Məhkəmə qərarları › İş №2(103)-4721/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4721/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4721/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-3772/2019 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 8 ünvanı ilə ünvan 2 mənzil 6 ünvanın eyni olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 3772/2019 saylı qətnaməsi ilə (hakim Hüseyn Hüseynli) ərizə təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən maraqlarına toxunan şəxs kimi Maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, qətnamənin maraqlarına toxunmasına baxmayaraq, məhkəmə prosesinə cəlb edilməməsi, məhkəmənin yalnız ərizəçinin təqdim etdiyi sübutlar üzrə qənaətə gəlməsi, halbuki mübahisə predmeti ünvanda yerləşən evin Maraqlı şəxs2 xüsusi mülkiyyətində olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin rədd edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: İşəbaxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Ərizədən göründüyü kimi, ərizəçi xüsusi icraat qaydasında müvafiq daşınmaz əmlaklara dair ünvanların eyni olması faktının təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir. Göründüyü kimi, birinci instansiya rayon (şəhər) məhkəmələri xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının yaranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb edən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və hadisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətinin hüquqauyğun olub-olmamasını müəyyən edirlər. Eyni zamanda, MPM-in 259.0.10 və 306.4-cü maddələrinin dispozitiv şərtlərindən aydın olur ki, xüsusi icraat qaydasında işlərə baxılarkən hüquq haqqında mübahisə olduğu təqdirdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Bu zaman maraqlı şəxslər ümumi əsaslarla iddia vermək hüququnu özlərində saxlayırlar. İş materiallarına əsasən müəyyən edilir ki, xüsusi icraat qaydasında hazırki iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, apellyasiya şikayətinə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qarayev küçəsi, ev 66, mənzil 6 Maraqlı şəxs2 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda işdə olan sənədlərdən (qətnamə və s.) görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi arasında məhkəmə mübahisəsi olmuşdur. Birinci instansiya məhkəməsi isə işə baxarkən Maraqlı şəxs2 icraata cəlb etməmiş, bununla yanaşı işə xüsusi icraat qaydasında (hüquqi əhəmiyyəti olan fakt) baxmaqda davam etmişdir. Qeyd edilməlidir ki, hüquqların mübahisələndirilməsi maddi hüquq münasibətlərinin iştirakçıları arasında onların hüquq və vəzifələri, bu hüquq və vəzifələrin həcmi və s. barədə yaranan fikir ayrılığında ifadə olunur (nəzərə alınmalıdır ki, hüquq haqqında mübahisə xüsusi icraat qaydasında baxılan iş çərçivəsində həll edilə bilmir). «Ərizənin baxılmamış saxlanması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 3 saylı qərarının 11-ci bəndinə əsasən MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Ərizənin baxılmamış saxlanılması MPM-də müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalı, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 259-260, 263-264, 357-358, 391, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» barədə ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-3772/2019 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)- 3772/2019 saylı qətnaməsi ləğv edilsin, ərizə baxılmamış saxlansın. İzah edilsin ki, xüsusi icraat qaydasında verilmiş ərizənin baxılmamış saxlanması, maraqlı şəxslərin ümumi əsaslarla iddia vermək hüquqlarını istisna etmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar