Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4696/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» X8 X6 Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» X8 X6 Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək,onun barəsində tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tədbiqi haqqında əmrin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsi barədə olan xx xxxxxxx 2019-cu il tarixli, 43 nömrəli əmrin ləğv edilib, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsi, öz ərizəsi ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyi, habelə həmin əmrə müvafiq qeydin əmək kitabçasında edilməsi öhdəliyinin «xxxx» X8 X3 Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, əmək fəaliyyətinə 2009-2016-cı illərdə «Para» X8 X7 Cəmiyyətinin Gəncə filialında menecer vəzifəsində işləmiş, 2016- 2017-ci illərdə həmin təşkilatın Goranboy filialının müdiri vəzifəsində çalışmış, 2017-2018ci illərdə həmin təşkilatın Şəmkir filialında qrup rəhbəri kimi işləmiş, 2018-2019-cu illərdə isə filial müdiri işləmiş, 2019-cu ildən isə «xxxx» X8 X3 Cəmiyyətinin Gəncə filialında qrup rəhbəri vəzifəsində işləmişdir. O, işlədiyi müddətdə həmişə əmək nizam-intizamına məsuliyyətlə yanaşmış, heç vaxt əmək intizamını pozmamışdır. Bunun nəticəsidir ki, işlədiyi bütün təşkilatlarda həmişə yüksək əmək intizamı ilə seçilmişdir. Hazırkı cavabdeh təşkilatda isə işlədiyi müddətdə həmişə əmək intizamına əməl etsə də, 2019-cu ilin avqust-sentyabr aylarında istər əmək məzuniyyətinə görə ödənilməli olan məbləği, istərsə də həmin aylarda işlədiyi əmək haqqı ödənilməmiş, onun əmək haqqı qeyri-qanuni olaraq ondan xəbərsiz «gecimkəli olan müştərilərin» kredit ödənişinə yönəldilmişdir. Həmin məsələ ilə bankın rəhbərliyi ilə dəfələrlə söhbət etmiş, bankın əməkdaşları ona bildirmişdir ki, ya gərək o razılaşsın ki, zaminlik müqaviləsi bağlasın, ya da onun əmək haqqı borcu olan vətəndaşlara yönəlməkdə davam edəcəkdir. Onun tərəfindən vətəndaşların təşkilata olan borcuna görə heç bir məsuliyyət daşımadığını bildirsə də, ona mütəmadi təzyiq və hədələr edilmiş, hətta korrupsiya orqanına müraciət ediləcəyi bildirilmiş, o həmin hədələri real görmədiyindən əhəmiyyət verməmişdir. Həmin məsələ ilə bağlı öz fikrində qalsa da, lakin heç bir tədbir görülmədiyindən və onun əmək haqqı növbəti ay da tam həcmdə banka borcu olan vətandaşa yönəldildiyindən məcbur qalıb işdən çıxmaq barədə xx xxxxxxxx 2019-cu il tarixdə ərizə yazaraq, xx xxxxxxxx 2019-cu il tarixdə ərizəni rəsmi qaydada cavabdehin ünvanına yollamış və həmin ərizəsi xx xxxxxxxx 2019-cu il tarixdə rəsmi qaydada imza edilməklə cavabdeh təşkilatın əməkdaşları tərəfindən alınmışdır (həmin xəbərnamələrin əsli iddia ərizəsinə əlavə edilmişdir). Bundan sonar da bankın baş ofisində olan əməkdaşlar ona yenidən təzyiq və hədə yağdırmış, ərizənin geri götürülməsini tələb etmiş, lakin o öz növbəsində mövqeyində qalmaqla ərizəni müdafiə etmişdir. Bir müddətdən sonra ona Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təhqiqatçı tərəfindən zəng edilmiş, ora çağırılaraq izahatı alınmışdır. Bundan bir neçə gün sonra isə ona xx xxxxxxx 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış töhmət verilməsi barədə əmr yollanmış, həmin əmrdən elə həmin gün məlumatı olmuş, çünki həmin tarixə kimi qeyd edilən məsələ ilə bağlı onun izahatı alınmamış və ona bu barədə hər hansı bir rəsmi məlumat verilməmiş, başqa sözlə tam qanunsuz uydurma olan əmr sonradan tərtib edilmişdir. Elə həmin əmrin uydurma olmasının nəticəsidir ki, həmin əmri aldıqdan bir gün sonra isə ona yenə eyni poçtla ikinci bir əmr daxil olmuş, həmin əmr isə 43 nömrəli əmr olmaqla, əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli əmr olmuş, həmin əmrdə isə onun problemli kreditlərin həllinə dair tapşırıqları yerinə yetirmədiyi, yəni əmək funksiyasını icra etmədiyi göstərilmişdir. Aşağıdakı hüquqi əsaslarla hesab edir ki, həmin əmrlərin hər ikisi tam qanunsuz olmuş və qərəzli münasibətin nəticəsidir. Belə ki, ilk öncə xx xxxxxxx 2019-cu il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış intizam tədbirinin tədbiqi haqqında əmrlə bağlıdır. İlk öncə qeyd edir ki, əgər onun tərəfindən qeyd edilən pozuntular baş vermişdirsə, nəyə görə həmin intizam tənbehi barədə əmr o işdən çıxmaq barədə ərizə yazdıqdan təxminən bir ay sonra ona verilmişdir? Nəyə görə həmin əmr verilməmişdən əvvəl konkret olaraq ondan hər hansı bir intizam tənbeh tədbiri görülməmiş, yəni izahatı alınmamış və həmin pozuntularla bağlı işlədiyi müddətdə hər hansı bir rəsmi və qeyri-rəsmi məlumat verilməmişdir? Aydın məsələdir ki, həmin əmrin elə işin qeyd edilən hallarına görə qanunsuz olduğu açıq-aşkar ortadadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərindən görünür ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edilməsi, eləcə də işçinin həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunması, həmin əmrdə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməz olduğu göstərilsədə, cavabdeh təşkilat tərəfindən həmin əmr barədə hər hansı bir rəsmi məlumat verilmədən, habelə ondan bu barədə işdə olduğu müddətdə izahat tələb edilməməsinə baxmayaraq, habelə həmin əmrdə göstərilən «kartla ödəniş əməliyyatı qaydalarını» pozması kimi qisas motivli məlumatların göstərilməsi qanunsuz olduğunu sübut etməklə yanaşı həmçinin sonradan tərtib edildiyinin göstəricisidir. Bundan əlavə bir gün sonra ona sürətli poçtla çatdırılan isə xx xxxxxxx 2019-cu il tarixli, 43 nömrəli əmrlə isə onun xx xxxxxxxx 2019-cu il tarixli öz ərizəsi ilə işdən azad edilmək barədə ərizəsi olduğu halda bir ay keçdikdən sonra ona heç bir xəbərdarlıq edilmədən, hər hansı bir yazılı izahat alınmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməyi barədə qanunsuz əmr verilmişdir. Burada xüsusi ilə qeyd edilməlidir ki, onun işə bərpa olunmağı barədə fikri yoxdur və hazırkı mübahisənin əsası yalnız xx xxxxxxx 2019-cu il tarixli, 43 nömrəli əmrin əsas hissəsi ilə razı deyildir, yəni onun əmək müqaviləsinə xitam verilməsi əsası kimi göstərilmiş Azərbaycan Respblikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi hissəsi ilə razı deyildir. Belə ki, onun işdən azad edilməsi barədə ərizəsi olduğu halda bir ay müddətində əmək müqaviləsinə onun ərizəsi ilə xitam verilməmişdir, digər əsasla xitam verilməsi tam qanunsuz və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin pozulmasıdır. Həmçinin, həmin əsasla əmək kitabçasına edilən həmin əmr əsasında aparılan qeyd əsassız olmuşdur. Hazırkı işin hallarına əsasən qeyd edilməlidir ki, məhz onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi əsası ilə ləğv edilməsi və bu əsasla onun əmək kitabçasına qeydiyyatın aparılması tam qanunsuzdur. Qeyd edilən əmək qanunverciliyin tələblərindən görünür ki, əmək kitabçasına edilən düzəliş qeyd edilən qərara uyğun aparılmalı, yəni səhv aparılmış qeyd barədə ayrıca qeyd yazılmalı və bundan sonra müvafiq yeni qeyd edilməli, başqa sözlə əmək kitabçası qaralanmamalı və yararsız hala salınmamalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, onun barəsində tərtib edilmiş xx xxxxxxx 2018-ci il tarixdə 148 nömrəli köhnə tarixə yazılmış iltizam tədbirinin tətbiqi haqqında əmrin tarixi səhv olaraq qeyd edildiyindən, həmin əmrin tarixinin xx xxxx 2018-ci il tarixli əmr kimi qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 468/2020 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh «xxxx» X8 X6 Cəmiyyətinin «əmək müqaviləsinə xitam verilməsi haqqında» 43 nömrəli xx xxxxxxx 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi «xxxx» X8 X6 Cəmiyyətinin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması,maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mübahisələndirilən əmrin qanuni olması, iddiaçının qanuni əsasla işdən çıxarılması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdikləri izahatına uyğun, eyni məzmunlu izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hazırki mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyanın, əmək qanunvericiliyinin və beynəlxalq müqavilələrin müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, işdə olan «xxxx» BOKT QSC (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsinin təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, işçi İddiaçı qrup rəhbəri işinə qəbul edilmişdir (1.2-ci bənd). İşçiyə ayda 600 manat əmək haqqı ödənilir (4.1-ci bənd). Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və müvafiq qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər (9.1-ci bənd). İşəgötürən tərəfindən Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir (9.2-ci bənd). İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir (9.3cü bənd). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə işçinin məcbur edilməsinə yol verilmir (9.4-cü bənd). İşdə olan «xxxx» BOKT QSC-nin işə qəbul haqqında xx xxxxxx 2019-cu il tarixli 33 nömrəli əmrin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdən 3 aylıq sınaq müddəti ilə əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə «Gəncə» filialının qrup rəhbəri vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürmüşdür. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx xxx 2019-cu il tarixli əmək müqaviləsi bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, «xxxx» BOKT QSC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək müqaviləsi müddətsiz bağlanmışdır. İşdə olan İddiaçı «xxxx» BOKT QSC-nin İdarə Heyətinin sədrinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli izahatının surətindən və məzmunundan görünür ki, onun aktiv lombard kreditlərinin qeyd edilən tarixə ümumi sayı 72 nəfər, ümumi kredit verilişi isə 179.755 manatdır. Ümumi portfel üzrə gecikmədə olan müştəri sayı 29 nəfərdir. 30 gündən çox gecikmədə olan müştəri sayı isə 18 nəfərdir. İşdə olan «xxxx» BOKT QSC-nin intizam tənbehi haqqında xx xxxxxxxx 2019-cu il tarixli 218 nömrəli əmrin məzmunundan görünür ki, İddiaçı – «Gəncə» filialının qrup rəhbəri əmək və icra intizamını pozaraq özünün yaratdığı problemli kreditlərin həllindən boyun qaçırdığına görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, onun təşkilata vurulmuş ziyanın əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə bir ay ərzində problemli kreditlərin həll edilməsini ona tapşırılması əmr edilmişdir. İşdə olan İddiaçı «xxxx» BOKT QSC-nin İdarə Heyətinin sədrinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, onun son haqq-hesabı verilməklə işdən azad edilməsi və əmək kitabçasının ona verilməsini xahiş etmişdir. İşdə olan «xxxx» BOKT QSC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli 43 nömrəli əmrin məzmunundan görünür ki, əmək intizamını pozaraq mütəmadi işə gecikdiyinə görə xx xxxx 2019-cu il tarixli əmrlə ona edilmiş intizam tənbehindən nəticə çıxarmayıb, yenidən əmək funksiyasını təkrar pozmaqla, öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx xxxxxxx 2019-cu il tarixdən etibarən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı istifadə etmədiyi 6 (altı) ay məzuniyyət günü üçün pul vəsaitinin və son haq-hesabın ödənilməsinin, əmrin surətinin və əmək kitabçasının verilməsinin təmin edilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən əsaslı olması nəticəsinə gələrkən, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən çıxarılmasının qanunvericiliyin tələblərinə zidd olması, mübahisələndirilən əmrin əsaslandırılmasına dair sübutların təqdim olunmamasına, qanunvericiliyin tələblərinə riayət edilməməsinə, iddiaçının öz xahişi ilə işdən azad olunması barədə ərizəsinin nəzərə alınmamasına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70-ci maddəsində göstərilmişdir. ƏM-nin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. ƏM-nin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir. İşdən görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən əmr qəbul edilən zamanı iddiaçının dinlənilmə hüquqları təmin olunmamış, müvafiq sübutlar təqdim olunmamışdır. İşdə iddiaçının izahatı olsa da, həmin izahat xx xxxxxx 2019-cu il tarixdə ona intizam tənbehi (töhmət) verilməmişdən əvvəl alınmışdır. Halbuki, həmin izahatdan 01 ay 06 gün sonra ona töhmət verilmişdir. Eyni zamanda, izahatdan görünür ki, o hesabat xarakterli olmuşdur (yəni, iddiaçı cəlb etdiyi kreditlərin sayını, gecikmədə olan müştəri sayını və s. ümumi qaydada göstərmişdir). ƏM-nin 71-ci maddəsinin 3-cü bəndinin tələbinə görə işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əmək və icra intizamını pozduğuna görə ona xx xxxxxxxx 2019-cu il tarixli 218 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, onun təşkilata vurulmuş ziyanın əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə bir ay ərzində problemli kreditlərin həll edilməsini ona tapşırılması əmr edilmişdir. Lakin həmin əmrlə müəyyən olunmuş bir ay müddət tamam olmadan xx xxxxxxx 2019-cu il tarixli 43 nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı törədilmiş əmələ görə ona həm şiddətli törmət verilmiş, həm işdən azad olunmuşdur. Bu da qanunvericiliyin tələblərinə əsasən yolverilməzdir. Belə ki, ƏM-nin 189.1-ci maddəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Mübahisələndirilən əmrdə göstərildiyi kimi – iddiaçının əmrlə ona edilmiş intizam tənbehindən nəticə çıxarmayıb, yenidən əmək funksiyasını təkrar pozması, öz təqsiri üzündən yaranmış problemli kreditlərin həllinə dair verilmiş tapşırıqlara əməl etməməsinin nədən ibarət olması konkretləşdirilməmiş, ümumi formada göstərmiş, müvafiq sübutlar təqdim olunmamışdır. Məhkəmə kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsi). Göründüyü kimi, işçinin sadəcə əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğvinə əsas ola bilməz. Eyni zamanda - müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. Cavabdeh isə bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Eyni zamanda, iddaçı xx.xx.2019-cu il tarixdə öz xahişi ilə işdən azad olunması barədə işəgötürənə ərizə yazmış, həmin ərizə onunla əmək müqaviləsinə xitam verilərkən nəzərə alınmamışdır. Halbuki, ƏM-nin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Qanunvericiliyin təhlilindən görünür ki, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Həmin şərtlərə işçinin yol verdiyi intizam xətasına görə yalnız bir intizam tənbehinin verilməsi, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi əsasının konkret müəyyən edilməsi aiddir. ƏM-nin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd edilməlidir ki, əmək müqavilələrini qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). Beləliklə, cavabdeh etirazının əsasını və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları, həmçinin mübahisələndirilən əmrin qanuniliyini əsaslandıra və sübut edə bilməmişdir. ƏM-nin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, qeyd edir ki, işdə olan və araşdırılmış sübutlarla cavabdehin mübahisələndirilən əmrinin qanunsuz olması, bunun nəticəsində iddiaçının əmək hüquqlarına qanunsuz müdaxilə baş verməsi halı müəyyən edilmişdir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» X8 X6 Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4696/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4696/2020
18.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver