Məhkəmə qərarları › İş №2(103)-4671/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4671/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4671/2025 08.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(011)-5462/2025 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddia tələbi üzrə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, satıcı olaraq onunla alıcı olaraq Cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” əsasında yaranmış borcun ödənilməsi məqsədi ilə 900 manat məbləğində pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik iddia tələbi üzrə ərizənin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 284-3.5-ci maddəsinə əsasən, kiçik iddia tələbi üzrə ərizənin MPM-in 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. MPM-in 284-3.2.4-cü maddəsinə əsasən, tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar ərizədə göstərilməlidir. Lakin iddiaçı ilə cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə borcun həcmini və mövcud ödənişlərin aparıldığını müəyyən edən mühasibatlıq sənədləri ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülərək, baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kiçik iddia tələbi üzrə ərizə ilə məhkəməyə müraciət etmiş iddiaçı, MPM-in 149-cu maddəsinin tələblərinə əməl etmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətinin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-3.2-ci maddəsinə görə, kiçik iddia tələbi üzrə ərizədə iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284.3.2.3.) və tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284.2.4.) göstərilməlidir. Lakin iş materiallarından görünür ki, kiçik iddia tələbi üzrə ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş İddiaçı MPM-in 284-3.2-ci maddəsinin tələbinə əməl etməmiş, onunla cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranması ehtimal olunan borcun mövcudluğunu təsdiq edə biləcək mühasibatlıq sənədlərini Rayon Məhkəməsinə təqdim etməmişdir. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi kiçik iddia tələbi üzrə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri qeyd edilən əsasla qaytarmaqda haqlı olmuşdur. Qərardaddan verilmiş şikayətdə göstərilən dəlil ilə bağlı isə Məhkəmə qeyd edir ki, MPM-in 149-cu maddəsi kiçik iddia tələbi üzrə ərizənin formasını və məzmununu tənzimləmir. Bu baxımdan hesab edilməlidir ki, şikayət əsassızıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar