Məhkəmə qərarları › İş №2(103)-4683/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4683/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4683/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc, əsassız varlanma, qətnamənin düzgün əsaslandırılmaması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması (qaytarılması)” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Yasamal RPİ-nin İstintaq şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, vəkili Vəkil iştirakı ilə izahatı alınmış Cavabdeh barəsində şikayət etmiş İddiaçı tanıdığını, pul lazım olduğu üçün Xaqanidən 30 000 ABŞ dolları faizə pul götürdüyünü, hissə-hissə Xaqaniyə 34 000 ABŞ dolları pul qaytardığını bildirmişdir.

2. Həmin qərarda İddiaçı və digər şikayətçilərə izah olunmuşdur ki, tələbləri mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməlidirlər.

3. İddiaçı əvvəllər tanıdığı Cavabdeh tərəfindən 29 000 ABŞ dolları pulunun ələ keçirilməsi barədə şikayətlə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, bununla əlaqədar toplanmış material Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmiş, həmin bölmənin xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Qərarda göstərilmişdir ki, RPİ-nin İŞ-nin xx.xx.2019-cu il tarixli qərar qüvvədə olduğundan cinayət işi başlana bilməz.

4. İddiaçı və digərlərinin Cavabdeh barəsində şikayətləri əsasında Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuş, həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı hər ay 2300 ABŞ dolları ödəməklə 30 000 ABŞ dolları almış, 22 500 ABŞ dollarını qaytarmışdır. Araşdırma zamanı İddiaçı bildirmişdir ki, Cavabdeh 29 000 ABŞ dollarını şərikli ehtiyat hissələri gətirmək üçün vermişdir.

5. Cavabdeh fərdi sahibkar olaraq vergi ödəyicisidir, minik avtomobillərinin icarəsi və lizinqi ilə məşğul olur.

6. İddiaçı "xxxx" MMC-də baş direktor vəzifəsində çalışır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 29 000 (iyirmi doqquz min) ABŞ dolları məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tanışı olan cavabdeh 2019-cu ilin mart ayında xarici ölkədən avtomobil ehtiyyat hissələri gətirib Azərbaycanda satıb gəlir əldə etmək, şərikli biznes qurmaq adı ilə ondan 29 000 (iyirmi doqquz min) ABŞ dolları pul almış, sonradan ona məlum olmuşdur ki, cavabdeh onu aldadaraq pulunu ələ keçirmişdir. 29 oktyabr 2019-cu il tarixdə ərizə ilə Yasamal rayon Polis İdarəsinə müraciət edərək cavabdehin onun etibarından sui-istifadə edib biznes qurmaq adı ilə aldadaraq 29 000 (iyirmi doqquz min) ABŞ dollarını ələ keçirməsi barədə şikayət etmişdir. Bundan sonra cavabdeh polis idarəsinə dəvət edilərək izahatı alınmış, həmin izahatda qeyd etmişdir ki, ondan 30 000 (otuz min) ABŞ dolları pulu faizə götürərək ona 34 000 (otuz dörd min) ABŞ dolları geri qaytarmışdır. Bu izahat əsas götürülərək 20 noyabr 2019-cu il tarixində Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmişdir. Həmin qərarın yekun hissəsində bildirilmişdir ki, pul tələbi mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət edə bilər. Dəfələrlə cavabdeh barəsində müxtəlif dövlət orqanlarına müraciət etsə də, bütün hallarda məlumat verilmişdir ki, cavabdehin izahatında göstərilənlərə əsasən pul tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Cavabdeh könüllü surətdə pulları geri qaytarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. İştirak etdiyi məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçını qeyrirəsmi yaşadığı xanımın tanışı kimi tanımış, Ülvi adlı şəxslə birlikdə ondan mart ayında 30 000 ABŞ dolları almış, iddiaçı ilə hər ay ona faizlərin ödəniməsi barədə razılaşmışlar.. İddiaçıya 34 000 ABŞ dolları qaytarmış, lakin iddiaçı ondan əlavə 21 000 ABŞ dolları tələb etmişdir. İddiaçı demişdir ki, 3 ay 2000 ABŞ dolları, 6 aydan sonra isə qalıq məbləği bağlayarsan. Əsas məbləği qaytardıqdan sonra iddiaçıya demişdir ki, maddi imkanı zəif olduğundan pulu qaytara bilmir. Bundan sonra iddiaçı onu polisə vermiş, lakin üzləşməyə gəlməmişdir.

10. Məhkəmənin şahid qismində dindirdiyi X2 ifadəsində bildirmişdir ki, iddiaçının yaxın dostudur, cavabdehi isə iddiaçının vasitəsilə tanımışdır. İddiaçı “Babək Plaza” da onun yanında cavabdehə 30 000 ABŞ dolları vermiş, həmin vaxt Ülvi adlı şəxs də cavabdehin yanında olmuşdur. Sonradan cavabdeh 5000 ABŞ dollarını iddiaçıya qaytarmış, lakin daha sonra yenidən 4000 ABŞ dolları almışdır.

11. Birinci instansiya məhkəməsinin 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.

12. Tərəflər arasındakı hüquq münasibətlərinin borc münasibətləri olaraq qiymətləndirən məhkəmə, mövqeyini belə əsaslandırmışdır ki, qanunverici hazırda mübahisə predmeti olan məsələyə dair tərəflərə bir neçə hərəkət imkanı tanımışdır. İddiaçı ilə cavabdeh bu imkanlarda olan borc müqaviləsini razılıq əsasında şifahi qaydada bağlamışlar. Qeyd olunan hal işin mübahisəsiz halıdır. Hazırda cavabdeh aldığı borcu ödədiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Çəkişmə prinisipinə əsasən tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir.

13. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 739.1-ci, 739.2-ci və 740.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1-ci, 76.2-ci, 77.1ci, 80-ci, 81-ci və 89-cu maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına istinad etmişdir.

14. Həmin qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, cavabdehin irəli sürdüyü dəlillərə əhəmiyyətsiz yanaşmaqla onun iddiaçıdan aldığı pulu geri qaytarmış olduğunun müəyyən edildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat

16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

20. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

22. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

25. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

26. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

29. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Yuxarıda qeyd olunduğu kimi, məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdehə 29 000 ABŞ dolları məbləğində borc verilmiş, lakin cavabdeh həmin borcu qaytarmamışdır.

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.

41. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

42. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir.

43. Kollegiya bu kontekstdə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmalıdır.

44. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

45. İşin bilavasitə iddiaçının özünün izahatı, eləcə də iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”larla müəyyən olunmuş hallarına əsasən, tərəflər arasında şərikli biznes fəaliyyəti ilə bağlı razılaşma olmuş, iddiaçı müəyyən məbləğdə pul vəsaitini bu məqsədlə cavabdehə vermiş, lakin sonradan aralarında yaranmış anlaşmazlıq nəticəsində verdiyi pulu cavabdehdən geri istədiyi üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır.

46. Cavabdeh irəli sürülən həmin faktiki halı etiraf etmişdir; bununla belə o, iddiaçının pulunu geri qaytardığını, hazırda ondan tələb edilən pulun isə faiz kimi istənildiyini irəli sürür.

47. Beləliklə, tərəflərin bildirdikləri, habelə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”lar əsasında müəyyən olunur ki, tərəflərin arasında borc münasibəti deyil, ortaq iş görmə (şəriklik) müqaviləsindən irəli gələn münasibətlər yaranmış, cavabdeh iddiaçının təqdim etdiyi sərmayə əsasında biznes fəaliyyəti göstərib əldə olunacaq qazancdan iddiaçıya pay verməyi öhdəsinə götürmüşdür.

48. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, ortaq iş görülməsi üçün cavabdehə 29 000 ABŞ dolları verdiyini sübutetmə yükü iddiaçının, öhdəliyi icra edib aldığı pulu geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

49. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

50. Cavabdeh iddiaçının ona 29 000 ABŞ dolları verdiyini etiraf etdiyindən, iddiaçı sübutetmə yükündən azad olunmuş sayılır.

51. Cavabdeh isə öhdəliyini icra edib onun nəticələrini iddiaçı ilə paylaşdığını və iddiaçıdan aldığı pulu geri qaytardığını sübuta yetirə bilməmiş, bu halı təsdiq edə biləcək hər hansı sübut təqdim etməmişdir.

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

53. Həmçinin qeyd olunmalıdır ki, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

54. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi təmin olunmalı, eyni zamanda iddiaçının iddia ərizəsi verərkən ödədiyi dövlət rüsumunun məbləği də cavabdehdən alınıb ona ödənilməlidir.

55. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-72/2023 saylı iş üzrə 27 aprel 2023-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “pulun tutulması (qaytarılması)” tələbi təmin edilsin. Cavabdeh 29 000 (iyirmi doqquz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), habelə 250 (iki yüz əlli) dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar