Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4737/2021 07.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “ləyaqətsiz vəsərə hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(005)- 1530/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə olmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 10 ay mərhum oğulları X2 həyat yoldaşı olmuş, lakin övladları olmamışdır. Əlvan Məmmədov 20 oktyabr 2019-cu il tarixdə səhər saat 8:55-də evli olduğu müddət ərzində yaşadığı, özünə məxsus Yasamal rayonu, M.Xiyabani, 18 ünvanında yerləşən çoxmərtəbəli binanın 355 saylı mənzilində gözlənilmədən qəflətən vəfat etmişdir. Məmmədov Əlvanın vəfat etməsinin qısa təfsilatı ondan ibarət olmuşdur ki, 19.10.2019-cu il tarixdə 14:30 radələrində qeydiyyatda olduğu, ata, anasının, qardaşının yaşadığı Yasamal rayonu, ünvan 2 ünvanına gəlmiş, anası ilə bir yerdə olmuş, xeyli söhbət etmiş və saat 16:00-da gedərkən bildirmişdir ki, maşını ustaya göstərəcək və sonra qadın bərbərxanasına gətirdiyi həyat yoldaşını götürüb yeməyə gedəcəklər. Əlvanın əhvalı yaxşı olmuş, sağlamlığında heç bir problem olmamışdır. Həmin günün gecə yarısı, yəni ayın 19-dan 20-nə keçən gün 04:30 radələrində Əlvanın həyat yoldaşı Fatimə yaşadıqları bina ilə üzbəüz binada yaşayan Əlvanın ortancıl qardaşına mobil telefonla zəng edərək bildirmişdir ki, Əlvan yatağından yıxılmışdır, vəziyyəti yaxşı deyil. Əlvanın qardaşı dərhal anasına zəng edərək bu barədə bildirmiş və qardaşı yaşadığı binaya getmiş, Əlvanı yatağına qaldırmış, təcili yardım çağırmışdır. Əlvanın qardaşı gələnə qədər müddət ərzində Fatimə bir dəfə olsun belə hansısa səbəbə görə təcili yardım çağırmamış, Əlvanın anası da az keçməmiş Əlvanın mənzilinə gəlmiş, oğlunun yataqda uzandığını görmüş, nə baş verdiyini soruşmuşdur. Əlvan nəfəs aldıqda çətinlik çəkdiyini demişdir. Fatimə isə Əlvanın evə 00:30-da gəldiyini və dərhal ayaqyoluna getdiyini bildirmişdir. Həmin gecə Əlvana beş dəfə ayrı-ayrı təcili yardım briqadası gəlmiş, bu müddət ərzində o, ayaqyoluna getmiş, taqətdən düşmüş vəziyyətdə olmuş, bir neçə dəfə qusmuş və axırıncı dəfə “Mediclub Plaza” həkimlərinin də yanında olduğu vaxt saat 8:55-də qan qusaraq dünyasını dəyişmişdir. Oğulları Əlvanın vəfat etmə hadisəsində ən diqqət çəkən məqam o olmuşdur ki, o, evə gəldiyi andan özünü narahat hiss etmiş, nəfəs almaqda çətinlik çəkmiş, ayaqyoluna getmiş, ürəyi bulanmış, yatağına uzanmış, yatağından yıxılmış və bundan sonra saat 04:30-da Fatimə Əlvanın qardaşına zəng etmişdir. Çox yəqin ki, Əlvan evə gəldiyi (Fatimənin sözlərinə inansaq) 00:30-dan 04:30-a qədər həyatda qalmaq üçün canı ilə mücadilə edirmiş, lakin Fatimə bu müddət ərzində nəyə görəsə təcili yardıma zəng etməmiş, Əlvanın həkim olan anasına, atasına, qardaşına zəng edərək köməyə çağırmamışdır. Yasamal rayon Prolurorluğunun prokuror köməkçisi hadisə ilə əlaqədar, ölümün səbələrini müəyyən etməklə bağlı gəlmiş, Fatimənin atası naməlum səbəbdən İsgəndərov Firdovsi ölümün səbəbinin xərçəng olduğunu deyərək, ölümün baş verməsinin əsl səbəbini gizlətməyə çalışmışdır. Fatimənin bacısı Arzu həmin gün heç bir aidiyyatı olmadan mobil telefonunun Facebook səhifəsində Əlvanın ölümündə işlədiyi “xxxx” Telekom MMC-nin rəhbərliyini günahlandırmışdır. Halbuki Əlvan vəfat edərkən onun yanında Arzunun bacısı Fatimə olsa da vaxtında təcili yardım çağırmamış, vaxtında valideyinlərinə xəbər verməmiş, kömək göstərmək imkanı olduğu halda bunu etməmişdir. Bundan sonra onlar oğulları Əlvanı dəfn etmək üçün dini ayinlərə riayət etmək məqsədilə onu Hacı Cavad məscidinə aparmışlar, həyat yoldaşı Fatimə ilə telefonla əlaqə saxlayıb onu Əlvanla son dəfə vidalaşmağa çağırmışlar, 40 dəqiqədən sonra cavabdeh gəlmiş və dəfn mərasimində iştirak etmədən geri qayıtmışdır. Fatimə evə qayıtdıqdan sonra ləyaqətsiz qadın Əlvanın vəfat etməsini eşidib, yaşadığı binanın mənzilinə gələn bütün yaxın qohumları, qapıbir qonşuları, universitet müəllimələrini, tanıdıqları yaxın insanların hamısını qapıdan qovmuş, “burda yas mərasimi verilməyəcək, bura bir daha gəlməyin” deyərək evə buraxmamışdır. Oğulları vəfat etdiyinin 52 gününə qədər 7 dəfə cümə axşamları vermişlər. Cavabdeh mərasim evində keçirilmiş üç-yeddi və qırx mərasimlərinə sifarişlə, cəmi yarım saat müddətinə gəlmiş, evlərində verdikləri cümə axşamlarına isə ümumiyyətlə gəlməmişdir. Əvəzində 27.12.2019-cu il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərinə kimlərinsə sifarişi ilə gedərək, başında çələng, “məni ürəkdən və isti qarşıladığınıza minnətdarlıq” sözləri ilə İnstaqram səhifəsinə sırtıq gülüşlə şəklini yerləşdirmişdir. Ata və ana olaraq dəfələrlə oğlunun evinə gedib geyim paltarlarından oğlunun qoxusunu almaq istəsələr də cavabdeh qapını açmamış, əvəzində Fatimənin atası Firdovsi ata olaraq onlardan Əlvanın 2013-cü il tarixdə “xxxx” MTK-dan (əvvəllər “Nuray”) müqavilə əsasında pulu tam olaraq ödədiyi bir otaqlı mənzili və Əlvana məxsus **-VS-*** qeydiyyat nişanlı BMW X-5 maşınını qızı Fatiməyə verməklərini istəmiş və bundan iki gün sonra, 13.12.2019-cu il tarixdə, axşam 22:30-da X1 ev 23-dəki evlərin gələrək “Əlvanın evini və maşınını da mənə verin, maşından xoşum gəlir, ev də mənim olmalıdı” ultimatum formasında bildirərək, həmən də çıxıb getmişdir. Hansı ki, onlar evlənərkən Fatimənin özünə məxsus “Hyundai Elantra” markalı **-KH-*** qeydiyyat nişanlı minik avtomobili var idi və indi də var. Yas mərasimlərinə Fatimə, ata, anası tərəfindən bir manat belə pul xərclənmədiyi halda 20.10.2019-cu il tarixdə Əlvanın vəfat etdiyi gün Əlvanın qardaşı Fatiməyə 300 $ (510 manat) pul vermişdir. Fatimə və ailəsinin onlara qarşı və oğullarının ruhuna etdikləri hörmətsizliyə,- ləyaqətsizliklərinə baxmayaraq, oğullarının mirasına birinci növbədə vərəsə kimi aidiyyatı üzrə Yasamal rayonu 23 saylı Notariat ofisinə Fatimənin adını da yazmaqla 07.12.2019-cu i tarixdə ərizə ilə müraciət edərkən, gəlib ərizəyə imza etməyini xahiş etmişlər, Fatimə Firdovsi qızı imza etməyə gəlməmiş, amma iki həftədən sonra Notariat ofisinə gedərək ərizəni imzalamışdır. Fatimə Firdovsi qızı ərə gəlməmişdən və ərə gələndən sonra da heç yerdə işləməmiş, birgə ailə həyatı yaşadığı müddət ərzində öz pulu hesabına evə heç nə almamış, yalnız Əlvanın pulundan yararlanıb, özünə zinət əşyaları aldırıb, qadın salonlarına Əlvanın pulu ilə gedib, maşınına yanacağı Əlvanın pulu ilə alıb, Əlvanın pulu ilə ata, ana, bacısı, yaxın qohumları, tanışlarının iştirakı ilə özünə restoranda ad günü qeyd edib. Əlvan onu iki dəfə Türkiyəyə, bir dəfə isə Gürcüstana qısamüddətli istirahətə aparıb. Əlvan bu ləyəqətsiz qadını istirahət etmək üçün Azərbaycanın Şamaxı, Şəki, Qəbələ rayonlarına, nənəsinin yaşadığı Ağdaş rayonuna dəfələrlə aparıb. Hansı ki, Fatimə Firdovsi qızının hesabında 20 000 $ (34 000 manat. Bu pulu ona atası verdiyini deyir) pulu olmasına baxmayaraq bir manat belə şəxsi pulunu xərcləməyib. Onlara Əlvanın yaşadığı binanın sakinlərindən verilən məlumata görə Əlvana məxsus bütün geyim əşyaları, ayaqqabılarınadək digər şəxsi əşyaları evdən çıxarılıb (oğlumuz Əlvana məxsus şəxsi əşyalar toxunulmazdır), talan olunub. Oğulları Əlvan vəfat etdiyi gündən bu günə qədər ona məxsus olan mənzilin bütün kommunal xərcləri, yaşamış olduğu binanın dayanacağında saxlanılan Əlvana məxsus maşının və Fatiməyə məxsus “Hyundai Elantra” markalı maşının dayanacaq xərcləri belə (hər maşına görə 25 manat olaraq) onlar tərəfindən ödənilir. X6 evinə anasını, atası və qardaşını gətirmiş və onlar əməlli başlı evi qanunsuz olaraq zəbt etmişlər. İddia ərizəsini yazdıqları gündən on gün qabaq Fatimə Firdovsi qızı “Asan kommunalda qaz, su kommunal xərclərini öz adına rəsmiləşdirmiş və ailə tərkibinin dörd nəfər olduğunu qeydə aldırmışdır. O, bu hərəkəti miras payının artırılmasını düşünərək etmişdir. Fatimə Firdovsi qızı oğullarının vəfat etdiyi gün sağlamlığının son dərəcə ağır olduğu bir vəziyyətdə, hətta yatağından yıxıldıqdan sonra belə təcili yardım çağırmamağını, onun həyatını təhlükədə qoymağını onun tərəfindən Əlvana qarşı törədilmiş cinayət əməli kimi qiymətləndirmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(005)- 1530/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, cavabdehin ləyaqətsiz vərəsə olmasının təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4737/2021 saylı 17.05.2021-ci il tarixli qərardadı ilə 2021-ci il aprelin 16-da vəfat etmiş İddiaçı1 hüquqi varisi – arvadı İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin Mülki Məcəllənin 265.4-cü maddəsinin tələbini cavabdehə tətbiq edərək, xüsusi qərardad qəbul edilməsini xahiş etdi. Nümayəndə onu da qeyd etdi ki, iddiaçıların şikayəti əsasında Nərimanov rayonu prokurorluğunda Əlvan Məmmədovun ölümü ilə bağlı araşdırma aparılmış, lakin cinayət işinin başlaması rədd olunmuşdur. Buna baxmayaraq hesab edir ki, cavabdehin əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsinin tərkibi vardır, ona görə də xüsusi qərardad çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş və bunun səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Kollegiya işə onun (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən cavabdeh ilə iddiaçıların oğlu X3 ailə qurmuşlar, birgə nikahdan uşaqları olmamışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20.10.2019-cu il tarixdə Bakı şəhərində “ürək dayanması” səbəbindən vəfat etmişdir. İddiaçılar cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsini tələb edirlər. İddiaçılara görə 2019-cu il oktyabrın 19-dan 20-nə keçən gecə övladları – mərhum Əlvan Məmmədovun səhhətində yaranmış problemlər (ürək bulantısı, qusma və s.) uzun müddət (saat 00:30-dan başlayaraq) davam etməsinə baxmayaraq, cavabdeh yalnız saat 04:30da onlara bu barədə məlumat vermiş, həmin vaxtadək Əlvanı təhlükədə qoymuş, bununla da Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onlar gəldikdən sonra Əlvana beş dəfə X7 briqadası gəlmiş, nəticəsi olmadığına görə Əlvan «Mediclub Plaza» klinikasına aparılmış, lakin buna baxmayaraq saat 08:55 vəfat etmişdir. Hesab edirlər ki, cavabdeh Əlvanın səhhətində yaranmış problemlər barəsində onlara gec məlumat vermiş, həm də özü təxminən 4 saat ərzində X7 çağırmamışdır ki, bu da cavabdehin ləyaqətsiz vərəsə hesab olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməmiş və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməmiş, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməmişdir, odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13.12.2011-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Kollegiya qeyd edir ki, baxılan mübahisə üzrə qeyd olunan maddənin dispozisiya şərtləri – cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının bildirdikləri cavabdehi ləyaqətsiz hesab etmək üçün əsas deyil. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, bu prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də qətnamə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1530/2020 saylı iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4737/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4737/2021
07.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver