Məhkəmə qərarları › İş №2(103)-4667/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4667/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4667/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5648,35 manat məbləğində zərərin, həmçinin ödənilmiş 76,49 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5724,84 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində AKX-00562xx/xx-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdehna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X5 Departamenti tərəfindən **********00640 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4T mexaniki markalı **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən saz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq ifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və aktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş - xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 535,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 344,0 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt asasında 823,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 446,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 227,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 399,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt asasında 142,20 manat, cəmi 3905,2 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 1743,15 manat məbləğində qalıq borcu olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(003)- 1372/2023 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia qismən təmin olunmuş, Cavabdeh təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə 879,2 manat və təbii qazdan istifadəyə görə 707,25 manat olmaqla, ümumilikdə 1586,45 məbləğində pul və 21,41 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş 76,49 manat məbləğində dövlət rüsumunun qalan 55,08 manatının İddiaçınə aid edilməsi qət olunmuşdur. İddiaçı, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv olunması, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin maddi hüquq normalarının pozulması, sübutlara düzgün hüquqi qiymət verilməməsi, iddianın tam təmin olunmalı olması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, Kollegiya, iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İddiaçı İstehsalat Biriliyinin Bakı X5 Departamenti ilə Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019- ci il tarixli, AKX-00562xx/xx-2019 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İşdə olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00640 sayla qeydiyyata alınmış abonent koduna 5648,35 manat borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00640 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2022-ci ilin aprel ayınadək ümumilikdə 5648,35 (4131,0 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 707,25 manat qazdan istifadəyə görə hesablanmış debitor borc, qalıq 810,10 manatın isə hansı səbəbdən hesablanması barədə məlumat mövcud deyil) manat zərər hesablanmışdır. İşdə olan aktlardan görünür ki, abonent Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii X2nın pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt asasında 823,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 227,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 399,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt asasında 142,20 manat, cəmi 3905,2 manat manat borcu yaranmışdır. İddiaçı, qeyd edilən aktlara əsaslanaraq, cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsini, bununla da iddiaçıya zərər vurmasını, eyni zamanda cavabdehin debitor borcunun olmasını iddia edərək, hazırki iddianı tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-ci il tarixli, AKX-00562xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında İddiaçı ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus evi təbii qazla təmin etmişdir. Cavabdehin qeyriqanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etməsi əsası ilə barəsində aktlar tərtib edilməklə 4131,0 manat dəymiş zərər hesablanmışdır. Eyni zamanda cavabdehin 1743,15 manat qalıq borcunun olması iddia edilmişdir. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. İddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bunnula yanaşı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. İddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən 1743,15 manat məbləğində qalıq borc da tələb etmişdir. İddia tələbinin bu hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddia ərizəsində iddiaçı cavabdehin 1743,15 manat qalıq borcunun olduğunu göstərsə də, iş materiallarında olan saldodan görünür ki, cavabdehə aktlar üzrə hesablanmış 4131,0 manat ziyan nəzərə alındıqda qalıq borc 1517,35 (5648,35 – 4131,0) manat təşkil edir. Həmin məbləğin 707,25 manatı cavabdehin təbii qazdan istifadəsinə görə yaranmış debitor borcdur. Lakin, iddiaçı tələb olunan qalıq borcun 810,10 (1517,35 - 707,25) manat hissəsinin hansı dövrə və hansı səbəbə hesablanmış borc olduğuna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməklə 707,25 manat debitor borc cavabdehdən tutulmalı, iddia tələbinin həmin hissəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X2”nın (bundan sonra, Qaydalar) 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan isehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İddiaçının yoxlanılan hissədə təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmçinin, iddiaçı tərəf keçən müddət ərzində cavabdehə ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdən də müdaxilə faktının olmasını müəyyən etmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, iddiaçı təşkilat müxtəlif tarixlərdə tərtib olunmuş aktlarda göstərilən pozuntuların mövcudluğunu, eyni zamanda cavabdehin bu istiqamətdə təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Kollegiya, həmçinin cavabdehdən təbii qazdan istifadəyə görə əvvəlki dövrdə yaranmış borcun tutulması ilə bağlı iddianın rədd olunması hissəsində də birinci instansiya məhkəməsini gəldiyi qənaəti əsaslı sayır. Belə ki, iddiaçı həmin hissədə müvafiq borcun hansı dövrə və hansı əsasla hesablanmış borc olduğuna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, həmin hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (təqribən 4062 manat). Bu səbəbdən də hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1372/2023 nömrəli, xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar