Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4733/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 79-da yerləşən 19 saylı mənzildən keçmiş gəlini olan cavabdehin əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı Pirəli Pirəliyev cavabdeh ilə 19.11.2017-ci il tarixdə nikaha daxil olmuş və cavabdehi iddiaçının mülkiyyətində olan mənzilə gəlin gətirmişdir. Pirəli ilə cavabdehin münasibətləri korlanmış və Abşeron Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh iddiaçının ailə üzvü sayılmasa da mənzildə yaşamaqda davam edir, mənzildən çıxmır və özünə məxsus əşyaları mənzildən çıxarmır. Buna görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etiraz edərək Rayon Məhkəməsinə bildirmişdir ki, iddiaçının övladı ilə onun nikahı pozulsa da, o, hesab edir ki, iddia əsassızdır. Çünki, o, 2017-ci ildən həmin mənzildə yaşayır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.03.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və mənzildən istifadə hüququnun 6 aylıq müddətə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçının övladı ilə 2017-ci ildə nikaha daxil olduqdan sonra iddiaçının razılığı ilə mənzilə köçmüşdür. Bu səbəbdən də, o, iddiaçının ailə üzvü sayılır. Bundan başqa cavabdeh, mübahisəli mənzildən çıxarılmalıdırsa, onda cavabdehə 6 ay müddətində vaxt verilməlidir ki, o özünə yaşayış yeri tapsın və mənzili boşaltsın. Çünki cavabdeh hazırda işləmir və onun maddi vəziyyəti ağırdır. İşə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iş üzrə cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi iddiaçının adına 29.01.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş üzrə tərəflərin məhkəmələrə şifahi və yazılı qaydada bildirdiklərindən bəlli olur və tərəflər arasında mübahisə doğurmur ki, iddiaçının övladı Pirəli Pirəliyev ilə cavabdeh 19.11.2017-ci il tarixdə nikaha daxil olmuş və bundan sonra cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Pirəli ilə cavabdehin nikahı 02.02.2021-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Nikah pozulsa da, cavabdeh mənzildə yaşamaqda davam edir. Cavabdehə məxsus əşyalar da mənzildədir. İddiaçı hesab edir ki, cavabdehin onun mülkiyyətində olan mənzildə yaşamasının qanuni əsası yoxdur və o, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanıb qazanmamasını araşdıraraq qeyd edir ki, cavabdeh 2017-ci ildən indiyədək həmin mənzildə yaşasa da, mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etməkdən ibarət hüququ qazanmamışdır. Çünki Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır (maddə 30.4.; birinci cümlə). Qeyd edilən normanın tələblərinin işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsindən istifadə etmək, həmin mənzildə yaşamaq hüququ yaranmamışdır və iddiaçının cavabdehin mənzildə yaşamasına etiraz etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində cavabdeh xahiş edir ki, onun həmin mənzildən istifadə hüququ 6 aylıq müddətə saxlanılsın. Çünki o hazırda işləmir və onun maddi vəziyyəti ağırdır. Bununla bağlı Məhkəmə bildirir ki, Mənzil Məcəlləsinin 30.4-cu maddəsinin ikinci cümləsinə görə, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün cavabdeh sübut etməlidir ki, bunun üçün maddi vəziyyətinin ağır olmasını, işləməməsini və diqqətə layiq digər halların olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməlidir. Lakin iş materiallarından görünür ki, cavabdeh bu kimi sübutları nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə apellyasiya şikayətinə əlavə etməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ 6 aylıq müddətə saxlanılması üçün əsaslar yoxdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4733/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4733/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver