(6059) nömrəli tirajlarında Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara dair açıq hərracın keçirilməsi elan edilmişdir.

9. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklif ilə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur.

10. Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifin qəbul edilməsi məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul edilmişdir.

11. Cavabdeh2 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-56\2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X3 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309187 manata əldə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protokolun, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli Müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 BOKT ASC ilə X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 313/12/ÇF/PB nömrəli ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi, ipoteka predmeti olan ünvan 4 ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasının dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. İddia tələbi belə əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-56/2019 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı1 Cavabdeh1 BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0733/15/ÇPB nömrəli kredit müqaviləsi üzrə 68631,67 ABŞ dolları əsas, 30255,13 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 96986,80 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulması, ipoteka predmeti olan ünvan 1 ünvanında X2 mülkiyyətində olan 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320,02 kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların 485000 manat ilkin satış qiyməti ilə qiymətləndirilməsi və tələbin həmin əmlaka yönləndirilməsi, fərdi yaşayış evi və tərkibindəki tikili və qurğuların açıq hərracda satılaraq əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı1 qarşılıqlı iddia üzrə Cavabdeh1 BOKT ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3581/2020 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apelyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-683/2021 saylı qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. X4 xx.xx.2016-cı il tarixdə hipertenziya səbəbi ilə dünyasını dəyişmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2016-cı il tarixində vəfat etmiş X2 vərəsəsi İddiaçı2 miras əmlakdan tam hissədə pay almaq hüququna malikdir və şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixdə X3 verilmiş **********35-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Xəzər rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli, 3812Q saylı hərracın keçirilməsi haqqında Cavabdeh2 MMC-yə sifariş vermişdir. Xəzər rayon İcra şöbəsi Cavabdeh2 MMC-yə ipoteka predmeti olan əmlaka ilkin satış qiymətinin 485000 manat müəyyən edilməklə hərracın keçirilməsi haqqında sifariş vermişdir. Cavabdeh2 MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 428 saylı açıq hərracın keçirilməsinə dair bildiriş tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə hərracın keçirildiyi, lakin hərracın baş tutmadığı qeyd olunur. Cavabdeh2 MMC tərəfindən xx.xx.2023cü il tarixli, 428-1 saylı təkrar açıq hərracın keçirilməsinə dair bildiriş tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə təkrar hərracın keçirildiyi, lakin, təkrar hərracın baş tutmadığı qeyd olunur. Təkrar hərrac da baş tutmadığı üçün əmlak tələbkar Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş, lakin tələbkar əmlakı, əmlak tələb olunan məbləğdən artıq dəyərdə olduğu üçün əldə etməmişdir. Bununla bağlı cavabdeh hərrac təşkilatı 2023-cü ilin fevral ayının sonunda onların nümayəndəsini hərrac təşkilatına dəvət etmiş, tələbkarın əmlakı əldə etmədiyini bildirmiş və hərrac təşkilatının hesabına xidmət haqqı kimi 25000 manat pul ödəməli olduğuqlarını bildirmişlər. Həmin 25000 manat pulun ödənişi ilə bağlı 2023-cü ilin mart ayının ortalarına kimi hərrac təşkilatı ilə müzakirələr aparmışlar və ödənişin qanunda nəzərdə tutulmadığını bildirmişlər. 25000 manat pulu cavabdeh hərrac təşkilatına ödəmək üçün təşkilat hərracın baş tutmaması, tələbkarın əmlakı əldə etməməsi barədə qəsdən Xəzər rayon İcra şöbəsinə məluat verməmiş, imkan verməmişdir ki, icra işinə xitam verilsin.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 may 2024-cü il tarixli 2(005)-649/2024 nömrəli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin edilməmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın açıq hərracdan satılması ilə bağlı keçirilmiş hərraclarda qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ipoteka predmetini əldə edilməsinə dair təklif məktubu xx.xx.2023-cü il tarixdə ünvanlanmış və xx.xx.2023-cü il tarixdə təklif ipoteka saxlayan tərəfindən qəbul edilmişdir. Hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və bağlanmışdır. Göründüyü kimi hərracın yekunları barədə protokol qanunvericilikdə müəyyən edilmiş 30 gün müddətində bağlanmış və ipoteka saxlayana təqdim edilmişdir. Hərracın yekunları barədə protokolun sifariş vermiş icra şöbəsinə göndərilməməsi hərracın etibarsız hesab edilməsi üçün əsas deyildir. Belə məlumatın hər hansı müddətdə verilməsi qanunvericiliklə hərrac mərkəzinin üzərinə öhdəlik kimi qoyulmamışdır. İddiaçı iddia ərizəsində əsaslandırdığı halları sübut edəcək hər hansı möhtəbər sübut və ya dəlil təqdim edə bilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1, 43.5, 43.7, 43.8, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, onlar hərracın keçirilməsi prosesini mübahisələndirməyiblər, hərracın keçirilməsi prosesinin qanunsuzluğu, etibarsızlığı hazırki iddia tələbinin predmetinə daxil deyil. Məhkəmə iddia tələbinin predmetindən kənara çıxaraq zərurət olmadan hərracın keçirilməsi prosesinə hüquqi qiymət verib. Həmçinin, məhkəmə icra şöbəsinə məlumat verilməməsi məsələsini hərracın yekunlarının etibarsız sayılması əsaslarından olmadığını yazır. Məhkəmə nəzərə almır ki, icra şöbəsinə məlumat verilməməsi əvvəl iddia tələbinin predmeti olmuş, lakin, sonradan iddiaçılar həmin tələbi dəyişmişlər, artıq, məlumat verməmə iddia tələbinin predmeti deyil, dəlillərindən biridir, məhkəmə həmin məsələyə iddia predmeti kimi yanlış yanaşma edib. İddia tələbi əsaslıdır və tam sübuta yetib ki, Cavabdeh1 BOKT ASC 30 gün ərzində ipoteka predmetini qəbul etməyib, digər cavabdehlə əlbir olub köhnə tarixə həqiqi olmayan müqavilə və protokol tərtib ediblər. Cavabdeh2 MMC-nin 14 fevral tarixli nömrəsi qaralanmış məktubundan görünür ki, həmin məktub xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-yə daxil olub. Cavabdeh1 BOKT ASC isə guya həmin tarixdə xx.xx.2023-cü il tarixli 0170/PB-1 saylı ipoteka predmetinin əldə etmələri haqqında Cavabdeh2 MMC-yə məktub göndərib. Həmin məktubun qeydiyyat kitabında xx.xx.2023-cü il tarixdə 0170/PB-1 nömrə ilə qeydiyyata alınması göstərilir. Həmin qeydiyyat kitabının məhkəməyə təqdim olunmuş vərəqindən və əslindən görünür ki, məktub nömrələrinin hamısının sonu PB ilə bitir. PB-1, PB-2 və sair nömrə yoxdur. Lakin, yeganə PB-1 nömrə Cavabdeh1 BOKT ASC-nin Cavabdeh2 MMC-yə ünvanladığı məktubun üzərində və qeydiyyat kitabındadır. Halbuki, kitabdan görünür ki, həmin xx.xx.2023-cü il tarixdə 0170/PB qeydiyyat nömrəsi “M.Cahangirin MAPS”a verdiyi sorğunun nömrəsidir. Cavabdeh1 BOKT ASC köhnə tarixə məktub hazırlayarakən M.Cahangirin həmin tarixdə MAPS-a verdiyi sorğunun nömrəsinə “-1” əlavə edərək guya Cavabdeh2 MMC-yə ipotekanın əldə edilməsi barədə məktub göndərib və bu barədə qeydiyyat aparıblar. 17 fevral 2023-cü il tarixli üç tərəfli – Sifarişçi olan Xəzər rayon İcra şöbəsi, təşkilatçı "xxxx" MMC və ipotekasaxlayan Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş protokolun Cavabdeh2 MMC-də qeydiyyatı yoxdur, məhkəmə iclasında cavabdeh hərrac təşkilatı da protokolun qeydiyyatını aparmadıqlarını bildirmişdir. Belə olan halda qeydiyyatı olmayan protokol etibarlı ola bilməz, həmçinin, protokolda göstərilən nömrənin (N 16/6) də heç bir qeydiyyatı yoxdur, nömrələr uydurulmuş nömrələrdir. Cavabdeh hərrac təşkilatı əslində qeydiyyat kitablarını gizlədir, ona görə ki, hazırki protokolun orada qeydiyyatı yoxdur. Çünki belə bir protokol həmin tarixdə bağlanmayıb. Həmçinin, hazırki hərracın nəticələri, yəni Cavabdeh1 BOKT ASC tərəfindən balansa götürmə barədə məlumat Cavabdeh2 MMC-nin rəsmi internet saytında 2023-cü ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust və digər aylarında yoxdur, bu barədə cavabdehlər heç bir sübut təqdim etməyiblər ki, onların internet saytlarında hazırki hərracın nəticələri barədə məlumat var. Səbəb odur ki, həmin tarixdə hazırki ipoteka predmeti Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilməyib. Cavabdeh1 BOKT ASC xx.xx.2023-cü ildə ipoteka predmetini əldə etsəydi mülkiyyət hüququna dair çıxarış alardı. Onların 2023-cü ilin mart ayından etibarən reyestr orqanlara müraciət etməməsi də ipoteka predmetini xx.xx.2023-cü il tarixdə əldə etmədiyini göstərir. Əgər xx.xx.2023-cü il tarixidə Cavabdeh1 BOKT ASC ipoteka predmetini əldə etmişdirsə, ipoteka predmetinin 309.187 manat olan dəyərindən iddiaçılara ödənilməli olan 153.000 manat pul vəsaiti sifarişçinin (Xəzər rayon İcra şöbəsinin) depozitinə nə üçün ödənilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

21. Cavabdeh Bankın nümayəndəsi şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:

23. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

24. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

25. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

26. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

27. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

28. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

36. Göründüyü kimi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilərək onun açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Xəzər rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə iki hərrac keçirilmiş, lakin hər iki hərrac baş tutmamışdır.

37. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklif ilə ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmuşdur.

38. Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli 0170/PB-1 nömrəli təklifin qəbul edilməsi məktubuna əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları ilkin satış qiymətindən 25% az olmayan qiymətlə qəbul etmişlər.

39. Cavabdeh2 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Xəzər Rayon Məhkəməsinin 2(003)-56/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xəzər rayon İcra şöbəsinin sifariş məktubu əsasında Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X3 məxsus ünvan 6 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309187 manata əldə etmişdir.

40. İddiaçılar hazırda bank tərəfindən nəzərdə tutulmuş müddətdə ipoteka predmetinin əldə edilmədiyini, həmin protokolun və alqı-satqı müqaviləsinin sonradan tərtib edildiyini iddia edərək onların etibarsızlığını, ipotekaya və ipoteka müqaviləsinə xitam verilməsini və ipoteka predmeti olan əmlakın ipotekasının dövlət qeydiyyatının ləğv edilməsini tələb etmişlər.

41. Kollegiya iddiaçıların dəlillərini qismən əsaslı hesab edir.

42. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, hər iki hərrac qanuni şəkildə keçirilsə də, hərraclar baş tutmamış və xx.xx.2023-cü il tarixdə təkrar hərracın baş tutmaması barədə “525-ci qəzet”də elan verilmişdir. Cavabdeh2 MMC ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə ipoteka saxlayana təklif olunmasına dair xx.xx.2023-cü il tarixli məktub göndərmişdir ki, həmin məktub da xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-yə daxil olmuşdur. Sonuncu Cavabdeh2 MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli 0170/PB-1 nömrəli təklifin qəbul edilməsi barədə məktubla ipoteka predmetini əldə etməyə razılıq vermiş və elə həmin tarixdə də tərəflər arasında mübahisələndirilən protokol və alqı-satqı müqaviləsi bağlanmışdır.

43. Əvvəla qeyd olunmalıdır ki, hərrac təşkilatı tərəfindən ilkin və təkrar hərracın keçirilməsi və hər iki hərracın baş tutmaması, xx.xx.2023-cü il tarixdə təkrar hərracın baş tutmaması barədə “525-ci qəzet”də elan verilməsi mübahisə predmetini təşkil etmir. İddiaçılar da apelyasiya şikayətində bir daha bununla bağlı fikirlərini aydın şəkildə ifadə etmişlər. Yəni, hazırki mübahisənin predmetini hərracın nəticələrinin etibarsız sayılması halı təşkil etmir.

44. İddiaçıların mübahisələndirdiyi hal ondan ibarətdir ki, təkrar hərrac baş tutmamış elan olunduqdan sonra, Cavabdeh1 BOKT ASC ipoteka predmetini 30 gün müddətində əldə etməmiş və bununla da ipotekaya xitam verilmişdir. xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsi isə arxa tarixə tərtib olunmuşdur.

45. Kollegiya iddiaçıların dəlilləri ilə razılaşır.

46. İş materiallarından müəyyən olunur ki, iddiaçılar əvvəlcə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 BOKT ASC ilə mərhum X4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi və Cavabdeh2 MMC-nin üzərinə xx.xx.2023-cü il tarixli təkrar hərracın baş tutmaması və ipoteka predmetinin 30 gün ərzində tələbkar Cavabdeh1 BOKT ASC tərəfindən əldə edilməməsi barədə Xəzər rayon İcra şöbəsinə rəsmi məlumat verilməsi ilə bağlı öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

47. 06.12.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ipoteka predmeti ASC tərəfindən qəbul edilmişdir və buna dair protokol və alqı-satqı müqaviləsi mövcuddur. Məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır.

48. Bundan sonra iddiaçıların vəkili-nümayəndəsi Xəzər rayon İcra şöbəsinə sorğu ilə müraciət edərək, sifarişləri əsasında keçirilmiş hərracın nəticələri barədə məlumat verilməsini xahiş etmişdir.

49. Xəzər rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli 255 saylı məktubunda göstərilmişdir ki, sifarişləri əsasında açıq hərracların keçirilməsinə dair icra şöbəsinə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli bildirişlər daxil olsa da, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə hərracın nəticəsi barədə məlumat verilməsinə dair məktub göndərilməsinə baxmayaraq, hərracın yekun protokolu Xəzər rayon İcra şöbəsinə təqdim olunmamışdır.

50. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 BOKT ASC məhkəməyə iddia ərizəsinə etiraz vermiş, həmçinin xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsinin surətini təqdim etmişdir.

51. Bundan sonra, iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqavisinin etibarsız hesab olunması, ipoteka müqaviləsinə və ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişlər.

52. Beləliklə, iddiaçıların əsas dəlilləri ipoteka predmetinin əldə edilməsinə dair xx.xx.2023-cü il tarixli protokol və alqı-satqı müqaviləsinin sonradan arxa tarixə tərtib olunması ilə bağlıdır. Ona görə də həmin dəlillərin yoxlanılması zəruridir və mübahisənin qanuni və ədalətli həlli baxımdan mühüm əhəmiyyət daşıyır.

53. Kollegiya qeyd edir ki, qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində tərəflər arasında bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.

54. Yəni, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetini almaq barədə təklif göndərməsinə ehtiyac yoxdur. İpoteka saxlayan, təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra, 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququna malikdir və həmin müddət kəsici müddətdir. Həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 dekabr 2022-ci il tarixli Qərardadı).

55. Cavabdeh1 BOKT ASC iddiaya etirazının əsası kimi qeyd edir ki, xx.xx.2023-cü il tarixdə təkrar hərracın baş tutmaması barədə elan verildikdən sonra, Cavabdeh2 MMC tərəfindən onlara ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə əldə edilməsi barədə xx.xx.2023-cü il tarixdə təklif daxil olmuş, onlar da elə həmin tarixdə təklifin qəbul edilməsi barədə 0170/PB-1 qeydiyyat nömrəli məktubla müsbət cavab vermişlər. Eyni tarixdə tərəflər arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 16/6 nömrəli Protokol və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Müqavilə bağlanmışdır.

56. Yuxarıda da qeyd olunduğu kimi, təkrar hərrac baş tutmamış elan olunduqdan sonra ipoteka predmetini əldə etmək üçün yazılı və ya şifahi təklif göndərilibgöndərilməməsinə ehtiyac olmasa da, birinci instansiya məhkəməsində Cavabdeh1 BOKT ASC-nin müvafiq dövrünü əhatə edən qeydiyyat jurnalına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bütün “çıxan” məktubların qeydiyyat nömrəsi PB ilə bitdiyi halda, Cavabdeh1 BOKT ASC-nin ipoteka predmetini əldə etməyə razılıq verməsi barədə Cavabdeh2 MMC-yə ünvanladığı məktubun qeydiyyat nömrəsi “PB-1” ilə tamamlanır.

57. Həmçinin, xx.xx.2023-cü il tarixli 0170/PB qeydiyyat nömrəli çıxan sənəd Cavabdeh1 BOKT ASC-dən DİN-nin MAPS şöbəsinə göndərilən sənədin nömrəsidir. Bundan sonra eyni nömrə altında, yalnız “-1” əlavə olunmaqla Cavabdeh2 MMC-yə ünvanlanmış məktub qeydə alınmışdır. Digər məktubların heç birində əlavə olaraq “-1” qeydi yoxdur (i.v. 171).

58. Həmçinin müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 BOKT ASC-dən cəmi bir - yuxarıda qeyd olunan DİN-nin MAPS şöbəsinə göndərilən sənəd çıxıb. İkinci sənəd kimi isə məhz Cavabdeh2 MMC-yə ünvanlanan məktub qeyd olunub.

59. Beləliklə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə çıxan sənədlər kimi cəmi iki sənəd qeyd olunub, birincisi 0170/PB qeydiyyat nömrəli DİN-nin MAPS şöbəsinə göndərilən məktub, ikincisi isə 0170/PB-01 qeydiyyat nömrəli Cavabdeh2 MMC-yə göndərilən məktub. Ancaq sonuncu sənədin nə özündən əvvəlki, nə də ki, özündən sonrakı sənədlərin heç birində “-1” qeydi yoxdur. Bu da ona dəlalət edir ki, bu ya texniki səhvdir, ya da sonradan arxa tarixə əlavə olunub.

60. Göstərilən məsələyə işin digər halları ilə birlikdə qiymət verildikdə, aydın olur ki, fərqli qeydiyyatın aparılması texniki səhv yox, məhz arxa tarixə tərtib olunma səbəbilə baş vermişdir.

61. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh2 MMC-nin nümayəndəsi suala cavab olaraq bildirmişdir ki, “bizdə yekun protokollara dair qeydiyyat kitabı mövcud deyil.” Bu isə o deməkdir ki, sənədlərin kargüzarlığı aparılmır.

62. Təbii ki, Kollegiya göstərilən arqumenti inandırıcı və ağlabatan hesab etmir, çünki hər bir müəssisədə kargüzarlığın aparılması labüddür, əks halda sənədlərin dövriyyəsində qarşısıalınmaz problemlərin yaranması qaçılmaz olar. Digər tərəfdən, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023cü il tarixli Protokolun özünün də qeydiyyat nömrəsi olmuşdur: 16/6. Bu da onu göstərir ki, Cavabdeh2 MMC-nin nümayəndəsinin izahatı həqiqəti əks etdirmir.

63. Bundan başqa, Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi apelyasiya baxışında göstərmişdir ki, ipoteka predmetini əldə etsələr də, hər hansı məbləğdə ödəniş və s. hərəkət etməmişlər (yəni kredit borcu bağlanmamış, qalıq vəsait icra şöbəsinin depozit hesabına köçürülməmiş, vergi ödənilməmiş, yaşayış evinə çıxarış alınmamış, evin boşaldılması tələb olunmamış, icra qurumuna heç bir məlumat verilməmiş və s.)

64. Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 MMC-yə hərracın nəticəsi barədə məlumat verilməsinə dair məktub göndərilməsinə baxmayaraq hərracın yekun protokolu Xəzər rayon İcra şöbəsinə təqdim edilməmişdir.

65. Kollegiya razılaşır ki, “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Protokolda onu imzalayan şəxslər sırasında sifarişçi olan Xəzər rayon İcra şöbəsinin nümayəndəsi də göstərilsə də, sonuncunun Protokolu imzalamasının hər hansı imperativ tələbi yoxdur. Ancaq o da reallıqdır ki, xx.xx.2023-cü il tarixli Protokol və alqı-satqı müqaviləsi barədə ən azı xx.xx.2023-cü il tarixə kimi (icra şöbəsinin 255 nömrəli məktubu verildiyi tarix), hətta xx.xx.2023-cü il tarixdə sorğu verilməsinə baxmayaraq, hərracın sifarşçisi olan icra orqanına heç bir məlumat verilməmişdir.

66. xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 BOKT ASC ipoteka predmeti olan X3 məxsus ünvan 1 ünvanında 0.115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuları 309187 manata əldə etsə də, bank tərəfindən göstərilən məbləğin ödənilməsi müəyyən edilmir, həmçinin borc məbləğindən artıq qalmış məbləğ qaytarılmamış, hərracın nəticələri barədə sifarişçi olan icra şöbəsinə məlumat verilməmiş, bank əmlakı mülkiyyətinə keçirməmişdir.

67. Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən də müvafiq hərəkətlərin edilməsi müəyyən olunmur.

68. Halbuki, “İpoteka haqqında” Qanunun 47.2 və 47.3-cü maddələrinə görə, ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən bölüşdürülür. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 69.Bundan başqa, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 157.3-1-ci maddəsinin 3-cü hissəsinə görə, verilmiş borcun təminatı kimi vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlakı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq ipoteka saxlayan tərəfindən əldə edildikdə bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq hesablanmış sadələşdirilmiş vergi hərrac təşkilatçısı kimi çıxış edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən ipoteka saxlayandan tutulur. 70.Hazırki işdə bu hal da müəyyən olunmur, yəni Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmetinin əldə olunmasına görə hərrac təşkilatı tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə sadələşdirilmiş vergi tutulmamışdır.

71. Beləliklə, mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmetinin əldə edilməsi ilə bağlı heç bir real hərəkət edilməmişdir.

72. Müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqavilə sonradan tərtib edilmişdir. Həmin sənədlərdə Cavabdeh1 BOKT ASC-nin ipoteka predmeti olan əmlakı 309187 manata əldə etməsi qeyd olunsa da, bank tərəfindən göstərilən məbləğin ödənilməməsi, borc məbləğindən artıq qalmış məbləğin ipoteka qoyana qaytarılmaması, hərracın nəticələri barədə sifarişçi olan icra şöbəsinə məlumat verilməməsi, bankın əmlakı mülkiyyətinə keçirməməsi, sadələşdirilmiş verginin ödənilməməsi və s. bu kimi hallar adıçəkilən Protokol və Müqavilənin arxa tarixə tərtib olunluğuna dəlalət edir.

73. Qeyd olunanlara əsasən Kollegiya iddiaçıların sözügedən protokolun və müqavilənin sonradan tərtib edilməsi ilə bağlı dəlillərini əsaslı hesab edir, həqiqətən həmin tarixdə real alqı-satqı müqaviləsi bağlanmış olsa idi, borc məbləği silinməli, borc məbləğindən artıq qalan hissə icra qurumunun depozit hesabına köçürülməli, sadələşdirilmiş vergi ödənilməli və s. hərəkətlər edilməli idi.

74. Kollegiya belə qənaətə gəlir ki, iddiaçıların irəli sürdüyü dəlillər əsaslı olduğundan, yəni xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli protokol və xx.xx.2023-cü il tarixli müqavilə sonradan tərtib edildiyindən, həmin protokol və müqavilə etibarsız hesab edilməli və Cavabdeh1 BOKT ASC tərəfindən ipoteka predmeti olan əmlakın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində əldə edilmədiyi təsdiqini tapdığından, ipotekaya xitam verilməlidir.

75. Həmçinin, «ipotekaya xitam verilməsi» həmin ipoteka predmeti olan əmlakın ipoteka yüklülüyündən azad edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğvi üçün əsasdır.

76. Kollegiya qeyd edir ki, iddia tələbi ipoteka müqaviləsinə xitam verilməsi hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 143,32 kv.m yaşayış, 176.7 kv.m yardımçı, 320.02. kv.m ümumi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğularla bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında tərtib olunmuş “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2023-cü il tarixli, 16/6 nömrəli Protokol və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair” xx.xx.2023-cü il tarixli Müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsi, 2-ci dalan ünvanında 0,115398 ha torpaq sahəsində yerləşən 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğuların ipotekasına xitam verilsin və həmin ipoteka predmeti olan əmlak ipoteka yüklülüyündən azad edilərək, ipotekanın dövlət qeydiyyatı ləğv olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar