Məhkəmə qərarları › İş №2(103)-4678/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4678/2022

05.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4678/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, e-2(004)-2085/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2020ci ildən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon Filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmişdir.

2. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən Fondun 16 saylı Regional ərazi X20 sosial yardımın təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir.

3. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27 dekabr 2021-ci ildə Fondun 3 saylı Şəki-Zaqatala Regional Ərazi X20 Sosial Yardımın (ÜDSY) Təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir.

4. 10 yanvar 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə əmək vəzifələrinin icrasında yol verdiyi nöqsanlara görə tutuğu vəzifədən azad edilmiş və onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2022-ci il tarixində xitam verilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 sədri Himalay Məmişov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ünvanlanmış xidməti məruzədən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 və 8 saylı Regional ərazi filiallarında Daxili nəzarət departamenti və Fondun X2 üzrə Mərkəzi Filialının birgə iştirakı ilə ÜDSY işlərinin seçmə üsulla monitorinqi aparılmışdır. Məlum olmuşdur ki, 16 saylı RƏF-in Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı 4 yanvar 2021-ci ildən 14 fevral 2021-ci tarixədək və 6 avqust 2021-ci ildən 5 sentyabr 2021-ci il tarixədək 7 saylı RƏF-ə ( Lənkəran, Lerik, Astara) ezam edilmişdir. Monitorinq zamanı İddiaçı barəsindəki şikayətin əsaslılığının araşdırılması üçün onun tərəfindən müayinəsi aparılan ÜDSY təyinatlarının yenidən X2 aparılmışdır. İddiaçı tərəfindən müayinəsi aparılmış ÜDSY təyinatlarında monitorinq nəticəsində aşkarlanmış nöqsanlar aşağıdakılardır: 1.X33 (ƏB- **********80601)- 19 yanvar 2021-ci i tarixdə Lənkəran rayonu Separadi kəndində ailənin X2 aparılaraq ÜDSY təyin edilmişdir. Monitorinq zamanı isə təmsilçinin bibisinin də bu ünvanda yaşadığı aşkar olunmuş, ancaq VEMTAS-da qeyd edilməmişdir; 2.X16 (ƏB- **********57501)- Monitorinq zamanı təmsilçinin ata və anasının da bu ünvanda (Lənkəran rayonu, Sütəmuradov kəndi) yaşadığı aşkar olunmuş, ancaq VEMTASda qeyd edilməmişdir. Həmçinin sistemdəki 07 yanvar 2021-ci il tarixli ilkin müayinə aktının əlavə məlumat hissəsində heç bir qeyd aparılmadan boş formada təmsilçiyə imzalandırıldığı məlum olmuşdur; 3. X24(ƏB- **********89102)- Monitorinq zamanı təmsilçinin qaynanasının (X17 şəhid ailəsidir) da bu ünvanda yaşadığı aşkar olundu, ancaq VEMTAS-da qeyd edilməmişdir. Həmçinin, qaynanası monitorinq zamanı bu ünvanda yaşamadığını qonaq gəldiyini bildirmişdir. Lakin məlum olmuşdur ki, həmin şəxs bu ünvanda qeydiyyatdadır (Lənkəran rayonu, Cil kəndi) və kommunal xidmətlər üzrə işıq qaz abonent kodları da ona məxsusdur. Əlavə olaraq qonşular da şifahi söhbət əsnasında T.Ş.İbadovanın bu ünvanda yaşadığını təsdiqləmişdirlər. Bu fakt Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaser kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1162 nömrəli 19 oktyabr 2021-ci il tarixli arayışı ilə rəsmiləşdirilmişdir; 4. X12 (ƏB- **********48601) -Monitorinq zamanı ünvandakı ev telefonu nömrəsinin qeyd edilmədiyi aşkarlanmışdır. Digər tərəfdən 12 sentyabr 2021-ci il tarixli müayinə zamanı da ev telefon nömrəsinin aktda qeyd olunduğu lakin, həmin uyğunsuzluq nəzərə alınmadan təyinat verildiyi aşkarlanmışdır; 5.X18 (ƏB- **********71201) 12 sentyabr 2021-ci il tarixdə Astara rayonu Kakalos kəndində ailənin X2 aparılaraq ÜDSY təyin edilmişdir. Monitorinq zamanı ünvandakı işıq sayğac nömrəsinin vətəndaşın ƏB-də qeyd olunan işıq abonent kodununun (**********00655) bildirişindəki sayğac nömrəsi ilə uyğunsuzluq təşkil etdiyi məlum olmuşdur. Əlavə araşdırma zamanı həmin sayğac nömrəsi üzrə abonent kodunun (**********00654) təmsilçinin qaynatası X3 məxsus olduğu aşkarlanmışdır. Qeyd olunanlar müayinəni aparan İddiaçı tərəfindən abonent kodlarının sayğac nömrəsilə uyğunluğunu yoxlamadığını göstərir; 6.X42 (ƏB- **********80301) 17 yanvar 2021-ci il tarixli müayinə aktında ailənin başqa evdə yaşadığı, elektrik və qaz sayğacından birgə istifadə edildiyi aktlaşdırılıb, lakin təyinat verilib. Monitorinq zamanı təmsilçi təyinatdan sonra Bakı şəhəri Sabunçu rayonuna köçdüyünü, Lənkəran rayonu Xaraxatan kəndinə övladının məktəbi ilə əlaqədar 15 gündür qayıtdığını bildirdi. Əlavə olaraq monitorinq zamanı təmsilçi özünü şübhəli aparmış, işıq sayğacının yerini tapmaqda çətinlik çəkmişdir; 7. X4 (ӨV-**********86102)- 13 yanvar 2021-ci il tarixli ilkin müayinə zamanı şəxsi yardımçı təsərrüfatda olan mal-qara ilə bağılı məlumat qeyd edilməyib. Monitorinq zamanı təmsilçi həmin vaxt bir inəyinin olduğunu bildirdi. İlkin müayinə zamanı sistemdə yerləşdirilən video çəkilişdə həyətdə mal-qara saxlanılması üçün tövlə və yem olduğu görünür. Lakin müayinə aktında bu barədə qeyd yoxdur; 8.X13 (ƏB-**********99602)- 25 yanvar 2021-ci il tarixdə ailənin X2 keçirilərək ÜDSY təyinatı aparılmışdır. Monitorinq nəticəsində aşkarlanmışdır ki, sistemdə yerləşdirilən foto ailəyə aid deyil və video çəkiliş yoxdur; 9. X25 (ƏB-**********06601)- Monitorinq zamanı təmsilçinin nəvəsi X7 da bu ünvanda yaşadığı məlum olmuşdur. Təmsilçinin nəvəsi ünvan 4də təhsil alır. Təmsilçi ilkin müayinə zamanı da nəvəsinin burada olduğunu bildirdi. Lakin, 13 yanvar 2021-ci il tarixli ilkin müayinə aktında bu barədə heç bir qeyd yoxdur; 10. X19 (ƏB**********02802)- Monitorinq zamanı ailənin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək internet istifadəçisi olduğu müəyyən edilmişdir. Lakin, ilkin müayinə zamanı ev telefonunun internet xərcinin araşdırılmadığı müəyyən olunmuşdur; 11. X26 (ӨV- **********89802)- 17 yanvar 2021-ci il tarixli ailənin X2 zamanı şəxsi yardımçı təsərrüfatda olan mal-qara ilə bağılı məlumat qeyd edilməyib. Monitorinq zamanı təmsilçi həmin vaxt bir inəyinin olduğunu və 5-6 ay əvvəl satıldığını bildirdi. Müayinə aktında və video çəkilişdə bu barədə qeyd yoxdur; 12. X8 (ƏB-**********49502) Ailənin faktiki yaşayış ünvanı monitorinq zamanı ünvan 5 ünvan Lənkəran rayonu Şağlaser kəndi qeyd olunmuş və 14 yanvar 2021-ci il tarixdə X2 əsasında təyinat aparılmışdır. İddiaçı iştirak etdiyi digər 4 ÜDSY işində X9 (ƏB-**********04501), X10 (ƏB-**********09601) X5 (ӨV**********56401) və X6 (ӨV-**********63201) ilkin müayiə aktlarının əlavə məlumat hissəsində heç bir qeyd aparılmadan boş formada təmsilçiyə imzalandırıldığı məlum olmuşdur. Əlavə olaraq İddiaçı ilkin müyinəsində iştirak etdiyi Balakən rayonu üzrə də X37 (ƏB-**********770) və X1 (ƏB-**********375) təmsilçisi olduqları ailələlərin maddi-məişət şəraitinin təkrar müayinəsi zamanı ÜDSY təyinatından imtina üçün əsaslar (ailənin ƏB-də qeyd edilən ünvanda yaşamaması və ailə tərkibinin düzgün göstərilməməsi) aşkar edilmişdir. Araşdırmanın yekunu olaraq İddiaçı izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvanlı dövlət sosial yardım şöbəsinə 2020-ci ilin dekabr ayında təyin edilmiş və bu sahədə təcrübəsi azdır. Bu səbəbdən, o, yoxlama zamanı müəyyən nöqsanlara yol vermişdir. İzahatın davamı olaraq, İddiaçı onun tərəfindən müayinəsi aparılmış ÜDSY təyinatlarının monitorinq nəticələri ilə tanış olduğunu və orada olan nöqsanları qəbul etdiyini bildirmişdir. İddiaçı ÜDSY təyinatlarının ilkin müayinəsi lazımı diqqət göstərərək qabaqcadan gördüyü yaxud görə biləcəyi halda nöqsanlara yol verərək qanunauyğun müayinə aparmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç" bəndinə əsasən Fondun 16 saylı regional ərazi X20 sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair razılıq verilməsi xahiş edilmişdir.

6. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X11 Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X23 sədri Himalay Məmişova ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki - Zaqatala regional X20 sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X11 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən məruzəyə əsasən 3 saylı Şəki - Zaqatala regional X20 sosial yardımının təminatı şöbəsinin böyük mütəxəssisi İddiaçı əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər.

7. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 sədri Himalay Məmişova ünvanlanmış izahatında bildirmişdir ki, 7 saylı Regional Ərazi Filialında Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) təyinatı ilə bağlı ailənin maddi məişət şəraitinin yoxlanılması üçün müxtəlif dövrlərdə 2 dəfə ezam olunmuşdur. İlk dəfə ezam olunan zaman Sosial Sığorta sektorundan ÜDSY sektoruna yeni təyin edilmiş və bu sahədə təcrübəsinin olmadığına görə müəyyən nöqsanlara yol vermişdir. Onun təyinat apardığı ÜDSY işləri ilə bağlı yenidən audit yoxlaması həyata keçirilmiş və o, bu yoxlamanın nəticələri ilə tanış olmuşdur. Orada olan nöqsanları qəbul edir və bildirir ki, bu onun ÜDSY sektorunda yeni olmağı və praktikasının az olmasından irəli gəlir. Əlavə olaraq bildirmişdir ki, 7 saylı RƏF-də ezamda olduğu müddətdə onun heç kimdən maddi və digər şəkildə tələbi olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, onun vəzifədən azad olunması barədə cavabdeh tərəfindən qəbul edilmiş 10 yanvar 2022-ci il tarixli, **********9 nömrəli əmrin ləğv edilməsi, işinə bərpa edilməsi və 10 yanvar 2022-ci il tarixdən qətnamə qanuni qüvvəyə minənə qədər olan müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-ci ildə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondun Balakən rayon şöbəsinə işə qəbul olunmaqla əmək fəaliyyətinə başlamış və 2020-ci ilin sentyabr ayınadək Fondun Balakən rayon şöbəsində sosial sığorta sektorunda baş məsləhətçi kimi, həmin müddətin 8 ilini isə sektor müdiri vəzifəsini icra etmişdir. 2020-ci ilin dekabr ayının 4-dək şöbənin pensiya təyinatı sektoruna mütəxəsis təyin olunmuşdur. İşlədiyi dövr ərzində həmişə savadlı və bacarıqlı işçi kimi öndə olmuşdur. 04 dekabr 2020-ci ildə Fondun 16 saylı Zaqatala Regional Ərazi X20 Sosial Yardımın (ÜDSY) Təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. 2020-ci il dekabr ayının 30-da DSMF-nin 30 dekabr 2020-ci il tarixli **********7 nömrəli əmri ilə Fondun 7 saylı Regional Ərazi Filialına ÜDSY təminatlarının yoxlanılması üçün ezam olunmuşdur. Həmin günədək ÜDSY haqqında ancaq nəzəri bilgiləri olmuş, heç bir praktiki yoxlamaya cəlb olunmamışdır. xx.xx.2021-ci il tarixdən Lənkəran rayonunda ÜDSY-nın Təminatı şöbəsinə daxil olan müraciətlərin yoxlanılmasına başlamışdır. Həmin tarixdən təxminən 13-15 gün müddətində Fondun 16 saylı X36 rayon şöbəsinin əməkdaşı ilə birlikdə özünün şəxsi minik vasitəsilə müxtəlif ünvanlarda yoxlamalarda iştirak etmiş və yoxlamanın aparılma qaydalarını təcrübə edərək, əməkdaşdan yoxlamanın aparılma qaydalarını öyrənmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yoxlamalarda olan müddətdə şəhər mərkəzində yerləşən “Səda” otelində qalmışlar. Gecə saat 12:00-a və 01:00-dək yoxlamaların nəticələrinin elektron sistem üzərindən araşdırılmasını aparmışlar. Fevral ayının sonu, mart ayında Lənkəran sakinlərindən biri ÜDSY-ın təyin olunmasına xitam verildiyi üçün adına şər böhtan ataraq guya ona rüşvət verib, guya “bütün fondun işçiləri rüşvətxordu, həmin kənddən 4-5 min manat rüşvət yığıblar” məzmununda nazirliyə məktub ünvanlamışdı. Nazirliyin daxili auditi və Fond tərəfindən araşdırma aparılmış və həqiqətən həmin şəxsin ÜDSY sənədlərində saxtakarlıq olduğu aşkarlanmış və ona atdığı böhtana görə məhkəməyə müraciət etsə də aralarında barışıq elan olduğundan ərizəsini geri götürmüşdür. 07 sentyabr 2021-ci ildə onu təkrar Lənkəran rayonuna ezam etmişlər və 07 oktyabradək Astara, Lerik, Lənkəran rayonlarında yoxlamalar aparmışdır. xx.xx.2021-ci ildə məzuniyyətə çıxmış, xx.xx.2021-ci ildə işə başlamışdır. xx.xx.2021-ci ildə Fondun Daxili nəzarət şöbəsinə çağırılmış və ona daxili audit tərəfindən Lənkəran şəhərində apardığı yoxlamaları araşdırdıqlarını söyləmişlər və bir sıra nöqsanların olduğunu bildirmişlər. Lakin həmin vaxt həmin nöqsanların ona aid olmadığını və bəzi şübhələrinin əsassız olduğunu sübuta yetirmişdir. Onun izahatı alınmışdır. “Audit yoxlamanın aşkarladığı nöqsanlarla razıyam” cümləsini yazdırarkən o, öz etirazını bildirmişdir ki, “axı həmin aktlar mənə aid deyil, mən şöbə müdirinin evində qalmamışam, heç kimdən pul tələb etməmişəm” desədə auditin əməkdaşı sanki onu yola gətirərək “burada heç bir narahatlıq iş yoxdur, siz yazın ən uzağı töhmət verəcəklər deyərək” onu razı salmışdır. O, izahatı yazmış və imza çəkərək təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə işə gələrkən Fondun Şəki-Zaqatala regional filialının müdiri zəng edərək onun işdən azad olunduğunu bildirmişdir. Beləliklə, İddiaçı ƏƏSMN tabeliyində DSMF-nun 10 yanvar 2022-ci il tarixli, **********9 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş və onunla 2020-ci il 14 avqust tarixində bağlanmış Əmək müqaviləsinə 2022-ci il 10 yanvar tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilmişdir. Hesab edir ki, onun əmək hüquqları kobud şəkildə pozulmuş, o, Əmək Məcəlləsinin qeyd edilən normasının hər hansı pozuntusuna yol vermədiyi halda, Məcəllənin 10-cu maddəsinin a) bəndində göstərildiyi kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirdiyi halda əsassız olaraq cavabdeh onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, e-2(004)- 2085/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı əmrin verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Həmçinin iddia üzrə "əmrin ləğv edilməsi və işə bərpa" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğv edilməsi və işə bərpa" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində də təmin edilə bilməz.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68, 70, 71, 80 eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 sədri Himalay Məmişovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə ünvanladığı xidməti məruzə ilə bağlı iddiaçı ətraflı, yazılı izahat vermiş və xidməti məruzədə göstərilən nöqsanlarla razılaşmadığını bildirmişdir. Lakin məhkəmə xidməti məruzədə göstərilən nöqsanlarla bağlı iddiaçının izahatını və həmin nöqsanların əsassız olduğuna dair dəlillərinə qiymət verməyərək, göstərilən nöqsanları əsas götürərək iddianı rədd etmişdir. Halbuki iddiaçı ezamiyyətdə olarkən əmək vəzifələrini pozmamış, yoxlamada olduğu ünvanlarda olarkən müvafiq qanunların və qərarların tələblərinə riayət etməklə yoxladığı ailələrin maddi-məişət şəraiti ilə bağlı gördüyü və aşkar etdiyi mövcud halların qeydiyyatını aparmışdır. Həmçinin Dövlət Sosial Müdafiə X27 sədrinin xidməti məruzəsində göstərilən nöqsanlarin monitorinq nəticəsində aşkar edildiyi göstərilmişdir. İddiaçı isə bildirmişdir ki, onun yoxlama apardığı zaman o aşkar etdiyi və gördüklərinin, ona verilmiş məlumatların qeydiyyatını aparmışdır. Təkrar monitorinq zamanı əgər fərqli hal aşkar olunarsa bu o demək deyildir ki, iddiaçı əmək funksiyasını, vəzifə borcunu düzgün yerinə yetirməyərək qanuna uyğun müayinə aparmamışdır. Eyni zamanda iddiaçı, ezamiyyədə olduğu ilk günlər ümumiyyətlə hər hansı yoxlama aparmadığını, yoxlamanı onunla birgə gedən Mustafa adlı əməkdaşın apardığını və onun yalnız kənardan müşahidə apardığını bildirsə də məhkəmə bununla bağlı hərtərəfli, obyektiv araşdırma aparmamış, ümumiyyətlə qətnamədə bu məsələyə toxunmamışdır. Bundan başqa məhkəmə iddiaçının barəsində qəbul edilmiş əmrin qanuna uyğun olduğu qənaətinə gələrkən yalnız cavabdeh tərəfin dəlillərinə istinad etmiş və bununla kifayətlənmişdir. İddiaçının barəsində sözügedən əmrin qəbul edilməsinə əsas olmuş ÜDSYyətinatlarında monitorinq nəticəsində aşkarlanmış nöqsanlar olmuşdur ki, həmin göstərilən nöqsanlar qərəzli və qeyri-obyektiv olmuşdur. Çünki xidməti məruzədə göstərilir ki, iddiaçı ÜDSY təyinatların ilkin müayinəsi zamanı qabaqcadan görə biləcəyi halda nöqsanlara yol verərək qanunauyğun müayinə aparmamışdır. İddiaçı isə qeyd etmişdir ki, onun apardığı müayinə zamanı o, ailələrin maddi məişət şəraitini olduğu və gördüyü kimi qeyd etmişdir. Başqa cür o bunu görə bilməzdi. Məhkəmə isə bununla bağlı iddiaçının izahatını dinləsə də hər hansı araşdırma aparmadan tələsik qətnamə çıxararaq iddianı rədd etmişdir. İddiaçı xx.xx.2021ci il tarixdən ezamiyyətdə olduğu müddətin ilk 15 gününü onunla birgə ezamiyyətə yollanmış DSMF-nun 16 saylı Regional Əraziİdarəsinin əməkdaşı olan Mustafa adlı şəxslə birgə müxtəlif ünvanlarda olmuş, Mustafa yoxlamanı aparmış və iddiaçıya müayinə aktına yazılacaq qeydləri demiş, Mübariz isə akta yazmışdır. Xidməti məruzədə göstərilən adları qeyd edilən şəxslərin ünvanlarında aparılan müayinələri də nöqsan kimi cavabdeh orqan iddiaçının adına yazmışdır. Həmçinin məhkəmədə iddiaçı tərəfindən bildirilsə də ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 37 nömrəli Qərarı ilə təsdiq edilmiş Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na 4 nömrəli Əlavədə göstərilmiş ailənin X2 barədə məlumat vərəqində qeyd edilməli xanalar iddiaçı tərəfindən özünün müayinə apardığı ünvanlarda onun gördüyü və aşkar etdiyi vəziyyətə uyğun qeydlər aparılmış, lakin buna baxmayaraq cavabdeh orqan həmin ünvanlarda aparılan monitorinqə əsaslanaraq bunu iddiaçıya nöqsan kimi qeyd etmiş və bu da iddiaçının barəsində çıxarılmış əmrin əsassız olduğuna dəlalət edir, lakin məhkəmə buna əhəmiyyət verməmiş, əmrin əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Hesab edir ki, iddiaçının öz əmək vəzifələrini kobud şəkildə pozması ilə bağlı cavabdeh tərəfindən göstərilən dəlillər sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X27 sədri Himalay Məmişovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial MüdafiəsiNaziri cənab Sahil Babayevə ünvanladığı xidməti məruzəsində göstərdiyi nöqsanların qərəzli, qeyri-obyektiv olduğuna dair iddiaçının gətirdiyi dəlillər onu deməyə əsas verir ki, həmin xüsusatlar nöqsan hesab edilə bilməz və iddiaçıya aid edilə bilməz. Çünki iddiaçı özünü müayinə apardığı ünvanlarda gördüyünü və aşkar etdiyinin qeydiyyatını olduğu kimi aparmışdır. Sonradan hansı həmin ünvanlarda hansısa fərqli vəziyyət aşkar edilmişdirsə bunu iddiaçıya nöqsan kimi göstərmək tamamilə əsassızdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən aparılan monitorinqin onun yoxladığı evlərə aidiyyatı olmamışdır. Həmçinin işə çıxdığı yeni vaxtlarda yanında olan iş yoldaşının dediklərini qeyd etmiş, onun tərəfindən hər hansı bir yoxlama olmamışdır. Bundan başqa onun yoxladığı evlərdə gördüklərinin hamısını qeyd etmişdir. Sonradan müəyyən edilən ziddiyyətlərin isə onunla əlaqəsi olmamışdır.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq izahatında əlavə olaraq bildirdi ki, monitornqi həyata keçirilmiş işlərdən görünür ki, həmin işlər üzrə nəticələr məhz iddiaçının imzası ilə sistemə daxil edilmişdir. Həmçinin iddiaçı yoxlamağa apardığı evlərdə lazımi qeydlər aparmamışdır. Həmin qeydlərin natamamlığı isə vətəndaşlara sosial yardımın verilməsinə səbəb ola bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir.

20. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir.

21. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

22. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

23. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

24. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

Apelyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci ildən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Balakən rayon Filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci ildən Fondun 16 saylı Regional ərazi X20 sosial yardımın təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə, 27 dekabr 20221-ci ildə Fondun 3 saylı Şəki-Zaqatala Regional Ərazi X20 Sosial Yardımın (ÜDSY) Təminatı şöbəsinə böyük mütəxəssis vəzifəsinə keçirilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə əmək vəzifələrinin icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2020ci il tarixdə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2022-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 və 8 saylı Regional ərazi filiallarında Daxili nəzarət departamenti və Fondun X2 üzrə Mərkəzi Filialının birgə iştirakı ilə ÜDSY işlərinin seçmə üsulla monitorinqi aparılan zaman İddiaçı barəsindəki şikayətin əsaslılığının araşdırılması üçün onun tərəfindən müayinəsi aparılan ÜDSY təyinatlarının yenidən X2 aparılmış və İddiaçı tərəfindən müayinəsi aparılmış ÜDSY təyinatlarında nöqsanlar aşkarlanmışdır. İddiaçı izahatında bu yoxlamanın nəticələri ilə tanış olduğunu, orada olan nöqsanları qəbul etdiyini və bu halın onun ÜDSY sektorunda yeni olmağı və praktikasının az olmasından irəli gəldiyini qeyd etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.

31. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

32. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

33. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, işçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması belə halların sırasında göstərilmişdir.

34. İşin yuxarıda sadalanan müəyyən olunmuş hallarına əsasən kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması götürülmüşdür.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı ezamiyyətdə olarkən əmək vəzifələrini pozmamasını bildirsə də, iş materiallarında olan (i.v 44) iddiaçının yazılı izahatında sektorda yeni olmasını bildirməklə, yol verilmiş nöqsanları qəbul etmişdir. Digər tərəfdən monitorinqlər məhz iddiaçının yoxlamada olduğu ünvanlar üzrə aparılmış və iddiaçının qeydləri ilə faktiki aşkar edilmiş hallar arasında uyğunsuzluqlar aşkar edilmişdir. Bundan başqa iddiaçı - ezamiyyədə olduğu ilk günlər ümumiyyətlə hər hansı yoxlama aparmadığını, yoxlamanı onunla birgə gedən Mustafa adlı əməkdaşın apardığını və onun yalnız kənardan müşahidə apardığını bildirsə də təqdim edilmiş yoxlamalarda belə bir halın mövcud olması qeydlərdə öz əksini tapmamışdır.

36. Göründüyü kimi iddiaçının əmək müqaviləsi qanuni və əsaslı olaraq ləğv edildiyindən, iddia tələbinin əsassız olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olmuşdur.

37. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, e-2(004)-2085/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar