Məhkəmə qərarları › İş №2(103)-4727/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4727/2025

15.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4727/2025 15.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyul 2025-ci il tarixli qərardadından ərizəçinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi, xüsusi icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, faktiki sahibliyində və istifadəsində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində yerləşən 4 saylı evlə bağlı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə maraqlı şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsi göstərilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, xx.xx.1989-cu il tarixdə qeyd edilən mübahisəli evi X2 satın almışdır. Bununla bağlı olaraq 5 qonşunun şahidliyi ilə onların arasında sadə yazılı formada “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Elə həmin vaxtdan da ərizəçi və onun ailəsi həmin evdə yaşayırlar. Ev faktiki olaraq ərizəçinin sahibliyində və istifadəsindədir. Müqavilə notarial qaydada təsdiq olunmadığından ərizəçi evi öz adına sənədələşdirə bilmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə icraata xitam vermişdir. Həmin qərardadla Rayon Məhkəməsi ərizəçiyə izah etmişdir ki, ərizəçi, ərizədə qeyd edilən məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 müraciət etməlidir. Qərardad onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.2-ci maddəsində məhkəmənin müəyyən edə biləcək hüquqi əhəmiyyəti olan faktların siyahısı göstərilmişdir. Həmin siyahıda daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. MPM-in 308-ci maddəsinə görə isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin vəkilinin (nümayəndəsinin) Vəkil izahatından isə görünür ki, ərizəçi, ərizədə qeyd edilən məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 müraciət etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, həmin evin müqavilədə satıcı kimi qeyd edilmiş Qreta Qriqoryanın mülkiyyətində olmasını təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin inzibati orqan kimi “DƏDRK və R” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi üçün subyektiv hüququ mövcud olmalıdır. Subyektiv hüququn mövcudluğu isə hazırkı mərhələdə yalnız ərizəçi ilə Qreta Qriqoryanın arasında sadə yazılı formada bağlanmış xx.xx.1989-cu il tarixli alğı-satqı müqaviləsinin təsdiqindən sonra mümkündür. Ərizəçi qeyd edilən orqana müraciət etmək üçün həmin hüququn mövcudluğunu təsdiq edən sənədi təqdim etməlidir ki, həmin fakt yalnız məhkəmə qaydasında təsdiq edilikdən sonra etibarlı ola bilər. Ümumilikdə iş materiallarına əlavə edilmiş heç bir sənədə sübut kimi qiymətləndirlmə aparılmamış, yalnız sadalanmış, onlara hüquqi qiymət verilmədən icraata xitam verilmişdir. Eyni zamanda, qeyd edilən xx.xx.1989-cu il tarixli sadə yazılı qaydada tərtib edilmiş müqaviləsi mövcuddur ki, həmin müqaviləsi şahidlərin iştirakı ilə bağlanmışdır və müqavilə tərəfləri öz həqiqi iradə ifadələrini müqavilədə əks etdirmişlər. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Rayon Məhkəməsi qeyd etdiyi kimi, MPM-in 307.2-ci maddəsində məhkəmənin müəyyən edə biləcək hüquqi əhəmiyyəti olan faktların siyahısı göstərilmişdir. Həmin siyahıda daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi faktının müəyyən edilməsi nəzərdə tutulmamışdır. MPM-in 308-ci maddəsinə görə isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin vəkili (nümayəndəsi) Vəkil Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə verdiyi izahatından görünür ki, ərizəçi, ərizədə qeyd edilən məsələ ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 müraciət etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, ərizəçinin xüsusi icraat qaydasında verdiyi ərizəyə məhkəmədə baxıla bilməz. MPM-in 261.0.1-ci maddəsinə görə isə, belə olan halda iş üzrə icraata xitam verilir. Belə olan halda qəbul edilməlidir ki, Rayon Məhkəməsi iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar