Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4733/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X2 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Səxavət Mövlayevin Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbəsində, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzildən çıxarılması, mənzilin giriş-çıxış qapısının açarlarının ona (iddiaçıya) təqdim edilməsi, mənzilin akt əsasında ona təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən bina cavabdeh MTK tərəfindən inşa edilmişdir. Cavabdeh3 MTK-nın direktoru, Cavabdeh2 isə MTK-nın faktiki rəhbəridir. İddiaçı ilə cavabdeh MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli "xxxx" əsasən, iddiaçı, mübahisəli mənzilin dəyərini MTK-ya tam ödəmiş və bununla bağlı ona MTK tərəfindən xx.xx.2015-ci il tarixli "xxxx" verilmişdir. Lakin iddiaçının dəfələrlə tələb etməsinə baxmayaraq, hazırki vaxta kimi mənzil ona təhvil verilməmişdir. İddiaçı mənzilə daxil ola bilmir. Belə ki, iddiaçının əvvəllər tanımadığı, sonradan adını bildiyi Səxavət Mövlayev tərəfindən mənzilin giriş qapısı dəyişdirilmişdir. Buna baxmayaraq MTK-nın rəhbərliyi buna göz yumur. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakları və verdikləri izahatlar barədə məlumat
3. İddiaçı izahat verərək Rayon Məhkəməsinə bildirmişdir ki, onunla (hazırkı iş üzrə tərəf olmayan) X3 arasında xx.xx.2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlanmış və o, Elsevər Səmədova 15.000 ABŞ dolları (məzənnə üzrə 23.400 manat) məbləğində borc vermişdir. Həmin borcun müqabilində Elsevər Səmədov cavabdeh MTK-dan aldığı və özünə məxsus olan mənzili ona vermiş, Elsevər Səmədovun razılığı və tapşırığı ilə MTK tərəfindən ona mənzilə dair “Alğı-satqı müqaviləsi” və mənzilə görə hər hansı borcun olmaması barədə "xxxx" verilmişdir. Həmin mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya deyil, Elsevər Səmədova ödənilmişdir. Aralarında olan razılaşmaya görə Elsevər Səmədov borcunu qaytaracağı təqdirdə, o da mənzili Elsevər Səmədova qaytarmalı idi. Lakin borc qaytarılmadığı üçün o, mənzilin ona təhvil verilməsini tələb edir.
4. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Vəkil2 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli mənzilə görə iddiaçı tərəfindən MTK-ya hər hansı ödəniş edilməmişdir. Mənzil, MTK ilə cavabdeh Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən sonuncuya təhvil verilmişdir. MTK tərəfindən binanın tikintisi zamanı maddi problemlər yarandığından Elsevər Səmədov tərəfindən binanın tikintisinə sərf olunması üçün iddiaçıdan borc alınmışdır. Həmin borcun müqabilində Elsevər Səmədov özünə məxsus olan və MTK-dan aldığı mənzillə bağlı iddiaçı ilə müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün MTK-nın ofisinə gedərək iddiaçının istinad etdiyi müqaviləni almışdır. İddiaçının niyyəti ümumiyyətlə mənzil almaq olmamış, Elsevər Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncuya verdiyi pulun qaytarılmasının təminatı olaraq müqaviləni girov qismində saxlamaq olmuşdur. Buna görə də xahiş edir ki, iddia əsassız hesab edilərək, rədd edilsin.
5. İş üzrə digər şəxslər məhkəmə baxışı iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələrdə, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin predmetini iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği MTK-ya ödəmədiyini, mənzilin Elsevər Səmədova məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, Elsevər Səmədova verildiyini bildirir. Göründüyü kimi, üzərində MTK ilə iddiaçı arasında bağlanması qeyd edilən müqavilə və müqavilənin tərkib hissəsi olan "xxxx" etibarlı sübut kimi qəbul edilə bilməz. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, məhkəmə baxışı zamanı müəyyən edilir ki, bu kimi hal mövcud deyil. Belə olan halda iddia əsaslı hesab edilə bilməz. d) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunmasını xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları obyektiv araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarının tələblərini səhv tətbiq edərək, iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
10. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat vermişdir.
11. İş üzrə iddiaçı apellyasiya baxışının növbəti iclasına, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Səxavət Mövlayev ümumiyyətlə heç bir iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına və məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, MTK ilə cavabdeh Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, MTK, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzili kooperativin üzvlərindən bir olan Səxavət Mövlayevə kooperativdəki pay kimi verməyi öhdəsinə götürmüşdür.
15. Səxavət Mövlayev tərəfindən MTK-nın rəhbərliyinə ünvanlanmış ərizədən görünür ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzilin mərtəbə və nömrəsində dəyişiklik olduğuna görə müqavilənin və “Maliyyə arayışın” dəyişdirlməsinə, mənzilə yeni nömrə - "xxxx" nömrəsinin verilməsinə etiraz etmir.
16. Üzərində iddiaçı ilə cavabdeh MTK arasında bağlanması qeyd edilən xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, MTK yuxarıda qeyd edilən mənzili kooperativin üzvlərindən bir olan iddiaçıya kooperativdəki pay kimi verməyi öhdəsinə götürmüşdür.
17. MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli "xxxx" görünür ki, mənzili dəyəri iddiaçı tərəfindən MTK -ya tam olaraq ödənilmişdir.
18. MTK ilə Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, MTK, (mübahisəli) 71 saylı mənzili kooperativin üzvlərindən bir olan Səxavət Mövlayevə kooperativdəki pay kimi verməyi öhdəsinə götürmüşdür.
19. MTK tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 08/224 saylı məktubdan görünür ki, 71 saylı mənzil MTK tərəfindən Səxavət Mövlayeva satılmış və və mənzil sonuncuya məxsusdur.
20. Rayon Məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X3 öz ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin Cavabdeh1 MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ dollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cavabdeh3la danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.
21. İşə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisəli mənzilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, MTK tərəfindən mənzil, mənzili faktiki olaraq almış Səxavət Mövlayeva təhvil verilmişdir.
22. Qeyd edilənlərə, o cümlədən iddiaçının məhkəmələrə verdikləri izahatlardan bəlli olur ki, iddiaçı, cavabdeh MTK tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq mübahisəli mənzilin ona təhvil verilməsini tələb etsə də, həmin müqavilə, müqavilədə əks olunan öhdəliklərin və şərtlərin yerinə yetirilməsi üçün deyil, iddiaçının xx.xx.2015-ci il tarixdə Elsevər Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncunun ondan aldığı borcun qaytarılmasının təmin edilməsi niyyəti ilə tərtib edilmişdir. Mənzilin dəyərinin MTK-ya ödənilməsi barədə iddiaçıya "xxxx" verilsə də, mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya ödənilməmişdir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13, hissə 1.). Hər kəsin mülkiyyət hüququ vardır (maddə 29, hissə 1.). Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (maddə 29, hissə 2, cümlə 2.). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29, hissə 3.). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (maddə 29, hissə 4.).
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2.).
25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır (maddə 113.1.). Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır (maddə 113.2.). Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır (maddə 113.3.).
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
27. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbinin predmetini iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği MTK-ya ödəmədiyini, mənzilin əvvəllər Elsevər Səmədova məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini bildirir. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə cavabdeh MTK qarşısında icra edilməli olan öhdəlik iddiaçı tərəfindən icra edilmədiyindən həmin müqavilə üzrə iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququ da istisna olunur.
29. İddiaçı mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin mənzil borc verdiyi Elsevər Səmədova məxsus olmuşdur. Lakin iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmamışdır.
30. İş materiallarından müəyyən edilir ki, cavabdeh MTK ilə Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, MTK mübahisəli mənzili Səxavət Mövlayevə pay kimi verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mənzil hazırda qanuni əsaslarla sonuncunun sahibliyində və istifadəsindədir.
31. Nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərar).
32. Beləliklə göstərilənləri nəzərə alan Məhkəmə belə qənaətə gəlir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilə formal xarakteri daşıdığından, mübahisəli mənzilə görə iddiaçı tərəfindən MTK-ya pay haqqı ödənilmədiyindən, cavabdeh Səxavət Mövlayev ilə MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığından, onun tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı MTK-ya ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. g) apellyasiya baxışının nəticəsi
33. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
37. Məhkəmə bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanıldığından cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
38. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
39. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.