Məhkəmə qərarları › İş №2(103)-4675/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4675/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4675/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-4339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı kredit müqaviləsindən irəli gələn borc tələbi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraatın rəy alınanadək dayandırılması qərara alınmış, Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, həmin qərardad xx.xx.2025-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət ilə məhkəməyə müraciət edərək, “işin dayandırılması haqqında çıxardılmış qərardad (İş № e-2(011)- 4339/2025, xx.xx.2025) "dayandırılma hissəsi" ləğv edilməsini” xahiş etmiş, məhkəmənin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş həmin şikayət də müddətin ötürülməsi səbəbindən geri qaytarılmış, həmin qərardad xx.xx.2025-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim edilmişdir. Məhkəmənin həmin qərardadından Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qəbul etdiyi iş üzrə xx.xx.2025-ci il tarixli qərardaddan şikayət verilməsi üçün MPM-nin 268.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin onun tərəfindən buraxılmasının səbəbi üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsini onunla əsaslandırılmışdır ki, "Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından xx.xx.2025-ci il tarixdə prosessual müddətlər ərzində şikayət ilə məhkəməyə müraciət etmişdir. Xətai rayon məhkəməsi tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixində qərardad çıxartmışdır. Lakin həmin qərardad ona xx.xx.2025-ci il tarixində verildiyi (EMS kabinetdə yerləşdirilmə tarixi) üçün xx.xx.2025-ci il tarixli qərardaddan şikayət vermə müddəti bitmişdir. Bu səbədən o xx.xx.2025-ci il tarixli qəradaddan şikayət vermə müddətini ötürmüş olur. Həmçinin, xx.xx.2025-ci il tarixində çıxarılmış qərardadda göstərilən halları aradan qaldırmışdır. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 133.1 -ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina olunması, Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından verilmiş xx.xx.2025-ci il tarixli şikayətin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 133.5, 133.6, 135.5, 135.6, 360, 363.1.3; “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 1.4, 2.1, 2.5-1, 2.11-ci maddələrinə istinadən qeyd edilmişdir ki, hazırkı şikayət üzrə mübahisələndirilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə Cavabdeh məxsus elektron kabinetlərə yerləşdirilmiş, onun qeyd edilən qərardaddan şikayətin verilməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddətin axını xx.xx.2025-ci il tarixdən başlamış və xx.xx.2025-ci il tarixdə bitmiş, cavabdeh ilk dəfə xx.xx.2025-ci il tarixdə şikayət vermiş olsa da, həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmış, cavabdeh tərəfindən verilmiş ikinci şikayət isə xx.xx.2025-ci il tarixdə verilməklə həmin şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmiş, cavabdeh müddətin bərpası ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə, hazırki ərizəyə münasibətdə qeyd edir ki, ərizədə qeyd edilən hallar onun iradəsindən asılı olan, həmin halların dəf edilməsi isə imkanlarından kənara çıxmayan hallar olduğundan həmin hallar üzrlü hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı deyil və ona görə də təmin olunmamalıdır. Cavabdeh, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4339/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən və cavabdehin buraxılmış müddətin bərpası barədə ərizəsi məhkəmə tərəfindən təmin edilmədiyindən qərardaddan verilmiş xx.xx.2025-ci il tarixli şikayət də geri qaytarılmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh şikayət vermiş və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Prosessual Məcəlləsinin 363, 133-cü istinadən qeyd edilmişdir ki, iş üzrə ilk şikayət verdiyi qərardad xx.xx.2025-ci il tarixində çıxarılıb və xx.xx.2025-ci il tarixində EMS-də yerləşdirilib. xx.xx.2025-ci il tarixində isə ilk şikayəti vermişdir. xx.xx.2025- ci il tarixində qərardad çıxardılıb. xx.xx.2025-ci il tarixində EMS-də yerləşdirilib. Burdan da belə bir nəticə çıxır ki, xx.xx.2025-ci ildə çıxardılan və xx.xx.2025-ci il tarixində yerləşdirilən qərardaddan 10 günlük müddət artıq xx.xx.2025-ci il tarixli qərardad çıxardılanda bitmişdir. Burada ondan qeyri-ixtiyari olaraq prosessual müddət axını keçib. Yəni o, qəsdən və ya üzrsüz səbəblərdən bu müddəti ötürməmişdir. Bu axın zamanı xx.xx.2025-ci il tarixdə qərardad yerləşdirildikdən həmin qərardad yanlış və tam başa düşülməyən halda çıxarılsa da, bildirilən geri qaytarılma səbəbini düzəldib yenidən şikayət vermişdir. Bu zaman isə buraxılmış müddətin bərpası haqqında ərizə yazmaq lazım olduğunu zənn etməmişdir. Çünki artıq qərardad yerləşdiriləndə qərardaddan şikayət verilmə müddəti itmiş sayılırdı. Bu isə onun kobud səhvi və ya səhlənkarlığı səbəbindən deyil, qeyri-ixtiyari baş verdiyindən axının davam etdiyini zənn edib ardınca yenidən şikayət vermişdir. Daha sonra həmin şikayətindən sonra xx.xx.2025-ci il tarixində qərardad çıxardılıb, xx.xx.2025-ci il tarixində yeləşdirilib. O qərardadda bildirilib ki, ərizə yerləşdirilməyib, elə həmin tarixdə yəni xx.xx.2025-ci il tarixində yuxarıda yazılanları müddətin bərpası ərizəsində bildirib şikayətini etmişdir. Lakin bu şikayətində verdiyi ərizəyə əsasən prosessual müddətin bərpasından imtina olunmuşdur. Əgər söhbət ədalətdən və buraxılmış müddətdən gedirsə, xx.xx.2025-ci il tarixində çıxarılan qərardad xx.xx.2025-ci il tarixində yerləşdirildiyindən, həmin qəraddan prosessual müddətlər ərzində verdiyi şikayətdən sonra xx.xx.2025-ci il tarixində çıxardılan, lakin xx.xx.2025-ci il tarixində ona çatan qərardada görə onun ixtiyarından kənar olaraq prosessual müddət onsuzda ötürülmüşdür. Yəni xx.xx.2025-ci il tarixində də bu müddət ixtiyarı olmadan ötmüşdür. Əlavə olaraqda qeyd etmişdir ki, bu iş üzrə çıxardılan qərardadlar normativ hüquqi aktda və normativ xarakterli akda tələb olunan müddətlərdən gec EMS-də yerləşdirildiyi hallar baş verib. Lakin ardıcıl etdiyi prosessual hərəkətər zamanı belə bir halın baş verməsi və ərizənin təmir olunması ədalətli olmamışdır. Həmçinin Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinə əsasən geri qaytarılmalı aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Bu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında da bildirilir ki, şikayət verən şəxsin şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığın məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də şikayətçi müvafiq məhkəmənin qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən şikayət ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Şikayətindən sonra Elektron Məhkəmə Sistemi vasitəsilə yerləşdirilən qərardad, artıq yerləşdirilərkən, şikayət verdiyi qərardaddan şikayət etmə müddəti ötmüş olmuşdur. Bu vaxt axınının ötürülməsi onun səhlənkarlığı nəticəsində meydana gəlməmişdir. Buraxılmış müddətin hansı haldan baş verdiyini izah etmişdir və bu şikayətində yenidən ətraflı izah vermişdir. Düşünür ki, bu səbəblər üzrlüdür və heçdə fantastik zaman aşımı baş vermədən ardıcıl olaraq prosessual hərəkətlər yerinə yetirmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1 və 396.1-ci maddəsinə əsasən: Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.6, 135.7, 135.8-ci maddələrinə əsasən: 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10- 1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən: 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır; 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş, lakin cavabdeh müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsaslı dəlil və sübutlar təqdim etməmiş, müddətin hansı üzrlü səbəbdən ötürülməsinə dair mövqe nümayiş etdirməmiş, ötən hər günün prosessual əsaslarını izah etməmiş, sanki müddətin ötürülmədiyini izah etməyə çalışmışdır. Belə ki, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- 4339/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar