Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4715/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Mayılov Ülvi Arif oğlu və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1, İlk iddia üzrə cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İlk iddia üzrə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı “əmanət və faizlər” tələbi, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-5376/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə qarşı “əmanət və faizlər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin “Sənaye” filialı ilə bağladığı xx xxxx 2013-cü il tarixli “klassik əmanət (depozit)” müqaviləsinə əsasən Banka qoyduğu 100.000 (bir yüz min) manat məbləğində əmanətin, həmin əmanətə görə xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ötən 6 il (72 ay) ərzində illik 8.4 faizlə hesablanmış 50.400 (əlli min dörd yüz) manat məbləğində faizlərin, əmanətinin ödənilməsindən əsassız imtina edilməsi ilə əlaqədar olaraq ümumi əmanət məbləğinə illik 5 faizlə hesablanmaqla 45.120 manat məbləğində vurulmuş zərərin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia ərizəsinin rədd edilməsi və 240.000 manat pulun İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı vurulmuş zərərə görə 239.180,7 manat məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5376/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, İddiaçı ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC arasında (Sənaye filialı) bağlanmış xx xxxx 2013-cü tarixli klassik əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 100.000 manat əmanət məbləği və əmanətə hesablanmış 22.797 manat faiz məbləğinin ilk iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən alınaraq ilk iddia üzrə İddiaçı verilməsi, ilk iddianın digər hissədə təmin edilməməsi, “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ABB-nin Sənaye filialının müdiri vəzifəsində işləyərkən, etdiyi qanunsuz əməllərə görə ABB-yə 239,180.7 manat məbləğində zərər vurmuşdur. Belə ki, xx.xx.2017-ci il tarixdə iddiaçı X6 ABB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə cavabdeh ABB-nin Sənaye filialı ilə X6 arasında bağlanmış depozit müqaviləsinə əlavənin etibarsız hesab edilməsi, 131.100 manat əmanət məbləğinin və ona hesablanmış 106.191 manat faiz məbləğinin, qətnamə icra olunan günədək illik 16,2 hesablanmış faiz məbləğinin və dəymiş mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 1912/2017-ci il saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ABB-nin Sənaye filialı ilə X6 və X3 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli “xx xxxxxx 2007-ci il tarixində ABB-nin Sənaye filialı ilə X6 arasında bağlanmış depozit müqaviləsinə əlavə” etibarsız hesab edilmiş və iddiaçı ilə ABB arasında imzalanmış xx xxxxxx 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilə üzrə 131.100 manat əmanət məbləği cavabdeh ABB-dən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. ABB və iddiaçı qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Roza Paşayevanın apellyasiya şikayəti qismən təmin edilmiş, Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi faiz tələbinin təmin olunmayan hissəsində qismən ləğv edilərək, müddətli əmanət (depozit) hesabı haqqında müqavilə üzrə əmanətə hesablanmış 103.901,7 manat faiz məbləği, audit rəyinə görə 4.000 manat xidmət haqqının, ekspertiza xərci kimi 179 manatın ABB-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 6262/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-1912/2017-ci il saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə eyni tarixdə ABB-nin əməkdaşlarının, habelə digər şəxslərin əməllərinin araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş və bu məqsədlə qərardadın surəti Baş Prokurorluğa göndərilmişdir. Araşdırma zamanı İddiaçı törətdiyi əməli etiraf etmiş və Banka vurduğu ziyanı öz izahatı ilə təsdiq etmişdir. Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli xüsusi qərardadı əsasında, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində İddiaçı barəsində CMnin 308ci və 309-cu maddələri ilə cinayət işi başlanmış, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi əsası ilə cinayət işinin icraatına xitam verilmişdir- cinayət işinə ittihamedici əsaslarla xitam verilmişdir. X7rşı verdiyi iddia təmin edilmiş və Bank tərəfindən məhkəmə qətnaməsi ilə qət edilən məbləğin ödənişi həyata keçirilmişdir. Hazırki işdə Bankın qarşılıqlı iddiasını rədd etməklə məhkəmə MM-nin 1114-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı Banka vurduğu ziyanla bağlı kifayət qədər sübutlar təqdim olunsa da, məhkəmə qarşılıqlı iddianı əsassız olaraq rədd etmişdir. Buna görə də məhkəmə qətnaməsi ləğv edilməli, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilib, şikayətin sonunda qətnamənin ləğv edilərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş olunsa da, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyant qətnaməni qarşılıqlı iddianın təmin olunmadığı hissədə mübahisələndirir. Odur ki, məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddianın təmin olunmadığı hissədə yoxlanılır. Belə ki, qətnamə ilk iddianın təmin olunduğu hissədə mübahisələndirilməmişdir. Hazırki iş üzrə cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsindən görünür ki, Bank İddiaçı Banka vurduğu zərərə görə 239180,7 manat məbləğində pul vəsaitini tələb edir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan zərərin vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadığına görə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “qarşılıqlı iddianın rədd edilməsi” ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-də işləmiş və hazırda qarşılıqlı iddia üzrə iddiaçı olan Bank həmin şəxsin Bankda işlədiyi dövrdə işçi kimi Banka ziyan vurduğuna istinad edərək həmin vurulmuş ziyanın ödənilməsini tələb edir. Qeyd olunan hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi ziyanla bağlı İddiaçı tərəfindən Banka ziyanın vurulması faktından (xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi və xüsusi qərardadın çıxarıldığı tarixdən) bir ildən artıq müddət əvvəl məlumatlı olması, lakin qarşılıqlı iddia ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etdiyi müəyyən olunur. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüş, qarşılıqlı iddia üzrə cavabdeh isə həmin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verdiyi üçün hazırki mübahisəyə iddia müddəti tətdiq olunaraq həmin əsasla da iddia rədd edilmişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “qarşılıqlı iddia üzrə iddianın rədd edilməsi” ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, sözügedən mübahisə üzrə tərəflər arasında münasibətlər (işçi ilə işəgötürən arasında olan münasibətlər) Əmək Məcəlləsi ilə tənzimləndiyi üçün həmin münasibətlərə Mülki Məcəllədə nəzərdə tutulan “deliktlərlə” bağlı müddəalar deyil, məhz əmək qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyi üçün qeyd edir ki, həmin dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilənqarşılıqlı iddianın rədd edildiyi hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5376/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- qarşılıqlı iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC tərəfindən ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qsaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Ülvi Mayılov Valeh Ağayev
Məhkəmə qərarları › İş №2(103)-4715/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4715/2020
05.08.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver