Məhkəmə qərarları › İş №2(103)-4694/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4694/2021

22.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4694/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi qqqqqqqqqqin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı X4 19.12.2006-cı il tarixli, 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılması, yarımtikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi tələbinə dair 2(001)-176/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 19.12.2006cı il tarixli, 2030 nömrəli sərəncamı ilə onun sahibliyinə və istifadəsinə verilmiş 300 m2 torpaq sahəsindən və onun üzərində inşa edilmiş yarımtikilidən çıxarılması, yarımtikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 qəsəbə bələdiyyəsinə ərizə ilə müraciət edərək istifadəsində olan X4 30.06.2005-ci il tarixli qərarı ilə X5 istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilmiş fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsini xahiş etmiş və X4 19.12.2006-cı il tarixli sərəncamı ilə Z.M.Ziyadovun istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinə sahiblik və istifadə hüququ iddiaçının adına keçirilmişdir. Mütəxəssis tərəfindən torpaq sahəsinin eskizi tərtib edilməklə təsdiq edilmişdir. Hal-hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və cavabdeh orada özbaşına tikili inşa etməyə başlamışdır. Bununla bağlı iddiaçı cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq sonuncu iddiaçının tələbinə məhəl qoyulmamışdır. Hal-hazırda iddiaçının sahiblik və istifadə hüquqları pozulmuş, ona məxsus torpaq sahəsi qanunsuz zəbt edilməklə orada özbaşına tikili inşa edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin yanaşması Azərbaycan Respublkası Konstitusiyasına və digər hüquq normalarına ziddir. İddiaçı dövlətə güvənib onun səlahiyyət verdiyi idarəyə, orqana müraciət etmiş və nəticədə pulunu ödəyərək torpaq sahəsi almışdır. Hal-hazırda onun adına ləğv edilməmiş, qüvvədə olan Bələdiyyə qərarı, sərəncamı ilə torpaq sahəsi vardır və iddiaçı dövlətin həmin qurumunun ona vermiş olduğu sərəncam əsasında iddia qaldırmaq hüququ əldə etmişdir. Subyektiv hüququnun olmaması əsası ilə iddia tələbinin rədd edilməsi tamamilə qanunsuzdur. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmənin iddia tələbindən kənara çıxmaqla onun əlində qərarı olmasına baxmayaraq əlavə ekspertiza təyin edərək bələdiyyə qərarının mübahisələndirilmədiyi halda öz-özünə həmin qərara qiymət verməsi və onu etibarsız hesab etməsi sahiblik və istifadəsində olan torpaq sahəsini zəbt etmiş cavabdehin əməlinə haqq qazandırmış olmuşdur ki nəticədə sahiblik və istifadəsində olan torpaq sahəsini zəbt etmiş və orada özbaşına tikili inşa etmiş cavabeh qanunsuz fəaliyyətinə davam etməklə hal hazırda da orada yaşamaqdadır. Bir daha xatırlatmaq istəyir ki, X4 19.12.2006-cı il tarixli sərəncamı mübahisələndirilməmiş, ləğv və ya etibarsız hesab edilməmişdir. Belə olan halda, məhkəmənin hansı əsasla onun subyektiv hüququnun olmadığını bildirməsi ona aydın deyildir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X4 19.12.2006-cı il tarixli, 2030 saylı sərəncamına əsasən, Bakı şəhər sakini vətəndaş X6 30.06.2005-ci il tarixli, 1508/1 saylı qərarla fərdi ev tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilən 300 m2 torpaq sahəsinin Bakı şəhər sakini İddiaçı adına verilməsini ərizə ilə X3 xahiş etmişdir. X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 300 m2 torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı adına keçirilməsinə sərəncam verilmişdir. Bakı şəhəri Binəqədi rayonu X4 19.11.2019-cu il tarixli,1337 saylı arayışından müəyyən olunur ki, X4 19.12.2006-cı il tarixli, 2030 saylı sərəncamı ilə İddiaçı istifadəsinə 300 m2 torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu X4 16.12.2019-cu il tarixli, 01-13/N-1213 saylı məktubundan müəyyən olunur ki, Binəqədi rayonu X4 19.12.2006-cı il tarixli, 2030 saylı sərəncamı ilə İddiaçı istifadəsinə fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi Binəqədi qəsəbəsinin inzibati ərazi hüdudları daxilində yerləşir. Müvafiq qaydalara əsasən torpaq sahəsi vətəndaşlara ayrıldıqdan sonra həmin torpaq sahəsinin qorunub saxlanmasının öhdəçiliyi vətəndaşın üzərinə düşür. Həmin vaxtdan uzun müddət keçdiyinə görə heç bir koordinat oxları olmadığına görə və sözügedən ərazidə çoxlu sayda yaşayış evləri tikildiyinə görə İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazini müəyyənləşdirmək bələdiyyənin imkanları xaricindədir. Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 17.09.2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X4 19.12.2006-cı il tarixli, 2030 saylı sərəncamına əlavə edilmiş sxemdə miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, sərəncamda ayrılan torpaq sahəsinin, iddiaçı tərəfindən göstərilərək ölçülən mübahisəli sahə olub-olmadığını müəyyən etmək mümkün olmamış, lakin ölçülən ərazi dövlət mülkiyyətidir. Torpaq sahəsi dövlət mülkiyyətində olub, X12 Şirkətinin istifadəsinə verilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 27.01.2021-ci il tarixli, 10/1741 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu X4 19.12.2006-cı il tarixli № 2030 saylı sərəncamına əlavə edilmiş sxemdə miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, sərəncamda ayrılan torpaq sahəsinin, iddiaçı tərəfindən göstərilərək ölçülən mübahisəli sahə olub-olmadığını müəyyən etmək mümkün olmamış, lakin ölçülən ərazi dövlət mülkiyyətindədir. Torpaq sahəsi dövlət mülkiyyətində olub, X12 Şirkətinin istifadəsinə verilən torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Mütəxəssis rəyinə əsasən sözügedən tikilinin X11 Şirkətinin istifadəsinə verilən ərazidə yerləşdiyini və iş materiallarına X2 inşa etdiyi tikiliyə dair hər hansı razılaşdırma sənədinin əlavə edilmədiyi nəzərə alaraq həmin tikilinin lazımi icazə alınmaqla, şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; ...... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. (MM-nin 139.3.,178.1.,178.2.-ci mad.). “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən faydalı qazıntılar yerləşən sahələrdə yaşayış məntəqələrinin, sənaye komplekslərinin və digər təsərrüfat obyektlərinin layihələşdirilməsinə və tikintisinə dair işlərin aparılmasına, eləcə də həmin sahələrdə yeraltı qurğuların yerləşdirilməsinə faydalı qazıntıların çıxarılmasının mümkünlüyünü və tikinti işlərinin iqtisadi cəhətdən məqsədəuyğunluğunu, habelə dağ-mədən işlərinin təhlükəsiz aparılmasını və yerli şəraiti nəzərə almaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilir. Yuxarıda göstərilən obyektlərin inşasına tikinti işləri aparılacaq sahənin altındakı yerin təkində faydalı qazıntılar olmadığı halda da müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilir. Faydalı qazıntılar yerləşən sahələrdə özbaşına aparılan tikinti işləri, onlara qoyulan vəsait, tikililərin sökülməsinə və sahənin rekultivasiyasına çəkilən xərclər ödənilmədən dayandırılır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, X4 19.12.2006-cı il tarixli, 2030 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 300 m2 torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına daxildir və bu topraq sahəsi X12 şirkətinin istifadəsinə verilmişdir. İddiaçı X4 19.12.2006-cı il tarixli, 2030 nömrəli sərəncamı ilə ayrılmış 300 m2 torpaq sahəsi bələdiyyənin deyil, dövlət mülkiyyətində olan torpaq sahəsi olduğundan Binəqədi rayonu X4 həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ, iddiaçının isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmadığından iddia ərizəsi təmin edilə bilməz. Belə ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Beləliklə, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(001)-176/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar