Məhkəmə qərarları › İş №2(103)-4687/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4687/2023

05.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4687/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və və X1 ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)-445/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: İddiaçı ilə Cavabdeh doğma bacıdırlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Çıxarış”dan müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzil paylı mülkiyyət hüququ əsasında İddiaçı (1/3 hissə) və Cavabdeh (2/3 hissə) adına qeydə alınmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh doğma bacı olmaqla yanaşı mərhum X8 vərəsələridirlər. Ataları vəfat etdikdən sonra Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçı, cavabdeh və eyni zamanda iddiaçı ilə cavabdehin qardaşı olan X10 miras qalmışdır. Vərəsəlik işi zamanı qardaş-X16 öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Cavabdeh miras kütləsi olan həmin mənzildən bacısı Qurbanovaya qanun üzrə vərəsəlik qaydasında payın düşməməsi üçün bütün vasitələrə əl atsa da, o, öz niyyətinə nail ola bilməmiş və uzun sürən məhkəmə çəkişmələri nəticəsində hazırda öz qanuni qüvvəsini alan məhkəmə qətnamələri ilə İddiaçı mərhum Elmar Qurbanovun birinci dərəcəli vərəsəsi kimi tanınaraq sözügedən miras əmlakından öz payını ala bilmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14462/2019 saylı 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 5432/2018 saylı iş üzrə 11 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, yəni, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 3 nömrəli evin 28 nömrəli mənzilinə dair Bakı şəhəri 31 saylı notariat kontoru tərəfindən Cavabdeh verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 2 v- 15 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, onun əsasında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2018-ci il tarixli, reyestrdə 4Ə152 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi, habelə həmin mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh və X2 adına aparılmış qeydiyyatların etibarsız hesab edilməsi və reyestr qeydi ilə əvvəlki vəziyyətə qaytarılması, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 3 nömrəli evin 28 saylı mənzili üzərində 1/3 (üçdə bir) payına dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri 31 saylı notariat kontorunun üzərinə qoyulması, Cavabdeh, X16, X3 və Bakı şəhəri 31 saylı notariat kontorundan hüquqi xidmət xərcinə görə 1300 manat dövlət rüsumu olmaq, cəmi 1325 manat məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-3673/2020 saylı qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı 08 oktyabr 2020ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bu isə o deməkdir ki, İddiaçı artıq həmin mənzilə mülkiyyət hüququnu əldə edən şəxsdir. Çünki, məhkəmənin yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə qət edilən bir hal da ondan ibarət olmuşdur ki, reyestr qeydi əvvəlki vəziyyətinə qaytarılsın, yəni mərhum X8 adına ilkin vəziyyətə gətirilmişdir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırmışdır ki, İddiaçı 1963-cü ildə həmin mənzildə doğulmuşdur. 1985-ci il tarixində ailə həyatı qurmuş və ilk övladı X9 da 1986-cı il tarixində həmin mənzildə doğulmuşdur. Beləliklə, iddiaçı 1963-cü ildən 1991-ci ilədək bu mənzildə yaşamışdır. 1991-ci ildə ikinci övladının - X4 doğulması ilə Cavabdeh ona və uşaqlarına mütəmadi yaradılan əziyyətlərə dözməmiş və uşaqlarına daha yaxşı şərait yaradılması üçün məcbur qalaraq atası mənzilindən çıxmışdır. Çünki, Əliyeva tərəfindən mütəmadi olaraq ailədə gərgin psixoloji şəraitə gətirib çıxaran hərəkətlərə yol verilir, iddiaçının qazı, suyu, işğına müdaxilələr edilirdi. İddiaçı bu dönəmdə mərhum 3 illik analıq məzuniyyətdə olmasından istifadə edərək həyat yoldaşı X5 işlədiyi Latviya Respublikasının Riqa şəhərinə getmişdir. Bu zamanlarda da o mütəmadi olaraq Bakıya həmin mənzilə gəlib getsə də 3 ilin tamamında Tibb Universitetində işləməsi ilə əlaqədar artıq analıq məzuniyyəti bitdikdən sonra işə çıxmaq məcburiyyətində olduğu üçün Bakı şəhərində Xalqlar Dostluğu ərazisində həyat yoldaşı ilə birgə əldə etdiyi mənzilə köçmüşdür. 1994-cü ildən 2005-ci ilədək o bu mənzildə sonradan isə hazırda qeydiyyatda olduğu ünvan 2a köçərək həyat yoldaşı və övladları ilə birlikdə bu ünvanda yaşamışdır. 2017-ci ilin avqust ayında iddiaçının həyat yoldaşı X11 vəfat etmiş, 2018-ci ilin 8 yanvar tarixində isə iddiaçının atası olan X17 vəfat etmişdir. İddiaçı öz oğlu və qızı ilə mərhum X8 nəşini birlikdə son mənzilə yola saldılar. İddiaçı öz atasının yas mərasimdə iştirak etmiş, mərhumun 4-cü cümə axşamı mərasimində iştirak üçün gəldikdə isə cavabdeh tərəfindən mənzildən qovulmuşdur. İlk başda iddiaçı cavabdehin bu hərəkətini anlamasa da yuxarıda qeyd edilən məhkəmə işlərinin gedişatını təhlil edərkən anlamışdır ki, Cavabdeh məhz həmin cümə axşamı günü artıq qeyri-qanuni yolla hazırda ləğv edilən vərəsəlik şəhadətnaməsini əlinə keçirmişdir. Bu saxta sənədə arxayın olaraq artıq o, Qurbanovanı mənzilə buraxmamışdır. Bundan sonra iddiaçı yuxarıda qeyd edilən məhkəmə prosesləri ilə məşğul olmuşdur. Hazırda iddiaçı öz oğlunu evləndirmişdir, artıq nəvəsi də doğulmuşdur və o, oğlu və gəlini ilə bir evdə qalaraq onların yerini dar etmək istəmir və ona görə atasından ona miras qalmış və qanuni əsaslarla ona məxsus olan mənzilə - Yasamal rayonu, X20 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Hazırki köçürülmə tələbinin məhkəmə zərurəti ondan irəli gəlir ki, iddiaçı cavabdeh kimi eynilə həmin mənzilə hüquq gözləntisi olduğu halda cavabdeh tərəfindən mənzilə buraxılmır. Ona görə sivil və qanunun tələblərinə uyğun şəkildə sözügedən mənzilə daxil olmaq, öz halal mülkündən istifadə etməyə nail olmaq üçün hazırki mübahisənin məhkəmə zərurəti qaçınılmazdır. Qeyd edilən hərəkətlər İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Halbuki, İddiaçı, sözügedən mənzilə qanun üzrə vərəsə olaraq, mülkiyyət hüquqları qanunvericilik və dövlət tərəfindən tanınmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ona qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi verib. Mərhum atası X7 qalmış mirasın 2/3 hissəsi onun payıdır. Ev M.F.Axundov küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşir. İddiaçı ünvan 2da daimi yaşayır və bu mənzildə qeydiyyatı var. 2018-ci il tarixdən bu günə kimi onlar arzu olunmaz münasibətdədirlər və dəfələrlə iddiaçı onun ev telefonuna zəng vurur və hədələyir. Bir çox məsələlərə görə onunla birgə yaşamaqları təhlükəlidir. O, və qardaşı X16 onunla bu mənzildə qeydiyyatdadırlar və bu mənzildə daimi yaşayır və başqa yaşayış yerləri yoxdur. Mənzillərin otaqları iç-içədir, mənzilin bir girişi var və bu mənzilin bölünməsi mümkün deyil. O, atası ilə son günlərinə qədər bir yaşayıb və onun qayğısına o qalıb. Evin 2/3 hissəsi onun payı olduğu üçün onun üstünlük hüququ var. AR Mülki Məcəllənin 1305-ci maddəsinə əsasən üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona 10 ildən çox olmayan müddətə möhlət verə bilər. O, dövlət işində işləyir və maaşına uyğun iddiaçının 1/3 payına düşən pul kompensasiyasını 10 il ərzində ödəmək üçün ona möhlət verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi - İddiaçı miras əmlakdan 1/3 hissədə pay almışdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 71 kv.m., yaşayış sahəsi 61 kv.m. olan mənzildən ibarətdir. Eyni zamanda işin halları ilə iddiaçının köçürülməsini xahiş etdiyi mənzil, məhz mərhum X12 məxsus olmuş və vərəsəlik üzrə 1/3 hissə üzrə İddiaçı, 1/3 hissə üzrə Cavabdeh və 1/3 hissə üzrə X10 məxsus hissələr olması müəyyən edilmişdir. Vərəsəlik işi zamanı qardaşı - X16 öz payından Cavabdeh xeyrinə imtina etmişdir. Buna görə də, mənzilin 2/3 hissəsi üzrə Cavabdeh məxsus olması müəyyən edilmişdir. Hal-hazırda Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 3, mənzil 28 saylı ünvanın mülkiyyətçiləri 1/3 hissə üzrə İddiaçı və 2/3 hissə üzrə Cavabdehdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 3, mənzil 28 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 43-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə tərəfindən iş üzrə həmiyyət kəsb edən çox mühüm diqqətəlayiq hallar nəzərə alınmamış, maddi və prosessual pozuntulara yol verilmişdir. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. O qeyd edir ki, evin şəraiti imkan vermir ki, kənar 3-cü şəxs həmin evdə yaşasın. Çünki 1 giriş qapısı, 1 mətbəxi, və 1 sanitar qovşağı olan evdə üçüncü şəxslə birgə üstəlik də psixoloji gərginliyi olan şəxslə yaşamaq qeyri-mümkündür. Məhkəmə isə işin bu diqqətəlayiq hallarını hərtərəfli və ən əsası obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam şəkildə yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Mülki Məcəllə:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi, ev 3 mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 71 kv.m., yaşayış sahəsi 61 kv.m. olan mənzilin mülkiyyətçiləri 1/3 hissə üzrə X6 və 2/3 hissə üzrə Cavabdeh olmaqla onlar doğma bacıdırlar. İddiaçı paylı mülkiyyətçi olaraq mübahisəli mənzilə köçürülməli olmasını, cavabdeh isə aralarında yaranmış mübahisəli vəziyyətə görə birgə yaşamaqlarının təhlükəli olması ilə iddiaçının 1/3 payına düşən pul kompensasiyasını 10 il ərzində ödəmək üçün ona möhlət verilməsi əsası ilə iddianın təmin edilməsinə etiraz edir. Apellyasiya şikayətinin dəlilləri də iddiaya olan etirazın dəlilləri ilə demək olar ki, eynilik təşkil etsə də, apellyator şikayətində qətnamənin kompensasiya verilməsi dəlilinə deyil, 1 giriş qapısı, 1 mətbəxi, və 1 sanitar qovşağı olan evdə kənar 3-cü şəxslə, birgə üstəlik də psixoloji gərginliyi olan şəxslə yaşamağın çox çətin və hətta qeyrimümkünlüyünə qiymət verilməməsini vurğulamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin-iddiaçının məhkəmə tərəfindən mübahisəli mənzildə yaşamalarının mümkün olub-olmamasının müəyyən edilməməsi dəlili, hazırki tələbin əsassız olması anlamına gəlmir. Belə ki, iddiaçının mübahisəli mənzildə pay hüquqları tanınmaqla dövlət qeydiyyatına alınmışdır və belə olan halda iddiaçı yuxarıda qeyd olunan normaların tələblərinə əsasən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də öz növbəsində iddianı təmin edərkən iddiaçını qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının olmasına düzgün istinad edərək onun paylı mülkiyyəti olan ünvana köçürülməsini qət etmişdir. Belə ki, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmin qərarda qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamənin” 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsiinə istinad edərək iddia tələbini rədd edilməli olduğu halda bunu etməyərək maddi hüquq pozuntusuna yol verilməsi kimi dəlilini tam əsassız sayır. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının pay hüququnun dövlət qeydiyyatına alınaraq onun müvafiq mənzilə xüsusi mülkiyyət hüququ müəyyən edilmişdir. Başqa sözlə, o da cavabdeh kimi mübahisəli evdə mülkiyyət payına malikdir və cavabdeh tərəfindən onun öz mülkiyyətindən sərbəst, rahat və maneəsiz istifadə edilməsinə şərait yaradılmadığı üçün hazırki iddia əsasında məhkəmə müdafiəsi hüququndan istifadə etməsi heç bir halda hüquqdan sui-istifadə kimi qiymətləndirilmir və qiymətləndirilə də bilməz. Həmçinin də, iddiaçı da cavabdeh kimi bərabər hüquqlu mülkiyyətçilərdir və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, paylı mülkiyyətçinin payı olduğu mülkiyyətə köçürülməsi digər paylı mülkiyyətçinin qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Payı artıq olan cavabdehin ona münasibətdə payı az olan iddiaçı ilə birgə yaşamalarının qeyri mümkünlüyü ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiq olması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə də, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Göründüyü kimi, apellyatorun dəlilləri formal mülahizələrə əsaslanmışdır və birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(004)- 445/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar