Məhkəmə qərarları › İş №2(103)-4729/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4729/2025

19.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4729/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Sosial Xidmətlər Agentliyi“ X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh “Sosial Xidmətlər Agentliyi“ X4rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-17-3/3-4-125/2025 saylı, 27 yanvar 2025 –ci il tarixli əmrin ləğv edilməsin, müvəqqəti əmək müqaviləsinin Əmək məcəlləsinin 45 ci maddəsinin 4-cü və 5-ci bəndlərinə zidd olduğu üçün qanunsuz hesab edilməsi və onunla müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa olunmağına, Əmək müqaviləsinə xitam verildiyi 27 yanvar 2025-ci il tarixdən itirdiyi əmək haqqlarının ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006–cı il tarixdən müvafiq nazirliyin müxtəlif qurumlarında işləmişdir. 13 il 7 ay həmin qurumlarda dövlət qulluqçusu olaraq nazirliyin Qax rayon idarəsində çalışmışdır. 2021-ci il tarixdə nazirliyin struktur dəyişikliyi baş Verdi və o, nazirliyin yanında SXA-da fəaliyyət göstərməyə başladı. Lakin rəhbərlik bildirdi ki, müqavilələr 3 ayda bir yenilənəcək və beləliklə o, müddətli müqaviləni imzalamalı oldu. Beləliklə, onunla xx.xx.2021-ci il tarixdən başlayaraq mütəmadi olaraq son müqaviləyə xitam verilənədək müvvəqqəti müqavilələr bağlanılmışdır. Hər dəfə də o eyni vəzifəni icra etmişdir. Onun işi 18 yaşadək əlilliyi olan uşaqların qiymətləndirilməsi, repartiriant ailələri ilə iş, pobasiya və penitensiar olunmuş şəxslərlə, şəhid ailələri ilə işlərin aparılması və ümumi olaraq bu işlər üzrə hesabatların hazırlanmasından ibarət olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə ona heç bir bir məlumamat verilmədən müqaviləsinə xitam verilmişdir. Onu da bildirir ki, 19 il nazirliyin qurumlarında işlədiyi dövrdə işində heç vaxt bir nöqsanı olmayıb, həmişə işinə məsuliyyətli yanaşmışdır. O, cavabdehə xx.xx.2025-ci il tarixdə mediasiya təklifi göndərdi. Lakin onlar mediasiya təşkilatında da razılığa gələ bilmədilər, buna görə də o, məhkəməyə müraciət etməli oldu.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ülkər Xəlil) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-3/3-4-125/2025 nömrəli əmri ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq ƏƏSMN tabeliyində “Sosial Xidmətlər Agentliyi“ X11 tərəfindən iddiaçıya ödənilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunda fəaliyyət göstərdiyi dövlət qulluğu vəzifəsinə “Dövlət Qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Nazirliyin tabeliyində DSMF X11n Qax rayon filialına ştatdankənar işçisi təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Fondun 16 saylı regional ərazi filialına ştatdankənar referent vəzifəsinə keçirilmişdir. İddiaçının öz ərizəsi əsasında xx.xx.2021-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında iddiaçı ilə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq iddiaçı Agentliyin 19 saylı filialına (mövcud Şəki-Zaqatala regional filialı) mütəxəssis vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 3 il 6 ay olmuşdur. İddiaçı iddia ərizəsində xx.xx.2025-ci il tarixdə ona heç bir məlumat verilmədən əmək müqaviləsinə xitam verildiyini göstərmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiyi bu halı sübuta yetirib yetirməməsi ilə bağlı hər hansı bir mövqe bildirməmiş, Agentliyin iddiaçını xx.xx.2025-ci il tarixdə məlumatlandırması ilə bağlı bildirişi nəzərə almamışdır. Bu səbəbdən də cavabdeh apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, bununla belə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə onun hansı qaydada məlumatlandırılmasına dair suallara cavabbında belə bir bildirişin ƏMAS sisteminə yerləşdirdiklərini, lakin bu barədə iddiaçıya şəxsən məlumat verilməsi barədə sübutlarının olmadığını bildirmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi və ılavə olaraq göstərdi ki, o uzun illərdi eyni nazirliyin tabeliyində olan müztəlif cür adlanan qurumlarda eyni vəzifəni yerinə yetirir, onunla əmək müqaviləsinin müddıətli bağlanması ta başdan əsassız olmuşdur, o həmin müqaviləni mübahisələndirməmişdir ona görə ki, buna lüzum olmamışdır, çünki müqaviləsində formal olaraq qeyd edilən üç aydan dəfələrlə uzun müddət işləməyə davam etmişdir, o, yalnız xx.xx.2025-ci il tarixində işə gəldikdə ona bildirmişlər ki, onu işdən azad ediblər, buna qədər ona hər hansı məlumat verilməmiş, rayon məhkməsində bu məsələ ortaya çıxanda cavabdehin nümayəndəsi bildirdi ki, bəs onlar bildirişi ƏMAS siteminə yerləşdiriblər, niyə o sistemə bu da aydın deyil, məgər işçi oturub bütün günü izləməlidir ki, görək işəgötürən həmin sistemə nə vaxt və hansı məlumatlar yerləşdirəcək, halbuki qanuna görə cavabdeh bu barədə ona müqavilə müddətinin başa çatmasına bir həftə qalmış şəxsən yazılı məlumat veerməldir, onlar qanunun bu tələbinə də əməl etməmişdir, iddiaçı eyni zamanda onun yerinə 20 gün sonra yeni işçinin götürüldüyünü də bildirərək bu barədə sənədi təqdim etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. İddiaçının əmək kitabçasına əsasən müəyyən olur ki, o, xx.xx.2006-cı il tarixində №2117 əmrlə Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci il tarixdə, №1117-22 əmrlə “Dövlət qulluğu haqqqında” AR Qanununa əsasən kiçik dövlət qulluqçusu, xx.xx.2010-cu il tarixində, №1117-102 əmrlə 3-cü dərəcə dövlət qulluqçusu, xx.xx.2013cü il tarixində, №1117-60 əmrlə 2-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.xx.xx.2014-cü ildə, №00111-351 əmrlə “Dövlət qulluğu haqqqında” AR Qanunun 292-ci maddəsinin 2-ci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Qax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Mühasibat uçotu sektorunun məsləhətçisi vəzifəsindən həmin Mərkəzin Ünvanlı sosial yardım və sosial müavinətlər sektoruna məsləhətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2016-cı ildə “Dövlət qulluğu haqqqında” AR Qanunun 292-ci maddəsinin 2-ci hissəsinə əsasən Dövlət Sosial Müdafiə Fondun Qax rayon şöbəsinin Sosial sığorta sektorunun böyük məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu ildə №130400175-65 əmrlə həmin şöbənin Pensiya sektoruna aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci ildə, №**********6 əmrlə “Dövlət qulluğu haqqqında” AR Qanunun 33.1.1ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci ildə, №**********6 əmrlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon filialının ştatdankənar işçisi təyin edilmişdir. xx.xx.2020-ci ildə №**********9 əmrlə fondun 16 saylı regional ərazi filialına ştatdankənar referent vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

9. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Dövlət Məşğulluq və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs və Nazirliyin tabeliyində yeni bir publik hüquqi şəxs olan Sosial Xidmətlər Agentliyi yaranmışdır.

10. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə keçmişdir.

11. Həmin Fərmanın 5.2-ci bəndində qeyd edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü bəndində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçməsi ifadəsində Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olması qeyd edilməmişdir. Həmin bənddə yalnız Agentliyin sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görməsi nəzərdə tutulur.

12. Göründüyü kimi sözügedən Fərmanın 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Sosial Xidmətlər Agentliyinə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Beləliklə, yekun olaraq bildiririk ki, Sosial Xidmətlər Agentliyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir.

13. Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci tarixdən bir ay sınaq müddəti hesab edilməklə 3 ay müddətinə Sosial Xidmətlər Agentliyinin 19 saylı filialına mütəxəssis vəzifəsinə təyin edilmişdir.

14. İddiaçı məxsus olan ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə həmin tarixli əmrə əsasən Cavabdeh 19 saylı filialına mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə həmin tarixli əmrə əsasən Şəki-Zaqatala regional filialına mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixdə həmin tarixli əmrə əsasən AR ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.

15. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-3/3-4- 125/2025 nömrəli əmrə əsasən müəyyən edilir ki, “Şəki-Zaqatala regional filialı” bölməsində “mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixdən xitam verilmişdir.

16. ƏƏSMN tərəfindən iddiaçıya verilmiş təşəkkürnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasının 105 illiyi münasibəti ilə və Nazirliyin fəaliyyət istiqamətləri üzrə səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi, əmək, məşğulluq, pensiya, reabilitasiya sahələrində dövlət siyasətini həyata keçirilməsinə aktiv iştirakına görə təltif edilmişdir.

17. İddiaçının məhkəmə kollegiyasının iclasında təqdim etdiyi sənəddən görünür ki, X3 vəzifə dəyişikliyi ilə xx.xx.2025-ci il tarixdə Cavabdeh “Mərkəzi aran regional filialında” aparıcı mütəxəssis vəzifəsindən “Şəki-Zaqatala regional filialı” bölməsində “mütəxəssis” vəzifəsinə təyin olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:

18. Maddə 45.3. müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

19. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

20. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

21. Maddə 47.f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

22. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

23. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

24. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

25. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

26. Maddə 85.1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır.

2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir.

3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır.

27. Maddə 87.5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Belə ki, müəyyən olunur ki, iddiaçı uzun ilər- 2006-cı ildən eyni nazirliyin müxtəlif qurumlarında işləmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Sosial Xidmətlər Agentliyinin 19 saylı filialına mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-3/3-4-125/2025 nömrəli əmrə əsasən müəyyən edilir ki, “Şəki-Zaqatala regional filialı” bölməsində “mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixdən xitam verilmişdir.

46. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də hazırkı işin faktiki halları baxımından olduqca əhəmiyyətlidir. Həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır.

47. Ali Məhkəmənin oxşar işlə bağlı 2(102)-4262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

48. Ali Məhkəmənin 2(103)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli oxşar işlə bağlı Qərarında qeyd olunmuşdur:

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır ki, bunun da 1 ayı sınaq müddəti olmuşdur. Halbuki, iddiaçının kifayət qədər ixtisaslı işçi olmaqla, sınaq müddətinə heç bir ehtiyac olmadığı qabaqcadan aydın idi. İddiaçı 20 ildən artıq eyni vəzifədə işləmiş, sonradan işəğötürənin təşkilati-hüquqi forması dəyişmiş və iddiaçı ilə yeni əmək müqaviləsi bağlanmışdır.

12. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 20 ildən artıq iş stajına malik kifayət qədər işxtisaslı işçi ilə 1 aylıq sınaq müddəti ilə cəmi 3 ay müddətinə əmək müqaviləsiinn bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının heç bir irad bildirilmədən əmək funksiyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqavil\sində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmaaına nail olmaq məqsədinə xidmət etmişdir.

13. Məhkəmə kolleügiyası belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır.

40. Kasasiya şikayətinin dəlillərinə isə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır. 41.Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə işləyən işçinin işdən azad edilməklə ( öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

42. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunveriicliyində bir sıra təçminatlar nəəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

43. Bu nöqteyi nəzərdən kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1995-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi” ilə əmək müqaviləsinə xitam verilməsi və cəmi 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar iddia tələbləri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1732/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsinin 49-cu bəndində məhkəmə kollegiyası qeyd etmişdir ki, “cavabdeh tərəf şikayətə etirazının əsası kimi göstərmiş olduğu - “iddiaçının müxtəlif müəssisələrdə (departamentlərdə) çalışması” na və “həmin departamentlərin işəgötürənlərinin fərqli olması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin bu dəlili hazırkı halda əsaslı sayıla bilməz. Ona görə ki, cavabdeh “Azərbaycan Dəmir Yolları" QSC-nin zamanın tələblərinə müvafiq, daxilində struktur dəyişikliklərinin həyata keçirilməsi, müxtəlif idarə və bölmələrin birləşdirilməsi və ya ayrılması, onların tabelilik qaydasının dəyişdirilməsi, müxtəlif idarə və departament adlarının müasirləşdirilərək yenilənməsi və sair kimi inzibati-təşkilati məsələlər, heç bir vəchlə, uzun müddət və fasiləsiz olaraq eyni işi yerinə yetirən işçinin əmək hüquqlarının məhdudlaşdırılması, eləcə də işçi ilə müddətli müqavilənin bağlanması üçün əsas deyildir.”

50. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxarkən Ali Məhkəmə apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq, qətnaməni dəyişdirilmədən saxlamışdır. (Ali Məhkəmə Mülki kollegiyasının 2(102)- 2208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar)

51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.

52. Bu halda iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Bütün bunlara baxmayaraq işəgötürən, uzun illər həmin vəzifədə işləmiş iddiaçı ilə 1 aylıq sınaq müddəti olmaqla, 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onunla bağlanmış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə hər dəfə 3 aylıq müddətə bağlanan əmək müqaviləsinin müddətinin bitməsi işin xarakteri və şərtləri ilə deyil, cavabdehin iradəsi ilə bağlı olmuş, faktiki olaraq iddiaçı ilə daimi iş münasibətləri formalaşmışdır. Bu baxımdan müddətli əmək müqaviləsinin ardıcıl olaraq bir neçə dəfə bağlanması işçi ilə işəgötürən arasında müddətsiz əmək münasibətinin yaranması kimi qiymətləndirilməlidir. Belə olan halda əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin qeyd olunan münasibətləri tənzimləyən normalarının tələblərinə uyğun hesab edilə bilməz. Ümumiyyətlə isə işin mübahisə olunmayan hallarından da göründüyü kimi, iddiaçının eyni bə ya oxsah ixtisas üzrə eyni nazirliyin tabe qurumlarında 13 ildən artıq iş təcrübəsi olan iddiaçı ilə, həm də sınaq müddəti ilə müddətli əmək müqaviləsinin bağlanması anlaşılan deyildir.

54. İddiaçının məhkəmə iclasında tədqim etdiyi sənədə əsasən müəyyən olur ki, xx.xx.2025-ci tarixdə onun yerinə başqa işçi həmin vəzifəyə təyin olunmuşdur. Bu isə onu göstərir ki, iddiaçının əmək müqaviləsinə əsassız olaraq “müddətin başa çatması” bəhanəsi ilə xitam verilib. Əgər işin xarakterinə görə müqaviləyə xitam verilmiş olsaydı, onda məntiqi olara həmin vəzifəyə yeni işçi qəbul edilməli deyildi.

55. Bundan başqa, ƏM-in 73-cü madəsinin tələbinə görə müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etməzsə, həmin əmək müqaviləsi müqavilədə göstərilən müddətə uzadıklır və ya həmin Məcəllənin 45-ci maddəsinin 5-ci bəndində müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Hazırkı işdə cavabdehin iddiaçını ƏM-in 73-cü maddəsində müəyyən olunmuş qaydada qabaqcadan xəbərdar etməsi də müəyyən olunmamışdır. Demək ki, cavabdehin iddiaçı barəsində xx.xx.2025-ci il tarixli mübahisələndirilən əmri aşkar qanunsuz olmuşdur.

56. Beləliklə də hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normaları, eləcə də oxşar işlərlə bağlı son vaxtlar Ali Məhkəmənin formalaşdırdığı məhkəmə təcrübəsini nəzərə alaraq, Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və rayon məhkəməsi qətnaməsinin ləğvinə əsas ola bilməz.

57. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

58. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2996/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar