Məhkəmə qərarları › İş №2(103)-4699/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4699/2024

30.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4699/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərardadından Ərizəçi vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi’’ barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 1985-ci ildən etibarən bu günədək Azərbaycan Respublikasında yaşaması faktının və başqa bir ölkənin vətəndaşı olmamağı faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Yerəvan şəhərində doğulmuş Ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilmişdir. Ərizəçinin vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərardadı ilə Ərizəçi vəkili Vəkil – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1772/2024 saylı, 15 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir və apellyasiya şikayəti geri qaytarılmışdır. Ərizəçi vəkili Vəkil həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, 28 iyun 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, ş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi Ərizəçi ünvanına (ünvan 1 ünvanda xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Ərizəçi vəkili Vəkil verdiyi apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizəçi qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Ərizəçi tərəfindən müddətin ötürülməsinin üzrlü olmasına dair hər hansı şübhədən kənar mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi haqlı mövqedə olmuşdur. Belə ki, ərizəçi qətnamədən şikayət vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəb olmadan ötürərək apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi vəkili Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1772/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar