Məhkəmə qərarları › İş №2(103)-4722/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4722/2023

06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4722/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, "xxxx"ASC və Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4722/2023 (Açar sözlər: hərracın yekunlarının etibarsız hesab edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh3, ASC “Xalq" bankı və Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(003)- 1710/2018 saylı qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X4 qarşı kredit borcnunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, bankın xeyrinə İddiaçı cəmi 197.023,66 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, ipoteka predmeti olan əmlakdan cavabdehlərin 1 ay ərzində çıxarılması müəyyən edimişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10423/2018 saylı qətnaməsi ilə yuxarıda qeyd edilən qətnamədən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnaməsi qismən, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 31875 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması barədə tələblərin rədd edilməsi hissəsində və 26562,50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində ləğv edilmış, həmin hissələrdə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 8750 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 15000 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq iddiaçı ASC «Xalq» Bankına ödənilməsi, qalan hissələrdə həmin iddia tələblərinin təmin edilməsi, qətnamə digər mübahisələndirilən hissələrdə, yəni 20461,16 ABŞ dolları faiz borcunun tutulması hissəsində və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 3775/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10423/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna (sifariş məktubu) əsasən Mənzil və Qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə (bundan sonra - Hərracın təşkilatçısı) müvafiq sifariş verilmiş, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə hərraclar keçirilmiş, hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixdə protokol imzalanmışdır, hazırda isə iddiaçı həmin hərracın nəticələrini mübahisələndirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC, ASC "xxxx" ASC və Nərimanov Rayon İcra Şöbəsinə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə heçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən hərracın yekunları barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsində yerləşən 105 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən yaşayış evinin, həmçinin həmin küçədə yerləşən qeyri-yaşayış evinin qanuni mülkiyyətçisidir. "xxxx" ASC isə ondan xəbərsiz dələduzluq və aldatma yolu ilə mülkiyyətində olan yaşayış evini öz adına keçirərək rəsmiləşdirmişdir. İddiaçı 2013-cü il tarixdə "xxxx" ASC ilə ipoteka müqaviləsi bağlayaraq bankdan kredit götürmüşdür. Bundan dərhal sonra ölkədə devalvasiya baş verdiyindən borc məbləği 2 dəfə artaraq ödənişlər etməsində çətinliyə səbəb olmuşdur. "xxxx" ASC isə bundan istifadə edərək İddiaçı xəbərsiz "xxxx" MMC vasitəsilə hərrac təşkil edərək ipoteka predmetini öz adına keçirmişdir. Bu hərracın keçirilməsindən nə İddiaçı, nə də onun ailəsinin xəbəri olmamışdır.

7. Cavabdeh "xxxx" ASC iddiaya yazılı etiraz ərizəsi verərək bildirmişdir ki, "xxxx" MMC-dən əldə edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən - yazılı sübutlardan da göründüyü kimi hərracın təşkilatçısı qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində keçirilmiş hərraclar barədə Nərimanov rayon İcra və Probasiya şöbəsinə, İddiaçı, Z.H.Masiyevaya və "xxxx" ASC bildirişlər göndərmişdir. Həmin bildirişlər xx.xx.2020-ci il tarixdə İddiaçı və Z.H.Masiyeva tərəfindən alınmışdır, yəni iddiaçı tərəfin hərracdan xəbərsiz olması uydurmadır, əsassızdır. Həmçinin, hərracın yekunları barədə 11/02 və 11/03 nömrəli protokollar və həmin protokollara əsasən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr müvafiq tərəflər arasında 10 fevral 2020-ci il tarixində imzalanmışdır, həmin protokol və bağlanan müqavilə əqd hesab olunduğundan hərracın etibarsızlığı barədə iddiaların verilmə müddətinə münasibətdə də etibarsız əqdlərin mübahisələndirilməsi üzrə müddətlərə dair qanunvericiliyin normaları tətbiq edilməlidir. İddiaçı isə hərracın nəticələrinin ləğv edilməsinə dair iddia ərizəsini xx.xx.2022ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bu isə o deməkdir ki, iddiaçı iddia müddətini ötürmüşdür.

8. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia ərizəsi təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1,415.2, 416.1, 416.2, 354-cü, “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 42.1, 53.1, 53.2, 53.3-cü, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.1, 53.2, 53.3, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır, onun, ümumiyyətlə, hərracın keçirilməsindən məlumatı olmamışdır. Xəzər Rayon İcra Şöbəsi banka olan borcuna görə, hələ də borc ödənilmədiyinə görə 1000 manat cərimə olunması ilə bağlı xx.xx.2022-ci il tarixli qərarından sonra, həm həmin qərarı mübahisələndirmiş, həm də hərracdan xəbər tutmuş və iddia qaldırmışdır, yəni məhkəmənin qeyd etdiyi kimi iddia müddətini ötürməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nüməyəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

17. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

19. Maddə 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

20. Maddə 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir.

21. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

23. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.

24. Maddə 53.3. Əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

34. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı "xxxx" ASC-yə olan kredit borcunun təminatı olaraq cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən 105 saylı, 2 otaqlı 16 saylı mənzil və xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsindən isə görünür ki, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən 105 saylı, 37.4 kv.m ümumi sahədən ibarət zirzəmi ipoteka ilə yüklü edilmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10423/2018 saylı qətnaməsi ilə yuxarıda qeyd edilən qətnamədən ayrı- ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnaməsi qismən, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 31875 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) tutulması barədə tələblərin rədd edilməsi hissəsində və 26562,50 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması hissəsində ləğv edilmış, həmin hissələrdə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 8750 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 15000 ABŞ dolları məbləğində dəbbə pulunun tutularaq iddiaçı ASC «Xalq» Bankına ödənilməsi, qalan hissələrdə həmin iddia tələblərinin təmin edilməsi, qətnamə digər mübahisələndirilən hissələrdə, yəni 20461,16 ABŞ dolları faiz borcunun tutulması hissəsində və xx.xx.2018-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmetləri hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və illik 15% dərəcəsi ilə hesablanan penyanın tutulması barədə tələblərin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3775/2019 nömrəli, xx.xx.2019-cü il tarixli qərarından görünür ki,Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 10423/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

37. Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli məktubuna (sifariş məktubu) əsasən Mənzil və Qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün "xxxx" MMC-yə (bundan sonra - Hərracın təşkilatçısı) müvafiq sifariş verilmişdir. Həmin məktubun surətləri İddiaçı, ASC “Xalq” Bankına (bundan sonra - Bank), Bakı Apellyasiya Məhkəməsinin hakimi R.Qurbanova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə də göndərilmişdir.

38. “Xalq bank" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixə ASC “Xalq" bankına olan kredit borcu barədə məlumat verilmiş, borcun ödənilməsini təmin etmək üçün ipoetka predmetinin 30 gündən gec olmayan müddətdə satılmasını tələb etmiş, əks halda kredit borcunun tutulması və tutmanın ipoteka premdetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

39. “Xalq bank" ASC tərəfindən AR ƏMDK yanında DƏDRX BŞƏİ-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli “ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə” ərizədən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 ünvanında yerləşən, 37.4 m2 ümumi sahədən ibarət zirzəmiyə ASC “Xalq” Bankı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 11 sentyabr 2014-cü il tarixli **********12/İP-2 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2016-cı il tarixli 1562 saylı Bildirişin (bundan sonra - bildiriş) qeydiyyatının həyata keçirilməsi xahiş olunmuşdur.

40. AR ƏMDK yanında DƏDRX BŞƏİ tərəfindən ASC “Xalq" bankına ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubu üzrə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzilinə tutma yönəldilməsinə dair bildiriş qeydə alınmışdır.

41. Hərracın keçirilməsinə dair xx.xx.2019-cu il tarixli 01 nömrəli bildiriş və xx.xx.2020-ci il tarixli 02 nömrəli bildirişdən müəyyən olunur ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixdə hərracın keçirilməsi barədə İddiaçı bildirişlər göndərilmiş və bu bildirişlər “Masiyev” soyadlı şəxs tərəfindən müvfiq olaraq xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə poçt xəbərnaməsinə imza atılmaqla təhvil alınmışdır.

42. “Birja Yenilikləri” qəzetinin 06-12 dekabr 2019-cu il tarixli, 10-16 yanvar 2020-ci il tarixli və 24-30 yanvar 2020-ci il tarixli çıxarışlarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 ünvanında yerləşən, 37.4 m2 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzilinə dair hərracların keçirilməsi və baş tutmamasına dair məlumatlar dərc edilmişdir.

43. "xxxx" MMC tərəfindən “Xalq bank" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifdə qeyd olunur ki, Nərimanov rayon icra və probasiya şöbəsinə 14759/116218-19-15-10 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu , Ak. Həsən Əliyev küçəsində yerləşən 105 nömrəli qeyri-yaşayış sahəsinin təkrar hərracının baş tutmamaşı barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 86062.50 manat olmaqla ipoteka saxlayana təklif olunur.

44. Hərracın yekunları barədə 11/02 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, “Xalq bank" ASC Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzili “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 31875 manata açıq hərracdan əldə etmişdir.

45. Hərracın yekunları barədə 11/03 nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, ASC “Xalq bank" ASC Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı qeyri-yaşayış sahəsi “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 86062,5 manata açıq hərracdan əldə etmişdir.

46. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışların surətlərindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı evin 16 saylı mənzili, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 105 saylı qeyri-yaşayış sahəsi “Xalq bank" ASC-nin tam payda xüsusi mülkiyyəti kimi xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

47. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

48. Yuxarıda qeyd edilənlərdən bir daha görünür ki, iddiaçıya keçirilmiş hərraclar barədə bildirişlər, məhz onun iddia ərizəsində qeyd etdiyi ünvana - “ünvan 2ilmiş və həmin bildirişlər “Masiyev” soyadlı şəxs tərəfindən imza atılmaqla təhvil alınmışdır. Bundan başqa hərracların yeri vaxtı və nəticələri barədə məlumatlar “Birja Yenilikləri” qəzetində dərc edilmişdir.

49. İddiaçı məhz hazırki iddia ilə hərraclar barədə məlumatı olmadığını, hərracların qanunla müəyyən edilmiş qaydada keçirilmədiyini iddia etsə də, əksini sübut edəcək mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

50. Həmçinin, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

51. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.

52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

53. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

54. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

55. İş materiallarından görünür ki, Xəzər 30 mart 2018-ci il tarixli qətnaməsi ilə cavabdehə məxsus 2 əmlaka tutma yönəldilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin tələbin əmlaka yönəldilməsində və (borcla bağlı digər hissələrdə) hissəsi qüvvədə qalmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cü il tarxili qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə müvafiq qaydada xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. Hərracın yekunlarının etibarsızlığına dair iddia isə 22 noyabr 2022-ci il tarixdə qaldırılmışdır.

56. Bununla da kollegiya hesab edir ki, işdə olan sübutlarla təsdiq edildi ki, hərraclar qanunsuz keçirilməmiş və iddiaçıya qanuni şəkildə məlumat verilmiş, məhz bu baxımdan iddiaçının arqumentləri əsassızdır, eləcə də iddiaçı əqdlərin mübahisələndirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 1 illik müddəti də ötürmüşdür.

57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-572/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar