Məhkəmə qərarları › İş №2(103)-468/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-468/2025

08.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-468/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 2014/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1990-cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü Əliyeva X10 RPİ-nin 38-ci PB-də 03/23 sıra sayı altında “münaqişəli ailə” kimi qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh, X15 qeydiyyatdadır. AZ-İ seriyalı, 484231 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 fevral 2024-cü il tarixində qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 2252 nömrəli reyestr kitabının 209561 nömrəli vərəqində xx.xx.2015-ci il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X8 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yanında və himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-303/2024 saylı qərarına əsasən, Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-2703/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, tərəflərin ikisinin də hazırda “sifilis” xəstəliyinin daşıyıcısı olduğu müəyyən edilmiş, lakin xəstəliyin tərəflərin hansı birindən digərinə keçməsini müəyyənləşdirmək mümkün olmamış, bu səbəbdən ziyan tələbi barədə qarşılıqlı iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-138/2024 saylı qərarına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 avqust 2023-cü il tarixli, 2(103)-4374/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, işə baxılarkən nikahın pozulması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minmədiyindən (yuxarı instansiya məhkəməsinin icraatında olduğundan), tərəflər arasında nikaha xitam verilməmiş hesab olunaraq, mənzilə köçürülmə tələbi təmin edilməlidir. Həmçinin, kollegiya qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə bilər. Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X9 ünvan 2 ünvanında ailə tərkibi ilə birgə qeydiyyatsız yaşayır. AZ-İV seriyalı, 099706 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. Qaradağ rayon MKTB 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, qonşuların aktına əsasən, Cavabdeh 2022-ci ilin iyun ayından Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə yaşamır. X5 və X6 notarial qaydada təsdiq edilmiş ərizələrinin surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan sakinləri yaxından tanıyırlar. Cavabdeh 2022-ci ilin iyun ayından həmin ünvanda yaşamır. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədlinin xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərarının surətindən görünür ki, borclu xx.xx.1990-cu il təvəllüdlü İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Azər Vəliyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərardan həmçinin görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, evlilik zamanı əri İddiaçı, qaynı, baldızı tərəfindən mütəmadi olaraq ölümlə hədələnmiş, fiziki və mənəvi zorakılığa məruz qalmış, azyaşlı övladının əlindən alınacağı barədə təhdid edilmiş, diktə etdikləri sözləri deməyə məcbur edilərək səs qeydləri aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin 259/KES saylı ekspert rəyinin surətindən görünür ki, Cavabdeh adına 1 nömrəli X7 verilmiş xx.xx.2022-ci il tarixli 453 saylı tibbi arayışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə dispanserdə müayinədən keçmiş və ona "erkən gizli sifilis" diaqnozu təyin edilmişdir. Xəstəliyin hansı birindən digərinə keçməsi barədə fikir söylənilməsi mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüquqi şəxsinin 259.1/KES saylı ekspert rəyinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "Yasamal Hospital"da aparılmış laborator müayinə zamanı onda anti-treponema pallidumun nəticəsi pozitiv olmuş, yəni hazırda "sifilis" xəstəliyinin daşıyıcı olduğu müəyyən edilmişdir. Xəstəliyin hansı birindən digərinə keçməsi barədə fikir söylənilməsi mümkün olmadı. Qaradağ rayon MKTB 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 56 saylı evin 41 saylı mənzili X2 adınadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospektində istifadədə olan 0.0375 ha torpaq sahəsində yerləşən 56 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 5-ci mərtəbəsində 48.15 kv.m ümumi, 30.15 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 275 nömrəli reyestr kitabının 26477 nömrəli vərəqində xx.xx.2007-ci il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsi 38-ci Polis Bölməsi tərəfindən X4 və Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X2 və Cavabdeh şikayət ərizəsi əsasında toplanmış təhqiqat materialı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surəti onlara göndərilmiş, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı Fariz İbrahimovun materialın aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Sahil qəsəbəsi, 5-ci massiv, fərdi evdə yaşayan X9 ərizə ilə müraciət edərək, nəvəsi xx.xx.2018-ci il təvəllüdlü Hüseynə atası İddiaçı tərəfindən bıçaqla xəsarət yetirilməsini qeyd edərək Rəşadın cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, toplanmış HK-1/563 nömrəli materialın aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, keçmiş həyat yoldaşı Cavabdeh ilə xəyanətə görə boşanmışdır. Firuzə və ailəsi xx.xx.2022-ci il tarixdən davamlı olaraq indiyədək polisə və prokurorluğa müraciət edərək onu müxtəlif böhtanlarla şərləyir, tutduracaqları, başını kəsəcəkləri, onu və ailə üzvlərini öldürəcəkləri ilə hədələyirlər. Uşaqla görüş zamanı uşağın gözü qarşısında onu təhqir edir, vurur, söyüş söyərək provokasiyaya çəkməyə çalışırlar. Belə adamla bir yerdə yaşaması mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil xx.xx.2015-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdeh ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-91/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2024-cü il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verillmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışa əsasən, cavabdeh iddiaçıya məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Halbuki, tərəflər arasında münasibətlər cavabdehin xəyanəti səbəbindən nikahın pozulmasından xeyli əvvəl pozulmuş, cavabdeh 16 iyun 2022-ci il tarixdən iddiaçıya məxsus mənzili tərk edərək atası evinə getmiş və iki ildən çoxdur ki, orada yaşayır. Cavabdehin formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının öz əmlakına dair sərəncam və digər hüquqlarını məhdudlaşdırır, həmçinin iddiaçı cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəyir ki, bu hal iddiaçıya maddi zərər vurur. Cavabdehin mənzillə hər hansı bağlılığı yoxdur. Bundan əlavə, AR DİN Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 48-3/2-2942 saylı məktubdan da görünür ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, mənzil 60 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü Əliyeva X10 RPİ-nin 38-ci PB-də 03/23 sıra sayı altında “münaqişəli ailə” kimi qeydiyyata alınmışdır. Cavabdeh və onun atası tərəfindən iddiaçının özü və yaxın qohumları barəsində əsassız olaraq çoxsaylı şikayətlər verilmiş, bununla bağlı dəfələrlə cinayət işinin başlanması rədd edilmişdir, buna baxmayaraq şikayətlər davam etdirilir. Tərəflərin arasında mövcud münasibətlərin gərginliyi onların birgə yaşamasını istisna edir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2017-ci ildən, yəni tərəflər arasında nikah bağlandıqdan sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin normalara əsasən cavabdehin mənzildən istifadə hüququ saxlanmadığından, iddia tələbi təmin edilməlidir. Cavabdehin tərəfin etirazında qeyd etdiyi hallarla bağlı bildirmək istəyir ki, mənzilə köçürülmə barədə qətnamə qəbul edilərkən tərəflər arasında boşanma barədə qətnamə qanuni qüvvəyə minməmişdi, ona görə də həmin qətnamədə qeyd edilmişdir ki, nikah pozulandan sonra istifadə hüququna xitamla bağlı məhkəməyə müraciət oluna bilər. Həmçinin, cavabdehin iddiaçıya qarşı ziyan tələbi barədə iddiası rədd edilmiş, zöhrəvi xəstəliyin kimin tərəfindən keçdiyi müəyyən edilməmişdir. Cavabdeh tərəfin hazırki yaşayış yerində çətinliklər barədə deyilənlər də həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin atasının Sahil qəsəbəsində hazırki fərdi yaşayış evindən başqa mənzili, iki mağazası, həmçinin yaşayış evinin yanında oğluna məxsus ayrıca fərdi yaşayış evi vardır, ona görə də cavabdehin yaşayış yeri ilə bağlı heç bir çətinlik yoxdur. Digər tərəfdən, məhkəməyə təqdim edilən polis orqanlarının qərarları, diskdə əks olunan video materiallar tərəflər rasında münasibətlərin olduqca gərgin olduğunu təsdiq edir, bu vəziyyətdə cavabdehin iddiaçıya məxsus mənzilə köçürülməsi gələcəkdə faciə yaşanmasına gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2017ci il tarixdə İddiaçı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2018ci il təvəllüdlü X15 adında bir övladları olmuşdur. Tərəflər ailə qurduqları vaxtdan cəmi bir neçə ay əvvəl alınmış, iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Nikah bağlandığı vaxtdan tərəflər arasında narazılıqlar olsa da, uşağın xatirinə və valideynlərinin tövsiyəsi ilə cavabdeh ailənin qorunub saxlanmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən cavabdehə uşağı ilə birgə həmin mənzildə yaşamasına iddiaçı və onun yaxın qohumları tərəfindən maneələr yaradılmışdır. Cavabdeh əsassız olaraq xəyanətdə ittiham edilmiş, 16 iyun 2022-ci ildən isə mənzili tərk etmək məcburiyyətində qalmışdır. Uzun məhkəmə çəkişmələrindən sonra nikahları pozulmuş, cavabdehin azyaşlı uşağı ilə birgə mübahisəli mənzilə köçürülməsi qət edilmiş, müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Lakin iddiaçı bu günədək icra hərəkətlərindən yayınmış, axtarışa verilmişdir. Bundan əlavə, cavabdeh 2017-ci ildən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı da orada doğulmuşdur, cavabdehə məxsus olan məişət əşyaları həmin mənzildədir. Cavabdehin hazırda mənzil şəraiti isə bərbad vəziyyətdədir. Belə ki, cavabdehin özü və azyaşlı övladı iddiaçı tərəfindən yoluxdurulmuş xəstəlikdən əziyyət çəkdikləri halda, hazırda on iki nəfərlə birgə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı mənzilə görə yaxın qohumlarına borc qaytarmalı olduğunu deyərək, birgə nikah dövründə cavabdehə hər hansı maddi kömək göstərməmiş, cavabdehin bütün maddi ehtiyaclarını öz valideynləri ödəmişdir. Cavabdehin və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Cavabdeh ailə qurduğu üçün yarımçıq qoyduğu təhsilinə yenidən davam edir, lakin iddiaçı tərəfindən yoluxucu xəstəliyə yoluxdurulmuşdur. Hazırda cavabdehin və övladının bütün müalicə xərclərini valideynləri qarşılayır. Cavabdehə kirayə haqqı ödəmək və cavabdehi yaşayış yeri ilə təmin etmək onun valideynlərinin imkanı xaricindədir. Buna görə də cavabdehin təhsili bitənə, özünün və övladının xəstəliyi sağalana və yaşayış yeri ilə təmin edilənədək, ümumiyyətlə uşağın 18 yaşı tamam olanadək cavabdehin yaşayış hüququ saxlanılmalıdır. İddiaçı tərəfin cavabdehin və ailəsinin yaşayış imkanı barədə bildirdikləri isə həqiqətə uyğun deyildir. Belə ki, cavabdehin atası çıxarışla adına olan mənzili qohumuna satmış, lakin çıxarış hələlik öz adında qalmışdır. Cavabdehin atasının üç övladı vardır, cavabdehin bir qardaşı ailəsi ilə birgə kirayə ev tutub getmiş, birlikdə yaşadıqları digər qardaşı da onun xəstəliyi səbəbindən ailəsi ilə birgə kirayə ev tutmaq istəməkdədir. Tərəflər 2017-ci ildə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə 16 iyun 2022-ci ilədək yaşayıb birgə təsərrüfat aparmışlar, aralarında etibarlı ailə münasibətləri mövcud olduğu üçün cavabdeh mənzildən istifadə hüququ əldə etmişdir. Bundan başqa, qeyd etmək istəyir ki, cavabdeh polis orqanlarına əsasən iddiaçının qardaşından və qohumlarından şikayət etmişdir, ona görə də tərəflər birlikdə yaşayarsa faciə yaşanacağı barədə iddiaçı tərəfin dedikləri əsassızdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi, yaxud cavabdehin istifadə hüququnun uşaqları 18 yaşına çatanadək saxlanması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, Sahil qəsəbəsində anadan olmuşdur, iddiaçı onun tanışıdır, cavabdehi və ailəsini də tanıyır. İddiaçının qardaşından eşitmişdir ki, tərəflər yola getmirlər, buna görə də ayrılmışlar. Cavabdeh hazırda atası evində yaşayır. Cavabdehin atasının qəsəbədə iki mağazası var, həmçinin hazırda yaşadığı fərdi yaşayış evindən başqa doqquzmərtəbəli binada da mənzili var. Cavabdehin bir qardaşı ailəsi ilə birgə çoxdan başqa ünvanda yerləşən evində yaşayır, digər qardaşının isə atasının evinin yanında ayrıca yaşayış evi vardır. Cavabdehin atasının və qardaşının evləri, həmçinin cavabdehin mağazaları fotoşəkillərdə əks olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdi ki, cavabdeh onun bacısı qızıdır. Cavabdeh uşağı ilə birlikdə hazırda atası evində yaşayır. Cavabdeh və uşağı xəstə olduğundan qardaşının ailəsində söz-söhbət yaranmış, həmin qardaşı ailəsi ilə birlikdə başqa yerə köçmüşdür. Lakin digər qardaşı ailəsi ilə birlikdə ata evində yaşamağa davam edir. Cavabdehin atasının həyətində yaşayış evindən başqa toyuq damı kimi bir tikili var, başqa ev yoxdur. Cavabdehin atasının Sahil qəsəbəsində ayrıca ikiotaqlı mənzilinin olduğunu bilir, lakin onun satılıb-satılmaması barədə məlumatı yoxdur. Bakı şəhəri Qradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2014/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 5 saylı evin 60 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 5, 60 saylı mənzil xx.xx.2015-ci ildən iddiaçının mülkiyyətindədir. Tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 fevral 2024-cü il tarixində qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus mənzildən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdən mübahisəli mənzildə yaşamadığı və həmin tarixdən eyni qəsəbədə yerləşən, öz atasına məxsus fərdi yaşayış evində yaşadığı tərəflər arasında mübahisə doğurmur. Məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Cavabdeh tərəfin hazırda yaşayış hüququnu təmin edə bilməməsi barədə dəlilləri isə mülki iş üzrə sübutlarla və tərəflər arasında mübahisə doğurmayan faktlarla (o cümlədən, cavabdehin xx.xx.2022-ci il tarixdən atasına məxsus fərdi yaşayış evində yaşaması, cavabdeh tərəfin izahatına əsasən birgə nikah dövründə də maddi təminatının öz valideynləri tərəfindən qarşılanması, şahidlərin ifadələri, 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti, fotoşəkillər, cavabdehin xəstəliyinə görə iddiaçının məsuliyyət daşımaması barədə qüvvədə olan məhkəmə aktları ilə) təkzib olunur. Məhkəmə, həmçinin qeyd edir ki, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan digər sübutlara (o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi, materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlara, tərəflərin ərazi üzrə polis bölməsində “münaqişəli ailə” kimi qeydə alınmasına dair məktuba, tədqiq edilən videoyazı materiallarına) əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud münaqişəli vəziyyət və münasibətlərin gərginliyi, cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını, müvafiq hüquq normasının məqsədləri və tərəflərin təhlükəsiz yaşamaq hüquqları baxımından mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və ədalətlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 31-ci maddəsinin 1-ci hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1, 9.1, 29.1, 30.1, 30.4-cü maddələrinə, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərardadına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 2014/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın qismən təmin edilməklə Cavabdeh azyaşlı övladı X15 ilə birlikdə istifadə hüquqlarının müəyyən müddətə (cavabdehin təhsilinin bitməsi, azyaşlının yetkinlik yaşına çatması, sifilis xəstəliyindən hər ikisinin sağalması və s.) müvəqqəti saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı ünvan 5 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)- 2014/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə öz qətnaməsini yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən, cavabdehin keçmiş ailə üzvü kimi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Cavabdeh tərəfin hazırda yaşayış hüququnu təmin edə bilməməsi barədə dəlilləri isə mülki iş üzrə sübutlarla və tərəflər arasında mübahisə doğurmayan faktlarla, (o cümlədən, cavabdehin xx.xx.2022-ci il tarixdən atasına məxsus fərdi yaşayış evində yaşaması, cavabdeh tərəfin izahatına əsasən birgə nikah dövründə də maddi təminatının öz valideynləri tərəfindən qarşılanması, şahidlərin ifadələri, 119 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surəti, fotoşəkillər, cavabdehin xəstəliyinə görə iddiaçının məsuliyyət daşımaması barədə qüvvədə olan məhkəmə aktları ilə) təkzib olunur. Məhkəmə, həmçinin qeyd edir ki, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi izah edilmişdir. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan digər sübutlara (o cümlədən, cinayət işinin başlanmasının rədd edilməsi, materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarlara, tərəflərin ərazi üzrə polis bölməsində “münaqişəli ailə” kimi qeydə alınmasına dair məktuba, tədqiq edilən videoyazı materiallarına) əsasən, məhkəmə müəyyən edir ki, tərəflər arasında mövcud münaqişəli vəziyyət və münasibətlərin gərginliyi, cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını, müvafiq hüquq normasının məqsədləri və tərəflərin təhlükəsiz yaşamaq hüquqları baxımından mümkünsüz edir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması barədə məhkəmənin gəldiyi nəticə qanuni və ədalətlidir kimi əsaslandırmışdır. Lakin məhkəmə yalnız iddiaçının sübut və dəlillərinə istinad etdiyindən və cavabdehin təqdim etdiyi sübut və dəlillərə, izahatlara hüquqi qiymət vermədiyindən yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən də məhkəmənin mövqeyi ilə razılaşmadıqlarından həmin qətnamədən şikayət vermək zərurəti yaranmışdır. İşin faktiki hallarına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha girərək ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X15 adlı bir övladıları olmuşdur. Ailə qurduğu gündən həyat yoldaşına məxsus olan, ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Nikahda olduqları vaxt azı iki il müddətində həmin mənzilin alınmasına sərf edilən borcun ödənilməsinə vəsait sərf etmişdilər. Nikah bağladıqları vaxtdan kənar müdaxilələr səbəbindən narazılıqlar olsa da övladının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailənin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir əsaslı səbəb göstərilmədən, nikah pozulmadan, məcburi şəkildə övladı ilə birlikdə həmin mənzildə yaşamağına cavabdeh və onun yaxın qohumları tərəfindən maneçilk yaradılmış, özünə məxsus olan bir əşya belə götürmədən həmin mənzildən çıxarılıb, atası evinə aparılmışdır. Bundan sonra cavabdeh tərəfindən nikahın pozulmasına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin cavabdeh boşanmağa razı olmamışdır, hesab etmişdir ki, himayəsində olan oğlunun gələcəkdə şəxsiyyət kimi formalaşmasına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq 2017-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, övladı orada doğulmuş, ona məxsus olan bütün məişət əşyaları həmin mənzildə olmuşdur. İddiaçı ailə qurduqları vaxt mənzili almaq üçün yaxın qohumlarından borc aldığını bildirmiş və uzun zaman işləyərək borc ödəmişdir. Cavabdeh həmin mənzildən istifadə etmək, övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. İddiaçının yaratmış olduğu mane qanunsuzdur. Eyni zamanda iddiaçı cavabdehə yoluxucu xəstəlik yoluxdurmuş, övladı da həmin xəstəliyin daşıyıcısıdır. Xəstə halı və öhdəsində xəstə uşaqla onu ortada qoyub məsuliyyətdən yayınması ədalətsizlikdir. Cavabdehin və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Məhkəmənin cavabdehin atasının evi olması ilə əlaqələndirməsi absurddur. Belə ki, məhkəməyə sübut təqdim edildi ki, onun iki qardaşı və onların ailəsi, övladları var. Atasının evinə köçdüyünə görə qardaşı ailəsi ilə birgə kirayə yaşamaq məcburiyyətində qalmışdır. Eləcə də onun mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğu halda qətnamə qərəzli şəkildə icra edilməmişdir. İddiaçı gizlənmiş, axtarışa verilmiş, qətnamə qəbul edildikdən sonra üzə çıxmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaət işin halları və tədqiq olunmuş sübutlarla uzlaşmır. Belə ki, mübahisəli yaşayış sahəsinə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan və 2017-ci ildə həmin mənzilə köçüb yaşayandan sonra, həmin vaxtı qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından cavabdehin həmin yaşayış sahəsindən istifadə etmək hüquqları yaranmışdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, cavabdeh qeyd edilən hüquq normasının 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmiş, bu səbəbdən də mübahisəli yaşayış sahəsindən onun iddiaçının mülkiyyətinə keçdiyi andan qanuni istifadə etmək hüquqları olmuşdur. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna baxmayaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Təqdim edilmiş sübutlarla müəyyən olunur ki, cavabdeh özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda o atasının evinə köçdüyünə, özü və oğlu siflis xəstəliyinin daşıyıcı olduğuna görə qardaşı isə kirayədə qalır), yarımçıq qoyduğu təhsilinin davam etdirilməsi üçün oxuyur, azyaşlı övladını və özünü müayinə və müalicə üçün vaxtaşırı tibb müəssisələrinə aparır, buna görə də mənzil ehtiyacının qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamışdır). Bu səbəbdən də, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından cavabdehin mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kimi onun bu ehtiyaclarının ödənilməsi məqsədilə, cavabdehin mənzildən istifadə hüququnun müəyyən müddətə tanınmasını zəruri hesab edirik. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı). Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Bu hal (yaşayış sahəsindən müvəqqəti istifadə hüququnun saxlanılması) iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır. Bu səbəbdən də, tələbdə olub-olmamasından asılı olmayaraq qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri daima yoxlanılmalıdır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı). Qeyd edilməlidir ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyildir və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Beləliklə, cavabdehin vəziyyətini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq, hesab edirik ki, yaşayış sahəsindən istifadə etmək hüququnun müvəqqəti saxlanılması məqsədəmüvafiq olardı. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Hesab edir ki, şikayət təmin olunmalı, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmalı, iddia qismən təmin olunaraq, Cavabdeh azyaşlı övladı X15 ilə birlikdə istifadə hüquqları müəyyən müddətə (cavabdehin təhsilinin bitməsi, azyaşlının yetkinlik yaşına çatması, sifilis xəstəliyindən hər ikisinin sağalması və s.) müvəqqəti saxlanılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 31. Təhlükəsiz yaşamaq hüququ İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Maddə 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Maddə 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı 1.Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. 2.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçının keçmiş ailə üzvü olan cavabdeh məhkəmə aktına əsasən, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilinə köçürülsə də, həmin akt üzrə verilmiş icra sənədinin icrası mümkün olmamışdır. Tərəflərin izahatına əsasən, cavabdeh övladı ilə birlikdə xx.xx.2022-ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilində deyil, öz valideynlərinə məxsus mənzildə yaşayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2015-ci il tarixli Qərardadına əsasən, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, nikahına xitam verilmədiyi üçün cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə köçürülsə də, o, faktiki olaraq mənizə köçüb yaşaya bilməmiş, mənzilə köçürülmə barədə qətnamə həmin işə baxılarkən tərəflərin nikahına xitam verilməməsinə əsaslanmış, qətnamədə tərəflər arasında ailə münasibətlərinə xitam verildikdən sonra Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edilə biləcəyi mülkiyyətçiyə izah edilmişdir. Tərəflərin nikahına xitam verildikdən sonra mülkiyyətçi məhkəməyə müraciət edərək keçmiş ailə üzvü olan cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüququna xitam verilməsini, sonuncu isə həmin yaşayış sahəsindən, himayəsində olan azyaşlı ilə birlikdə müəyyən müddətə istifadə hüququnun saxlanmasını xahiş edir. Kollegiya qeyd edir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmadığından, tərəflər arasında bağlanmış nikaha xitam verildiyindən və onlar arasında nikaha xitam verildikdən sonra cavabdehin mənzildən istifadə edə bilməsi üçün hər hansı bir razılaşma olmadığından cavabdehin həmin mənzildən istifadə etmək hüququna artıq xitam verilmişdir. Kollegiya cavabdehin keçmiş ailə üzvü kimi mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, bu tələbin təmin edilməsi üçün həqiqətən də əsasların olmasına, yəni cavabdehin maddi vəziyyətinin olmamasına, özünü yaşayış sahəsi ilə təmin etməyə imkanın olmamasına və s. dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Araşdırma zamanı isə tərəflərin bir mənzildə yaşamalarının mümkün olmaması, münaqişəli ailə kimi qeydə alınmaları, mənzilə köçürülmə haqqında icra sənədi olduğu halda belə (icra sənədinin hansı səbəbdən icra olunmamasından asılı olmayaraq) cavabdehin övladı ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 5 saylı evin 60 saylı mənzilində deyil, artıq uzun müddətdir ki, valideynlərinə məxsus mənzildə yaşaması öz təsdiqini tapmışdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq mülkiyyətçinin iddia tələbini təmin edərkən düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-2014/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar