Məhkəmə qərarları › İş №2(103)-4695/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4695/2025

24.11.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4695/2025 24.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının cavabdehlər Cavabdeh3, X4 və X5 qarşı iş üzrə Açar sözlər: qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi X1 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı və digər iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının nümayəndəsi (qardaşı) İddiaçı1, Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının cavabdehlər Cavabdeh3, X4 və X5 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-86/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 0,0287 ha torpaq sahəsi və onun üzərində olan 86,35 kv.m ölçüdə 189 saylı fərdi yaşayış evi 3/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı3, 1/6 hissədə Alışova X15, 1/6 hissədə İddiaçı2 paylı mülkiyyətindədir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4590/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının iddiası təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Baladai oğlunun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Vasif Əliyev küçəsi, 189 saylı evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1786/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Baladai oğlunun Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 nömrəli evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6043/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1786/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4617 saylı ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun məlumatları ilə faktiki tikililərin planda yerləşməsi müqayisə olduğu zamanı cavabdehlərin faktiki istifadələrində texniki pasportun məlumatlarında nəzərdə tutulmayan 13,3 kv.m (3,25x4,10) və 13,9 kv.m (3,30x4,20) tikililərin mövcud olduğu müəyyən edilir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızı cavabdehlər Cavabdeh3, X4 və X5 qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onlara məxsus torpaq sahəsinin 0,287 hektar hissəsində olan cavabdehlərə məxsus qanunsuz tikilinin sökülərək, torpaq sahəsinin boşaldılması və onlara təhvil verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1786//2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlərin xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyatı haqqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onların xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu. Vasif Əliyev küçəsi, 189 saylı evin texniki pasportunda göstərilən tikililərindən çıxarılması qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Məhkəmə qətnaməsinin icrası zamanı həmin şəxslərin ona məxsus olan evdən və torpaq sahəsindən çıxarılması mümkün olmamışdır. Belə ki, icra prosesi zamanı Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru ona bildirmişdir ki, məhkəmə qətnaməsində cavabdehlərin ona məxsus evin texniki pasportunda göstərilən tikililərdən çxarılması göstərilsə də, lakin onların hazırda yaşadıqları qanunsuz tikilidən və torpaq sahəsindən çıxarılması qət edilməmişdir. Bunun üçün onun yenidən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra o xüsusi mülkiyyətində olan evin yerləşdiyi və dövlət mülkiyyətində olan 0,0287 ha torpaq sahəsinin özəlləşdirilməsi üçün yenidən Azərbaycan Respublikası İİN yanında ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən onlara verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sözügedən və cavabdehlərin hazırda mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olduğu evin yerləşdiyi 0,0287 ha torpaq sahəsi paylı xüsusi mülkiyyət hüququ əsasında onların adına qeydiyyatdan keçmişdir. Cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsində olan bir otaqlı qanunsuz tikilidə yaşamaqla onlara xüsusi mülkiyyətində olan torpaq sahəsində tam mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi manelər yaradır və onların konstitusion mülkiyyət hüquqları kobud şəkildə pozmaqda davam edirlər.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-86/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,0287 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh3, X7 və X5 məxsus qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızına təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh3, X7 və X2 müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir. (hakim X3 qızı)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, ekspertiza rəyi əsasında cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun məlumatları ilə faktiki tikililərin planda yerləşməsi müqayisə olduğu zamanı cavabdehlərin faktiki istifadələrində texniki pasportun məlumatlarında nəzərdə tutulmayan sahələri 13,3 kv.m (3,25x4,10) və 13,9 kv.m (3,30x4,20) tikililərin mövcud olduğu müəyyən edilmişdir. İddiaçıların ünvan 1 ünvanında yerləşən 0,0287 hektar torpaq sahəsinə mülkiyyət hüquqları pozulduğundan və hazırki mülki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, ünvan 1 ünvanında yerləşən 0,0287 hektar torpaq sahəsində cavabdehlər Cavabdeh3, X7 və X5 məxsus qanunsuz tikililər sökülməli, torpaq sahəsi boşaldılaraq ididiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızına təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçılara ödənilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, 157-ci, 180-cİ, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 107ci, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, o, 1997-ci ilin əvvəllərindən hazırda yaşadığı evi almışdır. Hazırda o, 30 ilə yaxındır ki, ailəsi ilə bu evdə yaşayır. 2020-ci ilə qədər iddiaçı tərəfindən onun evinə hər hansı bir iddia irəli sürülməmiş, 2020-ci ildə birdən-birə iddiaçı onun mənzildən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Mənzilin yerləşdiyi ərazi dövlət planına düşəcəyindən, evə belə maraq göstərilməyə başlanmışdır. Bundan başqa, o, məhkəmə tərəfindən istinad edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4617 saylı ekspert rəyi ilə də razı deyil. Sözügedən rəyin necə verildiyi ona məlum deyil. Belə ki, ekspertin həmin rəyi verməsi üçün yerində baxış keçirməsi zəruri olduğu halda o, nə ekspertizanın keçirilməsindən, nə də verilmiş rəydən məlumatlı deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6810 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 189 nömrəli evin həyətində və ön küçədə onlar tərəfindən hər hansı əlavə tikilinin inşa edilmədiyi, onların istifadəsində olan fərdi yaşayış evlərinin giriş-çıxış qapılarının ayrı olduğunu nəzərə alaraq, iddiaçıların öz evlərindən istifadə etməsinə heç bir maneənin olmadığı müəyyən edilmişdir. Həmçinin, məhkəmənin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1786/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini preyudisial olaraq qəbul etməsi doğru deyil. Belə ki, sözügedən qətnaməyə əsasən evin texniki pasportunda göstərilən tikilidən çıxarılma qət edilmiş, həmin qətnamə icraya yönəldilərək icra olunmuşdur. Həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət daşımır və məhkəmənin bu qətnaməyə istinad etməsi düzgün olmamışdır. Cavabdehlər sonradan torpağa dair sənəd əldə etmiş olsalar belə, həmin torpaq sahəsində onun evi 30 ilə yaxın müddətdir ki, var və indi gəlib onun evinin sökülməsini tələb etmələri hüquqa və haqq ədalət prinsiplərinə zidd hesab edilməlidir. İddiaçıların onun çəkmiş olduğu xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tikililərin sökülməsini tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli tikililərdə 1997-cı ilin əvvəllərindən ailə üzvləri ilə birlikdə yaşayır, həmin tikililəri inşa etməmiş, orada sadəcə olaraq təmir işləri aparmışdır. Orada əvvəllər iddiaçıların qardaşının keçmiş arvadı, Mərifət adlı şəxs uşaqları və ikinci əri Hacıağa ilə birlikdə yaşamışdır. Mübahisəli tikililəri də Hacıağa adlı şəxs inşa etmişdir. Bu tikililərin iddiaçılara heç bir aidiyyəti yoxdur. Həmin yeri də İddiaçı1 və Mərifət adlı şəxsdən almışdır. Pulu İddiaçı1 vermiş, o da həmin pula qardaşı uşaqları üçün ev almışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının nümayəndəsi İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh3 15 ildir ki (xx.xx.2025-ci il tarixli məhkəmə iclasında 2000-ci ilin əvvəlindən), mübahisəli tikililərdə yaşayır, həmin tikililəri inşa edən şəxs barədə məlumatı yoxdur, Cavabdeh3 hazırda yaşadığı sahəyə görə ondan hər hansı məbləğdə pul almamışdır. Buna baxmayaraq, ötən dövr ərzində qanunsuz olsa da, cavabdehlərin həmin sahədə yaşamasına şərait yaratmışdır. Lakin Cavabdeh3 oğlu dəfərlərlə ondan oğurluq etməsi səbəbindən onların həmin sahədən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən cavabdehlər X7 və X8 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir; 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, habelə apellyasiya şikayəti Cavabdeh3 tərəfindən verilsə də, mübahisə predmeti bölünməz olduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinad edərək qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində yerləşən 0,0287 ha torpaq sahəsi və onun üzərində olan 86,35 kv.m ölçüdə 189 saylı fərdi yaşayış evi 3/6 hissədə İddiaçı1, 1/6 hissədə İddiaçı3, 1/6 hissədə Alışova X15, 1/6 hissədə İddiaçı2 paylı mülkiyyətindədir. Bundan əvvəl iddiaçıların iddia üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehlər həmin evin texniki pasportunda göstərilən tikililərdən çıxarılmışdır. Hazırki iş üzrə məhkəmənin müvafiq qərardadının icrası qaydasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspert tədqiqatı zamanı fərdi yaşayış evinə dair texniki pasportun məlumatları ilə faktiki tikililərin planda yerləşməsi müqayisə edilmiş və nəticədə cavabdehlərin faktiki istifadələrində texniki pasportun məlumatlarında nəzərdə tutulmayan 13,3 kv.m (3,25x4,10) və 13,9 kv.m (3,30x4,20) tikililərin mövcud olduğu müəyyən edilmişdir. Bu barədə mərkəz tərəfindən xx.xx.2024-cü il tarixli, 10/4617 saylı ekspert rəyi verilmişdir.

22. Hazırda iddiaçılar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində cavabdehlərin onların mülkiyyətində olan torpaq sahəsində yerləşən və texniki pasportda göstərilməyən həmin tikililərdən çıxarılmasının müəyyən edilmədiyini, həmin hissənin hazırda cavabdehlərin qanunsuz istifadəsində olduğunu bildirir və bu sahə üzərində inşa edilmiş 2 ədəd (13,3 kv.m və 13,9 kv.m) özbaşına tikilinin cavabdehlər tərəfindən sökülməsini və boşaldılaraq onlara təhvil verilməsini tələb edir.

23. Cavabdeh3 mübahisəli tikililəri inşa etmədiyini, həmin tikililərdə iddiaçıların qardaşının keçmiş arvadı Mərifətin uşaqları və ikinci əri Hacıağanın yaşadığını, bu tikililərin də Hacıağa tərəfindən inşa edildiyini, həmin tikililərin 1997-ci ildə Mərifətdən və İddiaçı1 aldığını, pulunu da İddiaçı1 verdiyini, həmin vaxtdan da digər cavabdehlərlə orada yaşadığını bildirir və iddianın rədd edilməsini xahiş edir.

24. Məhkəmə kollegiyası bu konteksdə qeyd edir ki, cavabdehlərə məxsus olan və onlar tərəfindən yaşayış sahəsi kimi istifadə edilən 2 ədəd tikinti hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Bu baxımdan məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, belə iddiaların qanuni və ədalətli həlli üçün torpaq mülkiyyətçisi ilə inşaat aparmış şəxs arasındakı hüquq münasibətlərinin mahiyyətini, onların qarşılıqlı öhdəliklərini, eləcə də mübahisə obyekti olan tikili və torpaq sahəsinin hüquqi vəziyyətini düzgün şəkildə müəyyənləşdirmək zərurəti meydana çıxır.

25. Belə ki, qanunvericilikdə özünün torpaq sahəsində başqasının tikinti aparmasına razılıq vermiş, bununla da həmin şəxsin tikintiyə münasibətdə vicdanlı sayılmasına öz davranışı ilə səbəb olmuş mülkiyyətçinin sonradan əvvəlki rəftarına zidd şəkildə, müvafiq kompensasiya vermədən həmin tikilinin sökülməsi barədə tələbləri əsassız sayılır. Belə yanaşma, hüquqdan sui-istifadə qadağasına uyğun olduğu kimi tikili sökülmədən torpağın tərkib hissəsi kimi qaldıqda isə torpaq mülkiyyətçisinin tikili hesabına əsassız varlanmasının da qarşısını alır. Bu halda torpaq sahəsinin mülkiyyətçisinin ödədiyi kompensasiya müqabilində inşaat aparmış şəxsin tikili üzərindəki hüququ aradan qalxır, torpaqla möhkəm bağlı olan həmin tikili bir iqtisadi dəyər olaraq əvəzini ödəmiş mülkiyyətçiyə qalır.

26. Baxılan işdə mübahisəli hüquq münasibəti məhz bu xarakterli iddia ilə bağlıdır. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdehlərin hazırda yaşadığı tikinti və onun yerləşdiyi torpaq sahəsi xeyli müddətdir ki, cavabdehlərin istifadə və sahibliyində olmuşdur. İddiaçı tərəf özü də etiraf edir ki, cavabdehlər 2000-ci ilin əvvəlindən orada yaşayır və bu tikililərin hansı şəxs tərəfindən inşa edilməsi barədə məlumatları yoxdur. Bununla belə, iddiaçılar özləri də etiraf edirlər ki, mübahisəli tikililər onlar tərəfindən inşa edilməmiş və cavabdehlər məhz onların razılığı ilə (iddiaçılar müvəqqəti yaşamalarına razı olduğunu bildirir) həmin tikilidə məskunlaşmışlar. Beləliklə, iddia qaldırılan tarixdə torpaq sahəsi və onun üzərində olan mübahisəli tikintilərin iddiaçılar üçün məlum olan şəraitdə 20 ildən artıq müddətdir ki, cavabdehlərin istifadə və sahibliyində olması öz təsdiqini tapır.

27. Bununla belə, cavabdehlər mübahisəli torpaq sahəsində hər hansı özbaşına tikinti inşa etməmişlər, bu tikintiləri hazırda mövcud olan vəziyyətdə öz vəsaitləri hesabına satın alaraq, 20 ildən artıq müddətdir ki, orada yaşayaraq torpaq sahəsindən və bu tikililərdən iddiaçılar üçün məlum olan şəraitdə və hər hansı etiraz olmadan (2020-ci ildə cavabdehlərin tikililərdən çıxarılması ilə bağlı tələb irəli sürməsi istisna olmaqla) istifadə edirlər. İddiaçılar hazırki iddia tələbini cavabdehlərə qarşı qaldırmaqla özü də qəbul edir ki, bu tikinti məhz cavabdehlərin istifadə və sahibliyindədir.

28. Belə olduğu halda, məhkəmə kollegiyası mübahisəli tikintilərin məhz cavabdehlərin sahiblik və istifadəsində olmasını və 20 ildən artıq müddətdir ki, iddiaçıların etirazı olmadan (nəticə etibarı ilə razılığı ilə) orada yaşamalarını və iddiaçıların uzun müddət ərzində formalaşmış qaydaya etiraz etməmələrini nəzərə alaraq hesab edir ki, iddiaya Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımdan hüquqi qiymət verməli, tikilinin sökülməsinin nəticəsi olaraq cavabdeh tərəfin kompensasiya almaq hüququ olduğundan hazırki iddia tələbi rədd edilməlidir. Başqa sözlə, hazırki hərəkətləri ilə iddiaçılar həmin tikintilərin mövcudluğuna olan razılığına və bu razılıqdan irəli gələrək cavabdehlərin onun sökülməsi təhlükəsinin olmamasına olan güvəncinə zidd mövqedən çıxış edərək, mülkiyyət hüququnu əsas gətirib hər hansı kompensasiya olmadan onların sökülməsini tələb edirlər. Bu səbəbdən iddia tələbi “qanunsuz tikililərin cavabdehlər tərəfindən sökülməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Mövcud vəziyyətdə iddiaçılar həmin hüquqlarını yalnız cavabdehlərin kompensasiya almaq hüququnu təmin etməklə reallaşdıra bilərlər (hazırki icraatda iddiaçılar hər hansı məbləğdə kompensasiya verməyə razı olmadıqlarını bildirmişdilər).

29. Məhkəmə kollegiyası “qanunsuz tikilinin sökülməsinin” əsas tələb, “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsini” törəmə tələb olmasını nəzərə alaraq hesab edir ki, əsas tələb təmin edilmədiyindən törəmə tələb də təmin edilməməlidir.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə tələb edilmədiyindən Cavabdeh3 aid edilməlidir. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılardan tutularaq dövlət gəlirlərinə alınmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-86/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızının cavabdehlər Cavabdeh3, X4 və X5 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızına aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 qızından tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar