Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4724/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin qızı Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1764/2024 nömrəli, 15 may 2024cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğac çıxarılmışdır.
2. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın mexaniki göstərici çarxlarının sınıq olması aşkar olunmuşdur.
3. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 4320 kubmetr təşkil edir.
4. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan kənar xətt vasitəsi ilə istifadə etməsi aşkar edilmişdir.
5. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 8856 kubmetr təşkil edir.
6. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1062.72 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 518.40 manat məbləğində ziyan hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan ümumilikdə 1581.12 manat borcun silinməsi və həmin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Daş karxanası ünvanda yerləşən həyət evində yaşayır. Həmin ünvana quraşdırılmış qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə dəyişdirildi və bu barədə ******* saylı akt tərtib edildi. Cavabdeh əməkdaşları qaz sayğacını dəyişən zaman sayğacı qaz xəttindən ayırıb yerə qoymuşlar. Bu zaman yoldan keçən avtomobil ehtiyatsızlıqdan qaz sayğacını əzmişdir. Qonşuları da bu hadisənin şahidi olmuşlar. Bir müddət əvvəl müəyyən etmişdir ki, onun adına olan **********00000 saylı abonent hesabına 1581.12 manat borc yazılmışdır. Borcun yazılma səbəbini araşdırmaq üçün Bakı Regional qazın Satışı Departamentinə müraciət edəndə orada ona sənədlər təqdim edildi. Təqdim edilmiş sənədlərə əsasən müəyyən etmişdir ki, sayğacın laboratoriyada yoxlanması barədə MSK 29/1710-00818-1 saylı xx.xx.2022-ci il tarixli akta əsasən evindən çıxarılan sayğac yoxlamadan keçmiş, yoxlamanın nəticəsi olaraq sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sındırıldığı və s. səbəbdən yararsız olması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı aktdan və xx.xx.2022-ci il tarixli tələbnamədən ona aydın oldu ki, Cavabdeh əməkdaşları evində quraşdırılan qaz sayğacına baxış keçirmiş və guya sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə etmə halı müəyyən etmiş, bu səbəbdən də 8856 kubmetr qaz itkisini dəymiş ziyan kimi hesablamışlar. Həmçinin, xx.xx.2022-ci il tarixli ******* saylı aktdan və xx.xx.2022-ci il tarixli tələbnamədən o da ona məlum olmuşdur ki, Cavabdeh əməkdaşları evindən çıxarılan qaz sayğacının zədələnməsi səbəbindən 4320 kubmetr qaz itkisini dəymiş ziyan kimi müəyyən etmişlər. Göründüyü kimi Cavabdeh əməkdaşları ona heç bir məlumat vermədən, qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 4320 kubmetr qaz itkisi, həmçinin, sayğacdan kənar qazdan istifadə etmədiyi halda, sayğacdan kənar qazdan istifadə etmə halına görə 8856 kubmetr qaz itkisi hesablayaraq onun hesabına ümumilikdə 1581.12 manat borc yazmışlar. Cavabdeh aktları ilə razı deyil. Çünki o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Hesab edir ki, Cavabdeh əməkdaşları yalnışlığa yol vərərək, onun sayğacdan kənar qazdan istifadə etdiyini zənn edərək akt tərtib etmişlər. Həmçinin, evindən çıxarılmış qaz sayğacında baş verən nasazlıq onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh aktlarında sayğacda aşkarlanan qüsur kimi sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün kənar təsir nəticəsində sındırıldığı və s. qeyd olunub. Sayğacın küçədə yerləşdiyi nəzərə alınsa, istənilən bir şəxs sayğaca müdaxilə edə bilər. Həmçinin, sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh əməkdaşları bunu da etməmişlər. Cavabdeh əməkdaşları qaz xəttindən ayrıb çıxartdıqları sayğacı yola qoymuş, yoldan keçən nəqliyat vasitəsi sayğacı əzmişdir. Belə olan halda sayğac müəyyən zədələrə məruz qalmışdır. Hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o, məsuliyyət daşımır. Onun sayğacın hesablama mexanizmini zədələməsi üçün heç bir səbəb, əsas və sübut da yoxdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı həyata keçirir. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, qazın mövcud alqı-satqı müqaviləsində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin, həmin müqavilədə göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər “Qazdan istifadə qaydaları”na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosessual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən evində olan qaz sayğacı üzrə Cavabdeh aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki prosessual qanunla, habelə icra haqqında qanunvericiliklə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksiyasının tətbiq edilməsi yolverilməz sayılmalı, Cavabdeh qanuna zidd hərəkətlərinə son qoymalıdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1764/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəbnur Qədirova) iddianın təmin edilməsi, abonent kodu **********00000 olan İddiaçı hesablanmış 1581,12 manat məbləğində borcun silinməsi, həmin borca görə qaz kartına yüklədiyi pul məbləğlərindən tutulan pulların hesablanaraq onun smart kart hesabına qaytarılması, 35.81 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 560.1, 560.2, 560.3.5.2-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası 13.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.1, 1.3, 1.4, 3.4.1, 4.2, 4.6-4.9, 6.5-6.7-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması, həmçinin də sayğaca müdaxilə faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə Cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Odur ki, 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
19. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
20. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
21. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
22. 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir.
23. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
24. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
25. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.
26. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
27. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
28. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
29. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
32. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
33. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1764/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
45. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
46. Kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh iddiaçı tərəfindən təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edilməsini və bunun nəticəsində ziyan vurulmasını sübut edə bilməmişdir.
47. Belə ki, birinci instansiya məhkəmə heyəti tərəfindən Cavabdeh əməkdaşı ilə birgə İddiaçı məxsus evə baxış keçirilmiş və cavabdehin təqdim etdiyi fotoşəkillərin iddiaçıya məxsus evə aid olmadığı, iddiaçının kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmədiyi müəyyən olunmuşdur. Cavabdeh əməkdaşı özü aktın səhvən həmin ünvana yazıldığını bildirmişdir. Belə olan halda, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1062.72 manat vurulmuş ziyanın İddiaçı aid edilməsi əsassızdır.
48. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında iddiaçının abunə koduna hesablanmış 518.40 manat borcun silinməsi hissəsində də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
49. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddia tələbi əsaslıdır və hesablanmış borc məbləğinin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.
50. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktın bir nüsxəsinin cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi, habelə iddiaçıdan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz.
53. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı bir daha qeyd edir ki, cavabdeh tərəfindən quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yol verilmiş hərəkətlə bağlı olmasına dair heç bir sübut təqdim olunmamışdır. Apellyasiya şikayətində istinad olunan Azəriqaz İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar istehlakçının təqsirli hərəkətinə dair sübut kimi qəbul edilə bilməz.
54. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
59. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1764/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.