Məhkəmə qərarları › İş №2(103)-4666/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4666/2023

25.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4666/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-163/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon XDSnin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona Mərdəkan qəsəbəsində 3/980 saylı sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində başqa şəxs tərəfindən qanunsuz olaraq yarımçıq tikinti işləri aparılmışdır. Sonradan həmin şəxlə arasında olan razılaşmaya əsasən Cavabdeh torpaq sahəsinin ilkin sənədləşdirilməsini həyata keçirmək üçün etibarnamə verilmişdir. Lakin cavabdeh etibarnamədən öz məqsədləri üçün istifadə edərək torpaq sahəsinin sənədləşdirilməsini aparmadan qanunsuzluq etmiş və iddiaçının adına olan torpaq sahəsini zəbt edərək orada qanunsuz tikililər inşa etmişdir. 2007-ci il tarixdə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona aid olan torpaq sahəsinə AN:01113 saylı “Torpaq sahəsinin planölçüsü” hazırlanmış və X8 Kitabında xx.xx.2007-ci il tarixdə 1369 nömrə ilə qeydiyyatdan keçmişdir. O, cavabdehdən torpaq sahəsinin boşaldılmasını və özbaşına tikilmiş tikililərin sökülməsini tələb etdikdə, cavabdeh iddiaçının qanuni tələblərinə məhəl qoymamışdır. O, bir neçə dəfə məhkəmə orqanlarına müraciət edərək torpaq sahəsinin ona qaytarılmasını tələb etmiş, o zaman torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, o, yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-417/2022 saylı iş üzrə ekspertiza təyin edilmiş və torpaq sahəsinin Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında yerləşdiyi müəyyən edilmişdir. Hazırda ona ayrılmış torpaq sahəsi cavabdehdən alınaraq ona qaytarılmalıdır. Onun çoxsaylı şifahi müraciətlərinə cavabdeh əhəmiyyət verməmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş, verilmiş ekspert və mütəxəssis rəylərində torpaq sahəsinin ona ayrılması barədə qeydlər vardır. Ekspert rəyində plan ölçünün onun torpaq sahəsinə uyğun gəlməsi bildirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı mübahisə barədə xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsindən xəbərdardır, lakin hazırkı mübahisə ilə bağlı yeni açılmış halların mövcud olduğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq eyd etdi ki, 2019-cu ildə işə baxılan zaman həmin torpaq sahəsinə dair plan ölçü onda olmamış və bu səbəbdən də məhkəməyə təqdim edə bilməmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(003)- 163/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1758/2019 saylı mülki iş üzrə iddia ərizəsindən göründüyü kimi iddiaçılar İddiaçı, X4, cavabdehlər X2 və Cavabdehdır. Mübahisə predmeti ünvan 1 ünvanında (3/980 nömrəli sahə) yerləşən torpaq sahəsidir. Eyni zamanda hazırki iş üzrə də İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında (3/980 nömrəli sahə) yerləşən torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbi ilə müraciət etmişdir. İddia ərizələrindən göründüyü kimi tərəflər, predmet və əsaslar eyni olmaqla, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır.

5. Məhkəmə hesab etmişdir ki, ekspert və mütəxəssis rəylərində torpaq sahəsinin iddiaçıya ayrılması barədə qeydlər olması, ekspert rəyində plan ölçünün iddiaçının torpaq sahəsinə uyğun gəlməsi iş üzrə fərqli əsasların yaranması hesab edilə bilməz. Belə ki, məhkəmə ekspert və mütəxəssis rəylərini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək həmin sübut növlərində mövcud olan halların iddiaçının 2019-cu il tarixdə baxılmış və hazırkı tələbində mövcud olan əsasları dəyişdirə biləcək halları müəyyən etməmişdir. Hazırkı tələb üzrə əsaslar məhkəmənin 2(003)-1758/2019 saylı mülki iş üzrə mövcud olan əsasları ilə tamamilə eynidir.

6. İddiaçının nümayəndəsinin yeni əsas kimi istinad etdiyi torpaq sahəsinin planölçüsünün olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 750 kv.m sahəsi olan, 3/980 saylı torpaq sahəsi ilə bağlı İddiaçı adına verilmiş “torpaq sahəsinin plan-ölçüsü” xx.xx.2007-ci il tarixində uçota alınmışdır. Bununla da müəyyən olunur ki, həmin torpaq sahəsinə dair plan-ölçü 2(003)- 1758/2019 saylı mülki işə baxılan zaman mövcud olmuşdur.

7. Məhkəmə iddiaçının yeni açılmış halların mövcud olduğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılmasını tələb etməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı yeni açılmış halları aşkar edibsə bu barədə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 1758/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etməli idi.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3, 101.7, 206.1, 261.0.2 və 433-cü maddələrinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

9. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-163/2023 saylı 30 may 2023-cü il tarixli qərardadını ləğv edib, iddia tələbinə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmışdır. Sonradan ona verilmiş torpaq sahəsi Xəzər rayonu Şağan qəsəbə inzibati ərazi vahidliyinə daxil edilmişdir. Torpaq sahəsinin hal-hazırda ünvanı ünvan 2dilir. Ona məxsus olan torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü vardır. Əlavə olaraq torpağa dair sərəncam və digər zəruri sənədlər mövcuddur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 417/2022 saylı qərarı əsasında 10/2897 saylı ekspert rəyi verilmişdir. Həmin ekspertiza keçirilən zaman onun torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 2369 saylı xx.xx.2007-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünün olması məlum olmuşdur. Bundan başqa, ekspert rəyi və 1 saylı Bakı Ərazi İdarəsinin rəyi ilə müəyyən olunmuşdur ki, torpaq sahəsi İddiaçı məxsusdur. Bundan sonra o, yeni açılmış halları nəzərə alaraq iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və xx.xx.2023-cü il tarixli 10/7393 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə də torpaq sahəsinin İddiaçı məxsus olması qeyd edilmişdir. Məhkəmə icraatı zamanı ƏMDK DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və həmin sorğuya verilən xx.xx.2023- cü il tarixli cavabda da torpaq sahəsinin İddiaçı məxsus olması qeyd edilmişdir. Məhkəmə iclasları zamanı bildirmişdir ki, 2019-cu il tarixdə qaldırdığı iddia zamanı əlində sənədlər natamam olmuşdur. Ona görə də, Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnamə qəbul edilərək iddia rədd edilmişdir. Hal-hazırda iş üçün əhəmiyyətli olan sübutlar əldə etmiş, ona görə də o, yeni açılmış halları nəzərə alaraq iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə iddia qaldırmışdır. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-163/2023 saylı qərardadının əsassız olduğunu bildirərək ləğv edilməsini xahiş edir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(003)-163/2023 nömrəli qərardadından vermiş olduğu şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

12. 261.0.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

13. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

14. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

15. 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

16. 432.1 və 432.2.1-ci maddələrinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsas sayılır.

17. 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin mübhaisəli halları kontekstində nəzərə alınmalıdır ki, MPM-nin 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir.

20. Bu baxımdan, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir.

21. İş materiallarından göründüyü kimi İddiaçı cavabdehlər İddiaçı və Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X4 və İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddiası rədd edimişdir.

23. Göründüyü kimi, şikayət verən iddianın təmin edilməsi üçün yeni açılmış halların mövcudluğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılmasını tələb edir. Bu baxımdan qeyd edilməlidir ki, qətnamə çıxarılarkən tərəflərin hüquq və vəzifələri barəsində məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktların aşkar edilməsi iddiaçıya maraqlarına toxunan məsələ barədə yeni iddia ərizəsi ilə yox, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnu yaradır.

24. İddiaçı isə hazırki mübahisənin həll edilmə yolunu düzgün seçməyərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən öz həllini tapmış məsələni məhkəməyə yenidən müraciət etməklə mübahisələndirir. Halbuki mahiyyəti üzrə araşdırılmış və barəsində yekun məhkəmə aktı qəbul edilmiş halların, o cümlədən həmin hallara əsasən məhkəmənin gəldiyi nəticənin bu cür prosessual qaydada mübahisələndirilməsi yolverilməzdir, bu da həmin nəticənin qanuni və əsaslı olması prezumpsiyasından irəli gəlir.

25. Bu səbəbdən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, hazırki mülki işin icraatına xitam verilməlidir, apellyasiya şikayətində qeyd edilən dəlillər isə mülahizə xarakterli olduğundan birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-163/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar