Məhkəmə qərarları › İş №2(103)-4718/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4718/2021

11.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4718/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (qardaşı) Anar Hüseynovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh uşaqları birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, döngə 4-də yerləşən 3 №-li evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Anar Hüseynov və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçının qardaşı Anar Hüseynovun keçmiş arvadıdır. İddiaçının qardaşı ilə cavabdehin nikahı 25.06.2014-cü il tarixdə bağlanıb, 30.10.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulub. Nikahdan iki uşaq var: 27.06.2015-ci il təvəllüdlü X2 və 11.03.2017-ci il təvəllüdlü X3. Nikahın pozulmasından sonra uşaqlar ananın yanında qalıb. Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, döngə 4-də yerləşən 3 №li ev və evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Onun mülkiyyət hüququ 14.02.2020-ci il tarixdə dövlət reyestrində qeydə alınıb. Buna qədər ev və torpaq sahəsi iddiaçının atası X1 mülkiyyətində olub. O, 12.02.2020-ci il tarixli bağışlama müqaviləsi ilə evi və torpaq sahəsini iddiaçıya bağışlayıb. Cavabdehin və onun uşaqlarının evdən istifadə hüququ yoxdur. İstifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında müqavilə bağlanmalı idi. Belə ki, cavabdeh 2014-cü ildə evə köçüb, həmin vaxt evin mülkiyyətçisi cavabdehin qayınatası olub, 2020-ci ildən etibarən isə evin mülkiyyətçisi cavabdehin baldızıdır. Müqavilə olmadığına görə cavabdehin və onun uşaqlarının evdən istifadə hüququ yaranmayıb. Hazırda onların evdə yaşaması mülkiyyətçinin iradəsinə ziddir. Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişi baxımından iddiaçı cavabdehin və onun uşaqlarının evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh uşaqları X2 və X3 ilə birlikdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi, döngə 4-də yerləşən 3 №-li evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar