Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4684/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2048/2025 saylı 7 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixində Lənkəran RQİİ üzrə Astara rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə işə qəbul olunub. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixində, o, Socar Cavabdeh Lənkəran X14 İdarəsi Lənkəran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə işə qəbul olunmuş; xx.xx.2024-cü il tarixində isə AR ƏM-nin 46.6-cı maddəsinə əsasən, Astara rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə keçirilmişdir.
2. İddiaçı tərəfindən Azəriqaz” İBnin Lənkəran X14 İdarəsinin rəisi Namiq Məmmədova ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, başqa işəgötürənlə əmək müqaviləsinin bağlandığı üçün xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Ümumi yığıncaq zamanı da öz iradəsi ilə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasər başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmək istədiyini bildirmişdir. Verdiyi ərizəyə əsasən xx.xx.2024-cü il tarixli 14-2-2-10/3-1K-144/2024 saylı əmrlə bağlanmış 84 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycar Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi rəhbər tutularaq xitam verilmişdir.
3. X4 şikayəti əsasında Astara RPŞ-də aparılmış araşdırma materiallarından görünür ki, X1 RQİİ-nin rəisi Namiq Məmmədova ərizə ünvanlayaraq, İddiaçı nəvələri - 14 yaşlı Türkan, 17 yaşlı Fatiməyə qarşı qeyri-etik davranışlara yol verdiyini bildirmiş və bu halın qarşısının alınmasını xahiş etmişdir. Astara rayonu, Şahağacı kənd sakini X5 xx.xx.2024cü i tarixli ərizəsi araşdırılması üçün xx.xx.2024-cü il tarixli 14-2-2-10/2-2398/2024 nömrəl məktubla Astara rayon Poliş şöbəsinə göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh İB-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 14-2-2-10/3-1K-144/2024 nömrəli əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “X22”nin dəstəyi ilə xx.xx.2021-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində Azəriqaz X2 X14 İdarəsi üzrə Astara rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixində əlavə razılaşma əsasında Cavabdeh Lənkəran X14 İdarəsi üzrə Astara rayonu ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixində isə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü ildə “SOCAR” Cavabdeh Lənkəran X14 İdarəsinin Lənkəran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46.6-cı maddəsinə əsasən Astara rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə keçirilmişdir. Cavabdeh Lənkəran X14 İdarəsinin xx.xx.2024-cü il tarixli, 14-2-2-10/3-1K- 144/2024 nömrəli əmri qanunsuz və qərəzlidir. Cavabdeh Lənkəran X14 İdarəsi xx.xx.2024-cü il tarixli, 14-2-2-10/3-1 K-144/2024 nömrəli əmrində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə müqavilə bağladığını nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əsas onun şəxsi ərizəsinin olmasını göstərmişdir. Halbuki, o heç bir başqa işəgötürənlə əmək müqaviləsi bağlamamışdır. Belə olan halda, ərizə ilə yanaşı başqa işəgötürənlə bağlanmış əmək müqaviləsinin surətini və əmək müqaviləsinin bağlanmasını təsdiq edən bildiriş ərizəyə əlavə edilməlidir. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Belə ki, qeyd olunan əmr qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Göründüyü kimi, qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir
6. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçının izahatının yalan olduğunu bildirmişdir. O, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, həqiqətən də iddiaçının xidmət ərazisində azyaşlı uşaqlara sataşmasına görə uşaqların babası prokurorluğa şikayət etmişdir. İddiaçı qızlardan birinə elçi gedəcəyini demişdir. Bununla bağlı iş yerində söz-söhbətlər yaranmışdır. Lakin, iddiaçı özü könüllü şəkildə işdən çıxma ərizəsini yazmışdır. Belə ki, ərizədə iddiaçının əlyazma yazıları var. Ona təzyiq olsaydı o dərhal polisə gedə bilərdi.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. xx.xx.2024-cü il tarixdə iddiaçı atası Qiyas ilə Lənkəran rayonuna yola düşürdülər. Qiyasın maşını olduğundan, özü də onlarla birlikdə Lənkərana getmək qərarına gəldi. Özü Lənkəranda alış-veriş etmək istəyirdi. İddiaçı atası ilə Lənkərandakı qaz idarəsinə gedirlər. O, onları gözləyəcəkdi sonra isə birlikdə yola davam edəcəkdilər. İddiaçını gözləyəndə iddiaçının atası Qiyas ona demişdir ki, iddiaçıya təzyiq edirlər ki ərizəsini yazıb işdən çıxsın. O, qaz idarəsinin binasına daxil olmuşdur. İddiaçının olduğu otağa girməsə də, qapının ağzında gözləyirdi, oradakı insanları görməsə də, baş verən söhbətləri eşidirdi. Onlar Namiq müəllimdən xahiş etmək istəyirdilər ki, Təbrizə köməklik etsin. Namiq müəllim etməsə də, otaqda olan tanımadığı digər 4-5 nəfər işçi iddiaçıdan ərizəsini yazıb işdən çıxmağı tələb edirdilər.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2048/2025 saylı, 7 may 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, X10 işdən çıxma barədə ərizənin onun iradəsi əleyhinə verildiyini, sərbəst iradəsinin təzyiq və məcburetmə altında zədələndiyini bildirmişdir. Lakin o, işdən çıxma barədə ərizəni könüllü şəkildə yazmadığını vurğulasa da, zorakılıq və məcburetməyə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
10. Həmçinin məhkəmə qeyd etmişdir ki, başqa işə keçmək məqsədilə xəbərdarlıq müddətini (1 ay) gözləmədən əmək müqaviləsini ləğv etmək imkanı - işçinin qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Bu hüquqdan istifadə etmək imkanı mütləq qaydada başqa işə keçməyi zəruri etmir. Belə ki, işçi bu hüququndan istifadə etməklə işdən çıxmaq istədiyi halda, işəgötürənin buna razılığı olarsa – müqavilə göstərilən tarixdən xətm ola bilər. Lakin bu hal mütləq qaydada başqa əmək müqaviləsinin bağlanılmasını zəruri etmir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68, 69.1, 69.2, 69.3, 69.4, 69.5, 69.7, 296.2, 296.3 və 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2048/2025 saylı, 7 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti ümumilikdə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış; əlavə olaraq bildirmişdir ki, Cinayət təqibi orqanı tərəfindən toplanılmış material üzrə izahatlar və onlara müvafiq olaraq qəbul etdiyi xx.xx.2024-cü il tarixli arayışı hazırki mübahisə üzrə iş üçün əhəmiyyətli hallar barədə məlumat verən materialdır. X4 və Cavabdeh İB-nin X18 İstismar İdarəsi rəisi Namiq Məmmədovun müraciəti əsasında Astara rayon Poluş Şöbəsində araşdırılmışdır. Fakt üzrə izahatlar alınmış və öz təsdiqini tapmamışdır. Hesab edir ki, məhkəmənin cinayət təqibi orqanı tərəfindən toplanılmış material üzrə izahatlar və onlara müvafiq olaraq qəbul etdiyi məktubun onun işdən məcbur edilərək işdən çıxarılması ilə əlaqəli sübut kimi qəbul edilməməsinə dair qənaəti əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, işlədiyi müddətdə öz işində məsuliyyətli olmuşdur. İşdən onu şər-böhtanla çıxardılar. Polis şöbəsinə barəsində şikayət etmişlər, lakin araşdırıldı ki, şər-böhtandır. Ona ərizəni yazmaq üçün təzyiqlər göstərildi. Bununla bağlı şahidləri vardır. Eyni zamanda qonşuları da var. Onun işdən çıxmaq niyyəti yox idi, xəstə anası vardır. Cavabdeh tərəf ona təzyiq göstərərk hədə-qorxu gəldi ki, o, ərizəni imzalasın. Onu Prokurorluqla hədələdilər. Hazırda Cavabdeh İB-də işçiyə ehtiyac vardır. Bütün bunların hamısının səbəbi ona olan qərəzdir. Ailə vəziyyəti çox ağırdır, işə bərpa olunmağını xahiş edir.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı 8 oktyabr 2024-cü il tarixdə öz ərizəsi ilə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində qarşı tərəf ona təzyiq olduğunu bildirmişdir, lakin bu hal öz təsdiqini tapmamışdır. İddiaçı öz iradəsi ilə ərizəni yazmışdır. Polis orqanlarına vətəndaş müraciət etmişdir. İddiaçı öz ərizəsində hansı tarixdən işdən azad olunmasını qeyd etmişdi Yığıncaq iddiaçının nəyə görə işdən azad edilməsi ilə bağlı keçirilmişdir. Qarşı tərəflə barışıq əldə olunması mümkün deyildir. Hazırda Cavabdeh İB-də kadr islahatı həyata keçirilir. İddiaçının polisdəki mübahisəsinin hazırkı işlə əlaqəsi yoxdur. Həmin hadisəni araşdırmaq onların səlahiyyətində deyildir. İddiaçı DOST Mərkəzi tərəfindən onlara işçi kimi təhkim olunmuşdur. Əgər onların iddiaçı ilə qərəzi olsa idi, onu Astara rayonundan Lənkəran rayonuna yaşadığı əraziyə təyin etməzdilər.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
22. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
23. 68-ci maddəsinin 2-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a)tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
24. 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.
25. 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
26. 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
27. 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
28. 69-cu maddəsinin 6-cı bəndinə əsasən işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
29. 69-cu maddəsinin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
30. 83-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
31. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
32. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
33. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
34. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı tələbini belə əsaslandırmışdır ki, işdən çıxarılmasına əsas olmuş ərizə onun iradəsi olmamaqla, cavabdeh qurumda çalışan əməkdaşların təzyiqi ilə yazılmış, o, sonradan ərizəni geri götürmək istəməsi barədə cavabdehə müraciət etsə də, onun bu müraciətinə münasibət bildirilməmişdir.
37. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X10 işdən çıxma barədə ərizəni könüllü şəkildə yazmadığını vurğulasa da, zorakılıq və məcburetməyə məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Başqa işə keçmək məqsədilə xəbərdarlıq müddətini (1 ay) gözləmədən əmək müqaviləsini ləğv etmək imkanı - işçinin qanunvericiliklə nəzərdə tutulmuş hüququdur. Bu hüquqdan istifadə etmək imkanı mütləq qaydada başqa işə keçməyi zəruri etmir. Belə ki, işçi bu hüququndan istifadə etməklə işdən çıxmaq istədiyi halda, işəgötürənin buna razılığı olarsa – müqavilə göstərilən tarixdən xətm ola bilər. Lakin bu hal mütləq qaydada başqa əmək müqaviləsinin bağlanılmasını zəruri etmir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razlaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizənin onun iradəsini əks etdirmədiyinə, ərizənin hədə təsiri ilə yazıldığına dair irəli sürdüyü dəlillər (cavabdeh tərəfin ona münasibətdə qərəzli olması, sözügedən ərizənin yazılması ilə eyni ərəfədə Astara rayonunun Şahağacı kənd sakini X5 X18 İstismar idarəsinə müraciət etməsi və s.) öz təsdiqini tapmır.
39. Əksinə iş materiallarından görünür ki, iddiaçı məhz xx.xx.2024-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir ki, cavabdeh də öz növbəsində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaslanaraq əmək müqaviləsinə həmin tarixdən xitam vermişdir. İşəgötürənin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı hərəkətində qanunvericiliyə zidd hər hansı addım atılmadığı qənaətində olan məhkəmə tərkibi bildirir ki, iddiaçı ərizədə onun verildiyi tarixdən işdən azad edilməsini xahiş etdiyinə görə, işəgötürən bu baxımdan haqlı olmuşdur. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, xx.xx.2024-cü tarixli məlum əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı sayır. Belə ki, birinci instansiya məhkəməsi sübutlara prosessual qanunvericiliyin tələbinə əsasən qiymət vermiş, gəldiyi nəticə işin həqiqi hallarına, maddi hüquqi əsaslarına uyğun olmuşdur.
41. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
44. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər işdən çıxma barədə ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsi barədə işin faktiki halları ilə bağlıdır ki, həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmə qiymət vermişlər.
45. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2048/2025 saylı, 7 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev