Məhkəmə qərarları › İş №2(103)-4711/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4711/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4711/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MMC-yə və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsini, sonuncu çalışdığı vəzifəyə bərpa olunmasını, məcburi işdən çıxarıldığı xx.xx.2023-cu il tarixdən başlanaraq əmək haqqı və əmək haqqının azı 1 faizi həcmində ödənc hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində cavabdeh qurumun satış departamentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixində isə heç bir səbəb və əsas olmadan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Həmin əmrin surəti ona təqdim edilməmişdir, hesab edir ki, işdən çıxarılması barədə əmr qanunvericiliyə zidd olaraq qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilmişdir və o, həmin maddənin təsiri altına düşür. İddiaçı öhdəsində məktəb yaşına çatmayan uşağı olduğu və onu təkbaşına böyütdüyü üçün hesab edir ki, onun işdən çıxarılması barədə əmr qanunsuzdur. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, mübahisələndirilən qətnamənin qanuni və əsaslı hesab edilməsi üçün ilk növbədə iddiaçının mübahisələndirdiyi əmrin (ləğvi istənilən) reallıqda qanuni olub - olmamasına hüquqi qiymət verilməli idi. Lakin qətnamədə həmin əmrin qanuni olub-olmamasına dair nəinki müddəa, heç bir söz də yoxdur. Belə ki, iddiaçı 17 fevral 2023-cü il tarixli İQ-020/23 saylı əmrlə cavabdeh qurumun satış departamentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsinə işə qəbul olub və 09 iyun 2023-cü il tarixdə heç bir səbəb və əsas olmadan Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsində Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və halar göstərilib. İddiaçı həmin maddənin təsiri altına düşür. Onunla əmək müqaviləsinə xitam verilərkən cavabdeh nəzərə almayıb ki, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə prosesləri zamanı ştat cədvəlini təqdim edə bilməyərək bildirmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra həmin vəzifəyə yenidən işçi götürülmüşdür. Mübahisələndirilən əmrdə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmayıb. Belə ki, işçilərin sayının azaldılması və ya ştatların ixtisarı hansı zərurətdən gəlməsi göstərilməyib. Ümumiyyətlə, işçilərin sayının azaldılması və ya ştatların ixtisarına dair hər hansısa əmr də yoxdur. İddiaçıya xəbərdarlıq-bildiriş təqdim edilməyib. Məhkəmənin qətnamədə göstərdiyi və cavabdehin təqdim etdiyi xəbərdarlıq təmamilə qanuna ziddir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya xəbərdarlıq verilir və xx.xx.2023-cü il tarixdə yəni 1 gün sonra həmin şəxs işdən azad olunur. Bu absurddur. Xəbərdarlığın məzmunundan görünür ki, cavabdeh qarşılıqlı razılıq ifadəsini özündə əks etdirən Əmək Məcələsinin 77-ci maddəsinə istinad etsə də, sonda bütün qərarları özü vermiş olur. Cavabdeh nəzərə almayıb ki, bu prosedurda (qarşılıqlı razılıq) iddiaçının mütləq şəkildə ərizəsi lazımdır. Yəni işəgötürənin Əmək Məcələsinin 77-ci maddəsin 4-cü hissəsinə uyğun olaraq (işəgötürən işçinin razılığı ilə) işçinin razılığını alması mütləqdir. Razılıq alınandan sonra isə heç bir xəbərdarlığa ehtiyac yoxdur. Əmək Məcələsinin 77-ci maddəsin 1-ci hissəsində nəzərdə tutulmuş xəbərdarlıq isə bu prosedurdan qabaq baş verir. Məhkəmə yalnız iddia müddətinin ötürülməsi əsasını gətirməklə iddianı təmamilə rədd etməsi qanuni deyil. Məhkəmə göstərilənləri nəzərə alıb qətnamədə mübahisələndirilən əmrin qanuni olub-olmamasını, qanunsuz olduğu halda pul tələbi ilə bağlı hissəni təmin etməli idi. İşə bərpaya dair iddia müddətinin ötürülməsi ilə tələbi bir-biri ilə tam şəkildə bağlı deyil. Çünki iddiaçı istəsə yalnız pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Belə olduğu halda məhkəmə artıq iddia müddətinin ötürülməsi bəhanəsini gətirə bilməz. Hesab edir ki, məhkəmə iddia müddətinin ötürülməsini əsas gətirməklə işə bərpa tələbimi təmin etməsə də, əmri qanunsuz hesab edib pul tələbini təmin etməli idi. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddiaçının səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və və təqdim ediləsi sübutlarının olmasını nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmişdir.

6. Məhkəmə kollegiyası iddiaçının sübutları birinci instansiya məhkəməsi baxışı zamanı təqdim etməli olmasını, eləcə də sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmamasını əsaslandırmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-dən X1 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən, ididaçı ilə müəssisə arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmış müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən, həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinin (işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 mislini müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) tələbləri gözlənilmədiyindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmçinin təqdim olunmuş sənədlərdən iddiaçının son haqq-hesabının ödənilərkən AR Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərinin pozulduğu müəyyən edilmişdir. Bununla bağlı Cavabdeh MMC-nin işəgötürəni barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə əsasən xx.xx.2024-cü il tarixli, MN1933800 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 30 (otuz) gün ərzində İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, İA 162/23 nömrəli əmrin ləğv edilməsi və onun son haqq-hesabının yenidən hesablanaraq törədilmiş hüquq pozuntusunu aradan qaldırılmasını təmin edib nəticəsi barəsində X1 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur.

8. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2023 tarixində Cavabdeh MMC-nin Satış Departmentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsinə işə qəbul edilmişdir. Onun əmək müqaviləsinə, xx.xx.2023 tarixli əmrlə Əmək Məcəllsinin 70-ci maddəsinin “b” bəndinə istinad edilərək xitam verilmişdir.

9. Cavabdeh MMC-nin 063/23 saylı, 01.06.2-23-cü il tarixli ştat cədvəlinə dəyişiklik edilməsi haqqında əmrin surətindən görünür ki, MMC-nin strukturunda aparılmış islahatları, iş yerlərinin optimallaşdırılması, Müəssisənin istehsalat-satış həcmi nəzərə alınaraq Satış Departmentinin Bakı şəhəri üzrə satış şöbəsinə supervayzer vəzifəsi ixtisar olunmuş və ştat cədvəlindən silinmişdir.

10. xx.xx.2023-cü i tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı xx.xx.2023cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmiş, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən müəyyən edilmiş xəbardarlıq müddəti əvəzinə ona orta aylıq əmək haqqının 0.5 misli qədər bir dəfəlik ödəmənin verilməsi qərara alınmışdır.

11. İddiaçının işdən azad edilmə barədə İA-162/23 nömrəli, xx.xx.2023-cü il tarixli Əmrdən görünür ki, müəssisənin satış departamentinin Bakı şəhəri üzrə satış şöbəsi MT-kanal bölməsinin Supervayzeri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) əsasən xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

12. 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması ... prinsiplərinə əsaslanır.

13. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək (b), bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək (ə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.

14. 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır.

15. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

16. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

17. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

18. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

19. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.---- bir ilədək əmək stajı olduqda– azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda– azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda– azı doqquz təqvim həftəsi.

20. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

21. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqı miqdarında; miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,4 misli beş ildən on ilədək əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda– orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

22. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

23. 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

24. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

25. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

26. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

27. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

28. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

29. 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.

30. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

31. 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun:

33. 34.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.

34. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

35. 35.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

46. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

47. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

48. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

50. Belə ki, iddiaçının apellyasiya şikayətində bildirir ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsində Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. İddiaçı həmin maddənin təsiri altına düşür. Onunla əmək müqaviləsinə xitam verilərkən cavabdeh nəzərə almayıb ki, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.

51. İddiaçı qeyd olunan maddənin tələbləri baxımından yeganə qazanc yerinin cavabdeh qurumun işlədiyi işin olması, həmçinin məktəb yaşınadək uşağını təkbaşına böyütməsi barədə sübutlar verməmiş, işin faktiki halları ilə bunlar müəyyən edilməmişdir.

52. Bundan başqa, iddiaçı onunla olan əmək müqaviləsinə xitam verildikdən sonra həmin vəzifəyə yenidən işçi götürülməsini bildirsə də, işin faktiki halları ilə iddiaçının bu dəlilləri öz təsdiqini tapmamışdır.

53. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı hüququnun pozulmasını xx.xx.2023-cü il tarixdə ştatın ləğv edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlığı imza edərək qəbul etməklə, 2023-cü ilin iyun ayında əmək kitabçasını (birinci instansiya məhkəməsində icraat zamanı izahatında həmin halı təsdiq etmişdir), eləcə də ona hesablanmış son haqq-hesabı almaqla bildiyi halda, hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

54. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi üzrə qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini keçirmişdir. Mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.

55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı hazırkı iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan Cavabdeh MMC isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbi təmin etməyən rayon məhkəməsi düzgün qənaətə gəlmişdir.

56. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, işə bərpaya dair iddia müddətinin ötürülməsi ilə digər tələbi bir-biri ilə tam şəkildə bağlı deyil. Çünki iddiaçı istəsəydi, yalnız pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Belə olduğu halda məhkəmə artıq iddia müddətinin ötürülməsi bəhanəsini gətirə bilməz. Hesab edir ki, məhkəmə iddia müddətinin ötürülməsini əsas gətirməklə işə bərpa tələbini təmin etməsə də, əmri qanunsuz hesab edib pul tələbini təmin etməli idi.

57. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini də əsassız hesab edir. Belə ki, iddiaçının barəsində verilmiş əmr ləğv edildiyi halda əmək haqqının ödənilməsi və məcburi işsiz qaldığı günlər üçün ödənişlərin təmin edilməsi barəsində hissəsi əsaslı olardı. Hazırkı vəziyyətdə isə iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etsə də, qanunla məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq müddəti ötürdüyü üçün, həmin tələblər isə işə bərpaya dair tələbdən törəmə tələb olduğundan, iddia tələbləri göstərilən hissələrdə də təmin edilə bilməz.

58. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə mahiyyət etibarı ilə düzgün nəticə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməlidir. Nəticə:

60. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbinin təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3449/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar