Məhkəmə qərarları › İş №2(103)-4712/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4712/2023

11.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4712/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-490/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.1984-cü il tarixində X5 ilə nikaha daxil olmuşdur, həmin nikahdan xx.xx.1985-ci il təvəllüdlü Xəyalə, xx.xx.1988-ci il təvəllüdlü Xalidə və xx.xx.1995-ci il təvəllüdlü Könül adlı uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə X4 5 nəfər ailə üzvləri ilə (özü, yoldaşı və 3 uşaq) 1-ci Qəsr küçəsində yerləşən 6 saylı evin 1 otaqlı 6 saylı mənzili müvəqqəti sığınacaq kimi verilmişdir.

3. İddiaçının əri X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

4. İddiaçı miras qalmış əmlaka vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin notarius vərəsə tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədiyini əsas tutaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 miras əmlakından İddiaçı aid olan paya münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 xx.xx.2022-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. Onun tərəfindən mərhum ərindən qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində yerləşən notariat ofisinə rəsmi qaydada müraciət edilmişdir. Eyni zamanda, onun övladları X7 və X1 notariat ofisə miras əmlakdan onun lehinə imtinaya dair notarial qaydada razılıq ərizəsi vermişdirlər. Müraciətə verilmiş xx.xx.2022-ci il tarixli 2409 nömrəli cavabda bildirilmişdir ki, “miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd tələb edir. Əks təqdirdə vərəsə tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim etməyimiz mümkün deyildir”. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialından təqdim edilmiş xx.xx.2022-ci il tarixli verdiyi cavaba əsasən qeyd edilir ki, mərhuma məxsus daşınmaz əmlak mövcuddur. Eyni zamanda 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən sözügedən daşınmaz əmlakın yerləşdiyi ərazinin səlahiyyətli orqanı “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinə də müraciət edilmişdir. Həmin idarədən isə haqlı olaraq bildirilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədi vermək üçün vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilməlidir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən verilmiş rəsmi cavabın qanunvericiliyin tələbləri ilə heç bir əlaqəsi yoxdur, hətta bir notarial orqanının bu şəkildə cavabın verilməsi onun tamamilə qanundan bixəbər olduğunun bariz göstəricisidir. Miras əmlak aktiv və passivlərdən ibarətdir. Aktivlərin isə yalnız sözügedən daşınmaz əmlakdan ibarət olması absurd bir haldır. Təəssüf ki, bəzi notariusların isə hüquqdan anlayışı belə mövcud deyildir. Mərhumun qanun üzrə vərəsəsi kimi tanınmaq yalnız o demək deyildir ki, hazırda bilinən hansı əmlakları mövcuddursa, həmin əmlaklara münasibətdə vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Mərhumun vərəsəsi kimi tanınmaq o deməkdir ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunla və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr istisna olmaqla, mərhumun digər hüquq və vəzifələrinə sahib şəxs kimi tanınsın. Beləliklə, miras əmlakın mövcud olub-olmamasından asılı olmayaraq, mövcud iş üzrə cavabdeh tərəfindən ona mərhumun vərəsəsi olması ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli idi. Əgər 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin imtinası ilə məsələyə anlaşılası olsa, o halda belə çıxır ki, mərhumdan qalmış miras əmlakı hətta öz qanun üzrə vərəsələri belə əldə edə bilməz. Məsələyə bir başqa yöndən baxıldıqda sözügedən notariat ofisinin əməlində hərəkətsizlik nüansını aydın görməklə yanaşı, eyni zamanda imtina cavabının hüquqi məntiqlə deyil, şablon kazuslar üzərindən verilməsi də göz önündədir. Çünki vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariusa təqdim olunan sənədlər arasında mülkiyyət hüququnu təsdiq edən sənədin olması ilə bağlı heç bir qanuni tələb mövcud deyildir. Bu halda şəxs qeyd edilməyən hərəkətləri etməyə məcbur edilə bilməz. Əgər desələr ki, vətəndaş mərhuma məxsus daşınmaz əmlakların mülkiyyət sənədini notariat ofisinə təqdim etdi və həmin əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdi. Bir müddət sonra məlum olur ki, mərhumun əmlakları yalnız notariat orqanına təqdim edilmiş sənədlərdəki əmlaklardan ibarət deyilmiş və əlavə əmlaklar da mövcuddur. Bu halda vərəsə sonuncu əmlaklara dair də vərəsəlik hüququ haqqında şəhadətnamə üçün notariat ofisinə bir daha müraciət etməlidir və bu hal dolayı yolla süründürməçilikdir.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 490/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia təmin edilməmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və şəxsə mülkiyyət hüququ üzrə məxsus olan əmlak vəfat etmiş şəxsin miras əmlakı kimi vərəsələrə keçməli olduğundan, həmçinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar müvafiq notariat orqanına müraciət edilərkən miras qoyanın belə bir əmlaka malik olmasını təsdiq edən sübutlar da ərizəyə əlavə edilməli olduğundan, hazırki mübahisə ilə əlaqədar isə İddiaçı tərəfindən belə bir sübutun notariat orqanına müraciəti zamanı təqdim edilə bilməməsi müəyyən edildiyindən, məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhahdətnamənin verilməsindən imtina edilməsi əsaslı olmuş və bu səbəbdən qaldırılan iddia təmin edilməməlidir.

9. Məhkəmə iddiaçının nümayəndəsinin qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi miras qoyana münasibətdə şəxsin onun vərəsəsi olmasını təsdiq edəcəyinə dair dəlilləri üzrə qeyd etmişdir ki, miras qoyanın vərəsəsi olma halı şəxsin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlərlə (nikah şəhadətnaməsi, doğum şəhadətnamələri və s.) müəyyən edilir. Bunun üçün şəxsin qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına zərurət yoxdur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, Mülki Məcəlləsinin 139.1, 139.3, 1145, 1147.1, 1151.1-ci maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 107-ci bəndinə, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mübahisədə qanun üzrə vərəsənin vərəsəlik şəhadətnaməsi alması tələbinə daşınmaz əmlakla bağlı qoyulan məhdudiyyət onun vərəsəliklə əlaqəli haqqı çatan hüquqlarından məhrum olması ilə nəticələnmişdir. Bu isə hüquqi müəyyənlik və hüquqi etimad prinsiplərinə əməl olunmaması deməkdir. İddiaçının qanun üzrə vərəsə kimi tanınması onun yalnız miras qoyanın daşınmaz əmlakına münasibətdə deyil, bütünlükdə onun maddi və qeyri-maddi əmlak hüquqlarının həyata keçirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 1153-cü maddəsinə əsaslanmaqla bildirilir ki, miras qoyanın digər bütün əmlak hüquq və vəzifələri vərəsəlik üzrə keçir. Burada sırf daşınmaz əmlak üzərində mülkiyyət hüququnun müəyyən olunmasını tələb etmək məntiqəuyğun olmamaqla bərabər, eləcə də şəxsin vərəsə kimi tanınmaqla öz hüquqlarından istifadə etməsinə və vəzifələrinin icrasına çətinlik yaradır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarına əsasən Mülki Məcəllənin 1291,1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Hazırki məsələyə münasibətdə qeyd olunur ki, iddiaçının vərəsəlik şəhadətnaməsi verilməsi üçün etdiyi müraciətin araşdırılması nəticəsində belə mübahisəli hallardan heç birinə rast gəlinməməsi iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsi üçün mütləq əsasdır. Bundan başqa bildirilir ki, qohumluq münasibətini təsdiq edən sənədlərlə şəxsin miras qoyanın vərəsəsi olması müəyyən edilirsə, o halda hüquqtəsdiqedici sənəd kimi vərəsəlik şəhadətnaməsinin verilməsində də heç bir məhdudiyyət olmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli sərəncamından irəli gələn sənədləşdirmə işlərininin rəsmiləşdirilməsi üçün iddiaçıdan vərəsəlik hüququ haqqında şəhadətnamə tələb olunur.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu məhkəməyə ünvanladığı məktubda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

18. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 26 iyul tarixli Qərarı: Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir.

20. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 95-ci bənd. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyriyaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. 107-ci bənd. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi tələb edir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, vərəsəliklə bağlı qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının mahiyyətinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras əmlakın tərkibini yoxlamalı, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamə verməlidir.

26. Hazırki iş üzrə iddiaçı tərəfindən miras kütləsi ilə bağlı notariat orqanına hər hansı sənəd təqdim edilməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, miras qoyanın vərəsəsi olma halı şəxsin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlərlə (nikah şəhadətnaməsi, doğum şəhadətnamələri və s.) müəyyən edilir.

28. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli sərəncamından görünür ki, 1-ci Qəsr küçəsində yerləşən 6 saylı evin 1 otaqlı 6 saylı mənzili təkcə X4 deyil, həmçinin onun ailə üzvlərinə, o cümlədən iddiaçıya müvəqqəti sığınacaq kimi verilmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-490/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar