Məhkəmə qərarları › İş №2(103)-4681/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4681/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4681/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “öhdəliyin icra olunmamış hissəsinə görə ödənişin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 01.10.2019-cu il tarixli iki müqavilə əsasında, 01.12.2019-cu il tarixdə tərəflər arasında bağlanmış müqavilələrə əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla müəyyən edilmiş hər uşağa görə hər ay 250 manat məbləğində xidmət haqqı kimi ödənilmiş pulun, 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulmuş 2000 manatın, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun və 111 manat məbləğində vəkil xərclərinin, cəmi 2141 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-995/21) iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə bağlanmış “Uşaqların qəbulu və tədrisinə dair” müqavilələrin şərtlərinə görə 01 oktyabr 2019-cu il tarixdən 30 iyun 2020ci il tarixədək uşaqları X1 və X2 cavabdeh təşkilatın bağçasında məktəbəqədər təlim və tərbiyə xidmətindən yararlanmalı, əvəzində onun tərəfindən xidmət haqqı olaraq müəssisənin bank hesabına razılaşdırılmış ödəniş etməli idi. Ona iki uşaq gətirdiyi və illik ödəməni qabaqcadan tam şəkildə etdiyi üçün ikili güzəşt edilmiş və iki uşağa görə 6236 manat məbləğində pulu cavabdehin bank hesabına 24 oktyabr 2019-cu il tarixdə ödəmişdir. Yaranmış müəyyən çətinliklərlə bağlı uşaqların tam gün ərzində bağçada qalmaları mümkün olmadığına görə 01 dekabr 2019-cu il tarixdə cavabdeh təşkilatla aralarında Əlavə Razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən bir uşağa görə yarım günlük ödəniş haqqı 250 manat müəyyən edilmişdir. Cavabdehin hesablamasına əsasən ona 1043 manat pul qaytarılmışdır. 2019-cu ilin dekabr ayından başlayaraq uşaqları bağçaya yarım gün olaraq getmişlər. Lakin 03 mart 2020-ci il tarixdən başlayaraq COVİD 19 pandemiyasının yayılması ilə əlaqədar cavabdeh təşkilatın da işi dayandırılmışdır. Belə olan halda o, faktiki olaraq ödəniş olduğu xidmət haqqı müqabilində cavabdeh tərəfin xidmətindən yararlana bilməmişdir. Belə olan halda, aylıq ödəniş edən valideyn mart ayından ödəniş etməyərək heç bir zərərə düşməmiş, o isə əvvəldən bütün ödənişləri edərək xidmət göstərilməyən aylara görə məbləği əvəzsiz olaraq cavabeh təşkilata vermişdir. Bunu haqlı saymır və hesab edir ki, cavabdeh təşkilat tərəfindən 2020ci ilin mart, aprel, may və iyun ayları üçün ödəmiş olduğu məbləğ ona qaytarılmalıdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh pulu qaytarmaqdan ona görə imtina edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən pandemiya fors major halı kimi nəzərdə tutulmamışdır. Müqavilə öhdəliklərinə əsasən cavabdehin göstərməli olduğu xidmət onun gündəlik xərclərini zəruri edir. Pandemiya ilə əlaqədar bağça uşaqları gün ərzində keyfiyyətli qida ilə təmin etmir. Nəticədə bunun üçün xərclənən vəsait də yoxdur. Məktəbəqədər tədris vəsaitləri, əyani vəsaitlər də (məsələn rənglər, kağız, qələm, boya, plastilin, birdəfəlik istifadə edilən müxtəlif tədris vəsaitləri) istifadə edilməyərək qalır. İstifadə olunan binanın kommunal xərcləri də minimuma düşür, çünki istifadəsizdir. İddiaçının ödədiyi pulun müvafiq hissəsinin qaytarılmaması cavabdehin əsassız varlanmasına səbəb olur. Valideyndən alınan pullar öhdəliyin icrası məqsədilə xərclənmir, eyni zamanda geri qaytarılmır. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər arasında bağlanmış “Uşaqların qəbulu və tədrisinə dair” müqavilələrin şərtlərinə görə 01 oktyabr 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək iddiaçının övladları X1 və X2 cavabdeh təşkilatın bağçasında məktəbəqədər təlim və tərbiyə xidmətindən yararlanmalı, əvəzində onun tərəfindən xidmət haqqı olaraq müəssisənin bank hesabına razılaşdırılmış ödəniş edilməli idi. İddiaçıya iki uşaq gətirdiyi və illik ödəməni qabaqcadan tam şəkildə etdiyi üçün güzəşt edilmiş və o, 24 oktyabr 2019cu il tarixdə iki uşağa görə 6236 manat məbləğində pulu cavabdehin bank hesabına ödəmişdir. Yaranmış müəyyən çətinliklərlə bağlı uşaqların tam gün ərzində bağçada qalmaları mümkün olmadığına görə 01 dekabr 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh təşkilat arasında Əlavə Razılaşma imzalanmış və həmin razılaşmaya əsasən bir uşağa görə yarım günlük ödəniş haqqı 250 manat müəyyən edilmişdir. 2019-cu ilin dekabr ayından başlayaraq uşaqlar bağçaya yarım gün olaraq getmiş, lakin 03 mart 2020-ci il tarixdən başlayaraq COVİD 19 pandemiyasının yayılması ilə əlaqədar cavabdeh təşkilat işini dayandırdığından iddiaçı faktiki olaraq ödəniş etdiyi xidmət haqqı müqabilində cavabdeh tərəfin xidmətindən yararlana bilməmişdir. İddiaçı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ödəmiş olduğu məbləğin ona qaytarılmasını cavabdeh təşkilatdan xahiş etsə də, cavabdeh pulu qaytarmamış və buna görə də iddiaçı məhkəmədə cavabdehə qarşı hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün nəzərdə tutulmuş 2000 manatın cavabdehdən alınıb ona verilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin 13.1-ci bəndinə istinad edərək iddianı rədd etmişdir. Həmin bəndə görə müqavilənin icrasına maneçilik törədən tərəflərin iradəsindən asılı olmayan və müqavilənin bağlandığı zaman müəyyən edilə bilməyən və məqsədyönlü vasitələrlə qarşısı alına bilməyən qarşısıalınmaz halar (fors-major) mövcud olduqda tərəflər hazırkı müqavilə ilə müəyyən edilmiş öhdəliklərini həyata keçirə bilmədikləri halda məsuliyyət daşımır. Birinci instansiya məhkəməsi Müqavilənin bu bəndinə şərh verərək göstərmişdir ki, Respublikada baş verən pandemiya epidemiyanın daha qlobal forması olmaqla fors-major hal hesab edilir və belə halın baş verməsi qarşısıalınmaz olmaqla nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli müqavilələrin 13.1-ci bəndinin şərtinə əsasən müqavilənin icrasına maneçilik törədən tərəflərin iradəsinsən asılı olmayan və müqavilənin bağlandığı zaman müəyyən oluna bilməyən və məqsədyönlü vasitələrlə qarşısı alına bilməyən qarşısıalınmaz hallar (fors-major) mövcud olduqda tərəflər hazırkı müqavilə ilə müəyyən olunmuş öhdəliklərini həyata keçirə bilmədikləri hallarda məsuliyyət daşımırlar. Göründüyü kimi, müqavilənin bu bəndi fors-major halında yalnız öhdəliyin həyata keçirə bilinməməsinə görə məsuliyyəti nəzərdə tutur. Yəni, fors-major halının baş verməsi iddiaçını və cavabdehi müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad edir, onlar həmin əsasla müqavilə öhdəliklərini yerinə yetirməməyə görə məsuliyyət daşımırlar. Müqavilənin 13.2-ci bəndində epidemiya fors-major kimi qiymətləndirilərək müqavilənin qüvvədən düşməsinə səbəb olan hal kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, tərəflər şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin qüvvədən düşməsi (ləğv olunması) qaydasını Mülki Məcəllənin 422.2-ci maddəsinin tələbinə müvafiq olaraq qarşılıqlı razılıq əsasında müəyyən etmişlər. Mülki Məcəllənin 424.2-ci maddəsinin tələbinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinin tələbinə görə isə tərəflər müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. İşdən göründüyü kimi, iddiaçı fors-major halı baş verdikdən və müqavilə qüvvədən düşdükdən əvvəlki dövr üçün ödədiyi məbləği tələb etmir. O eləcə də sonrakı dövr üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsini də tələb etmir. Yəni, belə bir tələb olmadığı üçün müqavilənin 13.1-ci bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Başqa sözlə, əgər iddiaçı ödədiyi pulun müqabilində ona müqavilə ilə nəzərdə tutulan xidmətlərin göstərilməsini cavabdehdən tələb etsə idi, bu halda fors major halının olması ilə bağlı müqavilənin 13.1-ci bəndi tətbiq edilə bilərdi. İddiaçının hazırkı iş üzrə tələbi fors-major halı baş verdikdən və müqavilə qüvvədən düşdükdən sonrakı dövr üçün, yəni 2020-ci ilin mart, aprel, may, iyun ayları üçün ödədiyi məbləğin geri qaytarılması barədədir. Bu məbləğ 2020-ci ilin iyun ayına qədər müvafiq xidmətlərin ödənilməsi məqsədi ilə verilmişdir. Cavabdeh mart ayından iyun ayına qədər fors-major halı ilə bağlı xidmət göstərməmişdir, belə olan halda, həmin xidmətlərin göstərilməsi üçün əvvəlcədən iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdehdə qalması əsassız varlanma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, cavabdehə iddiaçının hesabına varlanmağa haqq qazandıran qanuni əsas yoxdur. Yəni, iddiaçı tərəfindən cavabdehə gələcəkdə xidmət göstərəcəyi aylara görə əvvəlcədən ödənişlər edilmişdir. Lakin cavabdeh epidemiya səbəbindən xidmət göstərə bilməmişdir. Nəticədə xidmət etmədiyi aylara görə ödənilmiş vəsaitlər qanunsuz olaraq cavabdehin hesabında qalmışdır. 111 manat məbləğində hüquqi yardım xərclərinin ödənilməsinə aid hissəyə münasibətdə bildirilir ki, iddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də həmin hissədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh “xxxx” MMC-dən 2000 (iki min) manat pul vəsaiti tutulub İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 (otuz bir) manat pul vəsaiti də cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar