Məhkəmə qərarları › İş №2(103)-4725/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4725/2022

10.06.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4725/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «mənzilin və ya pulun verilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi iş materiallarına əlavə olunmuş 28.12.2021-ci il tarixli çıxarışa əsasən iddiaçının nümayəndəsinin elektron kabinetinə 24.12.2021-ci il tarixində yerləşdirilmiş, iddiaçının ünvanına 28.12.2021-ci il tarixində göndərilmiş zərf geri qayıtmış, daha sonra iddaçının nümayəndəsi ərizə ilə müraciət edərək 07.02.2022-ci il tarixində qətnamənin surətini əldə etmişdir, apellyasiya şikayəti isə 09.03.2022-ci il tarixində verilmişdir (səh.198- 205). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, hazırki iş üzrə belə müraciət mövcud olmamış, məhkəmə də buna münasibət bildirməmişdir. Kollegiya hesab edir ki, müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məcəllənin 129.3, 129.4, 130-cı maddələrinin tələblərinə görə: Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən qeyd edilməlidir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləsinin 135.6, 135.7-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Məcəllənin 363.1.1-1 və 363.1.3ci maddələrinə əsasən, bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, habelə müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135, 146, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-1145/2021 nömrəli işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar