Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4715/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1948/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2rşı “işə bərpa və ödənişlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF sistemində əvvəlki işlədiyi vəzifəyə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi 23.11.2020-ci il tarixindən sonrakı dövr üçün çatacaq ödənişlərin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1948/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri kimi qeyd etmişdir ki, o, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan sturuktur islahatları nəticəsində 24.08.2016-cı il tarixdə Cavabdeh Oğuz rayon şöbəsinə müdir müavini vəzifəsinə təyin olunmuş, Cavabdeh tərəfindən 23.11.2020-ci il tarixdə əsassız olaraq işdən azad edilmişdir. Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar 14.08.2020-ci il tarixdə DSMF-nun rayon şöbələri ləğv edilmiş və rayon filialları yaradılmış, bütün işçilərdən ərizə alınaraq (həm işdənçıxma, həm də işə qəbul haqqında) əmək müqavilələrinə xitam verilmişdir. Əslində isə Əmək Məcəlləsinin 70a bəndinə uyğun (dövlət orqanının ləğv edilməsi) əmək müqaviləsinə xitam verilməli idi. 14.08.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə məhəl qoyulmadan, əsası olmadan o da daxil olmaqla bütün işçilərlə müddətli (3 ay müddətə) əmək müqaviləsi bağlanmışdır. 14.08.2020-ci il tarixdə müqavilə müddəti bitsə də, sonrakı bir həftə ərzində tərəflərin əmək müqaviləsinin xitam verilməsi barədə təklifləri olmamışdır. 25.11.2020-ci il tarixdə yenidən ərazi filiallarının yaranması ilə əlaqədar işçilərdən ərizə (həm işdənçıxma, həm də işə qəbul haqqında) tələb edilmişdir. Şərti olaraq ərizənin surəti göndərilmiş və işə qəbul edildikdən sonra əlyazmanın göndərilməsini bildirmişdir. 26.11.2020-ci il tarixdə ailə üzvündə koronavirus testinin pozitiv çıxması səbəbli karantinə alınmış və 27.11.2020-ci il tarixdə koronavirusa yoluxmaya görə test vermişdir. 01.12.2020-ci il tarixdə həm səhhətinin pisləşməsi, həm də testin nəticəsinin pozitiv çıxması səbəbindən Şəki şəhərində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. 05.12.2020-ci il tarixdə xəstəxanadan buraxılsa da, 21.12.2020-ci il tarixinədək (evdə müalicə) karantində olmuşdur. Ona 23.11.2020-ci il tarxdə əmək müqaviləsinə xitam verildiyi bildirilməmişdir. İdarədən hansı əsasla əmək müqaviləsinə xitam verildiyini soruşanda ona 25.11.2020-ci il tarixli qeydiyyata alınmamış ərizənin surətinin təqdim edildiyini bildiriblər. Onun işən çıxarılması qanunsuz olmuşdur. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 1998-ci ildən bu sahədə işləmiş, həmin dövrdən müxtəlif vaxtlarda işlədiyi müəssisənin adında müxtəlif dəyişikliklər olsa da eyni vəzifə funksiyalarını yerinə yetirmişdir. DSMF-nin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar olaraq rayon şöbələri ləğv edildiyindən onun əmək müqavilsəsinə xitam verilmiş, bundan sonra o və bütün işçilərlə üç aylıq müddətə əmək müqaviləsi bağlanmış, 25.11.2020-ci il tarixdə də yenidən ərazi filiallarının yaranması ilə bağlı onlardan həm işdən çıxarma, həm də müvafiq işə qəbulla bağlı ərizə tələb edilmiş, o da şərti olaraq ərizənin surətini göndərmiş, işə qəbul edildikdən sonra ərizənin əslini gönədərəcəkdi. Belə ki, onlarda olan qaydaya görə işdən çıxma barədə ərizənin surətini verirdilər, sonra işəgötürənlə yeni əmək müqaviləsi bağlananda həmin ərizənin əslini verirdilər. Məhz bu əsasla, ərizədə də xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad edilməsini qeyd etmişdir. Daha sonra 26.11.2020-ci il tarixdə ailə üzvündə koronavirus testinin pozitiv çıxması səbəbli karantinə alınmış və 27.11.2020-ci il tarixdə koronavirusa yoluxmaya görə test vermiş, 01.12.2020-ci il tarixdə həm səhhətinin pisləşməsi, həm də testin nəticəsinin pozitiv çıxması səbəbindən Şəki şəhərində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. 05.12.2020-ci il tarixdə xəstəxanadan buraxılsa da, 21.12.2020-ci il tarixinədək (evdə müalicə) karantində olmuşdur. Məhkəməyə işdən azad olunması barədə ərizənin əslini təqdim edərək, iddiaçıya ərizənin surətinin təqdim etdiyini bildirdi. Hazırkı halda da onunla əmək müqaviləsi bağlanmalı idi. Buna baxmayaraq onunla əmək müqaviləsi bağlanmamışdır. Onun işdən azad edilməsi barədə əmr də 23.11.2020-ci il tarixdə verilmişdir. Halbuki cavabdehin onu işdən azad edərkən əsaslandığı ərizə hazırda Kollegiyaya təqdim etdiyi 25.11.2020ci il tarixli ərizənin surəti olmuşdur. Bununla da məlum olur ki, onun işdən azad edilməsi qanunauyğun olmamışdır. Həmçinin nə əmri, nə də əmək kitabçasını hələ ala bilmədiyini qeyd etdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilrək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Ağakişiyeva apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, işçi ərizə yazaraq tutduğu vəzifədən azad olunmasını xahiş etmiş, buna uyğun olaraq 23.11.2020-ci il tarixli əmr əsasında onun əmək müqaviləsi xitam olunmuşdur. Nümayəndə iddiaçıya əmrin və əmək kitabçasının təqdim edilməsini təsdiq edən sübut verə bilməyəcəyini, eləcə də, mülki işdə kserosurəti olan ərizənin əslini məhkəməyə təqdim edə bilməyəcəyini bildirdi. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Sübutların tədqiqi: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.01.1998-ci ildən 23.11.2020-ci il tarixədək Oğuz rayonunda AR ƏƏSMN-nin tabeliyindədəki müxtəlif strukturlarda işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh İdarə Heyətinin sədri H.Məmişovun 14.08.2020-ci il tarixli **********6 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 17.08.2020-ci il tarixindən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Oğuz rayon filialına direktor müavini vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin bağlanmasına dair bildirişindən görünür ki, İddiaçı Cavabdeh Oğuz filialında direktor müavini vəzifəsində çalışır, aylıq əmək haqqı 1800 manat təşkil edir. Mülki işdə olan 25.11.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həmin ərizə ilə X6 sədri H.Məmişova müraciət edərək, bir ay xəbərdarlıq müddəti verilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh İdarə Heyətinin sədri H.Məmişovun 23.11.2020-ci il tarixli **********3 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 23.11.2020-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 24.07.2020-ci il və 14.08.2020-ci il tarixli əmək müqavilələrinə xitam verilmişdir və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 24.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunuş 25.11.2020-ci il tarixli ərizənin əslindən görünür ki, İddiaçı həmin ərizə ilə X6 sədri H.Məmişova müraciət edərək, bir ay xəbərdarlıq müddəti verilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, nə birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaya etirazında, nə də rayon məhkəməsi iddia tələbini rədd edərkən Əmək Məcəlləsinin 296-cı maddəsində təsbit olunmuş fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinə toxunmamışdır. Mülki işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh İdarə Heyətinin sədri H.Məmişovun 23.11.2020-ci il tarixli **********3 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 23.11.2020-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 24.07.2020-ci il və 14.08.2020-ci il tarixli əmək müqavilələrinə xitam verilmişdir və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 24.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır (i/v 18-19). İddia ərizəsindəki “daxil olma” ştampından bəlli olur ki, iddia ərizəsi 10.02.2021ci il tarixdə məhkəməyə daxil olmuşdur (i/v 1). Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi baxımından ilkin olaraq bu məsələyə münasibət bildirilməlidir. Hazırkı iddia tələbi ilə bağlı cavabdeh iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının verilməsi ilə bağlı heç bir rəsmi sübut təqdim edə bilmədiyindən, iddiaçı da ona əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürən tərəfindən rəsmi məlumat verilmədiyini, əmək müqaviləsinə xitam verilməsindən elektron sistem vasitəsi ilə xəbərdar olduğunu qeyd etdiyindən hazırkı halda 269-cı madəsində nəzərdə tutulmuş bir aylıq müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, ...“iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Belə ki, iddiaçı məhkəmə iclasında 25.11.2020-ci il tarixli ərizənin əslini təqdim etmişdir. Həmin ərizədən görünür ki, İddiaçı həmin ərizə ilə X6 sədri H.Məmişova müraciət edərək, bir ay xəbərdarlıq müddəti verilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh İdarə Heyətinin sədri H.Məmişovun 23.11.2020-ci il tarixli **********3 nömrəli əmrinin surətindən görünür ki, İddiaçı 23.11.2020-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 24.07.2020-ci il və 14.08.2020-ci il tarixli əmək müqavilələrinə xitam verilmişdir və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 24.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası nəzərdə tutulub. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (maddə 69.1). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (maddə 69.2). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər (maddə 69.3). Yuxarıda qeyd edilən normanın hipotezasından göründüyü kimi, işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi bir sıra konkret hallarla şərtləndirilmişdir. Hazırkı halda iddiaçı onunla başqa əmək müqaviləsinin bağlanacağı ilə əlaqədar olaraq ərizəsində belə qeyd etdiyini bildirmiş bunun sübutu kimi də ərzinəni əslini deyil surətini işəgötürənə təqdim etdiyini bildirmişdir. Bununla bağlı Kollegiya qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də öz izahatında 1998-ci ildən həmin orqanda (müxtəlif vaxtlarda orqanın adı və statusu dəyişmişdir) işlədiyini qeyd edir. Kollegiya bildirir ki, mülki iş materiallarına əlavə edilmiş Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.01.1998-ci ildən 23.11.2020-ci il tarixədək Oğuz rayonunda AR ƏƏSMN-nin tabeliyindədəki müxtəlif strukturlarda işləmişdir. Həmçinin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh Oğuz filialında direktor müavini vəzifəsində çalışır, aylıq əmək haqqı 1800 manat təşkil edir (i/v 4). Kollegiya hesab edir ki, həm iddiaçının izahatları, həm də hazırkı məlum iqtisadi çətinlik və böhran şəraitində iddiaçının dəlili, yəni onunla yeni əmək müqaviləsinin bağlanacağı şərti ilə həmin ərizəni yazması və ərizəsində də məhz xəbərdarlıq müddətinin gözlənilmədən əmək müqaviləsinin ləğv edilməsini qeyd etməsi inandırıcıdır, əks yanaşma, yəni Oğuz rayonunda aylıq məvacibi 1800 manat olan şəxsin 69.3-cü maddədə nəzərdə tutulmuş əsaslar olmadığı halda könüllü işdən azad olunmasına dair ərizə verməsi qətiyyən ağlabatan deyildir. Bundan əlavə, iddiaçı 26.05.2021-ci il tarixli məhkəmə kollegiyasının iclasında işdən çıxarılma barədə 25.11.2020-ci il tarixli ərizəsinin əslini məhkəməyə təqdim etmişdir. İşəgötürənə isə həmin ərizənin surəti təqdim edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, onlarda olan qaydaya görə işdən çıxma barədə ərizənin surətini verirdilər, sonra işəgötürənlə yeni əmək müqaviləsi bağlananda həmin ərizənin əslini verirdilər. Məhkəmə kollegiyası tərəfindən iddiaçının təqdim etdiyi ərizə ilə mülki işin 20-ci səhifəsində olan ərizənin surəti müqayisə edilmiş, mülki işdə olan ərizənin iddiaçı tərəfindən təqdim olunmuş ərizənin surəti ilə eyni (identik) olduğu aşkar müəyyən olmuşdur. Beləliklə, müəyyən olunur ki, iddiaçı qeyd etdiyi məqsədlərlə (yenidən işə qəbul olunma şərti ilə) ərizəsini 25.11.2020-ci il tarixdə yazmasına baxmayaraq, işəgötürən tərəfindən həmin ərizəyə istinad edilməklə onun əmək müqaviləsinə iki gün əvvəlki tarixdə, yəni 23.11.2020-ci il tarixli əmrlə xitam verilmişdir (i/v 18-19). Kollegiya bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilən Məcəllənin 89.1-ci maddəsinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Qeyd edilən Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bununla da müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının 25.11.2020-ci il tarixli ərizəsinin surətinə əsaslanmaqla həm də geri tarixə, 23.11.2020-ci il tarixli əmrlə iddiaçının əmək müaviləsinə xitam verilməsi qanunauyğun olmamışdır. Bundan əlavə, Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Məcəllənin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayəndəsi isə iddiaçıya nə əmrin, nə də əmək müqaviləsinin verilməsini təsdiq edən rəsmi bir sənəd təqdim edə bilməmişdir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45.5-ci maddəsində qeyd edilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanılması halları təsbit edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Beləliklə də, müəyyən olunur ki, iddiaçının gördüyü iş (yerinə yetirdiyi əmək funksiyası) Məcəllənin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən ...hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, hazırkı iş üzrə birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, sübutları 88-ci maddənin tələbləri baxımından düzgün qiymətləndirməmiş, Əmək Məcəlləsinin normalarının tətbiq və təfsirində səhvə yol verməklə düzgün olmyan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda qeyd olunanlara əsasən, cavabdehin 23.11.2020-ci il tarixli, **********3 nömrəli əmri Əmək Məcəlləsinin normalarına zidd olduğundan iddia tələbi təmin edilməli, işçi vəzifəsinə bərpa edilməli, iddiaçıya məcburi iş buraxmaya görə işə bərpa olunduğu vaxtadək ödənilməli olan əmək haqqı hesablanaraq ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının iddiası təmin edilməli, onun barəsində cavabdehin 23.11.2020-ci il tarixli, **********3 nömrəli əmri ləğv olunmalı, o, əvvəli iş yerinə və vəzifəsinə bərpa olunmalı, iddiaçıya işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1948/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh Publik Hüquqi Şəxs tərəfindən verilmiş 23 noyabr 2021-ci tarixli, **********3 nömrəli əmr ləğv olunsun, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4715/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4715/2021
26.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver