Məhkəmə qərarları › İş №2(103)-4678/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4678/2021

01.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4678/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(004)-1308/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə onun işlə təmin olunması və onunla yenidən əmək müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 02.07.2012-ci il tarixdə Cavabdeh MMCnin İstehsalat şöbəsinin qazanxana sahəsində qazanxana operatoru vəzifəsinə işə qəbul edilmiş, 25.12.2015-ci il tarixli 038/İR15 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin «ç» bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsindən 5 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh təşkilat üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, onu işlə təmin etməmişdir. Dəfələrlə müraciətlər etməsinə baxmayaraq cavabdeh təşkilat müxtəlif bəhanələrdən istifadə edərək uzun müddətdir ki, onu işlə təmin etməkdən imtina edir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(004)- 1308/2021 saylı qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, mübahisənin məhkəmədən kənar qaydada həlli istiqamətində məhkəmə kollegiyasının da təklifi nəzərə alaraq cavabdehin nümayəndələri ilə danışıqlar aparılmış, ona digər yerdə iş təklif olunsa da, o bununla razılaşmamışdır. Çünki, təklif olunmuş iş onun əvvəlki işinə uyğun olmamaqla, əmək haqqısı da azdır. O, əvvəlki işinə bərpa olunmasını tələb etmiş, lakin qəbul olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, təmin olunmamasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh MMC-nin 2016-cı il tarixdən etibarən istehsalat sahəsində fəaliyyəti dayanmışdır və hazırda zavod heç bir fəaliyyət göstərmir. Bu səbəbdən də iddiaçını işlə təmin etmək mümkün deyildir. Mübahisənin məhkəmədən kənar qaydada həlli istiqamətində məhkəmə kollegiyasının da təklifini nəzərə alaraq iddiaçı ilə danışıqlar aparılmış, ona digər yerdə iş təklif olunmuş, lakin o bununla razılaşmamış, əvvəlki işinə bərpa olunmasını tələb etmişdir. Qeyd etdiyi kimi həmin iş yerində fəaliyyət olmadığından cavabdehin təklifini qəbul etmək mümkün olmamışdır. Lakin, gələcəkdə cavabdehin fəaliyyəti bərpa olunarsa bu məsələyə yenidən baxılacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. İşdə olan məhkəmə qərarından (Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 31.10.2017-ci il tarixli qərarı) və əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.07.2012-ci il tarixdə cavabdeh təşkilatdas İstehsal şöbəsinin qazanxana sahəsində operator vəzifəsinə işə qəbul edilmiş, həmin təşkilatın 25.12.2015-ci il tarixli, 038/İR15 saylı əmri ilə Əmək Məcəlləsinin 75-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman müqaviləyə xitam verilməsinin əsası kimi cəmiyyətdə istehsal olunan məhsulların satılmaması və yeni sifarişlərin olmaması, eləcə də qazanxana sahəsində də işin dayandırılması qeyd olunmuş, müvafiq sahə fəaliyyətə başlayacağı təqdirdə iddiaçının da dərhal işə çağırılıacağının təmin edilərək onunla yeni əmək müqaviləsinin bağlanacağı nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin 25.12.2015-ci il tarixli, 038/İR15 saylı əmrini məhkəmə qaydasında mübahisələndirsə də, iddiası təmin olunmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən qeyd etmişdir ki, iddiaçı cavabdeh müəssisənin fəaliyyət göstərməsini bildirsə də, buna dair heç bir sübut təqdim etməmiş, məhkəmə baxışı zamanı qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin Məcəllənin 75-ci maddəsinin 2-ci bəndinin «ç» bəndinə əsasən Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, ilkin olaraq qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd edilən əsasla xitam verilməsi barədə işəgötürənin (cavabdehin) əmri iddiaçı tərəfindən əvvəllər məhkəmə qaydasında mübahisələndirilsə də, iddiası təmin olunmamışdır. İddiaçı hazırki tələbində - cavabdehin üzərinə onun işlə təmin olunması və onunla yenidən əmək müqaviləsinin bağlanması öhdəliyinin qoyulmasını xahiş etsə də, tələbinin əsası kimi istinad etdiyi halları əsaslanıda və sübut edə bilməmişdir (yenidən əmək müqaviləsinin bağlanması üçün şərtlərin mövcudluğu). Eyni zamanda, Cavabdeh MMC-nin baş direktorunun məhkəmə kollegiyasına ünvanladığı 30 iyun 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh MMC 2016-cı il tarixdən etibarən istehsalat sahəsində fəaliyyətini dayandırmışdır və hazırda zavod heç bir fəaliyyət göstərmir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə, hazırki vaxtda iddiaçının tələb hüququnun mövcudluğu müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «öhdəliyin icrası» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(004)-1308/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(004)- 1308/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar