Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-468/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, X19 oğlunun katibliyi, İddiaçı1 və İddiaçı2, həmçinin nümayəndə (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-2098/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Həmçinin, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3426/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və onunla maddi məsuliyyət müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2016-cı il tarixli 45 saylı əmrinin ləğv edilməli, işinə bərpa edilməsi, xx.xx.2014-cü il tarixdən hazırki dövrə qədər almadığı orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, xidmət haqqı kimi ödənilmiş 18.000 manatın, işıq puluna ödənilmiş 4.700 manatın, su puluna ödənilmiş 315 manatın cavabdeh tərəfindən qaytarılması, həmçinin maddi zərərə görə 40.000 manat və mənəvi zərərə görə 10.000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi, həmçinin onunla maddi məsuliyyət müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası X8 (xx.xx.2013-cü il tarixdə ölmüşdür) 1959-cı ildən vəfat etdiyi vaxtadək, yəni ümumilikdə 54 il Azərbaycan məişətinə xidmət göstərmiş, 1989-cu ilin avqust-sentyabr ayında ünvan 1 A ünvanında (köhnə ünvanı Tağızadə 27A) yerləşən, 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesini faktiki almışdır. Lakin atası həmin dövrdə 2 saylı paltarların fərdi tikilişi və təmiri fabrikində baş mühəndis işlədiyi üçün 7 saylı atelyeyə «Leyla» adlı xanımı müdir təyin etmişdir. 1993-cü ildən isə atası öldüyü günə qədər 7 saylı atelyenin müdiri işləmişdir. Ümumiyyətlə 7 saylı atelye Məişət Nazirliyinin balansında olmuşdur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yaradılmasından sonra isə 7 saylı atelye Komitənin balansına verilmişdir. O, 2000-ci ildən atasının yanında , yəni 7 saylı atelyedə atasına köməklik etmişdir. Yuxanda göstərdiyi faktları Əmlak Komitəsinin rəhbər işçiləri yaxşı bildikləri üçün atası xx.xx.2013-cü ildə vəfat etdikdən sonra Əmlak Komitəsinin özəlləşmə şöbəsinin müdiri Sadiq Məmmədov onu və qardaşı Nadir Abbasovu komitəyə yanına çağırtdırıb onlara bildirmişdir ki, «bütün komitədə atelyenin sizin atanıza məxsuz olduğunu hamı bilir, elə isə gedin iki qardaş atelyedə problemsiz fəaliyyət göstərin, nədə çətinliyiniz olsa mən sizin qulluğunuzdayam». 2014-cü ildə Azərbaycan Respublikası ƏMDK-nın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin işçisi olan «Kamran» adlı şəxs faktiki olaraq fəaliyyətdə olan 7 saylı atelyeyə gələrək ondan və digər işçi Rövşən Mahmudovdan işə qəbulla bağlı ərizələr istəmiş və bu zaman bildirmişdir ki, «sizdən eyni vaxtda iki ərizə alınacaq, yəni tarix qoymadan işə qəbul və işdən öz xahişinizlə azad olma ərizələrinizi təqdim etməlisiniz». Əlavə olaraq onunla 7 saylı atelye üzrə maddi-məsul şəxs olması haqqında müqavilə bağlanacağını bildirmişdir. Sonra «Kamran» adlı həmin şəxs atelyedə idarədə əvvəlcədən hazırlanmış müqavilələri onlara təqdim edərək bildirmişdir ki, bu şərtlərlə razılaşmayan şəxslər atelyedə işləyə bilməz. O və Rövşən məcburiyyət qarşısında qalıb atelyedə onlara təqdim edilmiş ərizələrə imza edərək «Kamran» adlı şəxsə vermişlər. Onun ilk iş yeri olduğu üçün əmək kitabçasını Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları özləri açmalı idi. Lakin sonradan ona məlum olmuşdur ki, baş verənlər onların ailəsinə qarşı komitə ilə idarə razılaşdırılmış, məkrli niyyətlərini həyata keçirilməsinə yönəlmiş bir addım idi. Atası işlədiyi dövrdə atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərclərini ödəmiş, o cümlədən atelyenin təmiri atası tərəfindən edilmişdir. 2014-cü ildən hazırki dövrə qədər atelyenin xidmət haqqı, bütün kommunal, texniki və məişət xərcləri onun tərəfindən ödənilmiş, o cümlədən atelyenin (1960-ci iliərdə tikilmiş binadı) təmiri onun tərəfindən edilmişdir. İdarə tərəfindən yalnız ərizələr götürülmüşdür. Lakin o, 2014-cü ildən hər hazırkı dövrə qədər, hər ay idarəyə 200-405 manat xidmət haqqı ödəmişdir. Bununla yanaşı xidmət haqqı ödəməsinə baxmayaraq idarə tərəfindən hazırki vaxta qədər heç bir maaş almamış və məzuniyyətə çıxmamışdır. Onda olan məlumata görə onun üçün pensiya fonduna heç bir ödəniş edilməmişdir. O, 2014-cü ildən hər ayın 10-da xidmət haqqını idarədə ödəmiş və hər ayın axırlarında ödəniş çekini idarənin jurnalına qol çəkərək kassir İlqar Qarayevdən almışdır. Bəzi hallarda isə onun hər ay ödəniş etməsinə baxmayaraq iki ayı birləşdirib çek vermişlər. Yəqin ki, ödənilən pullar başqa məqsədlə xərclənmişdir. 2019-cu ilin fevral ayının 11-də idarənin əməkdaşları olan «Nazir» və «Məmmədəli» adlı şəxslər atelyeyə gələrək onun orada olmamasından istifadə edərək sexdə işləyən qadınlara hədə qorxu gələrək 18 fevralda atelyeni boşaltmağı tələb etmişlər. Fevral ayının 18-də yenə də həmin şəxslər, eləcə də adlarını bilmədiyi daha iki nəfər və Bakı şəhəri Nəsimi rayon özəlləşdirmə idarəsinin işçisi «Abdulla» adlı şəxs atelyeyə gələrək heç bir əsas göstərmədən işçilərə qarşı kobud və təhqiredici ifadələr işlədərək atelyeni boşaltmağı əmr etmişlər. Yalnız bu zaman ona məlum olmuşdur ki, onu işdən çıxarmışlar. Lakin o, bu şəxslərə inanmamış və idarəyə ərizə ilə müraciət etmişdir. Cavabdehin bununla bağlı qeyri-qanuni hərəkətləri hazırki, iddianın predmeti olmasa da, qanunun tələbinə əsasən cavabdeh özəlləşdirmə ilə bağlı ona və əmək kollektivinə satınalmada üstünlük hüququ ilə bağlı yazılı formada bildiriş göndərməkdə borclu olduqları halda bunu etməmişlər və bununla bağlı hər hansı bir rəsmi sənəd mövcud deyildir. İdarə xx.xx.2019-cu il tarixdə ona verdiyi arayışa qoşma kimi işdən çıxma əmrinin surətini əlavə etmişdir. Həmin arayış onun idarəyə verdiyi sorğuya əsasən ona elə həmin tarixdə rəsmi qaydada təqdim edilmişdir. Çünki vəzifədən azad olduğu barədə əmrlə bağlı onda heç bir məlumat olmamışdır. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi xx.xx.2016-cı il tarixdə 45 saylı əmrlə əmək müqaviləsini ləğv etmişdir. İdarənin təqdim etdiyi arayışda göstərilir ki, 7 saylı atelye xx.xx.2016-cı il tarixdə açıq hərraca çıxarılmış və xx.xx.2019-cu il tarixdə 17-ci dəfə keçirilmiş açıq hərracda satılmışdır. Burdan aydın olunur ki, idarənin onun xəbəri olmadan işdən çıxarılmasının əsas səbəbi faktiki olaraq onların ailəsinə aid olan 7 saylı atelyeni onlardan qeyri-qanuni alınaraq digər şəxslərə özəlləşdirməkdən ibarət olmuşdur. xx.xx.2019-cu il tarixdə onunla idarə arasında bağlanmış əmək və xidmət müqaviləsinin surətlərinin verilməsi haqqında idarəyə sorğu göndərmiş, lakin idarə xx.xx.2019-cu il tarixdə ona ilk dəfə əmək müqaviləsinin surətini təqdim etmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndində göstərilir ki, əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. xx.xx.2014-cü il tarixli 178 saylı əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdırsa, niyə idarə həmin vaxt bitəndən sonra deyil, məhz xx.xx.2016-cı il tarixdə əmək müqaviləsinə xitam vermişdir. Deməli, o, nəinki həmin müddətdə, hətta bu vaxta qədər faktiki cəhətdən məsul vəzifəli şəxs qismində iştirak etmiş və bütün xərclər (texniki, kommunal, təmir, məişət və s.) onun tərəfindən öz vəsaiti hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2098/2019 saylı qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən saxta üsulla hazırlanmış xx.xx.2016-cı il tarixli işdən çıxma ərizəsinin və eyni tarixli 45 nömrəli əmrin ləğv edilməsi, işə bərpa, xx.xx.2014-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 3426/2019 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiasının təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı hər iki mülki işin bir icraatda birləşdirilərək birlikdə baxılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini - iddia ərizələrində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin obyektiv araşdırılmamasını, sübutlara düzgün hüquqi qiymət verilməməsini, işdən çıxma barədə ərizələrin onların iradəsinə uyğun yazılmamasını, əmək hüquqlarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətlərini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahatlarına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsində verilmiş izahata oxşar, eyni məzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməli, iddiaların qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Beləki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 178 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı1 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. İşdə olan İddiaçı1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru M.İmanova ünvanlanmış ərizədən görünür ki, İddiaçı1 öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, özəlləşmə payına dair iddiasının olmadığını göstərmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli, 45M nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 6.3-cü bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 7 saylı atelyesinin dərzisi X8 ilə bağlanmış əmək müqaviləsinin tərəflərin razılığı əsasında ləğv edilməsi və xx.xx.2016-cı il tarixdən işdən azad edilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********96 nömrəli məktubundan görünür ki, İddiaçı1 tərəfindən 7 saylı atelyenin fəaliyyəti ilə əlaqədar yaranan xərclərin ödənilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə müvafiq olaraq 405 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdə olan İddiaçı2 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin direktoru F.Məlikova ünvanlanmış ərizədən görünür ki, o, Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyedə işə qəbul edilməsini xahiş edir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru X12 ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 177 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı2 xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır. İşdə olan İddiaçı2 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru M.İmanova ünvanlanmış ərizədən görünür ki, İddiaçı2 öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, özəlləşmə payına dair iddiasının olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, **********30 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında yerləşən 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesində dərzi işləmiş İddiaçı1 işlədiyi xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək dövrdə işdən azad olunmağı ilə əlaqədar son haqq hesab da daxil olmaqla hesablanmış 2057,76 manat məbləğində əmək haqqı alınmadığına görə deponent edilmişdir. İddiaçı müvafiq bankların birində hesab açaraq Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə bildirəcəyi təqdirdə, göstərilən məbləğin hesabına köçürülməsi təmin ediləcəkdir. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (7 saylı atelye) xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət kimi X5 məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2019-cu il tarixli, 16 nömrəli əmrindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (7 saylı atelye) – Mərkəzin dislokasiyasında «atelye №7» kimi göstərilmiş (xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarış) mülkiyyətçinin dəyişilməsi ilə əlaqədar özəlləşdirilməsini təsdiq edən sənədlər verildiyi tarixdən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyindən və dövlət reyestrindən çıxarılmış və əmlakları balansdan silinmiş hesab edilməsi əmr edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-11427/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və X6 qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 27A ünvanında (köhnə ünvanı Tağızadə 27A) yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə xx xxxxxx 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolunun və onun əsasında X9 ilə bağlanmış əqdin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X4 adına xx xxxxxx 2019-cu il tarixdə qeydə alınmış ******* seriyalı çıxarışın ləğv edilməsi qət olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 11443 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin materiallarına olan İddiaçı1 adından olan xx.xx.2016-cı il tarixli ərizədə «imza» qrafasındakı imza İddiaçı1 tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Birinci instansiya məhkəmələri iddiaların təmin olunmaması nəticəsinə gələrkən, əmək müqavilələrinə iddiaçıların öz təşəbbüsünə əsasən xitam verilməsinə (öz xahişləri ilə ərizə yazmalarına) və bu barədə qanunun formal tələblərinə istinad etmiş, lakin işin həqiqi hallarını, tam, obyektiv və hərtərəfli araşdırmamış, iddiaçıların dəlillərinə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasıbirinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, əmək qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. ƏM-nin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. Lakin, bu işçinin öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qadağandır. Bu hal, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında» 1993-cü il 23 dekabr 5 nömrəli qərarının 8-ci bəndində də xüsusi olaraq vurğulanmışdır. Belə ki, həmin bəndə əsasən əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Əgər iddiaçı işəgötürənin onun öz ərizəsi ilə işdən çıxmaq barəsində ərizə verməyə məcbur edildiyini bildirirsə, məhkəmə iddiaçının bu dəlillərini ciddi yoxlamalıdır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnamələrindən görünür ki, məhkəmə iddiaçıların bildirməsinə baxmayaraq, onların dəlillərini tam və hərtərəfli yoxlamamışdır. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işdən çıxma barədə mübahisələndirilən ərizələr iddiaçıların özləri tərəfindən şəxsən (iddiaçıların öz xətti ilə) tərtib olunmamış, iddiaçılar əvvəlcədən kompyuterdə tərtib olunmuş ərizəni imzalamışlar. İddiaçılar həmin ərizələrin əvvəldən, yəni işə qəbul barədə ərizələrdə eyni vaxtda alındığını bildirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, 1985-ci il tarixdən Nəsimi rayonunda yerləşən 7 saylı atelyedə işləmişdir. 1997-ci il tarixdən Fərman adlı şəxs atelyeyə müdir təyin edilmişdir. Maaşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən almırdılar, müdirləri Fərman sonra isə Abbas verirdi. İşlədikləri vaxtda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzindən nümayəndələr gəlmiş və işçilərlə özlərinin deməsinə görə müqavilə müddətinin uzadılmasına dair müqavilələr bağlamışlar. Mərkəzin nümayəndələri ilə münasibətləri yaxşı olduğundan ərizələri oxumadan imzalamışlar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Mahmudov Rövşən Adil oğlu bildirmişdir ki, o, 10 ildən artıq müddətdir ki, ünvan 1 A ünvanında (köhnə ünvanı Tağızadə 27A) yerləşən, 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesinin yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən qapı-pəncərə sexində işləmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əməkdaşları oraya gələrək, ondan işə qəbul və işdən öz xahişi ilə azad olma barədə ərizələr almışlar. Bunu onunla əsaslandırmışlar ki, o və orada işləyən digər şəxslər yalnız bu şərtlər əsasında orada qalıb işləyə bilərlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, o, İddiaçı1 tələb yoldaşıdır. Sonuncu 2019-cu ilin fevral ayında ona xx.xx.2016-cı il tarixdə xəbəri olmadan işdən çıxarıldığını bildirmiş və ondan ona bu məsələdə hüquqi yardım göstərməsini xahiş etmişdir. O, İddiaçı1 işdən azad olunmasından xəbərinin olmamasını bildirdi. İşdə olan xx xxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli aktlardan (həmin aktlar 7 saylı atelyenin bir qrup işçiləri tərəfindən tərtib olunmuşdur) görünür ki, atelyenin kommunal, texniki məişət, aylıq xidimət haqqı və s. ödənişləri İddiaçı1 həyata keçirmiş, lakin 2019-cu ilin fevral ayında və mart ayında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin əməkdaşları atelyeyə gələrək heç bir əsas gətirmədən iş yerlərini boşaltmağı tələb etmişlər. Həmçinin, işdən görünür ki, iddiaçıların barəsində xx.xx.2016-cı il tarixli 45 saylı əmr qəbul edilsə də, bununla bağlı iddiaçılara məlumat verilməmiş, əmrin surətləri onlara göndərilməmiş, son haqq-hesab sənədləri tərtib olunmamışdır. ƏM-nin 83-cü maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin nümayəndəsi isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, həmçinin iddiaçıların işdən azad olunmaları barədə əmrdən onun qəbul edildiyi zaman məlumatlı olmalarını təsdiq edə biləcək hər hansı dəlili irəli sürə bilməmişdir. Halbuki, işdə olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu il tarixədək faktiki işləmiş və iş yerlərində olmuşlar. Onlar yalnız 2019-cu ilin feral ayında ərizə ilə müraciət etdikdən sonra müvafiq sənədlərin (əmr, ərizə və s.) onlara təqdim edilmiş, məhz bundan sonra məlumatlı olmuşlar. Göstərilən hallar, həmçinin iddialar tərəfindən əmrin mübahisələndirilməsi hissədə iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə də kifayət qədər əsaslar verir (cavabdeh əmrin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir). Göründüyü kimi, iddiaçıların öz xahişləri işdən azad olunması barədə əmr formal olmaqla, əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması ilə nəticələnmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların işdən azad olunması barədə əmr ərizələrlə eyni tarixdə qəbul edilmişdir ki, bu halın özü də qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki, ƏM-nin 69-cumaddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. ƏM-nin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən göründüyü kimi, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək (1 aylıq müddət) istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Ərizələrdən isə görünür ki, orada əmək münasibətlərini dayandırmaq günü konkret göstərilməmişdir (ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsi). Belə olan halda isə əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq əmr eyni gündə verilə bilməzdi. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, onların araşdırılması və hüquqi qiymət verilməsi istiqamətində hər hansı araşdırma aparmamışdır. Halbuki, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçıların əmək hüquqlarına müdaxilə baş verməsi halı müəyyən edilmişdir. Bu səbəbdən də, iddia ərizələri əmrin ləğv olunması, iddiaçıların əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində əsaslıdır. Bununla yanaşı, iddia ərizələri qalan hissələrdə (əmək haqqının xx.xx.2014-cü il tarixdən etibarən ödənlməsi və s.) təmin oluna bilməz. Belə ki, iddiaçılar işə qəbul olduqları xx.xx.2014-cü il tarixdən etibarən onlara əmək haqqının ödənilməməsini bildikləri halda qanunla nəzərdə tutulmuş 1 il müddət ərzində bunu tələb etməmişlər. Halbuki, ƏM-nin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar xx.xx.2014cü il tarixdən onların əmək müqavilələrinə xitam verilməsi barədə əmrin qəbul edildiyi xx.xx.2016-cı il tarixədək əmək haqqının ödənilməsi tələb etməkdə iddia müddətini üzrsüz səbəblərdən ötürmüşlər. Bu hal isə, iddianın qeyd edilən hissədə əsassız olmasın nəticəsinə gəlməyə əsas verir. Bununla yanaşı, İddiaçı1 «onunla maddi məsul şəxs barədə müqavilənin bağlanması» barədə tələbi də hazırki mübahisə çərçivəsində təmin oluna bilməz. Çünki, ƏM-nin 200-cimaddəsinin 1-cibəndinəəsasənistər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. ƏM-nin 200-ci maddəsinin 2-ci bəndinə əsasən işlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. ƏM-nin 200-ci maddəsinin 3-cü bəndinə əsasən bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. Göründüyü kimi, işçi ilə tam maddi məsuliyyət barədə yazılı müqavilənin bağlanılması halı qanunvericiliklə tənzimlənmişdir ki, bu məsələ işəgötürənlə işçi arasında qanunun tələbləri çərçivəsində müstəqil qaydada bağlanıla bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri qalan hissələrdə əsassız olduğundan təmin olunmamalıdır. İddiaçılar həmin hissədə tələblərinin əsası kimi istinad etdikləri halları əsaslanıdra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməli, iddiaların qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməli, iddiaçıların işdən azad olunma haqqında cavabdehin xx.xx.2016-cı il tarixli 45 saylı əmri ləğv olunmalı, iddiaçılar əvvəlki vəzifələrinə bərpa edilməli və onlara məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməli, iddia qalan hissələrdə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasi şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 2098/2019 saylı və xx xxxxxx 2019-cu il tarixli, 2(005)-3426/2019 saylı qətnamələri ləğv edilsin, iddiaların qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Cavabdehin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 45 saylı əmri qanunsuz olduğundan ləğv edilsin, iddiaçılar əvvəlki vəzifələrinə bərpa olunsun və onlara məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. İddialar qalan hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-468/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-468/2020
10.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver