Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4699/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun barəsində verdiyi işdən azad olunmaya dair 21.05.2020-ci tarixli əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə qətnamə çıxarılan günədək əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (sədrlik edən: İlkin Əliyev). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ilə Azərbaycann Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanmışdır. İddia ərizəsi MPM-nin 149-cu maddəsinin tələblərinə uyğundur. Eyni zamanda 150.0.1-150.0.3cü maddəsində nəzərdə tutulan sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə sübutları yetərli saymasa idi MPM-nin 77.1-ci maddəsinə əsasən iddianı rədd edə bilərdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən qərardadı onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə “xxxx” MMC arasında bağlanılmış 11.04.2020-ci il tarixli əmək müqaviləsinin, işəgötürmə və işdən çıxarılma barədə əmrlərin əslini və ya təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilməmiş və məhkəmə prosesi vaxtı təqdim edilməmişdir. Odur ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə MPM-nin 259.0.12-ci maddəsinin tələbi baxımından baxılmamış saxlanacaqdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən səbəbdən iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsi göndərici norma olmaqla həmin Məcəllənin 149 və 150.0.1-150.0.3-cü maddələrində nəzərdə tutulan tələblərə riayət edilməməsi halında ərizənin baxılmamış saxlanılmasını nəzərdə tutur. Kollegiya işin hallarını qeyd edilən maddələrin tələbləri əsasında araşdıraraq qeyd edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsinin və 150.0.1-150.0.3cü maddənin tələblərinə uyğun olmuş və həmin maddələrin pozulmasını təsdiq edən hər hansı hal mövcud olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 150.0-cı maddəsinə görə, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd. İş materiallarından görünür ki, sadalanan bütün sənədlər iddia ərizəsinə əlavə edildiyindən 150.0.1-150.0.3-cü maddənin pozuntusu halı mövcud deyildir. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, məhkəmə təqdim edilmiş sübutları kifayət hesab etmədiyi halda, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən iddia tələbini rədd edir. Yəni sübutların və ya təqdim edilmiş sənədlərin mübahisənin həlli üçün kifayət edib-etməməsi iddia ərizəsinin baxılmamış saxlanması üçün deyil, iddia tələbinin rədd edilməsi üçün əsasdır ki, bu da məhkəmə baxışının nəticəsində mümkündür. Odur ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsaslanmaqla, iddia ərizəsinin baxılmamış saxlanması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-408/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4699/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4699/2021
07.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver