Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4738/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi və həmin əşyaların saxlanılması üçün ödənilmiş xidmət haqqının tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-246/2008 saylı 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilərək, 01 iyun 2007-ci il tarixdə "xxxx" X2 1 saylı filialı ilə cavabdeh X3 arasında bağlanmış kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi, Kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəsi 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilində yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarılması, X1 "xxxx" İKB-nin 1 saylı Filialı qarşısında xx.xx.2007ci il tarxili kredit müqaviləsindən irəli gələn 34694.67 ABŞ dolları əsas borc, 2154.30 ABŞ dolları məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən olları faiz borcu, 584.91 ABŞ dolları dəbbə pıılu, cəmi 37433.88 ABŞ dolları və 3200 manat nümayəndəyə ödənilməli məbləğin həcmində borc məbləğinin və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra olunanadək hər bir təqvim günü üçün 52.04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət rüsumunun ödənilməsi kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., 141 saylı evdə yerləşən sənəd üzrə yaşayış sahəs 38.3 m2 olan 3 otaqdan ibarət olan 63 saylı mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(103)-3717/2009 saylı icra vərəqəsinə görə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi 3200 manat nümayəndəyə ödənilən məbləğ dəyişdirilərək 1000 manat məbləğində müəyyən edilmiş, kredit müqaviləsinin təminatı kimi xx.xx.2007-ci il tarixdə ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «AB» y/s. 141 saylı evdə yerləşən, sahəsi 38,3 kv. metr olan 3 otaqlı 63 saylı mənzilində yaşayanların hüquqlarına xitam verilməklə evdən çıxarımaları, M.Mehdiyevin kredit müqaviləsindən irəli gələn 34.694.67 ABŞ dolları əsas borcunun, 2.154,30 ABŞ dolları faiz borcunun, 584,91 ABŞ dolları dəbbə pulunun, cəmi 37.433,88 ABŞ dollarının və xx.xx.2007-ci il tarixdən etibarən öhdəlik tam icra edilən anadək hər bir təqvim günü üçün 52,04 ABŞ dollarının ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin iddia qaldırılması üçün ödənilmiş 19 manat 80 qəpik dövlət qüsumunun, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsaitə yönəldilməlidir.
3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s., ev 141 mənzil 63 "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 26 iyul 2016-cı il tarixdə qeydiyyata alınmışdır.
4. Banka müvəqqəti saxlanılması üçün verilmiş əşyaların təhvil alması barədə Bank tərəfindən Cavabdeh xəbərdarlıq məktubu ünvanlanmışdır. 5.İddiaçı Açıq Səhmdar Cəmiyyəti və "xxxx" MMC şirkəti arasında xx.xx.2022-ci il tarixli, 38/22 saylı malların anbarda saxlama müqaviləsi bağlanmışdır.
6. İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin Paşa Bankdakı hesabına xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2022-ci il tarixdə 434.00 manat; xx.xx.2022-ci il tarixdə 324.00 manat; xx.xx.2023-cü il tarixdə 1404.00 manat; xx.xx.2023cü il tarixdə 1680 manat; xx.xx.2023-cü il tarixdə 429.12 manat; xx.xx.2023-cü ildə 2492.00 manat; xx.xx.2023-cü il tarixdə 2432.00 manat; xx.xx.2023-cü il tarixdə 2924.00 manat; xx.xx.2023-cü il tarixdə 2594.00 manat; xx.xx.2023-cü il taixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 437.76 manat; xx.xx.2024-cü il tarixdə 2432.00 manat; xx.xx.2024cü il tarixdə 2432.00 manat; xx.xx.2024-cü il tarixdə 2432.00 manat məbləğində pul ödənişləri etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Suraxanı rayon İcra Şöbəsinə, "xxxx" MMC, İddiaçı ASC-yə qarşı hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə məhkəmə qərarlarından müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə xx.xx.2024-cü il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus olan 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star markalı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalçanın sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi, əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə 6480 (altı min dörd yüz səksən) AZN məğləğində edilmiş aylıq ödənişlərin və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək saxlanılması üçün ediləcək ödənişlərin və 100 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiada göstərilir ki, Cavabdeh mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)- 3717/2009 saylı qətnaməsi ilə tələb yönəldilmişdir. xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı ASC (əvvəlki adı "xxxx" İKB ASC olan) ünvan 1 ünvanında yerləşən 63 saylı mənzili əldə etmişdir. Əmlaka dair İddiaçı ASC-nin (əvvəlki adı "xxxx" İKB ASC olan) mülkiyyət hüquqları 26 iyul 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış verilmişdir. xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2(103)-3717/2009 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 63 saylı mənzilin boşaldılaraq banka təhvil verilməsi zamanı həmin mənzildə Ş.Abışovaya məxsus olan əşyaların bir qismi onun tərəfindən təhvil alınmadığndan müvvəqəti saxlanılması üçün Banka təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yerləşən 63 saylı mənzildə olan Ş.Abışovaya məxsus 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star maraklı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça İddiaçı ASC tərəfindən təhvil alınmışdır. Həmin mənzildə olan digər əşyalar isə Cavabdeh qızı X4 tərəfindən təhvil alınmışdır. Bundan sonra Cavabdeh qeyd edilən əşyalar müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Ş.Abışovaya məxsus olan əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə aylıq ödənişlər edilir. Bundan sonra, həmin əşyaları təhvil alması barədə Bank tərəfindən Ş.Abışovaya bir neçə dəfə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, Cavabdeh əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Ş.Abışova əşyaları götürməyərək onlardan imtina edir. Odur ki, Ş.Abışovaya məxsus 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd markalı işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star maraklı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça sahibsiz elan edilərək, həmin əşaylara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə hal-hazıradək edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alandək çəkiləcək xərclər və ödənişlər Ş.Abışovadan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024cü il tarixli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı iddia edir ki, Cavabdeh məxsus qeyd edilən əşyalar müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə təhvil verilmişdir. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli malların anbarda saxlanılması müqaviləsinə əsasən Ş.Abışovaya məxsus olan əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən "xxxx" MMC şirkətinə aylıq ödənişlər edilir. Bundan sonra həmin əşyaları təhvil alması barədə Bank tərəfindən Ş.Abışovaya bir neçə dəfə yazılı və şifahi müraciət olunmasına baxmayaraq, Cavabdeh əşyaları təhvil götürməyərək, qəbul etməkdən imtina etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq əşyaları təhvil almamış və bunun nəticəsində Bank əşyaların saxlanılması üçün xidməti haqqı ödəyərək əlavə xərcə düşmüşdür. Ş.Abışova əşyaları götürməyərək onlardan imtina edir. Odur ki, Ş.Abışovaya məxsus 1 ədəd Çinar markalı köhnə soyuducu, 1 ədəd Samsung markalı işlənmiş paltaryuyan, 1 ədəd işlənmiş Elentra markalı dörd gözlü qaz sobası, 1 ədəd Dnepr markalı işlənmiş soyuducu, 1 ədəd işlənmiş elektro markalı paltar tikən maşın, 1 ədəd markalı işlənmiş televizor, 1 ədəd “LG” maraklı işlənmiş televizor, 1 ədəd Star markalı işlənmiş televizor və 4 ədəd işlənmiş balaca xalça sahibsiz elan edilərək, həmin əşyalara dair sərəncam verilməsi üçün İddiaçı ASC-nin mülkiyyətinə verilməsi zərurəti yaranmışdır. Bundan başqa qeyd edilən əşyaların müvvəqəti saxlanılması üçün Bank tərəfindən Yük Taksisi.AZ MMC şirkətinə hal-hazıradək məğləğində edilmiş aylıq ödənişlər və həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASCnin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alandək çəkiləcək xərclər və ödənişlər Ş.Abışovadan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh bildirir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, ona məxsus mənzil boşaldılarkən onun məlumatı olmamışdır. O, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sona qədər də bunun üçün mübarizə aparacaq. O, bu günədək əşyalarından imtina etməmişdir. Qızı evdə olarkən icra məmurları gəlib onu evdən çıxarmışlar, o, da qısa zamanda yalnız xırda əşyalarını özü ilə götürə bilmişdir. Digər əşyalarının taleyindən xəbəri olmamışdır. Bu səbəblə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. İddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, məhkəmə iddia tələbinə 2 hissədə qiymət verilməsini zəruri hesab edərək, bildirir ki, iddia tələbinin ilkin hissəsi cavabdehə məxsus olduğu və ipoteka ilə yüklü edilmiş əmlak iddiaçıya təhvil verilərkən həmin evdə olmuş əşyaların sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi ilə bağlıdır. İddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı təşkilat iddia tələbində qeyd edir ki, xx.xx.2022-ci il tarixli aktla iddia tələbində sahibsiz hesab edilməsi qeyd edilən əşyalar saxlanılması üçün iddiaçı təşkilata təhvil verilmişdir. Lakin həmin akta nəzər yetirdikdə aydın olur ki, sadalanan əşyalar iddiaçının nümayəndəsi Sərxan Zərbiyevə təhvil verilmiş, təhvil verilmənin səbəbi həmin aktda müəyyən edilməmişdir. İddia tələbində sadalanan əşyalar daşınar əşya olmaqla digər əşyalarla birlikdə cavabdehin ailə üzvü olan qızına təhvil verilə bilərdi. Saxlanma şərtləri müəyyən edilmədən, hansı haqq müqabilində saxlanması razılaşdırılmadan həmin əşyaların iddiaçının nümayəndəsinə təhvil verilməsi və bu müddətədək həmin əşyaların iddiaçı tərəfindən saxlanılması onların sahibsiz elan edilməsi üçün əsas ola bilməz. Həmçinin, iddiaçının iddia tələbini əsaslandırdığı Azərbaycan Respunlikasının Mülki Məcəlləsinin 184.2-cü maddəsinin tələbinə əsasən, əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin maddənin dispozisiyasında daşınar əşyaların sahibsiz elan edilməsi üçün iki şərt nəzərdə tutulmuşdur. Birincisi daşınar əşyanın mülkiyyətçisinin olmaması, ikincisi isə keçmiş mükiyyətçinin mülkiyyətindən imtina etməsi. Göründüyü kimi hazırkı iş üzrə sahibsiz elan edilməsi istənilən daşınar əşyaların mülkiyyətçisi məlum olmaqla Cavabdehdır. Eyni zamanda Cavabdeh bildirir ki, o, əşyalarından heç vaxt imtina etməmişdir. İddiaçı təşkilat onun xəbəri olmadan icra məmurlarının iştirakı ilə onun evini boşaltmışdır. O, hazırda iddia tələbində göstərilən daşınar əşyalardan imtina etmək bir yana, hətta evini belə itirməmək üçün hərracın yekunları barədə protokolun etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmiş və evinin əldən çıxmaması üçün mübarizə aparmışdır. İş materiallarından da göründüyü kimi cavabdeh mübahisəli mənzillə bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və son instansiya məhkəməsinə qədər iddia tələbində israrını göstərmişdir. Belə olan halda artıq ona məxsus iddia ərizəsində sadalanan əşyaların mülkiyyətçinin əşyadan imtina etməsi əsası ilə sahibsiz elan edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 2-ci hissəsi olan sahibsiz elan edilməsi xahiş edilən əşyaların saxlanılması üçün ödənilən və bundan sonra ödəniləcək məbləğlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qeyd edir ki, həmin hissədə də iddia tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı iddia tələbində həmin əşyaların saxlanılması üçün icra məmuru tərəfindən onlara təhvil verildiyini qeyd etsə də, müvafiq aktda əşyaların iddiaçıya hansı məqsədlə təhvil verilməsi barədə heç bir qeyd aparılmamış, bununla bağlı hər hansı bir sənəd tərtib edilməmişdir. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 38/22 nömrəli İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış malların anbarda saxlanılması barədə müqaviləyə və onun əsasında aparılmış ödənişlərə - qaimələrə münasibətdə də məhkəmə qeyd edib ki, əvvəla qeyd edilən müqavilə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya təhvil verilməsindən əvvəl, yəni 01.3.2022-ci il tarixdə bağlanmışdır və həmin müqavilənin şərtlərindən "xxxx" MMC tərəfindən məhz iddia ərizəsində sadalananan cavabdehə məxsus əmlakların saxlanılması barədə razılaşmanın olub-olmaması müəyyən olunmur. Qeyd edilən müqavilə ümumi müqavilə olmaqla, iki təşkilat arasında zəruri olduqda malların saxlanılması üçün ümumi şərtləri razılaşdırır. Lakin həmin müqavilə ilə sırf cavabdehə məxsus əşyaların saxlanılması üçün iddiaçı təşkilat tərəfindən həmin anbarda saxlanılması barədə və ödəniş qaimələrin də məhz həmin əşyaların saxlanılması ilə bağlı olduğunu təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçının sahibsiz hesab edilməsini istədiyi və saxlanılması üçün xərc çəkdiyini bildirdiyi əşyaların saxlanılması üçün ödədiyini bildirdiyi məbləğlər hər ay fərqli olmuşdur ki, bu da iddia ərizəsində göstərilən halları şübhə altına alır. Həmçinin iddiaçının ilkin iddia tələbində göstərilən məbləğlə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən məbləğlər arasında da kəskin fərqlər vardır ki, bu da iddia tələbinin əsaslılığını şübhə altına alır. Belə ki, iddiaçı ilkin olaraq 6 aylıq müddət üçün 1354.64 manat məbləğində icarə haqqının ödənildiyini bildirir ki, bu zaman da deponun ortalama kirayə haqqı hər aya 225.77 manat məbləğində təşkil etmiş olur. Lakin sonradan iddiaçı 2024-cü ilin may ayında yeni iddia tələbində 6480 manat məbləğində çəkilmiş xərc tələb edir ki, bu da əşyaların götürüldüyü vaxtdan sonra 23 ay təşkil edir və aylıq icarə haqqı 281 manat müəyyən olunur. Göründüyü kimi eyni depo üçün fərqli dövrlərə görə fərqli ödənişlərin aparılması, eyni zamanda iddiaçının təqdim etdiyi qaimələrdə də həmin ödənişlərin hər dəfə fərqli məbləğdə olması iddiaçının iddia tələbini şübhə altına alır. Mülki prosessual qanunvericiliyin əsas tələbi ondan ibarətdir ki, hər bir tərəf öz tələbinin və etirazının əsasını təşkil edən halları sübut etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı təşkilat əmlakları təhvil aldıqdan sonra nə həmin əmlakların saxlanca yerləşdirilməsini, nə də onların saxlanılması üçün hansısa qaydada xərc çəkdiyini məhkəmədə sübut edə bilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi saxlama şirkəti ilə bağlanılmış müqavilə və ödəniş tapşırıqlarında cavabdehə məxsus əşyaların saxlanılması, onların saxlanılması üçün iddiaçı tərəfindən pul ödənilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. Bundan başqa, iddiaçı təşkilatın cavabdehə məxsus sırf iddia ərizəsində sadalanan daşınar əşyaları niyə təhvil alması, digər əşyaları cavabdehin qızına təhvil verməsi də məhkəməyə aydın deyildir. Əgər evin boşaldılması prosesində cavabdehin qızı iştirak edirdisə və prosessual tərəf kimi tanınmışdırsa evdə olan əşyalar evdən çıxarılmalı və cavabdehin qızına təhvil verilməli idi. Artıq həmin əşyaların sonrakı taleyi iddiaçı üçün maraqlı olmamalı idi. Bundan başqa, iddiaçı tərəf hazırki mülki iş üzrə icraatın əvvəlində cavabdehin əşyalarının saxlanılması ilə bağlı xərclərin ödənilməsi tələbini qəbul etməməsini bəyan etməsinə baxmayaraq iddiaçının icra məmuru ilə əşyaların saxlanılmasına dair razılaşmanı niyə pozmaması və buna dair heç bir məsuliyyəti olmadan hansı səbəblərdən uzun müddət bu qədər xərc çəkərək əşyaları özündə saxlamağa davam etməsini əsaslandıra bilməmişdir. Eləcə də, şəxsdən sahibsiz hesab edilərək ona verilməsini istədiyi əşyalara görə sözügedən məbləğlərdə vəsait tələb edilməsi də ağlabatan mülahizəyə uyğun deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı ASC apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə tam təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Mülki Məcəllənin 184.2-ci maddəsinin tələbinin məhkəmə tətbiq edərkən iş materiallarına əlavə olunmuş sübutları icra məmuru tərəfindən tələbkarın nümayəndəsi, cavabdehin özü və qızı, sahə müvəkkilinin, polis əməkdaşlarının iştirakı və imzası ilə təsdiq olunan, eləcə də, video çəkilişlə qeydə alınan mənzilin boşaldılması barədə akta birtərəfli qaydada, hüquqa deyil, formal mülahizəyə uyğun olaraq qiymət verilmişdir. Belə ki, aktda həmin əşyaların iddiaçının nümayəndəsinə hansı məqsədlə verilməsi, aktın məzmununda açıq və konkret şəkildə qeyd edilməsinə baxmayaraq məhkəmə bunun əksini qətnamədə qeyd etmişdir. İş üzrə cavabdehin qızı boşaldılma prosesində şəxsən iştirak etmiş və evdən özünə aid bir sıra əşyaları da hətta götürmüş, lakin məqsədli şəkildə aktda qeyd olunan əşyaları özü ilə götürməmişdir. Məhkəmənin həmin əşyaları cavabdehin qızına təhvil verilə bilməsi işin həqiqi hallarına uymayaraq sadəcə ehtimal xarakteri daşıyır. Məhkəmənin cavabdehin izahatına uyğun olaraq qeyd etdiyi kimi cavabdehin əmlakının əldən çıxmaması üçün hərracın nəticələrini mübahisələndirərək mübarizə aparmış olması əşyalarından imtina etməməsi kimi işin faktiki və real hallarına uyğun deyil. Cavabdehin ailə üzvünün qeyd olunan akta imza etməklə həmin əşyaların tələbkarın nümayəndəsinə təhvil verilməsini təsdiq etməsi həmin əşyalardan imtina olunmasını birbaşa sübut edir. Cavabdeh həmin əşyaları özü ilə götürə bilər və ya müəyyən müddətdən sonra əşyalarının aqibəti ilə maraqlana bilərdi. Bununla bağlı cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, lakin cavabdeh həmin xəbərdarlıqlara məhəl qoymayaraq əşyalarını bu günə qədər gəlib götürməmişdir. Məhkəmənin iddia tələbinin 2-ci hissəsinə olan münasibətini də qanunsuz və əsassız hesab edirlər. Belə ki, Yelo Bank-la "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 38/22 nömrəli müqavilənin iddia tələbində qeyd olunan əşyaların saxlanmasına aid olmamasının qeyd olunması düzgün deyildir. Çünki Bankla işlərin və xidmətlərin göstərilməsi üçün bir sıra müəssisələr arasında müqavilələr bağlanır. Həmin xidmətin göstərilməsi bu müqavilənin bağlanması tarixindən sonra olması məhz iddia ərizəsində sadalanan əşyalar üçün ayrıca razılaşmanın olması zərurətini yaratmır. Bununla bağlı ödəniş tapşırıqlarında həmin əşyaların tutduğu sahəyə uyğun-27 kv.m üçün hər ay üzrə ödənilmiş 324 AZN pul məbləğlərinin hansı anbardakı saxlanc üçün köçürüldüyü qeyd olunmuşdur. Müqavilədə də 1 kv.m saxlanc üçün xidmət haqqının nə qədər olduğu, hansı anbar üçün nə qədər nəzərdə tutulduğu cədvəl üzrə qeyd olunmuşdur. Həmçinin, məhkəmənin qeyd etdiyi hər ay üzrə ödənişlərin fərqli olması iddia ərizəsində göstərilən halları şühbə altına alması əsassızdır. Çünki məhkəməyə təqdim olunan ödəniş tapşırıqlarında hər ay üzrə bütün anbarlar üzrə köçürülmüş pul məbləğləri göstərilmiş, ödəniş tapşırıqlarına əlavə edilmiş sənədlərdə isə hansı anbarda, hansı tarixli akt üzrə, neçə kv.m üçün aylıq ödənilməli olan pul məbləği - 324 AZN göstərilmişdir. Məhkəmənin ilkin iddia tələbindəki məbləğlə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə olan məbləğlərin də fərqli olmasını iddia tələbinin əsaslılığını şühbə altına alması mülahizəsi əsassızdır. Çünki ilkin iddia tələbində iş üzrə qətnamə qanuni qüvvəsini alanadək ediləcək ödənişlərin də nəzərə alınması xahiş edilmişdir. Belə olan halda iş üzrə icraatın da müxtəlif vaxtlarda cavabdehin tərəfin vəsatəti əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə dayandırıldığı üçün işin baxılması müddəti 1 ildən uzun bir müddətdə davam etdiyi üçün iddiaçının həmin əşyaların saxlanılması üçün ödədiyi ödənişlərin müddəti uzanmış və təbii olaraq yekun da tələb olunan məbləğin həcmi də artmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin həlli məhkəmənin mülahizəsinə buraxdı.
14. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat vermiş və məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Lakin sonuncu məhkəmə iclasında iddiaçı bank nümayəndəsinin iştirakını təmin etməmiş və elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İşə baxılmasının yeri və vaxtı barədə dəfələrlə (poçt və telefon vasitəsilə) lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 184.2. Əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Maddə 185.1. Mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Maddə 185.3. Atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsiz hesab edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 822. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Maddə 823.1. Tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. Maddə 823.2. Tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. Maddə 827. Anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Maddə 830.1. Əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 324.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. Maddə 325.1. Məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında və ya daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəyə iş üzrə bütün maraqlı şəxslərin iştirakı ilə baxır. Maddə 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən ləğv edilməsi və iddianın həmin hissədə qismən təmin edilməsi üçün əsas sayılır.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Hazırkı iddianın əşyaların müvvəqəti saxlanılması üçün edilmiş aylıq ödənişlərin rədd edilməsi hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.
24. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın əşyaların müvvəqəti saxlanılması üçün edilmiş aylıq ödənişlərin rədd edilməsi hissəsində faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə qismən uzlaşdığından, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından həmin hissədə iddia qismən haqlı sayılır.
25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
27. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəlcə iddia tələbinin birinci hissəsi üzrə olan dəlillərə münasibətdə qeyd olunur ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki bu hissədə iddianın təmin edilməsi üçün faktiki hallar Mülki Məcəllənin 184.2,185.1, 185.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun olmalıdır. Yəni, iddiada göstərilən daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Burada sahibsiz sayılması istənilən əşyanın mülkiyyətçisinin cavabdeh olması işin mübahisəsiz halıdır. Onun həmin əşyalardan imtina edərək əşyaya sahibliyə xitam verməsi də hər hansı bir sübutla təsdiq olunmur. Üstəlik cavabdeh mülkiyyət hüququndan imtina etmək məqsədi ilə onları atmayıb və ya digər şəkildə onlardan əl çəkməyib ki, iddiaçı da onları öz mülkiyyətinə yönəltmək üçün iddia qaldırsın. Cavabdehin ailə üzvünün akta imza etməklə həmin əşyaların tələbkarın nümayəndəsinə təhvil verilməsini təsdiq etməsi həmin əşyalardan imtina olunması anlamına gələ bilməz. Çünki qeyd olunan əşyaların bankın nümayəndəsinə təhvil verilməsi saxlama məqsədi ilə olmuşdur. Demək ki, sözügedən əşyaların cavabdeh tərəfindən icra prosesi zamanı götürülməməsi, hətta sonradan onların aqibəti ilə maraqlanmaması cavabdehin onlardan imtina etdiyini iddia etməyə əsas vermir. Üstəlik cavabdehin ipoteka qoyduğu mənzilin tuma yönəldilməsi nəticəsində bankın mülkiyyətinə keçməsi ilə razılaşmaq istəməməsi onun həmin əşyaları atması və ya onlardan əl çəkməsi kimi yozulmamalıdır.
28. Buna baxmayaraq, məhkəmə tərkibi iddia tələbinin ikinci hissəsi üzrə iddianı tam rədd edən birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır. Belə ki, bu hissədə iddia tələbi tamamilə əsassız ola bilməz. Çünki icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda (i.v.12-13) əşyaların saxlanılması üçün iddiaçıya hansı məqsədlə təhvil verilməsi barədə hər hansı bir qeydin aparılmaması yaxud bununla bağlı hər hansı bir sənədin tərtib edilməməsi bu hissədə iddianın əsassız olması demək deyil.
29. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 38/22 nömrəli İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış malların anbarda saxlanılması barədə müqavilənin iddia ərizəsində göstərilən əşyaların iddiaçıya təhvil verilməmişdən əvvəl bağlanması heç nəyi dəyişmir. Çünki iddiaçı bankla işlərin və xidmətlərin göstərilməsi üçün bir sıra müəssisələr, o cümlədən "xxxx" MMC arasında bu cür müqavilələr bağlana bilir. Həmin xidmətin göstərilməsi bu müqavilənin bağlanması tarixindən sonra olması da məhz iddia ərizəsində sadalanan əşyalar üçün ayrıca razılaşmanın olması zərurətini yaratmır. Birinci instansiya məhkəməsinin özünün də qeyd etdiyi kimi sözügedən müqavilə ümumi müqavilə olmaqla, iki təşkilat arasında zəruri olduqda malların saxlanılması üçün ümumi şərtləri razılaşdırır.
30. Təqdim olunan maliyyə sənədlərində 1 kv.m saxlanc üçün xidmət haqqının nə qədər olduğu, hansı anbar üçün nə qədər nəzərdə tutulduğu cədvəl üzrə qeyd olunmuşdur. Eləcə də apellyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsinin izahatı və təqdim etdiyi sənədlərlə də 1 kv. m saxlanc üçün 12 manat xidmət haqqı ödənildiyi təsdiq olunur. Burada iddiaçı bankın hər ay üzrə etdiyi ödənişlərin fərqli olması da MMC tərəfindən məhz iddia tələbində göstərilən əşyalara görə xidmətin göstərildiyini istisna etmir.
31. Göstərilənlərə baxmayaraq, apellyasiya baxışı zamanı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilmiş və rəsmi sorğu ilə müraciət edilərək iddia ərizəsində göstərilən əşyaların həqiqətən 27 kvadrat metrlik ərazidə saxlanılması ilə bağlı sübutların (ərazinin video çəklişi) təqdim edilməsi tələb edilmişdir. "xxxx" MMC-nin rəsmi məlumatı və təqdim etdiyi sübutlarla iddia ərizəsində göstərilən əşyaların digər əşyalardan ayrıca yerləşdiyi sahəsinin 6 kv. metr təşkil ediyi göstərilmiş, eləcə də əşyaların şəkli və videosu, eyni zamanda yerdə qalan digər əşyaların şəkili təqdim edilmişdir. Bu sübutlarla bankın saxlayıcı şirkətdə yerləşdirdiyi ümümi əşyaların 27 kv. metr təşkil etdiyi, bundan 6 kv. metrdə hazırkı iddiada göstərilən əşyaların yerləşdirildiyi, 21 kv. metrdə isə iddiada göstərilməyən digər əşyaların yerləşdiyi təsdiq olundu.
32. Demək ki, iddia tələbində göstərilən əşyalar 6 kv. metr ərazidə saxlanca yerləşdirildiyindən 1 ay üçün cavabdehin ödəməli olduğu məbləğ 72 manat (6X12=72) və 2022-ci ilin iyul ayından 2024-cü ilin may ayı da daxil olmaqla ödəməli olduğu məbləğ 1656 (min altı yüz əlli altı) manat təşkil edir (23x72=1656). Ona görə də bu hissədə iddia qismən təmin edilərək həmin məbləğ cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
33. Bundan başqa, iddia tələbinin “həmin əşyalar sahibsiz elan edilərək İddiaçı ASCnin mülkiyyətinə verilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək saxlanılması üçün ediləcək ödənişlərin cavabdehdən alınması” hissəsi hazırkı vəziyyətdə təmin edilə bilməz. Çünki iddia tələbinin birinci hissəsi, yəni əşyalar sahibsiz elan edilərək bankın mülkiyyətinə verilməsi təmin edilmir. Ancaq nə qədər ki, istər iddia ərizəsində göstərilən, istərsə də göstərilməyən əşyaların saxlanması üçün ödənişlər ediləcək iddiaçının ödədiyi həmin məbləğləri cavabdehdən tələb etmək hüququ mövcuddur.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni əşyaların müvvəqəti saxlanılması üçün edilmiş aylıq ödənişlərin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin edilməli; Cavabdeh 2022-ci ilin iyul ayından başlayaraq 2024-cü ilin may ayına kimi, yəni 23 ay üçün, hər ay 72 manat olmaqla cəmi 1656 (min altı yüz əlli altı) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-37/2024 saylı, 20 may 2024-cü il tarixli qətnaməsi qismən, yəni əşyaların müvvəqəti saxlanılması üçün edilmiş aylıq ödənişlərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 2022-ci ilin iyul ayından başlayaraq 2024-cü ilin may ayına kimi, yəni 23 ay üçün, hər ay 72 manat olmaqla cəmi 1656 (min altı yüz əlli altı) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İddia qismən təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun 25 manatı Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, İddiaçı ASC tərəfindən rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh tərəfindən isə kassasiya şikayəti verilə bilməz.