Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4735/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********26515 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 37800 ABŞ dolları əsas, müqavilənin bitdiyi müddətə 3938.89 dollar faiz borcu, 4137 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 45875 (qırx beş min səkkiz yüz yetmiş beş) ABŞ dolları, 89 (səksən doqquz) sent məbləğində borc pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 12 (on iki) manat rüsumun tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə ilkin satış qiymətinin 103000 (yüz üç min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ekpert rəyləri üzrə cəmi 340 (üç yüz qırx) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan "xxxx" ASC apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digərlərinə qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsində göstərilən 2 saylı əlavə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Qərardaddan narazı qalan «Xalq” Bank ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı mülki iş üzrə 05 aprel 2022ci il tarixli qərardadının ləğv edilməsini və 2(008)-148/2021 nömrəli 23 iyun 2021-ci il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmiş, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsində göstərilən 2 saylı əlavə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib edilməmişdir. Məhkəmə mövqeyini əsaslandırarkən MPM-in 363.1.5-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361-ci maddəsinə əsasən apellyasiya şikayətində 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və s.göstərilməlidir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsi İddiaçı ASC-yə çatdırılmadan xx.xx.2021-ci il tarixdə məhkəməyə qaytarılmışdır. İddiaçının sözügedən qətnamənin rəsmi şəkildə təqdim edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli müraciətinə Sabunçu rayon məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə, mülki işin göstərilən dövrdə Bakı Apellyasiya Məhkəməsinin icraatında olması səbəbindən qətnamənin təqdim edilməsinin qeyrimümkünlüyü barədə cavab verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, Nümayəndə həmin qətnaməni xx.xx.2022-ci il tarixdə almışdır. xx.xx.2022-ci il tarixdə isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, onun mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti MPM-in tələblərinə uyğunluğunun yoxlanılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı qətnaməni ilk dəfə rəsmi qaydada Bakı Apellyasiya Məhkəməsində aldığından və iş apellyasiya instansiya məhkəməsində olarkən birinci instansiya məhkəməsinin həmin mülki iş üzrə elektron məhkəmə informasiya sistemində hər hansı əlavə və dəyişiklik etməsi mümkün olmadığından apellyasiya şikayəti iddiaçı tərəfindən birbaşa olaraq elektron sistem vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin bölməsinə yerləşdirilmişdir. Mülki Prosessual Qanunvericilikdə də apellyasiya şikayətinin birinci instansiya məhkəməsi vasitəsilə deyil, birbaşa apellyasiya instansiya məhkəməsinə təqdim edilməsi apellyasiya şikayətinin geri qaytarılma əsaslarından biri kimi müəyyən edilməmişdir. Eyni zamanda apellyasiya şikayətindən görünür ki, o, Mülki Prosessual Məcəlləsində göstərilən 2 saylı əlavəyə uyğun formada tərtib edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi səhvən sözügedən qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla, iddiaçı "xxxx" ASC-ni məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarındakı məhkəmə müdafiəsi hüququnun təbiəti ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “...məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir...Konstitusiyanın 60cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilə bilər.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə həmçinin müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbuledilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, heç bir halda məhkəməyə müraciət hüququ məhdudlaşdırılmamalıdır. Bu hüquq şəxsin prosessual hüququnun lazımi ünsürü qüvvəsinə malik olaraq şəxsin hüquq və azadlıqlarının keyfiyyətli dərəcədə müdafisinə xidmət etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək apellyasiya icraatına qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4735/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4735/2022
30.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver