Məhkəmə qərarları › İş №2(103)-469/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-469/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-469/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-470/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 470/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı İKB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 2-G-1-0-935-14 kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 37586,11 manat əsas borc, 23878,25 manat faiz borcu, 100 manat cərimə, cəmi 61564,36 manat borc, 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqının tutularaq İddiaçı X2 ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində 3 otaqlı 55 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 55 nömrəli mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat müəyyən edilməklə hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, banka olan əsas borcu şişirdilmişdir. Belə ki, onun il ərzində banka ayda bir dəfə ödədiyi pul məbləği əsas borca yönəldilsəydi, borcu xeyli azalmış olardı. Buna görə də, məhkəmə kredit üzrə faizlərin ayda bir dəfə tutulması haqda kredit müqaviləsinin müddəasının etibarsız hesab edilməli, habelə mühasibatlıq ekspertizası təyin etməli idi. İş üzrə keçirilmiş ekspertizanın nəticəsində ipoteka predmetinə qoyulmuş qiymət həqiqəti əks etdirmir, əmlaka qoyulan qiymət çox aşağıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlu bildirdi ki, ekspert rəyində əsas borc məbləği necə artırıla bilər. Edilən ödənişlər nəzərə alınmayıb. Odur ki, məhkəmədən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alana illik faiz dərəcəsi 25 faiz olmaqla, 84 ay müddətinə 40000 manat kredit verilmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun xx xxxx 2018-ci il tarixinə banka əsas borc üzrə 37586,11 manat, 23878,25 manat faiz borcu, 1146,51 cərimə borcu, ümumilikdə cəmi 62610,87 manat borcu yaranmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində 3 otaqlı 55 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 55 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh2 xx xxxxxxxx 2016-cı il tarixdə öldüyündən mənzili Cavabdeh1 vərəsəlik qaydasında qəbul etmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş Ç-1400 saylı xx xxxxxx 2018-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xasməmmədov Xəlilbəy küçəsində 3 otaqlı 55 kv.m yaşayış sahəsindən ibarət 5 nömrəli evin 55 nömrəli mənzilinin orta bazar qiyməti 110.000 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 3870 saylı rəyi ilə Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü 2-G-1-0-935-14 saylı saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 37 676,68 manat, faiz borcu üzrə 25897,46 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Əvvəla, əsas borcun şişirdilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmışdır. Tələb edilən əsas və faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspert tərəfindən də yoxlanılmış, əksinə əsas və faiz borcunun məbləği tələb ediləndən də artıq olduğu müəyyən edilmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur və təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi vəsatətin təmin olunması üçün ciddi zərurət olmalıdır. Cavabdehin ödədiyi məbləğin hamısı əsas borca yönəldilə bilməzdi. Çünki, kredit müqaviləsi üzrə tərəflər arasında ödəniş cədvəli tərtib olunmuş, cədvəl üzrə borcalan müqavilə müddətində 40000 manat əsas borc üzrə, 45046.45 manat faiz borcunu ödəməyi öhdəsinə götürmüş, başqa sözlə cədvəl üzrə bu qaydada ödəniş etməyi razılaşdırmışlar. İkincisi, ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi də əsassız olmuşdur. Belə ki,“İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi zamanı ipoteka predmetinin qiymətləndirilməsi keçirilmiş və rəy alınmışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi də ipoteka predmetinin dəyərinin müəyyən ediləndən daha çox olduğu dəlililini inandırıcı və ağlabatan hesab etmir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)- 470/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar