Məhkəmə qərarları › İş №2(103)-4675/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4675/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4675/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “ödənilmiş hərrac xərclərinin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1184/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən iddiaçı "X1 Azərbaycan" QSC-nin xeyrinə 702.34 manat xidmət haqqı və 126.42 manat (ƏDV 18%) olmaqla cəmi 828.76 manat pulun tutulması, həmçinin cavabdehlər SHM” MMC və Cavabdeh2 müştərək qaydada 6353.38 manat məbləğində maddi zərər və 83.54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx"MMC və "xxxx" QSC arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə həmçinin Cavabdeh2 ilə bank arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Borcalanm öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Əlavə olaraq borcalanın xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh1 MMC arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ”SHM” MMC məxsus "BMW 730” markaiı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil "YapıKredi Bank Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabehlər öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər SHM” MMC və Cavabdeh2 müştərək qaydada 20288.20 ABŞ dolları əsas, 3130.52 ABŞ dolları faiz, 2010.85 ABŞ dolları cərimənin, 10.25 manat poçt xərcinin, həmçinin 30 manat ödənilmiş dövlər rüsumunun, cəmi 25429.57 ABŞ dolları məbləğində borcun və 40.25 manat pulun "X1" QSC-nin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan“BMW 730” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait yetərli olmadığı halda, borcun qalan hissəsinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-749/17 saylı, 16 mart 2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə yönəldilmişdir. İddiaçı "xxxx" QSC “HEBA Consulting" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən, məhkəmə qərarı üzrə borcun tələbini, ipoteka predmetinin axtarışını, bir sözlə qətnamənin icrasının təmin edilməsini “HEBA Consulting" MMC -yə sifariş etmişdir. HEBA Consulting MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək, ipoteka predmeti olan mülkiyyət hüququ ilə "SHM” MMC-yə məxsus "BMW 730" marka!ı **-AA-*** dövlət nömrə nişanlı avtomobilin yerini aşkar etmiş və həmin avtomobili qanunda nəzərdə tutulmuş halda Sabunçu rayon icra və probasiya şöbəsinə təhvil verərək duracağa yerləşdirmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-749/17 saylı, 16 mart 2017-cı il tarixli icra vərəqəsinin və Sabunçu rayon İcra və Probasiya Şöbəsinin 3/76- 149364/2018 saylı xx.xx.2019-cu il tarixli məktubunun icrasına əsasən 'İpoteka haqqında" Azərbaycan Respublikasının qanununun 41.42 və 43-cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC həyata keçirmişdir. "X1 Azərbaycan" QSC tərəfindən xx.xx.2019-cu il tarixdə 702,34 manat xidmət haqqının, 126,42 manat (ƏDV 18%) cəmi 828,76 manatın "xxxx" MMC -yə ödənilməsinə dair 548 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixli bank köçürmə sənədi ilə qeyd edilən məbləğlər sonuncunun bank hesabına ödənilmişdir. Yuxarıda qeyd edilən "Hüquqi xidmət haqqında" müqaviləyə əsasən borclu istehlak krediti müştərisi “SHM "MMC-nin mülkiyyətində olan "BMW 730" markah **-AA-*** dövlət nömrə nişanlı avtomobil cərimə meydançasına yerləşdirilməsi ilə əlaqədar qətnamə üzrə 42375,90 AZN borcun xidmət haqqını 15% olaraq 6353,38(altı min üç yüz əlli üç manat 38 qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin 5.5-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutlmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verib güzəşt edilə bilər. Bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməməsi və ya lazmınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və\və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi “Borcverən”tərəfindən ücüncu şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan “zaminlərdən və ya yaxud da girova (ipotekaya verilmiş və\və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaq. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1184/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən iddiaçı "X1 Azərbaycan" QSC-nin xeyrinə 702.34 manat xidmət haqqı və 126.42 manat (ƏDV 18%) olmaqla cəmi 828.76 manat pulun tutulması, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "X1 Azərbaycan" QSC tərəfindən apellyasiya şikayəti verilərək qətnamə üzrə iddianın təmin olunmayan hissəsini təmin edərək yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1184/2022 saylı, 11 aprel 2022ci il tarixli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 MMC və "xxxx" QSC arasında xx.xx.2013cü il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə həmçinin Cavabdeh2 ilə bank arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabehlər öz öhdəliklərini lazımi qaydada icra etmədiyindən iddiaçı “X1 Azərbaycan” QSC kredit üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-749/17 saylı, 16 mart 2017-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Hazırda isə iddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən iş üzrə qəbul edilmiş qətnamənin icra mərhələsi zamanı həyata keçirilmiş hərrac xərclərinin və digər məsrəflərin geri qaytarılmasını tələb etmişdir. Göründüyü kimi hazırki iddia tələbinin qaldırılmasına səbəb məhz hüquqi şəxs olan Cavabdeh1 MMC-nin iddiaçı ilə bağladığı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyə əsasən iddiaçının kredit borcunun qaytarılması barədə tələbi üzrə qəbul edilmiş qətnamənin icra mərhələsi zamanı həyata keçirilmiş hərrac xərclərinin və digər məsrəflərin geri qaytarılması olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə iki hüquqi şəxs arasında yaranmaqla işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aid olmaqla kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1184/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Mülki Prosessual Məcəllənin 387.2.1-ci maddəsinə görə, işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1184/2022 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada maddi zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar