Məhkəmə qərarları › İş №2(103)-4670/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4670/2024

22.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4670/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair ilkin, iddiaçılar Cavabdeh1, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilə köçürülmə və pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, digər nümayəndəsi (oğlu) X3, Cavabdeh1 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112.0 kv.m olan mənzil Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2010-cu il tarixli, ********** nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun qızı və oğlu Cavabdeh2 isə onun nəvəsidir. Qızı Cavabdeh1 1998-ci il tarixində rəsmi nikaha daxil olaraq daimi yaşamaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisinə köçmüşdür. 2012-ci il tarixində qızının ərinin problemləri olduğu üçün qısa müddət ərzində onunla birlikdə yaşamasını xahiş etmiş, o da buna razılıq vermişdir. İşləri qaydasına düşdükdən sonra isə yenidən digər ünvana köçüb getmişlər. Artıq uzun müddətidir ki, ona məxsus sözügedən mənzildə yaşamırlar. Onların iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Dəfələrlə iddiaçının pasport qeydiyyatından çıxmağına dair xəbərdarlığına baxmayaraq bundan müxtəlif bəhanələr gətirərək yayınmışdırlar. Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən pasport qeydiyyatından çıxarılmalarına dair ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, xx/xx-33117/11 nömrəli məktubu ilə bildirilmişdir ki: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün yeni yaşayış yerinə, qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur.” Son olaraq qeyd edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində onun qanuni əsaslarla mülkiyyət hüququ mövcuddur. Məhz cavabdehlərin onun mənzilində pasport qeydiyyatında qalmaları Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilən və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu pozur və iddiaçı həmin hüququnu həyata keçirə bilmir.

3. Bununla yanaşı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanı alınandan Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olaraq yaşayırlar. Həmin mənzil Cavabdeh1 ata evidir. Cavabdeh2 isə Cavabdeh1 oğludur. İddiaçı isə Cavabdeh1 anasıdır. İddiaçı öyrədərək bu şeylərin edilməsinə məcbur edən X1dur. X7 da başqa ünvanda yoldaşının adına mənzil olmasına baxmayaraq mübahisəli mənzildə yaşayırlar. X7 mübahisəli mənzilin qapı açarını dəyişərək Cavabdeh1 və Cavabdeh2 mənzilə buraxmırlar. Həmin mübahisəli mənzildən başqa Cavabdeh1 və Cavabdeh2 yaşamağa yeri yoxdur. Hal-hazırda mübahisəli mənzilə Cavabdeh1 və Cavabdeh2 buraxmadıqlarına görə, Cavabdeh1 və Cavabdeh2 həmin ərazidə yaxın tanışın evində ayı 750 manata kirayə qalırlar. Qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh1 atası sağlığında, iddiaçı Cavabdeh1 ev almaq üçün banka 10.000,00 dollar pul qoymuşdur ki, bu mübahisəli mənzildən, iddiaçı Cavabdeh1 aid istifadə hüququn itrilməsinə görə veriləcək kompensasiyanıda düzəldərək, əlavə edərək iddiaçı Cavabdeh1 ev alınsın. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin 10.000.00 dolları bankdan çıxararaq X1na torpaq almışlar. X1 məhkəmə hazırlıq iclasında nümayəndə qismində iştirak edərk izahat verərkən, məhkəmə iclasında bu halı təsdiqlədi. Qarşılıqlı idda üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı idda üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülmələri təmin edilməli və cavabdeh İddiaçı mənzilə aid kompensasiyadan əlavə xərcədiyi 10000 dolları qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 ödəməlidir.

4. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) ilk iddianın qismən təmin edilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə dair istifadə hüququ itirilmiş hesab edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun ilk və qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən mənzildən istifadə hüququna xitam verilməsi müqabilində Cavabdeh1 15000 manat məbləğində kompensasiya təklif edilmişdir. Digər Cavabdeh2 isə Mülki Məcəllənin 228.5-ci maddəsi nöqteyi nəzərindən kompensasiya almaq hüququ olan ailə üzvü hesab edilmədiyi üçün ona münasibətdə hər hansı kompensasiya təklif edilməmişdir. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun mövcudluğunu, bu hüququn ədalətli kompensasiya verilmədən itirilməsi mümkünsüzlüyünü qeyd etsə də, iddiaçı tərəfindən bütün məhkəmə iclasları boyunca, o cümlədən iddia tələbinə əlavə kimi verilən izahatlarda 15000 manat kompensasiya təklif edilməsinə hüquqi qiymət verməmişdir. İddiaçı iddia ərizəsində qeyd etməsə belə, məhkəmə iclaslarında cavabdehlərin vəkilinə 15000 manat kompensasiya təklif etmiş, cavabdehlərin vəkili isə 2 cavabdeh üçün 15000 manat məbləğin az olmasını və qəbul etmədiklərini bildirmişdir. Məhkəmə isə kompensasiya məbləğinin ədalətli olub olmamasının araşdırılması üçün hər hansı qiymətləndirmə aparmamış, bu barədə ekspertiza və ya qiymətləndirmə hərəkəti aparmamışdır. Digər tərəfdən ilkin iddia məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla icraata qəbul edilmişdir. Bundan sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə 4 hazırlıq iclası keçirilmişdir. Cavabdehlər isə qarşılıqlı iddia ərizəsini sonuncu yəni xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında məhkəməyə təqdim etmişdirlər. Buna qədər cavabdehlər yalnız kompensasiya tələb edirdilərsə, həmin qarşılıqlı iddiada mənzilə köçürülmə və pul tələbi irəli sürmüşdürlər. Halbuki, MPM in 155.1 və 154.1-ci maddələrinin tələbinə əsasən qarşılıqlı iddia iş icraata qəbul olunduğu tarixdən yəni, xx.xx.2024-cü il tarixdən 20 gün ərzində verilməli idi. Hazırlıq iclasında qarşılıqlı iddianın qanunvericiliyə uyğun təqdim edilməməsi ilə bağlı etirazla çıxış edilsə də, məhkəmə qeyd olunan prosessual hüquq normalarının tələbini pozaraq qarşılıqlı iddia ərizəsini 3 ay sonra icraata qəbul etmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsi təqdim edilən xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəmə çəkişmə prinsipinin pozaraq birbaşa baxış iclası təyin etmişdir. Bu səbəbdən Cavabdeh1 yeni tələblərinə qarşı iddiaçı tərəf olaraq kifayət qədər hüquqi müdafiə qura bilməmiş, qarşılıqlı iddiaya münasibət bildirmək imkanından məhrum olmuşlar. Halbuki, həmin qarşılıqlı iddia prosessual qanunvericiliyə əsasən 20 gün ərzində təqdim edilsə idi, iddiaçı tərəf olaraq iddia tələblərini dəqiqləşdirər, müdafiəni yeni tələblərə uyğun təşkil edə bilərdi. Eyni zamanda məhkəmə cavabdehlərin mənzildən istifadə hüquqlarının mövcudluğunu təsdiq etsə də, cavabdehlərin könüllü şəkildə mənzildən köçüb köçmədiyini araşdırmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli digər qərarında ifadə etdiyi mövqeyinə əsasən Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Qarşılıqlı iddia verildikdən sonra, cavabdeh artıq məcburi şəkildə evdən köçürüldüklərini iddia etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdirlər. Yəni, qarşılıqlı iddia verildikdən sonra bunu sübut etmə hüquqi iddiaçının üzərinə düşsə də, bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə verilməmişdir. Məhkəmə isə qeyd olunan plenum qərarında ifadə edilən mövqeni nəzərə almamışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi MPM-in 9.3, 155.1, 154.1-ci maddələrin tələbləri pozulmaqla işə baxdığı üçün, qarşılıqlı iddiaya münasibət bildirmək və iddiamızı dəqiqləşdirmək hüququndan məhrum olmuşuq. Bu səbəbdən apelyasiya şikayətimizdə 15 000 manat kompensasiya ödənilməklə Cavabdeh1 mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməsini yeni tələb kimi nəzərə alınmasını xahiş edilmişdir. Göstərilənlərə əsasən qətnamənin qismən - Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürüməsinə aid hissədə ləğv edilməsi, Cavabdeh1 15 000 manat kompensasiya ödənilməsi müqabilində onun İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzildən istifadə hüququna xitam verilməsi və qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işin uzanmamasına görə kompensasiya məbləğini 20.000 manata qədər artıra bilərlər. Lakin birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmişdir, çünki kompensasiya məbləği apellyasiya baxışı zamanı da dəyişdirilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (oğlu) X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, qeyd olunan kompensasiya məbləğinin hazırda verilməsi çətindir. Bununla belə cavabdehə ev alınacaqdı, lakin cavabdeh həmin təkliflə razı olmamışdır.

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda kirayədə qalır. Mübahisəli evdən başqa yaşamaq üçün evi yoxdur. Ən azından bir otaqlı ev ala bilməsi üçün kompensasiya verilməlidi, lakin iddiaçı tərəf belə bir təkilf etməmişdir.

9. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən İddiaçı tərəfindən ünvanlanmış qeydiyyatdan çıxarma barədə müraciətin həyata keçirilməsi mümkün olmamışdır.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ******* seriyalı Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət üzrə İddiaçı məxsusdur.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışa görə xx.xx.1981-ci il təvəllüdlü X7, eləcə də xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.1930-cu il təvəllüdlü X8, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü X2 və xx.xx.1947-ci il təvəllüdlü X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

14. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli arayışa görə xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, eləcə də xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh2, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.1981-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-ci il təvəllüdlü X2 və xx.xx.1947-ci il təvəllüdlü X14 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

15. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı verilmiş 005164 nömrəli, xx.xx.2004-cü il tarixli orderdən görünür ki, A.Orucəliyev küçəsi ev 9/12, mənzil 35 ünvanında onun özü, Cavabdeh1 və X3 yaşamaq hüquqları mövcuddur.

16. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında yerləşən kooperativ yaşayış binasının 1-ci giriş, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.4 kv.m olan 3 otaqlı, 35 saylı mənzilin pay dəyəri 19330 (on doqquz min üç yüz otuz) manat İddiaçı tərəfindən tam ödənilmişdir.

17. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışdan görünür ki, A.Orucəliyev küçəsi, 9/12 nömrəli evin, 13-cü mərtəbəsində yerləşən 66.4 kv.m yaşayış sahəsi olan 3 otaqlı 35 nömrəli mənzilində İddiaçı, X9, Cavabdeh1 və X7 qeydiyyatdadırlar.

18. X8, Cavabdeh1 və X7 tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli ərizələrdən görünür ki, onlar A.Orucəliyev küçəsi ev 9/12, mənzil 35 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

23. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən - Cavabdeh1 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzilə köçürülməsi hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, mübahisəli mənzilə 2004-cü il tarixdə müvafiq orderə əsasən İddiaçı və Cavabdeh1 istifadə hüququ əldə etmişdir. Daha sonra həmin mənzil özəlləşdirilərkən Cavabdeh1 da buna etiraz etməmişdir.

40. Göründüyü kimi Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, bu gün də mövcuddur.

41. Hazırda iddiaçı tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin könüllü şəkildə mənzildən köçüb-köçmədiyini araşdırmamışdır.

42. Lakin işin faktiki halları ilə Cavabdeh1 mübahisəli mənzili könüllü olaraq tərk etməsi müəyyən edilməmişdir. Eləcə də iddiaçı tərəf Cavabdeh1 mübahisəli mənzilə ehtiyacının qalmaması barədə mötəbər sübutlar təqdim etməmişdir.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur, o, yaşayış sahəsinə olan ehtiyacı mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədir.

44. İddiaçı apellyasiya şikayətində həmçinin qarşılıqlı iddianın icraata qəbul edilməsini və cavabdehə kompensasiya verilməsi halını mübahisələndirmişlər.

45. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin icraata qəbulu zamanı prosessual hüquq normalarının tələbləri pozulmamışdır.

46. Kompensasiya verilməklə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsi məsələsinə gəldikdə isə Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində, eləcə də apellyasiya baxışında iddiaçı tərəf, yəni iddiaçının nümayəndəsi və vəkili cavabdehə 15000 manat məbləğində kompensasiya ödənilməsi müqabilində onun İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 112 kv.m olan mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişlər.

47. Bununla bağlı, Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 149.1-ci maddəsinə görə, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.

48. MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

49. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsində kompensasiya verilməklə Cavabdeh1 istifadə hüquqlarına xitam verilməsinə dair iddia verilmədiyindən, rayon məhkəməsi tərəfindən belə bir iddia tələbinə baxılmadığından, MPM-in 149.1, 218.3-cü maddəsinin tələbləri baxımından onun bu təklifinə hazırkı mərhələdə baxılması prosesssual qanunvericiliyə ziddir.

50. Bununla yanaşı, Mülki Məcəllənin 228.2-ci maddəsi mülkiyyətçiyə məhkəmə qaydasında bazar qiyməti ilə müvafiq kompensasiya verməklə yaşayış sahəsinə istifadə hüququ olan şəxslərin bu hüququna xitam verilməsini tələb etmək imkanı verir. Bu cür mübahisələrə baxarkən məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququna malik olduğunu, hüququna xitam verilməsi tələb olunan şəxslərin yaşayış sahəsindən istifadə hüququnu əldə etdiyini və təklif olunan kompensasiyanın istifadə hüququna malik olan şəxslərin bu hüququna xitam verilməsi üçün yetərli olduğunu müəyyən etməlidir.

51. Kollegiya hesab edir ki, mülkiyyətçi İddiaçı kompensasiya verilməklə Cavabdeh1 onun mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

52. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin edilməsi barədə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğunundan təmin edilməməlidir. Nəticə:

54. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin və qarşılıqlı iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

56. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1176/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı kompensasiya verilməklə Cavabdeh1 onun mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar