Məhkəmə qərarları › İş №2(103)-473/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-473/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-473/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı “X1” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və sair” tələbinə dair 2(001)-7467/2019 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 18341,58 manat, faiz borcu üzrə 427,52 manat, cərimə borcu üzrə 15,42 manat olmaqla cəmi 18784,52 manat borcun, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutulmasına, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilinə yönəldilməsinə, bu əmlakın ilkin satış qiyməti 72000 manat olmaqla hərracda satılmasına və satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsi üzrə 18784,52 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilən 60 manatın tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsinə, ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 çıxarılmaqla yaşayış sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə yəni, xx.xx.2022-ci il tarixədək qaytarmaq illik 17% ödəmək şərti ilə 18986 manat kredit vermişdir. Kredit müqaviləsindən borcalanın irəli gələn öhdəliyinin icrasının təmini üsulu kimi “X1” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03Gİ/19 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzili X1 ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müaviləsi xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Borcalan kredit müqaviləsinə əlavə olan ödəniş qrafiki üzrə dövri olaraq “X1” ASC-yə ödəməli olan kredit və faiz borclarını həmin qrafikə uyğun ödənilməsini təmin etməmiş və müəyyən olunmuş ödəmə müqddətlərini pozmuşdur. Borcalan Cavabdeh1 iddiaçıya xx.xx.2019-cu il tarixə xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 18341,58 manat, faiz borcu üzrə 427,52 manat cərimə borcu üzrə 15,42 manat olmaqla cəmi 18784,52 manat borcu vardır. İddiaçının ipoteka predmeti kimi çıxış edən əmlakdan cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilinin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaqdır. Bakı Şəhəri Binəqədi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 03G/19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 18341,58 manat, faiz borcuna görə 427,52 manat, cərimə borcuna görə 15,42 manat, məhkəmə xərclərinə görə 60 manat olmaqla cəmi 18844,52 manat borcun “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərcə görə 300 manat pulun “xxxx” MMC-nin xeyrinə tutulması, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzili ilkin satış qiymətinin 85000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 18844,52 manat pulun “xxxx” ASCnin hesabına, 300 manat “xxxx” MMC-nin hesabına keçirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzili satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 olan cavabdehlərin mənzildən çıxarılmaqla mənzilin boşaldılması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin təsviri hissəsində cavabdehin “X1” ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank ona 36 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək qaytarmaq və illik 17% ödəmək şərti ilə 18986 manat kredit verildiyini, kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi “X1” ASC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 03Gİ/19 saykl ipoteka müqaviləsinə əsasən əmisi Cavabdeh2 müliyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzili “X1” ASC-yə ipotekaya qoyulduğunu, maddi imkanı olmadığından aldığı krediti qaytara bilmədiyini, hazırda bankın yuxarıda göstərilən kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 18341,52 manat, faiz borcu üzrə 427,52 manat, cərimə borcuna görə 15,42 manat olmaqla, cəmi 18784.52 manat borc tələbini qəbul etdiyini, tələbin ipoteka predmetinə yönəldilməsinə razı olduğunu, lakin ipoteka predmetinin ilkin satış qiymətinin 85000 manat müəyyən edilməsini xahiş etdiyini qeyd etmişdir. Lakin əslində isə cavabdeh yuxarıda göstərilən məbləğdə əsas borc, faiz borcu və cərimə borcunu deyil, ümumiyyətlə “X1” ASC-yə kredit müqaviləsi üzrə borcu olduğunu bildirmişdir. Məhkəmə isə əsassız olaraq iddiaçının ərizəsində göstədiyi məbləğləri, cavabdehin qəbul etməsi kimi təsdiq etmişdir. İş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum görməmişdir. Bundan başqa, məhkəmə səhv olaraq məhkəmə xərclərinin, əsasən də ipoteka predmetinin qiymətləndirilməsinə çəkilən xərclərin cavabdehə aid etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Baxmayaraq ki, iddia qismən təmin edilmiş, yəni iddiaçının ipoteka predmetinin ilkin satış qiymətinin 72000 manat olmaqla, hərracda satılması hissəsi təmin edilməmiş, həmin hissədə iddianın əsassızlığı müvafiq ekspertiza rəyinə əsasən müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh1 qarşı təmin edilmiş hissəsində yoxlanılır. İşin müəyyən edilmiş hallarına əsasən, “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək qaytarmaq, illik 17% ödəmək şərti ilə 18968 manat kredit verməyi öhdəsinə götürmüşdür. “X1” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas borca görə 18968 manat, faiz borcuna görə 5372 manat olmaqla cəmi 24340 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MH seriyalı ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1368 saylı reyestr kitabının 125024 saylı vərəqində qeydiyyata alınmışdır. İpoteka saxlayan “X1” ASC, ipoteka qoyan Cavabdeh2, borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 03Gİ/19 saylı sonrakı ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan borcalanın xx.xx.2019-cu il tarixli 03G/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilini ipoteka saxlayan qarşısında yenidən ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, ipoteka ilə yüklü edilmiş əmlak tərəflərin razılığı ilə 72000 manat dəyərində qiymətləndirilmişdir. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2019-cu il tarixli, ******* saylı arayışından müəyyən olunur ki, xx.xx.1987ci il təvəllüdlü Cavabdeh4 xx.xx.2005-ci il tarixdən, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh3, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh5, xx.xx.2013cü il təvəllüdlü X2, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh7 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilində daimi qeydiyyatdadırlar. Cavabdeh4, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 xx.xx.2018-ci il tarixli və Cavabdeh5 xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrindən müəyyən olunur ki, onlar Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilinin ipotekaya qoyulmasına etiraz etməyərək, ipotekaya qoyulmuş əmlaka tələb yönəldiyi halda heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz mənzili tərk edəcəklərini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilinin xx.xx.2019-cu il tarixli 03G/19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 36 ay müddətinə “X1” ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. “xxxx” ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 18341,58 manat, faiz borcuna görə 427,52 manat, cəriməyə görə 15,42 manat olmaqla cəmi 18784,52 manat borcu vardır. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 105 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilinin hazırki şəraitdə satış qiyməti 85000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehlərdən kredit borcunun tutulmalı olmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1.-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması. Həmin Qanununun 59.3-cü maddəsinin tələblərinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli rəyə əsasən, Cavabdeh1 xx.xx.2019-cu il tarixli 03G/19 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə Banka olan əsas borcu 18509,89 manat, faiz borcu 244,74 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Bundan başqa, apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmə nəticəsində “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilin bazar qiyməti 95000 manat, likvid qiyməti 88000 manat təşkil edir. Həmin qiymətləndirmə rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzilin ilkin satış qiyməti likvid qiyməti olan 88000 manat müəyyən edilməlidir. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 7467/2019 saylı qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsində dəyişdirilsin. Cavadeh Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 03G/19 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 244,74 (iki yüz qırx dörd manat yetmiş dörd qəpik) manat iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xaqani küçəsində yerləşən 14 saylı evin 18 saylı mənzili ilkin satış qiyməti 88000 (səksən səkkiz min) manat müəyyən edilsin. Cavabdeh1 150 manat və “xxxx” ASC-dən 150 manat tutularaq “xxxx” MMC-nin hesabına keçirilsin. Cavabdeh1 125 manat və “xxxx” ASC-dən 125 manat tutularaq “xxxx” MMC-nin hesabına keçirilsin. Cavabdeh1 50 manat və “xxxx” ASC-dən 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar