Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4688/2025 30.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X13 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-124/2020 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 4733 manat zərərin İddiaçı, 4799 manat zərərin X10, 7694 manat zərərin X6, 4733 manat zərərin İddiaçı, 2989 manat zərərin X3, 2802 manat zərərin X11, 2762 manat zərərin X5, 6807 manat zərərin X7, 4605 manat zərərin X20, 4730 manat zərərin X1 xeyrinə tutulması, iddia tələblərinin “hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması” hissəsində təmin edilməməsi, iddia tələbinin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023- cü il tarixli, 2(103)- 113/2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 (üç min doqquz yüz doxsan doqquz) manatın İddiaçı, 4799 (dörd min yeddi yüz doxsan doqquz) manatın, 7694 (yeddi min altı yüz doxsan dörd) manatın X6, 4733 (dörd min yeddi yüz otuz üç) manatın İddiaçı, 5542 (beş min beş yüz qırx iki) manatın X12, 2989 (iki min doqquz yüz səksən doqquz) manatın X3, 2802 (iki min səkkiz iki) manatın X11, 2762 (iki min yeddi yüz altmış iki) manatın X5, 6807 (altı min səkkiz yüz yeddi) manatın X7, 4605 (dörd min altı yüz altmış beş) manatın X20, 4730 (dörd min yeddi yüz otuz) manatın X1 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2296/2023 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı və digərlərinə (Ünvan: Hacıqabul rayonu, Atbulaq kəndi) ünvanlanan 30 noyabr 2023-cü il tarixli, 3-23/2-Kol- 1084-19-773/2023 nömrəli cavab məktubundan görünür ki, İddiaçı, X5, İddiaçı, X16, X2, Ş nnov Elxan Babaxan oğlunun, X12, X10, X7, X6, X3 və X14 adından istifadədə olan torpaq sahəsinin müvafiq qaydada istifadə edilməməsi səbəbindən 2019-2023-cü illər üzrə kompensasiyanın ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 14 noyabr 2023-cü il tarixdə daxil olmuş kollektiv müraciətə baxılmışdır. Müraciətlərindən və müraciətə əlavə olunmuş məhkəmə qərarlarından aydın olur ki, Hacıqabul rayonu, Aqrar islahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə onların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müddətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2023cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı ilə İddiaçı və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023- cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə tələbi təmin edilməmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Göründüyü kimi sözügedən məhkəmə qərarları ilə hazırkı tələbi (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/1307 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Hacıqabul rayonu Atbulaq kəndi ərazisində olan kənd təsərrüfatına yararlı, əkin təyinatlı torpaqlarda əsasən taxıllar fəsiləsinə aid olan-arpa, buğda bitkilərinin əkini aparılır. Ərazi kənd təsərrüfatı təyinatlı əkin torpaqlar olub, əkinə yararlı olmaqla şərti suvarılan əraziyə daxildir. Becərilməsindən asılı olaraq arpa və buğda əkini sahələrindən aqrotexniki tədbirləri tətbiq etməklə hər hektardan 22-25 sentnerə qədər məhsuldarlıq əldə etmək olar.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4301 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, bioloji ekspertizanın nəticəsinə əsasən, Respublikada yerləşən ticarət şəbəkələrində, internet saytlarında olan məlumatlardan və eləcə də, Mərkəzdə olan məlumatlarda istifadə edilməklə göstərilən 22-25 sentner taxılın (arpa və ya buğda bitkisi) ümumi dəyəri təxminən 1057,50 (23,5 x 45m) manat müəyyən edilir. 1 ha torpaq sahəsində taxıl (arpa və ya buğda) bitkisinin əkilib-becərilməsi üçün çəkiləcək xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilən xərclərin müəyyən edilməsi həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis (mütəxəssislər) tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də 1 ha torpaq sahəsində taxıl əkilib becərilməsindən il ərzində ehtimal olunan gəlirin məbləği, aqrotexniki və digər xərclər nəzərə alınmadan qiymətləndirmə yalnız məhsuldarlıq üzrə aparıldı.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2- 1079/2025 saylı məktubundan görünür ki, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində vətəndaş İddiaçı məxsus 1 hektar torpaq sahəsində əkilən taxıldan ehtimal olunan gəlirin təxmini məbləğinin müəyyən edilməsi ilə əlaqədar arayışın verilməsinə köməklik göstərilməsi barədə Nəsimi Rayon Məhkəməsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanmış müraciətə baxılmışdır. Bildirmişdir ki, nəzəri hesablamalara görə Atbulaq kəndi ərazisində su təminatı, torpaqiqlim və aqrotexniki qulluq işlərinin səviyyəsindən asılı olaraq 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsindən 30 sentner sıravi dən məhsulu götürülməsi şərtiilə əldə olunması ehtimal edilən gəlirin məbləği, tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla 379.0 manat təşkil edir.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2- 1687/2025 saylı məktubunda isə göstərilmişdir ki, Atbulaq kəndi ərazisində su təminatı, torpaq-iqlim və aqrotexniki qulluq işlərinin səviyyəsi nəzərə alınmala 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsində aqrotexniki və digər xərclərin məbləği təxmini hesablamalara görə 791 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə ona 2366 manat kompensasiyanın ödənilməsi və dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, ona 3,35 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 91003018 nömrəli akt əsasında adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Torpaq sahəsini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istifadə etməklə, ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdiyi maddi gəlir ilə müəyyən qədər ödəyir. Lakin 2004-cii il tarixdən etibarən mülkiyyətində olan torpaq sahəsinin üzərindən SOCAR-ın "Qaz İxrac" İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla bağlı olaraq, onun və digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən SOCAR-ın "Qaz İxrac" İdarəsinə ərizə ilə müraciət etmişlər, ərizələrinə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxanda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də, 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı sürətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisi olmaqla məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Daha sonra məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində dementaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı mülkiyyətinə verilmiş 3,35 hektar torpaq sahəsinin 7514 kv sahəsi qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də, torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmirlər. İddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə araşdırması aparılmış, məhkəmənin 2(011)-124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 4733 manat zərər İddiaçı, 4799 manat zərər X10, 7694 manat zərər X6, 4733 manat zərər İddiaçı, 5542 manat zərər X12, 5936 manat zərər X14, 2989 manat zərər X3, 2802 manat zərər X11, 2762 manat zərər X5. 6807 manat zərər X7, 4065 manat zərər X16, 4730 manat zərər X2 xeyrinə tutulması qət edilmişdir. İddia tələbləri hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması hissəsində təmin edilməmişdir. İddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 124/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-113/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə və iş üzrə yeni qətnamə çıxarılmışdır. Qətnaməyə əsasən iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 4733 manat İddiaçı, 4799 manat X10, 7694 manat X6, 4733 manat İddiaçı, 5542 manat X12, 5936 manat X14, 2989 manat X3, 2802 manat X11, 2762 manat X5, 6807 manat X7, 4065 manat X16, 4730 manat X2 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia tələbi üzrə 2009-2018-ci illər daxil olmaqla Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi müvafiq qaydada icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə iddiaçılara məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş (xx.xx.2023, 3-23/2/Kol-l084-19- 773/2023) cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır. Bu səbəbdən hüquqlarının bərpa edilməsi və istifadəsində olan torpaq sahəsinin müvafiq qaydada tam istifadə edilməməsi səbəbindən 2019-2023-cü il müddəti üzrə 2366 manat İddiaçı kompensasiyanın ödənilməsinə və ödənilmiş dövlət rüsumunun alınıb qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir.
11. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul tələbi” iddia tələbinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi barədə və tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin müəyyən hissəsinin üzərindən 2009-cu ildən qaz boru kəmər xəttinin keçməsi ilə əlaqədar həmin sahənin zəbt olunmuş hissəsi üçün iddiaçıların hər birinə müvafiq məbləğlərdə, digər halda isə qaz boru kəmərlərinin istismar müdətinə uyğun olaraq qarşıdakı 40 il müddətinə olan dövr üzrə hər il 630 manat olmaqla hər birinə 25.200 manat kompensasiyanın ödənilməsi üçün İddiaçı və digərləri iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)- 113/2023 nömrəli qərarı ilə İddiaçı oğlu və digər şəxslərin xeyrinə dövlət büdcəsindən müvafiq məbləğlərdə kompensasiyanın tutulması qət edilsə də, qarşıdakı 40 il müddət üçün 25.200 manat məbləğində (o cümlədən 2019-2023-cü illər üzrə) kompensasiyanın ödənilməsi barədə iddia tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)- 113/2023 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 2023-cü ilin 8 sentyabr və 12 sentyabr tarixlərində tam icra olunmuşdur. Məhkəmə qərarlarından da aydın görünür ki, iddiaçıların hazırkı tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə, həmçinin iddianın yolverilməzliyinə görə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.
13. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyana görə məbləğin 6 il (2019-2024) müddətinə hesablanmasını xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 3532,8 manat məbləğində pul vəsaiti və ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən alınaraq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 115 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
15. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 3.35 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində iddiaçının adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. İddiaçıya məxsus həmin torpaq sahəsinin 7514 m2 hissəsi magistral qaz kəmərlərinin mühafizə zonası daxilində yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)124/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-113/2023 saylı qətnamələrinə əsasən 2009- 2019-cu illər ərzində iddiaçıya məxsus torpaq sahəsinin 7514 kv.metr hissəsindən magistral qaz kəməri keçdiyinə görə iddiaçının məhrum olduğu ümumilikdə 4733 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2024-cü il üzrə, yəni son 6 il ərzində özünə məxsus torpaq sahəsindən magistral qaz kəməri keçdiyinə görə həmin hissədən istifadə edə bilmədiyinə görə kompensasiyanın ödənilməsini tələb edir.
16. Məhkəmə iddianın təmin edilməsi üzrə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisəsiz hallarına əsasən Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 3.35 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 7514 m2 hissəsi yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmamış, həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. İddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona maddi ziyan dəyməsi, həmçinin il ərzində iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsi kimi hallar daha əvvəl qəbul edilmiş və işin materiallarında olan məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 4733 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsi üzrə 1ha torpaq sahəsi üzrə gəlir məbləği 630 manat müəyyən edilmiş və məntiqi olaraq da həmin məbləğ illik inflasiyaları nəzərə almaqla artmışdır ki azalmamışdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə təqdim olunmuş materialların müqayisəli təhlili göstərir ki, torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istifadəsi nəticəsində əldə olunmalı gəlirin müəyyən edilməsində əvvəlki dövrlərdə formalaşmış iqtisadi göstəricilərdən — konkret olaraq mənfəət əmsalından istifadə edilməsi həm hüquqi, həm də iqtisadi baxımdan əsaslandırılmış hesab edilməlidir. Məhkəmə əlavə etmişdir ki, 2019-cu ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Hacıqabul DAİM-ə etdiyi sorğu əsasında təqdim olunmuş mütəxəssis rəyinə əsasən, Atbulaq kəndi ərazisində yerləşən pay torpaqlarında şərti hesablamalarla 1 hektar sahədən əldə edilə biləcək ümumi gəlir 850 manat, xalis mənfəət isə təxminən 630 manat olaraq müəyyən edilmişdir. Bu isə o deməkdir ki, məhsulun ümumi satış dəyərinin orta hesabla 74,1%-i mənfəəti, 25,9%-i isə xərcləri təşkil edir. 2025ci ildə iş üzrə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4301 nömrəli, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, 1 ha sahədən ümumi 1057,50 manat dəyərində məhsul taxılın (arpa və ya buğda bitkisinin) əldə olunduğu müəyyən edilmişdir. Lakin həmin rəy üzrə taxıl bitkisinin əkilib-bəcərilməsi üçün çəkiləcək xərclər konkret şəkildə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmiş, sorğu əsasında təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 3- 22/2-1081/2025 saylı məktubdan görünür ki, hektar suvarılan sahədən taxılın əkilib bəcərilməsindən 30 sentner siravi olan dən məhsulu götürülməsi şərti ilə əldə olunması ehtimal edilən gəlirin məbləği, tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla 379.0 manat təşkil edir. Sorğuda verilən cavabı dəqiqləşdirməkdən ötrü yenidən sorğu ünvanlanmış və iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2-1687/2025 saylı məktubunda göstərilmişdir ki, Atbulaq kəndi ərazisində su təminatı, torpaq-iqlim və aqrotexniki qulluq işlərinin səviyyəsi nəzərə alınmala 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsində aqrotexniki və digər xərclərin məbləği təxmini hesablamalara görə 791 manat təşkil edir.
17. Məhkəmə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-22/2-1081/2025 saylı məktubunu heç bir hüquqi və ya iqtisadi əsaslandırma ilə müşayiət olunmadığına, həmçinin subyektiv xarakter daşyaraq rəsmi ekspertiza və ya sübut kimi qiymətləndirilə bilinmədiyinə və iqtisadi baxımdan bu rəqəmin məntiqə və real bazar göstəricilərinə zidd olduğuna görə sübut kimi qəbul etməmişdir. Belə ki, 2019-cu ildə təmiz mənfəət 630 manat olduğu halda artan məhsul qiymətləri və təsərrüfat xərclərindəki ümumi dəyişikliklər fonunda bu göstəricinin 2024-cü ildə 379 manata düşməsi real iqtisadi proseslərlə və sadə məntiqə uyğun gəlmir. Kənd təsərrüfatı sektorunda son illərdə həm məhsul qiymətlərində, həm də bazar dövriyyəsində artım müşahidə olunduğundan, təklif olunan bu rəqəm ümumi tendensiyaları əks etdirmir və istinad edilə biləcək obyektiv baza xarakteri daşımır. Beləliklə, məhkəmə hesab etmişdir ki, bu məktub müstəqil sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən, iş üzrə təqdim olunmuş əsaslı və əsaslandırılmış ekspertiza rəyi, əvvəlki məhkəmə təcrübəsində müəyyən olunmuş iqtisadi göstəricilər və mənfəət əmsalı əsasında aparılmış hesablama daha etibarlı və hüquqi cəhətdən üstün sübutlar hesab edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, məhz bu cür hallarda — yəni ümumi gəlirin məlum, lakin xərclərin müəyyən olunmadığı situasiyalarda — əvvəlki dövrlər üzrə müəyyən edilmiş mənfəət əmsalından istifadə edilməsi həm iqtisadi baxımdan məntiqli, həm də hüquqi baxımdan əsaslıdır. Həmin əmsal bu konkret torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istismarında uzunmüddətli orta rentabellik səviyyəsini əks etdirir. Əgər ərazinin təyinatında, torpaq strukturunda və fəaliyyət növündə ciddi dəyişiklik baş verməyibsə, bu əmsalın yeni dövrə də tətbiqi obyektiv və əsaslandırılmış sayılmalıdır. Məhkəmə qeyd etmişdir ki, əvvəlki dövr üzrə müəyyən olunmuş əmsal (0.741 (630 manatda xalis mənfəətin 850 manat ümumi məbləğdə gəlirə nisbəti)) yeni məhsul dəyərinə tətbiq edildikdə, 1 hektar sahədən əldə edilə bilinəcək məhsulun ümumi dəyərinə (1057,50 manat) nisbətdə təxmini xalis gəlir 783,6 manat, xərclər isə 273,9 manat təşkil edir. Bu yanaşma həm əvvəlki məhkəmə təcrübəsinə, həm də kənd təsərrüfatı fəaliyyətinin ümumi iqtisadi təhlilinə uyğundur. Beləliklə, məhkəmə hesab etmişdir ki, hazırkı ekspertiza gəlir və xərcləri ayrıca göstərə bilmədiyindən, əvvəlki dövr üzrə sabit mənfəət əmsalına əsaslanaraq məhsulun yeni dəyərinə uyğun təxmini hesablamaların aparılması, həm hüquq pozuntusunun nəticələrinin obyektiv qiymətləndirilməsi, həm də ədalətli zərər kompensasiyası üçün zəruri və əsaslı hesab edilməlidir.
19. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, müəyyən edilən əkin sahəsi üzrə 1 ha torpaq sahəsi üzrə gəlir məbləği 783,6 manat müəyyən edilsədə, iddiaçının 1ha deyil 7514 m2 torpaq sahəsinin zəbt olunması (Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı mülki işin 251-ci səhifəsi) həmin məbləğin 588,8 manat olması qənaətinə gəlinməlidir(1ha783,6 manat, 0.7514 ha-588,8 manat). Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar 3532,8 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 588,8 manat x 6 il =3532,8 manat) manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir. Buna görə də məhkəmə iddia tələbini əsaslı hesab edərək təmin etmişdir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 139.1, 140, 152.1, 152.3, 1096.1, 1097.1, 1100-ci; “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1, 7.2, 54.1-ci və Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, iş materiallarından da aydın olur ki, İddiaçı və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin torpaq sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf ayrı qurumdur, Maliyyə Nazirliyi deyildir. Hər bir dövlət qurumu müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Neft kəməri daha əvvəl çəkilib, sonra torpaq sahəsinin iddiaçıya verilməsi qərara alınıb. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə görə, torpaq islahatı zamanı magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin maddənin 2-ci hissəsinə görə, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Ona görə də neft kəmərinin bilavasitə yerəşdiyi torpaq və kəmərin mühafizə zonası daxilində qalan torpaq dövlətin müstəsna mülkiyyəti sayılır. Dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsi xüsusi mülkiyyətə verilə bilməz, bu barədə olan qərar qanunsuz sayılır. Əgər torpaq iddiaçıya ayrıldıqdan sonra neft kəməri çəkilsəyidi, belə halda mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb oluna bilərdi. Hər hansı hüququn pozulması üçün əvvəlcə hüquq yaranmalı, sonra onu pozan fakt (hüquqi zidd davranış) baş verməlidir. Əgər fakt hüququn yaranmasından əvvəl baş verirsə, hüquq pozulmuş sayılmır. Odur ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb edə bilməz. O, torpaq islahatı nəticəsində hüququnun pozulmasına görə, yəni islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslandığından məhkəmə başqa əsasla qətnamə qəbul edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Bildirir ki, İddiaçı daha əvvəl də torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək qarşıdakı 40 il üçün (o cümlədən qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Ali Məhkəmənin 2023-cü il 25 iyun tarixli, 2(102)- 2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir. Sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 8 sentyabr 2023-cü il tarixində tam icra olunmuşdur. Məhkəmə qərarından da aydın görünür ki, iddiaçıların hazırkı tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Həmçinin, eyni predmet və eyni əsasla İddiaçı məhkəməyə müraciət etdiyindən, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia yolverilməz hesab olunmalı idi. Lakin Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq daha əvvəl baxılan bir işə yenidən baxılaraq qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, eyni işlə bağlı daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı olmuş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)-2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış və icraya yönəldilmişdir. Bununla belə, İddiaçı eyni predmetlə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yuxarıda qeyd edilən torpaq sahəsindən istifadə edə bilməməsini əsas gətirərək vurulmuş ziyanın ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. İddia ərizəsində iddiaçının Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
24. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, kvadratmetr ilə bağlı ödəniş olub.
25. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, onların mövqeyi ondan ibarətdir ki, qəbul ediləcək qərar onların maraqlarına toxunmasın. Həmin ərazidə hazırda strateji əhəmiyyətli kəmər mövcuddur. Çox yüksək təzyiqə malikdir, təxmini 90-95 atmosfer. Apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır.
26. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
27. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin müəyyən edilmiş fakitki halları ondan ibarətdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 3.35 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində iddiaçının adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. İddiaçıya məxsus həmin torpaq sahəsinin 7514 m2 hissəsi magistral qaz kəmərlərinin mühafizə zonası daxilində yerləşir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)124/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-113/2023 saylı qətnamələrinə əsasən 2009-2019-cu illər ərzində iddiaçıya məxsus torpaq sahəsinin 7514 kv.metr hissəsindən magistral qaz kəməri keçdiyinə görə iddiaçının məhrum olduğu ümumilikdə 4733 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2024-cü il üzrə, yəni son 6 il ərzində özünə məxsus torpaq sahəsindən magistral qaz kəməri keçdiyinə görə həmin hissədən istifadə edə bilmədiyinə görə kompensasiyanın ödənilməsini tələb edir.
34. İddianı təmin edən məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 4733 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir.
35. Məhkəmə qeyd edir ki, artıq hazırki tələbin hüquqi əsasını təsdiq edən qanuni qüvvəsini almış qətnamə mövcuddur. Hazırki tələb münasibətlər davam etdiyindən növbəti illərlə bağlı zərərin ödənilməsini ehtiva edir. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar 3532,8 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 588,8 manat x 6 il =3532,8 manat) manat məbləğində maddi ziyanın əvəzinin cavabdehdən tutulması əsaslıdır. 36.Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdehin apellyasiya şikayəti üzrə dəlilləri ondan ibarətdir ki, deliktin onun tərəfindən törədilməməsinə görə Maliyyə Nazirliyinin cavabdeh kimi tanınması əsassızdır, Neft kəməri daha əvvəl çəkilib, sonra torpaq sahəsinin iddiaçıya verilməsi qərara alınıb, halbu ki, hüququn pozulması üçün əvvəl hüquq yaranmalı sonra hüququn pozulması faktı baş verməlidir, buna görə də ki, iddiaçı mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb edə bilməz. O, torpaq islahatı nəticəsində hüququnun pozulmasına görə, yəni islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslandığından məhkəmə başqa əsasla qətnamə qəbul edə bilməz.
37. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddia tələbinin əsaslılığına daha əvvəlki məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmiş, cavabdeh AR Maliyyə Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-113/2023 saylı qətnaməsi kassasiya qaydasında mübahisələndirilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Neft kəmərinin daha əvvəl çəkilməsi ilə bağlı şikayətin dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən mübahisə predmeti olan torpaq iddiaçıya verilərkən magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçılara verilmiş torpaq sahələrinə dair məhdud istifadəyə dair müqavilə bağlanmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. İddiaçı isə yalnız ona vaxtı ilə ayrılmış və bütün yuxarıda qeyd olunan proseslərin nəticəsi etibarı ilə dövlət orqanlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara ayrılmış torpaq sahələrindən istifadə və ümumilikdə torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilməmələri ilə bağlı kompensasiyanın ödənilməsini xahiş edir.
39. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
40. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
41. Göründüyü kimi, iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənildiyindən, cavabdehin qeyd olunan dəlili əsassız hesab edilməlidir.
42. Beləliklə, qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-156/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Sabit Bəhrəmzadə Fərrux Qasımov