Məhkəmə qərarları › İş №2(103)-4684/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4684/2023

12.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4684/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 ASC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC və Cavabdeh1 QSC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1130/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən xx.xx.2002-ci il tarixdə İddiaçı Cavabdeh2 ASC-də Təmir-tikinti sexinə Bina və Qurğuların Təmiri üzrə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh2 ASC xx.xx.2017-ci il tarixli, 704-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə "X10" MMC-də İstehsalat Departamentinə Bina və Qurğuların Təmiri və İstismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsində xx.xx.2019-cu il tarixindən əvəzçiliklə Bina və qurğuların təmiri və istismarı vəzifəsinə nəzarətçi mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2019-cu il tarixli 18-K nömrəli Əmrinə əsasən İddiaçı bir aylıq sınaq müddəti təyin edilməklə, ƏM-nin 47-ci maddəsinin f bəndinə əsasən xx.xx.2019-cu il tarixədək əvəzçilik üzrə Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh2 ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh2 ASC-nin xx.xx.2022-ci il tarixli aktına görə Cavabdeh2 ASC-nin Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi İddiaçı ilə bağlanılmış əvəzçilik üzrə əmək müqaviləsinin müddətinin başa çatması ilə əmək müqaviləsinə xitam verilməsi barədə işçiyə xəbərdarlıq verilmiş, lakin o, xəbərdarlığı imzalamaqdan imtina etmişdir.

2. “X10" QSC-nin strukturunda 23 sentyabr 2022-ci il tarixindən etibarən Ekologiya, Mülkü Müdafiə qərargahı və texniki təhlükəsizlik üzrə aparıcı mütəxəssis və Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis ştat vahidlərinin ləğv ediləcəyi barədə "X10" QSCnin 054/i saylı xx.xx.2022-ci il tarixli əmri verilmişdir. "X10" QSC tərəfindən İddiaçı 23 sentyabr 2022-ci il tarixdə "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda bildirilmişdir ki, "X10" QSC-də idarəetmə strukturunun təkmilləşdirilməsi, işlərin optimallaşdırılması və iş yerlərinin azaldılması zərurəti yaranmışdır. Bu səbəbdən də Cəmiyyətdə "Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis" ştatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ixtisar olunacaqdır. Sizin Cəmiyyətdə əmək stajınız 5 ildən çox olduğundan Əmək Məcəlləsinin 77.1 maddəsinə əsasən 6 (altı) təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulub. 23 sentyabr 2022-ci il tarixdən başlanan xəbərdarlıq müddəti 03 noyabr 2022-ci il tarixdə başa çatacaq və 04 noyabr 2022-ci il tarixdə sizin əmək müqavilənizə Əmək Məcəlləsinin 70-ci maddəsinin b" bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam veriləcəkdir. Əmək Məcəlləsinin 77.3 maddəsinə əsasən orta aylıq əmək haqqınızın 1.7 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. Bu müddət ərzində sizə həftədə 1 gün olmaqla, cəmi 6 gün iş axtarmaq üçün vaxt veriləcək və həmin günlər siz əmək funksiyalarının icrasından azad olunacaqsınız. Həmin xəbərdarlıqdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə məktubun məzmunu ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. "X10" MMC X1 Birliyi İcraiyyə Komitəsinin xx.xx.2022-ci il tarixli, 63 saylı iclas protokoluna görə "X10" QSC-nin təqdimatının nəzərə alınması və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. "X10" QSC-nin xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar) işdən azad edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılması ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli 196/K saylı əmrin ləğv edilməsi, yenidən işə bərpa olunması, məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh2 ASC ilə əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli Cavabdeh2 ASC tərəfindən verilmiş əmrin ləğv edilməsi, Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində bağlanmış, xx.xx.2017-ci ildə və xx.xx.2022-ci ildə yenilənmiş müqavilənin bərpa edilməsi, məcburi boş buraxılmış iş günlərinə görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ASC-də bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsində işləmiş, 1978-ci ildə “X3 sənaye və mülkü tikinti ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla Azərbaycan Boruyayma zavodunun bina və qurğularının təmiri və tikintisi ilə məşğul olan “Mərkəzi metallurtəmir” trestinin “Azərbaycan İxtisaslaşdırılmış tikinti quraşdırma” idarəsində işə başlayıb. 2002-ci ildən sonra Cavabdeh2 ASC-də işləmiş, 2003-cü ildən 2017-ci ilə qədər “Bina və Qurğuların təmiri və istismarı” şöbəsinin rəisi işləmişdir. 2017-ci ildə Cavabdeh2 ASC “X10"-nin 3-cü İstehsalat sahəsinə çevrildikdən sonra işlədiyi şöbə ixtisara düşmüş və indiyə qədər cavabdeh təşkilatda “Bina və Qurğuların təmiri və istismarı“ üzrə nəzarətçi mütəxəssis vəzifəsində işləmişdir. Öz işini yaxşı bilir və layiqincə yerinə yetirir. Bunu cavabdeh təşkilatın və o cümlədən Cavabdeh2 ASC-nin kollektivi və rəhbərliyi yaxşı bilir. xx.xx.2017-ci ildə cavabdeh arasında əmək müqaviləsinə dəyişiklik edilməklə əmək haqqına 470 manatdan 564 manata dəyişiklik edilmişdir. Sonradan MMC tərəfindən edilən məcburi dəyişikliklə əlaqədar əmək haqqı sabit 564 manat qalmaqla 2 hissəyə bölünmüşdür. Beləki xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi yenilənməklə əsas iş yeri cavabdeh təşkilat göstərilmişdir və əmək haqqı 374 manata dəyişdirilmişdir. Eyni zamanda əvəzçilik üzrə Cavabdeh2 ASC-ə qəbul edilmişdir və orada əmək haqqı 193 manat göstərilmişdir. Bu dəyişikliyin müvəqqəti olduğu bildirilmişdir. 23 sentyabr 2022-ci il tarixinə aid Cavabdeh1 QSC tərəfindən işlədiyi iş yerinin ixtisarı ilə əlaqədar 03 noyabr 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq verilmişdir, həmin xəbərdarlığa xx.xx.2022-ci il tarixdə imza edib qəbul etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə heç bir qiymətləndirmə aparılmadan işdən çıxarmışlar. xx.xx.2022-ci il tarixli 196/k saylı əmr ilə bağlanmış əmək müqaviləsinə xitam vermişlər. Bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinin tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri baxımından həm faktiki, həm də hüquqi əsası yoxdur. Göründüyü üzrə, məlum əmr Əmək Məcəlləsinin 70,71,76,77,79 və 80-ci maddələrin tələbləri və şərtləri pozulmaqla rəsmləşdirilmişdir Belə ki, əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinin tələbləri baxımından ümumiyyətlə işəgötürən tərəfindən işçilərin sayı yoxsa ştatların ixtisar aparılması barədə təfsilatlı ilə qeyd edilməmiş və qeyd edilən ixtisarlardan hansının keçirməsini müəyyən edə bilməmişdir. Eyni zamanda onun tanış olmaq hüququnu pozmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinin əsasını Xəbərdarlıq məktubunda doğru dürüst qeyd edə bilməmişdir. Lakin məlum əmrdə bununla bağlı qeydlər olmadığından bu halın ümumiyyətlə olmamasına dəlalət edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddənin birinci hissəsinin tələbləri baxımından İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Bildirir ki, işəgötürən tərəfindən bu halla bağlı rəsmi xəbardarlıq məktubu xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İşəgötürən tərəfindən istənilən hər hansı formada deyil, bütün müvafiq əsaslandırma sənədləri əlavə edilməklə əsaslandırılmış yazılı təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət edilməli idi.

6. Cavabdeh2 ASC-nin nümayəndəsi iddia tələbinə yazılı etiraz təqdim edərək, göstərmişdir ki, İddiaçı şəxsi ərizəsi əsasında onunla Cavabdeh2 ASC arasında xx.xx.2019-cu il tarixli 1258 saylı 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanılmaqla əvəzçilik üzrə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bu barədə cəmiyyət üzrə 18-K saylı xx.xx.2019-cu il tarixli əmr verilmiş və bununla bağlı bütün məlumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. Həmçinin, bildirirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58.1-ci maddəsinə əsasən - əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri, yəni Cavabdeh2 ASC iddiaçının əlavə iş yeri olduğu üçün əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılmışdır və iddiaçının əmək kitabçası onun əsas iş yerində saxlanılmışdır. İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar olaraq, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmişdir. İddiaçı xəbərdarlıqla tanış olmasına baxmayaraq onu imzalamaqdan imtina etmiş və bununla əlaqədar olaraq həmin tarixdə cəmiyyətin əməkdaşları tərəfindən Akt tərtib olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsinə dair cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 06-K saylı əmr verilmiş və bununla bağlı bütün məlumatlar Əmək Münasibətləri və Məşğulluq Altsisteminə daxil edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilən zaman tərəflərindən Əmək Qanunvericiliyinin heç bir tələbi pozulmamışdır. Digər tərəfdən, təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmiş, son haqq-hesab ödənilmiş və bu barədə xx.xx.2022-ci il tarixində iddiaçıya xəbərdarlıq verilmişdir.

7. Şahid qismində çıxış edən X7 ifadəsində bildirmişdir ki, “iki ildir ki X6 sədridir. X4 "X10" MMCnin idarəetmə strukturunun təkmilləşdirilməsi və işlərin optimallaşdırılması zərurəti yarandığından müəssisənin strukturuna daxil olan bir sıra bir sıra ştat vahidlərinin ixtisar edilməsi ilə bağlı müraciət etmişdir. Belə bir müraciət olunaraq qeyd edilmişdir ki, İddiaçıov oğlunun və X5 əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsinə mövqe bildirilməsi xahiş olunmuşdur. Müraciət daxil olduqdan sonra onlar 10 günə işəgötürənə məlumat verirlər. Bununla bağlı o, İnsan Resursları İdarəsinə müraciət etmişdir ki, həmin şəxsləri iclasa dəvət etsin. Onlar da müəyyən edilmiş vaxtda həmin şəxsləri dəvət etmişlər. Onlar iclası idarə heyəti ilə birlikdə saat 12:30-da başlamışlar. Həmin müddətdə də 2 nəfər şəxs çox təşvişlə içəri daxil olmuşlar və onu dinləmədən hər yerə şikayət edəcəklərini bildirmişlər. Daha sonra sənədlər hazırlanıb İnsan Resursları İdarəsinə təhvil verildi.”

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2023-cü il tarixli 2(005)-1130/2023 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı üçün əvvəlcədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən rəsmi xəbərdarlıq müddəti nəzərdə tutulmuşdur. Həmin xəbərdarlıqla tanış edilmişdir. Bundan başqa iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyünün olmasına dair hər hansı sübutları da mövcud olmamışdır. İddiaçı işdən azad olunarkən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilmişdir.

10. Məhkəmə “əvəzçilik üzrə bağlanmış müqaviləyə xitam verilməsi ilə bağlı xx.xx.2022ci il tarixli Cavabdeh2 ASC tərəfindən verilmiş əmrin ləğv edilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssisi vəzifəsinə əvəzçilik üzrə işə qəbul edilmiş, daha sonra əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə müqaviləyə xitam verilmişdir. Belə ki, Cavabdeh2 ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə işçi İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləninin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. İş materialları ilə də təsdiq olunmuşdur ki, işçi (iddiaçı) ilə əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və işə götürən onunla bağlanmış əmək müqaviləsinin müddətini uzatmayaraq işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Belə olan təqdirdə əmrin ləğv edilməsi hissəsində iddia tələbi əsassız və qanunsuzdur və təmin edilməməlidir.

11. Məhkəmə iddiaçının Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixində bağlanmış, xx.xx.2017-ci ildə və xx.xx.2022-ci ildə yenilənmiş müqavilənin bərpa edilməsi” edilməsinə münasibətdə qeyd etmişdir ki, həmin tələblərin heç bir hüquqi əsası mövcud deyil. Bundan başqa "X10" QSC-nin xx.xx.2022-ci il tarixli, 196/K saylı əmri verilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, iddiaçı ondan əvvəlki müqavilələrin bərpa edilməsini tələb etməkdə haqlı olmamışdır.

12. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, İddiaçı əmək müqavilələrinə xitam verilməsi barədə əmrlərin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən, iddiaçının digər tələbləri isə həmin iddia tələbindən törəmə olduğundan digər hissələrdə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərini həmin hissədə təmin etməməyi əsaslı və qanuni hesab edir.

13. Məhkəmə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, iddiaçı hüquqlarının ehtimal olunan pozuntusundan xx.xx.2022-ci il tarixindən məlumatlı olsa da, iddia tələbi ilə yalnız 2023- cü il tarixdə məhkəməyə müraciət edərək, iddia tələbi irəli sürmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “b”, 77.1, 77.2, 77.3, 78.1, 58.1, 58.2, 58.3, 82, 45.1, 45.2, 45.3, 45.4, 68, 73.1, 73.2, 296.2, 296.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə verilmiş vəsatətlərə heç bir münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

19. Cavabdehin ASC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Digər cavabdehin nümayəndəsi də apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

21. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

22. Maddə 68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.

23. Maddə 68.2. “b” bəndi. işçi ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

24. Maddə 70 “b” bəndi. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir.

25. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

26. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

27. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

28. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

37. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

38. Göründüyü kimi ASC-nin xx.xx.2019-cu il tarixli əmrlə iddiaçı bir aylıq sınaq müddəti təyin edilməklə, xx.xx.2019-cu il tarixədək əvəzçilik üzrə Cavabdeh2 ASC-yə Bina və qurğuların təmiri və istismarı üzrə nəzarətçi mütəxəssis vəzifəsinə təyin edilmişdir. ASC-nin 06-K saylı xx.xx.2022-ci il tarixli əmri ilə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləninin 73-cü maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir.

39. Qanunveriliyin tələbinə görə əmək müqaviləsinin müddətinin bitməsi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir.

40. Hazırki halda da müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.

41. Bununla bağlı qeyd olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən məlumatlı olsa da, iddia tələbi ilə 2023-cü ilin fevral ayında müraciət etdiyindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmüşdür. Yəni, iddiaçının həmin hissədə dəlillərindən asılı olmayaraq, müddətin keçməsinə görə iddiası təmin oluna bilməz. Ona görə də prosessual qənaət prinsipi baxımından Kollegiya həmin hissədə şikayətin dəllillərini əsassız hesab edir.

42. Digər mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 196/K saylı əmrə münasibətdə də Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. Staj müddətinə uyğun olaraq qanunverilicikdə nəzərdə tutulmuş müddət ərzində rəsmi xəbərdarlıq edilmiş, həmin xəbərdarlıqla tanış olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

43. Kollegiya hesab edir ki, digər hissələrdə də iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

44. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməmişdir.

45. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

46. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1130/2023 nömrəli 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar