Məhkəmə qərarları › İş №2(103)-4701/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4701/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4701/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Azərsu” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4701/2023 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(005)-1295/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC tərəfindən ünvan 1 ünvanında istifadə olunan su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri olaraq, istehlakçıya xx.xx.2023-cü il tarixinə 952.29 manat borc hesablanmışdır.

2. Azərsu” ASC qeyd olunan ünvana göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini istehlakçı qismində Cavabdeh tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 952,29 manat borcun tutularaq **********100 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin "Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdehna (abonent kodu: **********100) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 952,29 AZN borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ailə tərkibi 2 nəfər olmaqla, şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir) İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında" Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və tullantı sularının axıdılması müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında" Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və tullantı sularının axıdılması müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya axıdılması müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və tullantı sularının axıdılması müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-cİ il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0.35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.30 manat müəyyən edilmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(005)- 1295/2023 saylı qətnaməsi ilə (hakim Aytən Novruzova) iddianın təmin edilməsi, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 952,29 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.1, 59.1 və 62-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 1.2.2, 1.6, 2.1.9, 7.4-cü bəndləri və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-cİ il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-1, 284-5.1, 284-5.2-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində AR Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad etsə də, həmin maddi hüquq normalarının tətbiq edilməsi ilə məndən iddiaçının xeyrinə hansısa pul məbləğinin tutulması üçün iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətlərinin yaranıbyaranmadığını, müqavilə bağlanıb-bağlanmadığını araşdırmamışdır. Qətnamədə qeyd edilib ki, guya iddiaçı ilə cavabdeh arasında xx.xx.2000-ci il tarixli 11034445 saylı müqavilə bağlanıb. Əvvəla, xx.xx.2000-ci ildə cavabdehin cəmi 13 yaşı var idi və həmin vaxt mülki hüquq münasibətlərinə girməyə imkan verən yaş həddinə çatmamışdır. İkincisi, məhkəmə xx.xx.2000-ci il tarixli 11034445 saylı müqaviləyə istinad etsə də, həmin müqavilə iş materiallarında mövcud deyildir. və ola da bilməz. Çünki, cavabdeh heç vaxt İddiaçı ASC ilə hər hansı müqavilə bağlamamış və onunla mülki hüquq münasibətlərinə girməmişdir. İddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə mövcud olsa da belə, cavabdeh belə bir müqaviləni imzalamamışdır. Məhkəmə isə, müqavilənin etibarlılığı məsələsini müzakirə etməmiş və araşdırmamışdır. Məhkəmə qətnaməsində mənim su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılmasına görə iddiaçı qarşısında 952,29 manat borc öhdəliyin yarandığı göstərilsə də, həmin öhdəliyin hansı dövr üçün yarandığı əsaslandırılmamışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlərlə tanış olarkən, cavabdehə aydın oldu ki, iddiaçının tələb etdiyi pulməbləği 2011 və 2012-ci illərdə sudan istifadəyə görə yaranmış borc məbləğidir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilmədiyinə görə, ondan asılı olmayan səbəblərdən, qeyd edilən maddəyə istinad etməklə, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmiş, 2011 və 2012-ci illərə görə hesablanmış sudan isltifadəyə görə borcun 11-12 il keçdikdən sonra, yəni 2023-cü ildə cavabdehdən tələb edilməsi tamamilə əsassızdır. Bundan başqa, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzil heç vaxt cavabdehin istifadəsində olmayıb və o, həmin ünvanda yaşamaqla sudan istifadə etməmişdir. Cavabdehin həmin ünvanda yalnız qeydiyyatı mövcud olub. İddiaçı ASC cavabdehə nə kağız daşıyıcıda bildiriş vasitəsilə, nə də əməkdaşları vasitəsilə hər hansı bildiriş təqdim etməyib, hansısa borcumun olduğu ona bildirilməyib. Əks təqdirdə, o, borcun yaranma əsasları ilə bağlı iddiaçı ilə məhkəməyə qədər müvafiq araşdırmalar aparar və borcun ondan tələb edilməsinin qanunsuz və əsassız olduğunu onlara izah edərdi.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə araşdırmaya, o cümlədən tərəflərin çağrılaraq izahatlarının alınmasına zərurət yarandığından işə iddia icraatı qaydasında şifahi məhkəmə iclasında baxılması qərara alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə baxışı zamanı cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, istehlakçı ilə müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmət göstərilmişdirsə, ödəniş tələb edilir, cavabdeh göstərilən xidmətdən imtina da edə bilərdi. Cavabdeh kimi məhz Cavabdeh seçilməsinin səbəbi isə ünvanda onun qeydiyyatda olması və digər qeydiyyatda olan şəxslərə münasibətdə isə yaşca böyük olmasıdır. Odur ki, apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir.

16. Maddə 551.2.1 Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər üzrə tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 4.1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər.

18. Maddə 4.3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur.

19. Maddə 5.2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

20. Maddə 30. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır.

22. Maddə 61.1. “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”.

23. Maddə 62. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları

24. Maddə 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir.

25. Maddə 3.5. Axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.

26. Maddə 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yolverilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var.

27. Maddə 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

37. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdıran zaman qeyd etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2000-ci il tarixli № 11034445 saylı müqaviləyə əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olan şəxsdir, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. İddiaçı cavabdehin xidmət haqqını ödəmədiyini və nəticədə 17 yanvar 2023cü il tarixinə 952.29 AZN borcu məbləğində borcunun yarandığını iddia edir.

38. Lakin apellyasiya baxışı zamanı iş materiallarında iddiaçı ilə cavabdeh arasında xx.xx.2000-ci il tarixli № 11034445 saylı müqavilə aşkar edilməmiş, əksinə məhkəməyə təqdim edilmiş 12 dekabr 2018-ci il tarixli ******* müqavilənin “istehlakçı” qismində göstərilmiş Cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilmişdir.

39. Göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri yaranmadığından, məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 448-ci maddələrini tətbiq edərək, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərini pozması qənaətinə gəlməkdə haqlı olmamışdır.

40. Apellyasiya baxışında iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 61.2-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

41. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işin faktiki halları iddiaçının tələbinin əsası kimi istinad etdiyi həmin maddənin dispozisiya şərtlərinə uyğun gəlmir.

42. Belə ki, Nərimanov rayonu 38 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında pasport qeydiyyatdındadır. Mənzilin icarədarı X2. Cavabdeh və X6 həmin ünvanda qeydiyyatda olsalar da, 1995-ci ildən hal-hazıra qədər həmin ünvanda yaşamırlar.

43. Nərimanov rayonu 38 saylı MKİS-in xx.xx.2003-cü il tarixli arayışından görünür ki, cavabdehin atası X9 ərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 2, 10 saylı mənzildə yaşayır. xx.xx.2002-ci il tarixində vəfat edib və ölənə qədər həmin ünvanda pasport qeydiyyatında olub və yaşayıb.

44. ”Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, cavabdehin atası X9 xx.xx.2002-ci il tarixində vəfat etmişdir.

45. Nərimanov rayonu İcra Hakimiyyəti başçısının “Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 2, 10 saylı mənzilin icarə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli sərəncamına əsasən mənzilin icarə müqaviləsi dəyişdirilərək yeni icarədarı X3muşdur.

46. “Daşınmaz əmlakın icarəyə verilməsi haqqında” xx.xx.2023-cüil tarixli X8 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə isə icarədar M.Torikovna Ş.Mehdiyev küçəsi 151, mənzil 94 ünvanındakı 1 otaqlı mənzili hazırki Cavabdeh icarəsinə vermişdir.

47. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 2, 10 saylı mənzildən hər hansı məqsədlər üçün istifadə etməsi faktı aşkar edilməmişdir. Onun həmin mənzillə əlaqəsi yalnız orada pasport qeydiyyatında olması ilə bağlı olmuşdur. İddiaçının su təchizatı obyektində yaşamayan, icarəçisi olmayan və hər hansı məqsəd üçün oradan istifadə etməyən şəxsdən istehlakçı qismində göstərdiyi xidmətlərə görə borcun ödənilməsini tələb etməyə hüququ yoxdur.

48. Qeyd edilməlidir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə İstehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir.

49. Nəzərə alınmalıdır ki, tələb olunan borcun əsasında duran xidmətlərin istehlakçısının həqiqətən də Cavabdeh olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, borcun həqiqətən də istehlakçı kimi cavabdeh tərəfindən ödənilməli olmasını sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, İddiaçı ASC Cavabdeh Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 2, 10 saylı mənzilini hər hansı məqsədlər üçün istifadə etməsini sübut edə bilməmişdir.

50. ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında göstərilir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 2, 10 saylı mənzildə yaşamadığından, həmin əmlakın nə icarəçisi, nə də hansı məqsədlərlə istifadəçısi olmadığından, qeyd olunan ünvana iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə yaranmış borc hazırki cavabdehdən tələb edilə bilməz.

52. Odur ki, İddiaçı ASC-nin cavabdehə qarşı hazırki tələbi əsassız olduğundan təmin edilə bilməz.

53. Apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iddianın öz-özlüyündə əsassız olduğu üçün təmin edilməməsi barədə nəticəyə gəldikdə, iddia müddətinin tətbiqinin əhəmiyyəti qalmır. Məhkəmə kollegiyası iddianın əsassızlığından dolayı təmin edilməməsi barədə nəticəyə gəldiyindən, hazırda bu dəlil üzrə araşdırma aparılmasına zərurətin olmadığını qeyd edir.

54. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 2, 10 saylı mənzilə hesablanmış borcun sübut edildiyi təqdirdə həqiqi istehlakçıdan tələb edilməsinə mane olmur.

55. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

56. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.

57. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

58. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(005)- 1295/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar