Məhkəmə qərarları › İş №2(103)-4703/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4703/2023

24.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4703/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2021-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən nəzərdə tutulmuş Xırdalan şəhəri, Bakı-Quba avtomagistralın 14-cü kilometrliyinin qərb hissəsində, B blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işin baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş edib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddia tələbi Xırdalan şəhəri, Bakı- Quba avtomagistralın 14-cü kilometrliyinin qərb hissəsində, B blok, 5-ci mərtəbə, izolə olunmuş 3 otaqdan ibarət 122,75 kv.m olan mənzilin təhvil verilməsi ilə bağlıdır. Tərəflər arasında 14 sentyabr 2021-ci il tarixində mübahisələndirilən mənzilə dair müqavilə bağlanmış, həmin tarixli maliyyə arayışına əsasən isə mənzilin ümumi dəyəri tam ödənilmişdir. Müqavilədən göründüyü kimi, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Cavabdeh hüquqi ünvanı ünvan 1 olan halda isə hazırki mübahisənin iddia icraatı qaydasında baxıldığını, MPM-in 35, 36, 149 və 152-ci maddələrinin müvafiq maddələrinin tələblərini nəzərə aldıqda, habelə tərəflər arasında podrat münasibətləri mövcud olduğundan, hazırki mülki işə ərazi aidiyyəti qaydaları tətbiq edilməli və işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsi və mülki işin ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, tələbin podrat müqaviləsi və ya digər hər hansı bir müqavilədən irəli gəlməsi müstəsna aidiyyət qaydalarını və təhvil verilməsi tələb edilən daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsi faktını dəyişmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 16 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iddia tələbinin mahiyyəti və məzmunu bəllidir və bu cür iddianın irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin yekun hissəsi mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi mövqeyini qərardadda göstərib. Ancaq cavabdeh bununla razılaşmır və şikayətində bunun səbəblərini göstərir. Belə ki, iddiaçının yekun olaraq cavabdehdən tələb etdiyi mənzilin Abşeron rayonu ərazisində yerləşməsi, cavabdehin hüquqi ünvanının isə Bakı şəhəri Nərimanov rayonu ərazisində olduğu işin mübahisəsiz halıdır. Buna görə də mənzilin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını özündə əks etdirən bir iddia tələbi üzrə mülki işə müstəsna aidiyyət qaydalarına uyğun daşınmaz əşyanın yerləşdiyi ərazidə baxılmalıdır. Çünki, mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehin hüquqi ünvanının əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəli mənzillə bağlı podrat münasibətləri olduğu üçün ərazi aidiyyəti qaydaları tətbiq edilməli olduğu qənaətinə gəlsə də nəzərə almamışdır ki, müstəsna aidiyyət qaydaları üzrə baxılmalı olan iş üzrə hansısa mülki hüquqi, o cümlədən podrat münasibətinin əhəmiyyəti yoxdur. Tutaq ki, müstəsna aidiyyət qaydaları tətbiq olunmur, ancaq hazırki iddia üzrə cavabdehin hüquqi ünvanının olduğu yer Qazax rayonu ərazisindədir, onda iddia ərazi aidiyyəti qaydalarına görə Qazax Rayon Məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Qazax Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı tikinti sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində yaxud digər şəhər və rayonlarda fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin apardığı tədqiqatla əlaqədar məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin hüquqi ünvanının olduğu, Qazax Rayon Məhkəməsinin hakiminin Abşeron rayonu ərazisinə gəlməsində, Bakı şəhərində yaxud digər rayon və şəhərlərdə fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin isə Qazax Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etməyəcək və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzanacaq ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə verilməli və baxılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş də aidiyyət qaydalarının pozulması ilə verildiyindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən işin Abşeron Rayon Məhkəməsində baxılmalı olmaması barədə qənaəti düzgün olmamışdır. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1756/2023 saylı, 30 may 2023-cü il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar