Məhkəmə qərarları › İş №2(103)-4729/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4729/2022

06.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4729/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1434/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən təzminat ödənilməklə xitam verilməsi, istifadə edilməmiş məzuniyyət pullarının əvəzinin ödənilməsi və boşdayanmaya görə məcburi əmək haqqı məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə hazırda ləğv prosesində olan Maraqlı şəxs ASC arasında imzalanmış 12 may 2014-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq Maraqlı şəxs ASC-nin Mərkəz filialının “kiçik mütəxəssisi” vəzifəsinə qəbul edilmişdir. Daha sonra həmin əmək müqaviləsinə 23 oktyabr 2017-ci il tarixində edilmiş əmək müqaviləsinə əlavə və dəyişikliklər barədə Sazişə əsasən İddiaçı Maraqlı şəxs ASC-nin “Müştərilərə xidmət” Departamentinin “Əməliyyat” şöbəsinin baş mütəxəssisi vəzifəsinə, xx.xx.2018-ci il tarixli Sazişlə “Müştərilərə xidmət” Departamentinin “Əməliyyat” şöbəsinin müdiri vəzifəsinə, xx.xx.2019- cu il tarixli Sazişlə “Korporativ bankçılıq” Departamentinin müdiri vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinə edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliklər barədə Sazişə əsasən işçiyə hər ay 1176 (bir min yüz yetmiş altı) manat, xx.xx.2018-ci il tarixli dəyişiklik barədə Sazişə əsasən 1538 (bir min beş yüz otuz səkkiz) manat, xx.xx.2019-cu il tarixli dəyişiklik barədə Sazişə əsasən 1438 (bir min dörd yüz otuz səkkiz) manat, xx.xx.2019-cu il tarixli dəyişiklik barədə Sazişə əsasən 1661 (bir min altı yüz altmış bir) manat, xx.xx.2020-ci il tarixli Sazişə əsasən 2219 (iki min iki yüz on doqquz) manat məbləğində əmək haqqının işəgötürən tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli Sazişə əsasən iddiaçının aylıq əmək haqqı 2555 (iki min beş yüz əlli beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2020- ci il tarixində Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmış, xx.xx.2020-ci il tarixindən hazırki günə qədər isə Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən qismən ödənişli məzuniyyət hüququndan istifadə edərək hazırda qismən ödənişli sosial məzuniyyətdədir. xx.xx.2021-ci il tarixində İddiaçı ləğv prosessində olan Maraqlı şəxs ASC-nin Baş Ofisinə yaxınlaşaraq, xx.xx.2020-ci il tarixindən ona verilmiş qismən ödənişli sosial məzuniyyət hüququnun ləğv edilməsi və xx.xx.2021-ci il tarixindən etibarən onun işdə olması ilə bağlı əmrin verilməsi üçün şifahi qaydada müraciət etmişdir. Həmin an ləğv prosesində olan Maraqlı şəxs ASCnin İnsan Resurslarının İdarəedilməsi departamentinin mütəxəssisi bunun mümkünsüz olduğunu bildirmişdir. İddiaçı bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə səlahiyyətli nümayəndə ilə görüşmək istədiyini bildirisə də, bu baş verməmiş və İddiaçı ləğv prosesində olan Maraqlı şəxs ASC-nin səlahiyyətli nümayəndəsinin müavini olan Tural müəllim qəbul etmiş və bildirmişdir ki, “Sizinlə imzalanmış əmək müqaviləsinə xitam verilməsi mümkün deyildir. Sizi yalnız mütəxəssis vəzifəsinə işə qəbul edə bilərik və ya Siz analıq məzuniyyətinizi davam etdirin”. Bundan sonra, iddiaçı xx.xx.2021-ci il tarixdə ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevə “qismən ödənişli məzuniyyətin ləğv edilməsi və işdə olması ilə bağlı əmrin verilməsinə dair” ərizə ilə müraciət etmiş və 04 oktyabr 2021-ci il tarixindən qismən ödənişli məzuniyyət hüququnun dayandırılması və həmin tarixdən etibarən işdə hesab edilməyi ilə bağlı əmr verilməsini xahiş etmişdir. Həmin məktubun xx.xx.2021-ci il tarixində rəsmi qaydada qəbul edilməsinə baxmayaraq, həmin ərizə hazırki günə qədər rəsmi qaydada cavablandırılmamış, şifahi olaraq isə iddiaçıya bildirilmişdir ki, “Bank ləğv olunduğundan Sizin əvvəlki vəzifəyə bərpa edilməsi mümkün deyildir. Ya qismən ödənişli məzuniyyət hüququnuzu davam etdirin, ya da əməliyyatçı vəzifəsini qəbul edərək işə başlayın”. Buna müvafiq olaraq İddiaçı tərəfindən ilkin olaraq Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış 20 oktyabr 2021-ci il tarixli, 26-13057-2021 saylı məktubda bildirilmişdir ki, Maraqlı şəxs ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya Mərkəzi Bankın İdarə Heyətinin 12 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-3(103)-131/2020 saylı qərarı ilə Maraqlı şəxs ASC müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (Fond) təyin edilməsi qərara alınmışdır. Müraciətiniz cavablandırılması və baxılması üçün aidiyyəti üzrə Fonda göndərilmişdir. Müraciətinizlə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, Q-2702 saylı məktubla bildirilmişdir ki, Bakı şəhər Sabunçu rayon sakini İddiaçı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə əmək hüquqlarının pozulması ilə bağlı etdiyi müraciətini aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilməsi və nəticəsinin ərizəçiyə bildirilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 15 noyabr 2021-ci il tarixli, **********8 saylı məktubda bildirilmişdir ki, müraciətinizə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsində baxılır. Müraciətinizlə əlaqədar tələb olunan sənədlərin təqdim olunması ilə bağlı LPO Maraqlı şəxs ASC-nin ünvanına (Bakı şəhəri, Xocalı prospekti 36A) **********9 saylı, xx.xx.2021-ci il tarixli məktub göndərilmiş, lakin sənədlər təqdim edilməmişdir. Bununla əlaqədar müraciətinizin icra müddəti 30 gün uzadılmışdır. Araşdırmaya dair sənədlər təqdim olunduğu təqdirdə müvafiq qaydada Sizə cavab veriləcəkdir. Dəfələrlə müraciətdən sonra nəhayət ki, İddiaçı təkidi ilə müfəttişlikdə onun izahatı alınmış, lakin ləğvedici barəsində qanunvericliyin tələblərinə uyğun müvafiq hərəkətlər üçüncü şəxs olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən həyata keçirilməmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 dekabr 2021-ci il tarixli **********9 saylı məktubla bildirilmişdir ki, qismən ödənişli məzuniyyətdən geri çağırılmağınız işəgötürənin əsas hüquqlarına aid olduğundan ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur. Qeyd olunanlarla razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnuz var. xx.xx.2021-ci il tarixində ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna “Mediasiya haqqında” Qanununun tələblərinə uyğun olaraq “mediasiya prosessinin tətbiqi barədə təklif” məktubu göndərilmiş, həmin təklifə cavab verilmədiyindən qanunvericliklə nəzərdə tutulmuş müddət gözlənildikdən sonra aidiyyəti üzrə Mediasiya Şurasına “ilkin mediasiya”nın təşkili barədə ərizə ilə müraciət edilmişdir. İlkin mediasiya iclası xx.xx.2021- ci il tarixində baş tutmuş, həmin iclasda hər iki tərəfin iştirak etməsinə baxmayaraq, tərəflər arasında razılıq əldə edilmədiyindən mediator Məmmədova Mehriban Akif qızının imzası ilə “ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə” arayış təqdim edilmişdir. Hazırki mərhələdə cavabdehin qanunsuz hərəkətləri aşağıdakılarda ifadə olunur: iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehə ünvanlanmış ərizənin cavablandırılmaması, eyni zamanda işçinin işə çıxması ilə bağlı əmrin verilməməsi. Belə ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin “e” bəndinə əsasən işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq işəgötürənin hüququdur. Maraqlı şəxs ASC Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə müflis elan edildiyindən “Banklar haqqında” Qanunun 71-ci maddəsinə əsasən işgötürənin səlahiyyətlərini ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fondu icra edir. Hazırki mərhələdə ləğvedici tərəfindən xx.xx.2021-ci il tarixli ərizə xx.xx.2021-ci il tarixində rəsmi qaydada qəbul edilsə də, hazırki günə qədər həmin ərizənin rəsmi qaydada cavablandırılması, işçinin ərizəsinin təmin və ya rədd olunması barədə rəsmi məlumat verilməmişdir ki, bu hal Əmək Məcəlləsinin 12-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş vəzifənin icra edilməməsi ilə xarakterizə olunur. Digər tərəfdən, Əmək Məcəlləsinin 127.1-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Qanunvericiliyin normasından göründüyü kimi qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edilməsi “işəgötürən”nin deyil, işçinin hüququdur. Belə olan halda işəgötürənin hansı əsasla işçinin hüququnu məhdudlaşdırılması qeyri-müəyyəndir. Halbuki, Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi, həmin Məcəllənin 9-cu maddəsinin “x” bəndinə əsasən isə işçinin hüququdur. Qeyd edilən halla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Bakı şəhəri idarəsinin 02 dekabr 2021-ci il tarixli **********9 saylı məktubunda “işəgötürənin hüquqdur” ifadəsi də qeyrimüəyyəndir. Belə bir məktubun ünvanlanması bu sahədə nəzarəti həyata keçirən və hüquqların qorunmasını təmin etməli olan qurumun qanunvericiliyin normasından deyil, işəgötürənin maraqlarından çıxış etməsi Əmək Məcəlləsinin 308-ci maddəsi ilə uzlaşmır. Nəzərə alınması zəruridir ki, “Banklar haqqında” Qanununun 71.7.1-ci maddəsində qeyd olunmuşdur ki, bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini ləğvedici həyata keçirir. Maraqlı şəxs ASC-nin müflis elan olunma yolu ilə ləğv edilməsini nəzərə alsaq belə, müvafiq icra hakimiyyəti kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Bakı şəhəri idarəsi ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sanksiyalar tətbiq etməli olduğu halda etməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinin həmin Məcəllənin 77.3 və 79-cu maddələri ilə qarşılıqlı şəkildə tətbiq etməməsi nəticəsində əmək qanunvericliyinin tələbləri pozulmuşdur. ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən müəssisə ləğv edildikdə işəgötürən işçi ilə imzalanmış əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq işçinin beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında işdənçıxarma müavinəti ödənilir. Həmin Məcəllənin 79.3-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Hazırki mərhələdə cavabdeh tərəfindən rəsmi qaydada məlumat verilməsə də, şifahi olaraq, habelə ilkin mediasiya zamanı bildirilmişdir ki, “Sizinlə imzalanmış əmək müqaviləsinə “analıq məzuniyyətində” olmanız səbəbindən xitam verilə bilməz. Şifahi danışıqlar zamanı eyni zamanda bildirilmişdir ki, analıq məzuniyyətinizi davam etdirin, Sizin hazırda əvvəlki vəzifəyə bərpa olunmağınızı mümkün deyildir, Sizinlə imzalanmış əmək müqaviləsinə xitam verilsə belə, Sizə heç bir kompensasiya məbləği ödənilməyəcəkdir. Belə ki, Siz son iki ayda əmək haqqı məbləği almamısınız və buna uyğun olaraq kompensasiya məbləği hesablana bilməz.” Bununla əlaqədar qeyd edilməsi zəruridir ki, hazırda ləğv prosessində olan Maraqlı şəxs ASC müflis elan edilmə yolu ilə ləğv edilmişdir ki, müflis elan olunmuş bankın yenidən fəaliyyətə başlaması “Banklar haqqında” qanunvericiliklə mümkün deyildir. Belə olan təqdirdə hazırda İddiaçı ilə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilməsini məhdudlaşdıran heç bir norma mövcud deyildir. Hər nə qədər 70-ci maddəsində nəzərdə tutulmuş “ləğv edilə bilər” ifadəsi işəgötürən qismində çıxış edən ləğvediciyə hüquq versə də, bu hüquqdan işəgötürən hazırki mərhələdə öz hökmran mövqeyindən çıxış etməklə sui-istifadə edir ki, bu hal Əmək Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulmuş prinsiplərlə uzlaşmır. İşəgötürən kimi ləğvedicinin sui-istifadəsi onunla xarakterizə olunur ki, ləğvedici özünün hökmran mövqeyindən istifadə edərək ƏM-nin 12 və 127-ci maddələrini tətbiq etməməklə bərabər, eyni zamanda həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndini tətbiq etmir ki, bu hal Əmək Məcəlləsinin ümumi prinsiplərinə zidd olmaqla bərabər işçinin hüquqlarının pozulmasında, işəgötürənin isə öz vəzifələrinin lazımı qaydada icra etməməsində əks olunur. Qeyd edilməsi zəruridir ki, müəssisənin ləğvi ilə əlaqədar işçi ilə imzalanmış əmək müqaviləsinə xitam verilən zaman ona ödənilməli olan işdənçıxma müavinətinin məbləği Əmək Məcəlləsinin 132.2 və 177-ci maddəsinin tələbləri nəzərə alınmaqla ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 177.1-ci maddəsinə əsasən orta əmək haqqı dedikdə işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Həmin Məcəllənin 177.5-ci maddəsinə əsasən orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Əmək Məcəlləsinin 132.2-ci maddəsinə əsasən bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qeyd olunan normaların məzmunun qarşılıqlı şəkildə təhlili zamanı müəyyən olunur ki, iddiaçının müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilən zaman qismən ödənişli sosial məzuniyyətdən əvvəlki iki ayın orta aylıq əmək haqqı məbləği hesablanmaqla Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən 1,7 misli məbləğində işdən çıxma müavinəti ödənilməlidir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixindən qismən ödənişli sosial məzuniyyətdə olduğundan və həmin dövr sosial sığorta stajina daxil edilmədiyindən, iddiaçıya ödənilməli olan müavinətin məbləği qismən ödənişli sosial məzuniyyətdən əvvəlki dövr üzrə ödənilmiş və sosial sığorta stajına daxil edilmiş iki aylıq əmək haqqı məbləği nəzərə alınmaqla hesablanıb ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində dəyişikliklər barədə Sazişə əsasən işçiyə hər ay 2555 (iki min beş yüz əlli beş) manat məbləğində əmək haqqı ödənilir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilən zaman ona ödənilməli olan kompensasiya məbləğindən Əmək Məcəlləsinin 175.4-cü maddəsinə əsasən tutulmalar həyata keçirilmədiyindən 2555 (iki min beş yüz əlli beş) manat məbləğinin 1,7 misli məbləğində işdən çıxma müavinətinin ümumi məbləği 4343,50 (dörd min üç yüz qırx üç manat 50 qəpik) manat məbləği təşkil edir. Bundan əlavə, iddiaçı Maraqlı şəxs ASC-nin müflis elan olunmasından əvvəlki dövr üzrə istifadə etməli olduğu, lakin istifadə etmədiyi məzuniyyət hüququna malik olmuşdur ki, həmin məzuniyyət günlərinin ümumi həcmi 40 (qırx) gün təşkil edir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Qeyd edilməsi zəruridir ki, iddiaçı ilə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilən zaman iddiaçının istifadə etməmiş olduğu 40 (qırx) gün məzuniyyət günlərinin hesablanması həyata keçirilməklə əvəzi ödənilməli idi ki, həmin məzuniyyətin əvəzi ödənilməmiş və bunu əsaslandırılması “Banklar haqqında” Qanununun 82.1.5-ci maddəsinin tələbi ilə şərtləndirilmişdir. Halbuki, həmin müddəada istifadə edilməmiş əmək məzuniyyətinə görə əvəzin kompensasiya edilməsindən deyil, müavinət və əmək haqqı ilə bağlı nüanslar öz əksini tapmışdır. Əmək Məcəlləsinin 172.4cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Hazırki iş üzrə iddiaçı ilə imzalanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməli olduğundan əmək müqaviləsinə xitam verilən zaman iddiaçının istifadə etməmiş olduğu məzuniyyət günlərinin əvəzi olaraq 3362 (üç min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, hazırki iş üzrə iddiaçı xx.xx.2021-ci il tarixində işdə olmağı ilə bağlı xx.xx.2021-ci il tarixində ərizə yazsa da, həmin ərizə nəzərə alınmamaqla bərabər, iddiaçının işdə olması ilə bağlı əmrin rəsmiləşdirilməsi həyata keçirilməmiş, eyni zamanda onunla imzalanmış əmək müqaviləsinə xitam verilməməklə faktiki olaraq qazancından məhrum edilməsinə səbəb olmuşdur. Nəzərə alınması zəruridir ki, işəgötürən qismində çıxış edən ləğvedici həm iddiaçının ərizəsini cavablandırmamaqla, həm də iddiaçı ilə imzalanmış əmək müqaviləsinə vaxtında xitam verməməklə iddiaçını məcbur etmişdir ki, əmək münasibətlərinə ya könüllü şəkildə özünün ərizəsi əsasında xitam verilsin, ya da ki məcburi qaydada qismən ödənişli sosial məzuniyyət hüququnu davam etdirsin ki, bu hal əmək qanunvericliyi ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmaqla bərabər, iddiaçıya psixoloji basqı tətbiq etməklə nəticələnmiş, eyni zamanda onu qazanc əldə etməsindən məhrum etmişdir. Bu hal isə işəgötürənin qismində ləğvedicinin təqsiri ucbatından boşdayanma halı hesab edilməli və həmin boşdayanma halına əsasən xx.xx.2021-ci il tarixindən iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixinədək 6066 (altı min altımış altı) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 146.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Hazırki mərhələdə cavabdehin təqsirli hərəkəti onun qismən ödənişli məzuniyyət hüququna dair verilmiş əmrin ləğv edilməməsində, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsini nəzərə almamasında ifadə olunur ki, bu hərəkətsizlik birbaşa işəgötürənin təqsiri ucbatından ortaya çıxmışdır. Göstərilənlərə əsasən İddiaçı ilə hazırda ləğv prosesində olan Maraqlı şəxs ASC arasında imzalanmış 12 may 2014-cü il tarixli əmək müqaviləsinin və ona əlavələr olan xx.xx.2017-ci il tarixli əlavənin, xx.xx.2018-ci il tarixli əlavənin, xx.xx.2018-ci il tarixli əlavənin, xx.xx.2018-ci il tarixli əlavənin, xx.xx.2019-cu il tarixli əlavənin, xx.xx.2019-cü il tarixli əlavənin, xx.xx.2020-ci il tarixli əlavənin, xx.xx.2020-ci il tarixli əlavənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən ləğv edilməsi və buna uyğun olaraq 4343,50 (dörd min üç yüz qırx üç manat 50 qəpik) manat məbləğində işdənçıxma müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçının 2014-cü il arixindən xx.xx.2020-ci il tarixinə qədər istifadə etməmiş olduğu 40 (qırx) gün əmək məzuniyyətinin əvəzi olaraq 3362 (üç min üç yüz altmış iki) manat məbləğində vəsaitin kompensasiya edilərək ödənilməsi və xx.xx.2021-ci il tarixindən iddia ərizəsinin verildiyi tarixə qədər boşdayanma halına görə 6066 (altı min altmış altı) manat məbləğində vəsaitin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1434/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmuna uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Dövlət Əmək Müfəttişliyi nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsib nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1434/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarında olan 12 may 2014-cü il tarixli əmək müqaviləsinin və ona edilmiş əlavə və dəyişikliklər barədə sazişlərin surətlərindən görünür ki, İddiaçı Maraqlı şəxs ASC-nin Mərkəz filialının “kiçik mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, 23 oktyabr 2017-ci il tarixdə Bankın “Müştərilərə xidmət” Departamentinin “Əməliyyat” şöbəsinin baş mütəxəssisi vəzifəsinə, xx.xx.2018-ci il tarixdə “Müştərilərə xidmət” Departamentinin “Əməliyyat” şöbəsinin müdiri vəzifəsinə, xx.xx.2019-cu il tarixdə “Korporativ bankçılıq” Departamentinin müdiri vəzifəsinə təyin olunmuş, həmin sazişlərə əsasən iddiaçıya hər ay 1176 (bir min yüz yetmiş altı) manat, xx.xx.2018-ci il tarixli sazişə əsasən 1538 (bir min beş yüz otuz səkkiz) manat, xx.xx.2019-cu il tarixli sazişə əsasən 1438 (bir min dörd yüz otuz səkkiz) manat, xx.xx.2019-cu il tarixli sazişə əsasən 1661 (bir min altı yüz altmış bir) manat, xx.xx.2020-ci il tarixli Sazişə əsasən 2219 (iki min iki yüz on doqquz) manat məbləğində əmək haqqının işəgötürən tərəfindən iddiaçıya ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli sazişə əsasən iddiaçının aylıq əmək haqqı 2555 (iki min beş yüz əlli beş) manat məbləğində müəyyən edilmişdir. İşin materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətə çıxmış, xx.xx.2020-ci il tarixindən hazırki günə qədər isə qismən ödənişli sosial məzuniyyətdədir. Həmçinin işdən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə Bankın ləğvedicisinə müraciət edərək, sosial məzuniyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2023- cü il tarixədək 3 il müddətinə uzadılmasını xahiş etmişdir. Həmin ərizə əsasında ləğvedicinin 98-2/20 saylı, xx.xx.2020-ci il tarixli əmri ilə uşağa qulluq etmək üçün ona xx.xx.2023-cü il tarixədək qismən ödənişli sosial məzuniyyət verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" ASC-yə verilmiş bank lisenziyası ləğv edilmişdir. Həmin qərarla Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Maraqlı şəxs ASC-nin ləğvedicisi qismində təyin edilmişdir. Beləliklə, "xxxx" ASC müflis elan edildikdən sonra ləğvetmə prosesindədir. Bu o deməkdir ki, "xxxx" ASC-nin müəyyən fəaliyyəti və hüquqları saxlanılmaqla, ləğvedicinin təyin etdiyi istiqamətdə və qanunvericiliyə uyğun olaraq bankın ləğvi ilə bağlı prosesə başlanılmışdır. Müəssisə ləğv edilmədiyi üçün iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsi və bununla əlaqədar müvafiq müavinətin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinin 4-cü bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideyinlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Həmin Məcəllənin 132-ci maddəsinə əsasən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr daxil edilir. İşdən göründüyü kimi iddiaçıya xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixədək 126 günlük sosial məzuniyyət verilmiş, xx.xx.2020-ci il tarixli əmrə əsasən məzuniyyət müddəti xx.xx.2021-ci il tarixinə uzadılmışdır. Daha sonra, İddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək, sosial məzuniyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2023- cü il tarixədək 3 il müddətinə uzadılmasını xahiş etmişdir. Həmin ərizə əsasında işəgötürən xx.xx.2020-ci il tarixli əmrilə uşağa qulluq etmək üçün İddiaçı xx.xx.2023-cü il tarixədək qismən ödənişli sosial məzuniyyət vermişdir. İddiaçı xx.xx.2019-xx.xx.2020-ci illər üzrə istifadə etmədiyi 15 günlük məzuniyyət üçün kompensasiyanın məbləğinə dair tələbin “Banklar haqqında” Qanunun 76 və 82-ci maddələrinə uyğun olaraq qeydə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Göstərilənlərə əsasən, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinin əvəzi olaraq kompensasiyanın ödənilməsi tələbi hazırki vəziyyətdə təmin edilə bilməz, çünki onun əmək müqaviləsinə xitam verilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci bəndinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının bu maddəyə istinad edərək Əmək Məcəlləsinin 169-cu maddəsinə əsasən işəgötürən tərəfindən boşdayanma halına görə pul istəməsi əsassızdır. Belə ki, iddiaçının ərizəsi əsasında, onun sosial məzuniyyəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır və bu barədə müvafiq əmr hazırki dövrə qədər qüvvəsindədir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən təzminat ödənilməklə xitam verilməsi, istifadə edilməmiş məzuniyyət pullarının əvəzinin ödənilməsi və boşdayanmaya görə məcburi əmək haqqı məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci insstansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1434/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1434/2022 saylı, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar