Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4702/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2nə, Respublika Xammal və Əmtəə birjasının Cavabdeh3nə qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatın ləğv edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli qətnaməndən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə üçüncü şəxs X5 və onun vəkili (nümayəndəsi) X4 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı (bundan sonra – İddiaçı MMC) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – Qiymətləndirici Təşkilat), Cavabdeh2nə (bundan sonra – İcra Şöbəsi), Respublika Xammal və Əmtəə birjasının Cavabdeh3nə (bundan sonra – Hərrac Təşkilatı) qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün icrası ilə bağlı olaraq Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” ünvanında inşa edilmiş yaşayış binasının “E” korpusunun ikinci mərtəbəsində yerləşən, ümumi sahəsi 214,14 kv.metr olan 4 otaqlı mənzilin qiymətləndirilməsinin nəticəsi barədə hesabatın ləğv edilməsi, mənzilin real bazar qiymətinin yenidən müəyyən olunanadək hərracın dayandırılması, mənzilin real bazar qiymətlərinə uyğun yenidən qiymətləndirilməsi və müəyyən olunacaq qiymətlə hərracın keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2019 saylı cinayət işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmə əsasən iddiaçı MMC-yə məxsus bir neçə daşınmaz əmlak, o cümlədən mübahisəli mənzil xüsusi qaydada müsadirə olunmalı, həmin əmlaklar satılmalı, onların satışından əldə olunacaq pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilməlidir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi xx.xx.2020-ci il tarixli yekun qərarı ilə zərərçəkmiş şəxslər X5 və (hazırki mülki iş üzrə tərəf olmayan) X1 mülki iddiaları üzrə 65.000 ABŞ dolları məbləğində pul hökmün icra edildiyi günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun depozitdə olan pul məbləğləri nəzərə alınmaqla təmin olunması qərara alınmışdır.
2. Qərar qanuni qüvvəyə mindiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmü əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqi icra edilməsi üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir. İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli, 68-32113-16 saylı sifariş məktubu ilə hərracın keçirilməsi cavabdeh Hərrac Təşkilatına tapşırılmışdır. Bu zaman həmin daşınmaz əmlakların, o cümlədən mübahisəli mənzilin qiymətləndirilməsi Qiymətləndirici Təşkilat tərəfindən həyata keçirilmiş və əmlaklar qiymətləndirilmişdir. X2 tərəfindən mənzilə qoyulmuş 171.000 manat məbləğində qiymət bazar qiymətlərinə uyğun deyil, daha aşağı olmuşdur.
3. Qeyd edilənlərə əsasən iddiaçı MMC hesab edir ki, mənzilin qiymətləndirilməsi barədə cavabdeh Qiymətləndirici Təşkilat tərəfindən verilmiş “Qiymətləndirmə hesabatı” ləğv edilməli, mənzilin real bazar qiymətinin yenidən müəyyən olunanadək hərracın keçirilməsi dayandırılmalı, mənzilin real bazar qiyməti yenidən müəyyən edilməli və hərrac, müəyyən olunacaq qiymətlə keçirilməlidir.
b) Birinci instansiya məhkəməsində icraat barədə məlumat
4. İşə baxılan zaman (cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan, hazırda mübahisəli mənzilin sahibi) X8 iş üzrə üçüncü şəxs qismində işin baxılmasına cəlb edilmişdir.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (xx.xx.2021-ci il tarixli əlavə qətnamə nəzərə alınmaqla) ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin cavabdeh Qiymətləndirici Təşkilat tərəfindən qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmiş, mənzilə real qoyulmuşdur. Belə ki, işin baxılması zamanı mənzilin qiymətinin yoxlanılması üçün iş üzrə qiymətləndirmə təyin edilmiş və qiymətləndirmənin keçirilməsi “X7 Mərkəzi” MMC-yə tapşırılmışdır. Həmin MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 019 nömrəli “Hesabatdan” görünür ki, mənzilin təmirsiz vəziyyətdə bazar dəyəri 173.700 manat, likvid dəyəri isə 163.300 manat təşkil edir.
c) Apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli mənzilin qiyməti 171.000 manat deyil, daha yüksəkdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, “X7 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 019 nömrəli “Hesabata” əsaslanmışdır ki, həmin “Hesabat” da səhvdir.
d) Apellyasiya şikayətinə etiraz
9. İş üzrə üçüncü şəxs olan Cəfər Cəfərov apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, məhz iddiaçı MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində o, 2011- 2012-ci illərdən külli miqdarda maddi zərərə məruz qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən verilmiş icra vərəqəsinin icrası qaydasında iddiaçıya məxsus bir neçə daşınmaz əmlak, o cümlədən mübahisəli mənzil ixtisaslaşdırılmış hərrac təşkilatı olan cavabdeh Hərrac Təşkilatı tərəfindən 136.800 manata ona təklif olunmuş, o, hərracda 19.019 manat əlavə pul ödəməklə həmin mənzili almışdır. Hərrac zamanı mənzilə qoyulmuş qiymət realdır.
e) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı
10. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iş üzrə iddiaçının və cavabdehlərin nümayəndələri apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. İş üzrə üçüncü şəxs olan C.Cəfərov və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və apellyasiya şikayətinə qarşı verdikləri yazılı etirazın məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
f) İşdə olan sübutlar
12. İşdə olan sənədlərdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 72/2019 saylı cinayət işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli hökmə əsasən iddiaçı MMC-yə məxsus bir neçə daşınmaz əmlak, o cümlədən mübahisəli mənzil xüsusi qaydada müsadirə olunmalı, həmin əmlaklar satılmalı, onların satışından əldə olunacaq pul vəsaiti cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsinə yönəldilməlidir. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qəbul etdiyi xx.xx.2020-ci il tarixli yekun qərarı ilə zərərçəkmiş şəxslər (hazırki iş üzrə üçüncü şəxs olan) X5 və (hazırki mülki iş üzrə tərəf olmayan) X1 mülki iddiaları üzrə 65.000 ABŞ dolları məbləğində pul hökmün icra edildiyi günə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinə uyğun depozitdə olan pul məbləğləri nəzərə alınmaqla təmin olunması qərara alınmışdır.
13. Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmü əsasında verilmiş xx.xx.2020-ci il tarixli icra vərəqi icra edilməsi üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir.
14. Cavabdeh Binəqədi İcra Şöbəsi tərəfindən cavabdeh Hərrac Təşkilata göndərilmiş xx.xx.2020-ci il tarixli xx/xx-32113-16 saylı sifariş məktubundan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə verilmiş xx.xx.2020ci il tarixli icra vərəqinə əsasən sifarişin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hərrac təşkilatı ilə bağlanmış müqavilənin 1.15.4-cü bəndinə istinad edilməklə hərracın keçirilməsi həmin Hərrac Təşkilatına tapşırılmışdır.
15. İcra Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərar qəbul edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi icra vərəqəsində qeyd edilmiş daşınmaz əmlakların qiymətləndirilməsi cavabdeh Qiymətləndirici Təşkilata tapşırılmışdır.
16. X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 119/9 nömrəli “Əmlakın qiymətləndirilməsi barədə hesabatdan” görünür ki, mübahiəsli mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 171.000 manat təşkil edir.
g) Məhkəmənin mövqeyi
17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə görə, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər (maddə 7.). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır (maddə 8.). Qiymətləndirməni həyata keçirən qiymətləndirici bir sıra vəzifələr daşıyır ki, onlardan biri də qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etməkdir (maddə 10.).
19. MPM-nin tələblərinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.).
20. İş materiallarından görünür ki, iddianın əsaslı olub-olmamasını, mübahisəli mənzilə cavabdeh Qiymətləndirici Təşkilat tərəfindən qoyulmuş qiymətin səhv olubolmamasını yoxlamaq üçün Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadla mənzilin qiymətləndirilməsini “X7 Mərkəzi” MMC-yə tapşırmış və həmin MMC-nin xx.xx.2021-ci il tarixli, 019 saylı “Qiymətləndirmə barədə hesabatını” almışdır.
21. Qeyd edilən “Hesabatdan” görünür ki, mübahisəli mənzilin real bazar dəyəri 173.700 manat və likvid dəyəri 163.300 manat təşkil edir.
22. Rayon Məhkəməsi bu “Qiymətləndirmə barədə hesabatını” nəzərə alaraq hesab etmişdir ki, cavabdeh Qiymətləndirici Təşkilat tərəfindən mənzilə qoyulmuş qiymət səhv deyil, belə olan halda iddia əsassızdır.
23. İddiaçı MMC qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh Qiymətləndirici Təşkilat və “X7 Mərkəzi” MMC tərəfindən mənzilə qoyulmuş qiymətin səhv olmasını, mənzilin qiymətinin daha yüksək olduğunu bildirsə də bu halı təsdiq edə biləcək sübutlarını Məhkəməyə təqdim etməmişdir.
24. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsaslı hesab edilə bilməz.
25. Odur ki, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
h) Nəticə
29. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyul 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.